Qanun Nəşrlər Evində yeni kitablar işıq üzü görüb. Bunlar “Farengeyt 451” əfsanəsinin müəllifi Rey Bredberinin “Mars Xroniklaları”, Klassiklər seriyasından Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Prosper Merimenin “IX Karlın hakimiyyət tarixçəsi”, Dünya Uşaq Ədəbiyyatı seriyasından Artur Konan Doylun “İtmiş Dünya” adlı kitablarıdır.
“Farengeyt 451” müəllifindən yeni kitab!
QİYMƏT: 6.99 AZN
MARS XRONİKALARI – Rey BredberiMarsı – bu əcaib dəyişkən dünyanı, sirli, ələkeçməz sakinləri olan və Adəm övladına o qədər də xoş münasibət bəsləməyən planeti fəth etmək istəyirsiniz? Buyurun. Amma peşmançılıq və sıxıntı dolu qədəhi də başınıza çəkməyə hazır olun, çünki köksünüzdə həmişə yaşıl Yer planetinin yeri göynəyəcək.
Rey Bredberinin Mars hekayətləri dünya ədəbiyyatının qızıl fonduna daxil olan klassik romandır.
Tərcümə Kifayət Haqverdiyevaya məxsusdur.
Fransa haqda bir İngiltərə klassiki!
QİYMƏT: 9.99 AZN
İKİ ŞƏHƏRİN HEKAYƏTİ – Çarlz DikkensÇarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiyyatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub.
Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düşmən ailənin gəncləridi. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsinin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.
Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü; inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi...
Dramatik hadisələrlə dolu, çox maraqlı bir əsər olan “İki şəhərin hekayəti” romanı Azərbaycan dilində ilk dəfə çap olunur.
Tərcümə Ramiz Abbaslıya məxsusdur.
Tarixi roman həvəskərları üçün yenilik!
QİYMƏT: 7.99 AZN
IX KARLIN HAKİMİYYƏTİ TARİXÇƏSİ – Prosper MerimeBu kitab məşhur novella ustası Prosper Merimenin yeganə tarixi romanıdır. Roman Fransa tarixinə qanla yazılmış XVI əsrdə baş verən dini-vətəndaş müharibəsindən bəhs edir. Əsərin qəhrəmanı tarixi dövrdür, vətəndaş müharibəsinin hələ də sönməyən alovları, insanı qardaş qatilinə çevirən bir dövr; surətlər isə cəmiyyət adlanan toplunun ayrı-ayrı iştirakçılarıdır.
Əsərin süjet xətti bu dövrə təsadüf edən, Bernar Merjinin başına gələn sərgüzəştlərdən ibarətdir. Zəmanəsinin qurbanı olan müsbət və gənc qəhrəman Bernar amansız döyüş zamanı özü də bilmədən sevimli qardaşının qatilinə çevrilir.
Macəralarla dolu roman oxucunu Fransa cəmiyyətində baş verən hadisələrin müşahidəçisi və xəyali iştirakçısı edir.
Tərcümə Aliyə Məstəliyevaya məxsusdur.
Professor Çellencerlə tanışlıq...
QİYMƏT: 4.99 AZN
İTMİŞ DÜNYA – Artur Konan Doyl“İtmiş dünya” romanı ingilis yazıçısı Artur Konan Doylun professor Çellencer silsiləsindən olan ilk əsəridir. Romanda britaniyalı ekspedisiya üzvlərinin Cənubi Amerikaya qeyri-adi səyahətindən bəhs olunur.
Sıldırım qayalıqların arxasına sığınan yaylada professor Çellencer ekspedisiya yoldaşları professor Sammerli, lord Con Rokston və müxbir Melounla birlikdə dinozavrlarla, qeyri-adi canlılarla, insanabənzər meymunlar və ibtidai insanları xatırladan xalqla üz-üzə durub. Bura – “itmiş dünya”dır və bu dünyanın öz qanunları var.
Görəsən, vətəndən ayrı düşən, geri qayıtmağa bütün yolları bağlanan ekspedisiya üzvləri bu qədər çətinlik və təhlükə qarşısında duruş gətirib Britaniyaya dönə biləcəkrmi?!
Tərcümə Natiq Səfərov və Əyyub Qiyasa məxsusdur.