Cavanşir Yusiflinin tərcüməsində Li Young Lee
13.12.17
LI-YOUNG LEE - UŞAQLIĞIN HİMNİ
Uşaqlıq üçün him Uşaqlıq? Hansı uşaqlıq? Kəsilib, qırılıb, yox olub itənmi? Arxa həyətdə üstü taxtayla bağlanıb mıxlanmış Quyunu, Çardaqdakı nərdivanı görüb Qorxmağı öyrəndiyinmi? Əyin-başından tökülən hərbi formalı, Uşaq dəstəsinin başında Küçələri, xiyabanları dolaşan, Səsucaldıcıdan yeni eranın başlandığı deyiləndə, ətrafındakı evlərin yekəlib böyüdüyü, otaqların özünə sığmadığı, insanların izsiz-tozsuz itkin düşdüyü uşaqlığımı deyirsən? Fotolar bir-biriylə pıçıldaşır Dəhlizdə, çərçivələrindən boylanıb, Hər dəfə mətbəxin yanından keçəndə Yemək qazanları adını çağırır. Sənsə bacınla birgə özünü ölmüşlüyə qoyursan Xilas etmə və atıb getmə oyununda. Özünü o qədər ölmüşlüyə qoyub uzandın ki, Gözünün ucuyla sakitcə seyr edəndə dünya Sənə gizlicə tamaşa etdiyin oyuna bənzədi. Bax! Qulluqçular necə gülməli qaçır, əsgərlər qışqırır, mebeli çevirəndə ananın çini qabı çilik-çilik olur. Yatma, oyan. Hər bir pərdə anala açılır Oxuduğu məktuba göz yaşları damır. Hər bir pərdə atanla düşür, Fironun qolları üstünə yıxılır taleyi. Hansı uşaqlıq, Hələ də bitməyənmi? Hə, sən hələ də Uşaqsan, böyüməyinə çox var. Hələ də tanrıyla danışır və qarı düşünürsən Yağan qar Allahın səsidir, dinləyirsən, Qışsa tavanı hündür olan evdi Burada tanrı bir baxışla Okean dalğasını oktava və dəqiqələrlə ölçür Və bir neçə barmağıyla Uşağın “Mən” deməsinə qədər Bütün yolları, Fərsəq-fərsəq.. Hansı uşaqlıq, Əlindən qaça bilmədyinmi? Sən Nəyi bildiyini, nəyi heç bilmədiyini Çox gec anlayırsan. Hələ də düşünürsən ki, Damın kənarına ilişib qalan küləyin son mahnsını eşidirsən, Sözləri nəfəsinə hopub, Göyərçinin səsindəki kədər toranlığa qarışır, Itir, bir də sübh şəfəqlərində doğulur, Boğulur, sonra da Təsəvvür yaddaşı oyadır, hara baxsan Cənnət, Hara baxsan Cəhənnəm Hara baxsan, uşaqlığın ölümü...
İngilis dilindən tərcümə Cavanşir YUSİFLİ
Uşaqlıq nə vaxt itir, gedib harda gizlənir, ömür mətnində (“xəritəsində”) onun yeri hardadır, bəlkə o elə bir şeydir ki, kənarda ora azacıq da olsa nəsə sızanda birdəfəlik itib yox olur? Şeirlərin birində elə belə də deyilir: Uşaqlıq nə zaman yox olub getdi? Bəlkə o zaman ki, mən böyüklərin eyni cür düşündüklərini gördüm, gördüm ki, onlar qayğıdan, məhəbbətdən danışırlar, ancaq özləri heç də elə deyillər? Bəlkə o zaman ki, Cənnət və Cəhənnəm adlarının çoxrafiya kitablarına düşmədiyini anladım? Başqa şairlərdən də misal gətirmək olar. Ancaq neçə vaxtdı Məhəmmədhüseyn Şəhriyarın bir misrası qapını döyür: ... İndi bizim qəmi tutmur dünyalar... Bu nə deməkdir? Çox şey demək olar, ancaq buna dalmaq, düşünmək daha yaxşıdır. Və onun poemasındakı başqa bir bəndi nümunə gətirmək: Heydərbaba, gəldim səni yoxluyam, Bir də yatam, qucağında yuxluyam, Ömrü qovam, bəlkə burda haxlıyam, Uşaqlığa deyəm: bizə gəlsən bir, Aydın günlər, ağlar yüzə gülsən bir! Bizdə bəzi Şəhriyarşünasların bir qüsuru var: onlar bu kimi misraları həvəslə izah və şərh edirlər. Oxucunu gövrəltmək istəyirlər. Nə deyəsən...
