İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan Cümhuriyyəti – 100” adlı müsabiqə elan edib.
Qoruq İdarəsindən verilən məlumata görə, müsabiqəni təşkil etməkdə məqsəd Prezident İlham Əliyevin bu il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.
Müsabiqədə 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər. Şərtlərə görə, məqalələr müsabiqəyə qədər heç yerdə dərc olunmamalı, tarixi faktlardan və etibarlı mənbələrdən istifadə edilməlidir. “Times New Roman” şrifti ilə 14, sətirarası interval 1,5, simvol sayı 25 mindən 30 minədək olmaqla “A4” formatda qəbul edilir. Materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər.
İştirakçılar məqalələrlə birgə özləri haqqında məlumatı elektron formada gələn ilin martın 1-dək
[email protected] ünvanına göndərilməlidirlər.
Məqalələr münsiflərə imzasız təqdim ediləcək.
Qaliblər 2018-ci ilin may ayında Qoruq İdarəsinin Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirində mükafatlandırılacaq və qurumun “Elmi araşdırmalar” toplusunda dərc olunacaq. /Azərtac/