***
İngilis dilli şair Li-Young Lee 1957-ci ildə Çakartada (İndoneziya) siyasi mühacir ailəsində dünyaya gəlib. Linin hər iki valideyni nüfuzlu Çin ailələrinə mənsub olub: onun ulu babası Çin Respublikasının ilk prezidenti, atası isə Mao Zedonqun şəxsi həkimi olub. İndoneziyada Dr. Li Qamaliil Universitetinin yaradılmasında fəal rol oynayıb. Bir müddət İndoneziyada anti-Çin əhval-ruhiyyəsi yaranmağa başlayır, Linin atası da həbs edilir, bir il ərzində siyasi məhbus kimi həbsxanada yatır. Həbsdən azad edildikdən sonra Linin ailəsi Honq Konq, Makau və Yaponiyaya qaçır və nəhayət, onlar 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında yerləşirlər. Atası ona kitablar oxuyar, nağıllar danışardı. Nəhayət Pitsburq Universitetinin tələbəsi olanda Li yazmağa başlayır. Məşhur Jerald Sternin sinfində oxuyur. Klassik Çin şairləri Li Bo və Tu Funun təsiri ilə yazdığı şeirlərdə necə deyərlər “sükutun diliylə” danışmağa üstünlük verir və Aleks Lemnun fikrincə, onun “yaxın mistisizmi”ndə “lirik mən” şairin seçib ayırdığı, xüsusi diqqət yetirdiyi sözlərdən yaranıb-formalaşır, bu poeziya həyat və yaddaşla hörülüb. Bir fəvvarə təsəvvür edin, su şırnaqları göyə milləndikdə həyat və yaddaş bir-birinin içindən ilmə-ilmə keçib, bir-birinə möhkəmcə sarılır, keçmiş indiyə dönür, indiləşir, uşaqlığın unudulan ölkəsində ayrı-ayrı hadisələrin fraqmentləri uc-uca gəlib birləşir, insan öz həyatına tamaşa etmək fürsəti qazanır. Elə bu səbəbdən Li deyirdi ki, şeirlərinin zamanı indiki zamandır. Onu lirik şair adlandırırlar, ancaq buna baxmayaraq Li öz mətnlərində təhkiyədən, şəxsi təcrübəsindən, yaxud yaddaş amilindən istifadəyə üstünlük verir, yəni, əsas tendensiyası kosmosu araşdırmaqdır. Bunu zənnimizcə, bir az açıqlamaq lazımdır. Məsələ budur ki, Linin poeziyaya baxışı fərqlidir, yəni o, məhz bu fərqə görə, onun ucundan şeir yazmaq təcrübəsini davam etdirir. Linin üslubu dedik… Şairin getdiyi yol, daha doğrusu dünyaya qarşı getməkdə seçdiyi yol açılmaq deyil, sıxılmaqdır, irəli getmək deyil, geri qayıtmaqdır. Gerçəkliyi göy qübbəsinin son nöqtəsinə qədər yığıb ovuc içində göstərə bilmək üçün o, əks istiqamətə - içinin üstünü qaysaq bağlamış şırımlarına doğru gedir. Düz yol hər şeyi üfüqlə müqayisədə göstərir, yəni, əlini uzatsan çatarsan kimi… Səni yazmağa məcbur edən, belə deyək, sürükləyən hissin, duyğunun içiylə gedəndə və buna dözüb duruş gətirə bildikdə adicə səsin, pıçıltının da əsl şəklini görmüş kimi olursan. Amerika şairlər Akademiyasının nəşrlərinin birində ondan müsahibə götürən Tina Çanqa dünyada mövcud olan bütün əşyaların, bəli, istisnasız olaraq bütün əşyaların təkliyindən, yeganəliyindən danışanda bunu da əlavə eləmişdi ki, “…dediyimiz əşyanı yarıb içinə diqqətlə baxa bilsəniz anlayarsınız ki, hər bir əşya – nəsnə ona yönəlik bütün səbəblərin cəmi və yekunudur. Bütün səbəblərin cəminə nə ad qoyaq? Kosmos. Belə ki, hər bir əşya – nəsnə Kosmos və ya Tanrının formasıdır, özüdür. Bu elə bir nəsnədir ki, məni öz içində görür, özünü məndən ölçücə böyük hiss edir, elə bir şey ki, dərinliyini görə, ölçə bilmərəm, nədirsə, mən onda təcəsüm olunmuşam.” Linin ilk poetik toplusuna ön sözündə (Rose, 1986) Jerald Stern yazırdı ki, o, Linin poeziyasındakı geniş baxışa, dərindən-dərin ciddiliyə və ideal müəkəmməliyinə heyrandır. Daha sonra əlavə edirdi ki, o, Uilyam Karlos və T.S. Eliotdansa Con Kitsi, Reyner Maria Rilkeni və bəlkə də Teodor Retkeni xatırladır. Bu toplu Nyu-York Universitetinin Delmore Schwartz Memorial Poetry mükafatını qazanır. Linin 1990-cı ildə nəşr edilən ikinci poetik məcmuəsi “Sənə aşiq olduğum şəhər” (The City in Which I Love You -1990) da yüksək dəyərləndirilir, Lamont Poetry Selection mükafatını qazanır, yeri gəlmişkən deyək ki, bu mükafat hər hansı şairin ikinci kitabına onun poetik talantının təsdiqi olaraq verilirdi. Bu mükafat dolayısı ilə adı keçən şairin üslubunun fərqliliyinin, seçkin şair olmasının əlaməti sayılır. Linin poetik təfəkkürünü bəlləməkdə yardımçı ola biləcək müsahibədən (müsahibəni Poets & Writers Magazine məcmuəsi üçün Liz Loqan almışıdı) bir neçə fraqmenti təqdim edirik.
Poets & Writers Magazine: Bir şəhər olaraq Çikaqo, ümumən şəhər həyatı sizin yaradıcılığına necə təsir göstərib?
Li Young Lee: Mən daim şəhər həyatından qaçmağa çalışmışam. Ancaq bütün həyatım şəhərlərdə keçib. Onları heç zaman sevmədim. Özümü təbiətdən dışlanmış, qovulmuş hiss edirəm. Əsərlərimdə həmişə insandan kənara çıxmağa çalışmışam. Burada insanlar arasında tənha yaşayıram. Yəni, şəhər məni öz içimə, daha böyük və daha dərin şırımlara doğru qovur. P&W: Bu dərin şırımları tapdıqda özünüzü bu mental məkanda necə hiss edirsiniz?
LL: Daha çox aləmi seyr etməklə və sükuta ibadət etməklə.
Əsas çətinlik nədir, oyanır və gözümə insanlar görünür - çox sayda. İçimdə kimsə bardaş qurub və o, nədənsə bütün dünyanı şeir kimi görür, anlayır – böyür-başımdakı dünya mənayla aşılanıb, həm də tanrıyla. Hər yerdə bu bağları görürəm və hər şeydən şeirin səsi gəlir, hər bir şey bir şeirin başlanğıcıdır. Və içimdəki hansısa “xam element” dünyanın bu şəkildə mənalarla aşıb-daşmağına baxmağa qorxur. Bunu anlamaq, başa düşmək çox çətindir. Ancaq başqa bir element buna baxmağa cəhd edir və sonra dünyanın içindəki mənaların diktə elədiyi şeirin səsini dinləməyə çalışır. Oyandığım zaman içimdə qaynşmağa başlayan o nəsə dünyanı oxumağa, höccələməyə başlayır. Mən bu prosesi hiss edirəm, meditasiya vəziyyətində qalmağa çalışıram.
P&W: Elə olubmu ki, qorxudan yaza bilmədiyinizi hiss edəsiniz?
LL: Həmişə. Və bu məni kökdən salır, pərt eləyir, çünki şeir həmişə durduğu yerdədir, həmişə mənə baxır, üzümə baxır, həmişə qulağıma nəsə pıçıldayır, ürəyimi quş dumdiyi ilə döyəcləyir. Nə olduğunu bilmirəm ki… Bunu yazmaqdan qorxuram. Poeziyanın paradiqması DNT-dir: informasiyanın böyük hissəsi çox kiçik bir məkana sığdırılır. Biz doğrudan da hər dəfə çox mükəmməl, dahiyanə bir şeiri oxuduqda yeni-yeni infromasiyalar üzə çıxır. İnformasiyanın böyük bir kütləsi söz qəlibinə düşmür, onlar xalis emosional yük şəklini alır.
P&W: “Gözlərimin o yanında” kitabıyla nələrə nail oldunuz?
LL: Mən sadəcə tanrını anlamağın, onun musiqisinin, tarnıyla bağlı arqumentlərin mümkün qədər yol verilən dərinliyinə düşmək, tanrıyla daha dərindən təmas qurub suallar vermək istədim. Dərin suallar.
P&W: Kitabın fərqi nədədir?
LL: Ümid edirəm ki, bu kitab “Gecələrimin kitabı”ndan daha aydındır. Üzüm tənəklərinin və ağacların kəsilib yol üstünə qalandığı və “Gecələrin kitabı”nda dolaşıb qalmış gerçək bir səhradan keçdiyimi düşünürəm; Mən kiməm? Dil nədir? Şeir nədir? Niyə yazıram? – bu kitabı yazmaq üçün bu suallara cavab verməliydim. Zənnimcə, bu kitab daha sadə və daha dərindir.
P&W: “Gözlərimdən o yana” kitabında belə bir şeir var “Həvəskar mistik üçün standart siyahı”. Özünüzü mistik hesab edirsinizmi?
LL: Şübhəsiz, ancaq həvəskar mistik. Tam həvəskar, o yan-bu yanı yoxdu.
P&W: Xüsusən yeni kitabınızda bir sıra açıq suallar var, cavabsız, cavab verilməsi mümkünsüz suallar. Bu suallar şeirinizə nə qatır?
LL: Onlar mənim nələrisə bilməməyimi qəbul etməyin bir yoludur. Düşünürəm ki, cavab verilməsi mümkünsüz olan sualların qoyuluşu şeiri gözləmədiyin uzaqlara apara bilər. Elə mənim varlığım da bir sualdır.
P&W: “Birinci dünya” şeirində siz özünüz və bacınız haqda “uşaqlıqda ölmüşlər” kimi bəhs edirsiniz. Bu nə anlama gəlir? – Uşaqlıqda, böyüdükcə ölümü anlamaq nə deməkdir?
LL: Bəli. Uşaqlıqda hiss edirdim ki, böyür-başım, hər yer ölümdür, o hər yerdədir – pis və yaxşı şeylərin içində. Qonşuları evlərindən çıxarır və edam edirdilər. Mühacirətdəykən çox sevdiyimiz insanların qara xəbərləri gəlirdi, Sukarno və Tse-Tunqun əliylə qətlə yetirilmişdilər. Həm də atama görə, o, ağır xəstə idi, ölümü həmişə yanımızdaydı və bu mənim üçün həmişə sirr və narahatlıq mənbəyi idi, həm də zənginliyin. Dünyadakı çox şeylər mənə işgəncə verirdi – zirzəmidəki nərdivan, çardaqdakı nərdivan və ABŞ-a köçəndə, evimiz meşəyə yaxın idi. Bir neçə addımdan sonra ağaclar başlayırdı. Bu meşəyə girmək bizə qadağan edilmişdi və mən istənilən əşyanı o güzgüdə ölüm, sir və yuxu kimi görməyə başlayırdım. Anam da gözlərimdə elə bu sirrin bir parçasına dönmüşdü. Onda nəsə anlaşılmaz, mənə aydın olmayan şeylər vardı. Bu qapını açıb içəri nüfuz edə bilmirdim. Bu məni incidirdi. Bir çimdik ağlımla bəzən hesab edirdim ki, o mənim ölümümün mənbəyidir və bu məni heç qorxutmurdu. İstiydi oralar. Saçlarını darayanda tamaşa edirdim, görürdüm ki, saçıyla boynu arasındakı məsafə çox kiçik bir talvara döndü. Burada, bu məkanda bütün dünya ölüm və sirrin içində yuxuya dalmışdı.
P&W: “Gözlərimdən o yana” kitabında CƏNNƏT böyük bir mövzudur. Ona inanırsınızmı?
LL: İnanıram ki, yer üzündə cənnət mümkündür. Ölüdükdən sonra göylərə çəkilmək… bu barədə nəsə deyə bilmərəm, sadəcə anlamıram. Ancaq düşüncəmə görə, cənnəti yer üzündə qurmaq nəinki mümkündür, o bir missiyadır. Həm də poeziyanın missiyası: poeziya göyləri yerdə yaratmağa yardımçıdır. Ancaq… İndi bizim qəmi tutmur dünyalar…
|