Orxan Fikrətoğlu - Qürbətdə
05.12.17

Avanqard.net Orxan Fikrətoğlunun "Qürbətdə" hekayəsini təqdim edir.

Hava alanının şüşəli qapıları qarşısında dayanıb biganə baxışlarla uçaqlardan indicə enmiş yorğun sərnişinlərin çantalarına baxan polislərin qarşısından keçəndə düşündü ki, gərək Səmədə qoşulub Almaniyaya gedəydi. Onsuz buralar yad olacaq. Canı sıxılacaq. Darıxacaq.
  Yaxınlarının hamısı qürbətdəydi. Sona qalan Səməddi. O, da şələ-şüləsin yığıb nəhayət ki bu gün bir dəfəlik Almaniyaya uçdu. Qaldı tək. Sən təkliyi asan bilmə. Bunun xəstələnməyi var, yıxılıb ölməyi var. Yaş üstünə yaş gəlir də. Adam cavanlaşmır ki. Qocalır! Üzü o yana gedir. Qışda çölə çıxıb çörək almağın özü də kimsəsiz adam üçün bir işdir. Hələ dərman axtarmağı demirəm? Təmiz dərman tapmaq üçün gərək bütün şəhəri ələk-vələk edəsən. Bunun üçün də ayaq lazımdır. Əvvəllər yaxşı qonşuları vardı. İndi qonşu nədir? Doğma qardaşın belə sənə kəf gəlir. Gərək xəstələnməyəsən! Qocaldın üzüsuluykən öləsən. Ölmək nədir e birdən-birə gəldi ağlına? Yaşamaq lazımdır!
  Son illər təkliyə öyrəşmişdi. Səmədlə də ancaq telefonla danışırdılar. Yuxudan qalxan kimi ona zəng vurardı. Günortaya qədər dünyanı quru yuyub yaş sərərdilər. İkisi də işsizdi. Vaxtları çoxdu. Səməd iki ildi, səfərə hazırlaşırdı. O, da evdən çıxıb Səmədi ötürməyə. Hər ikisini "başqa cür” olduqları üçün işdən qovmuşdular. Sən indi nə biləsən ki, polislərin qarşısından keçdiyim an Səmədin getməsinə mən nə qədər heyfsilənmişəm. Bunu necə bilə bilərsən? Bunu heç kəs bilə bilməz!” Nəsə. Məsələ "başqa cür” olmaqda və ya düşünməkdə deyil.
 Avtobus dayanacağına çatanda birdən-birə anladı ki artıq Səməd yoxdur. Qanı əməlli-başlı qaraldı. Sabahdan dərdini kimə deyəcəkdi? Təzə dəymiş çuğullara? Varlı oğrulara?
  Düzgün qələm adamıydı. Gözünü açandan redaktorluq etmişdi. Düzə düz, tərsə tərs. Qohum qardaşdan yararlanan deyildi. Pul nədir, rüşvət nədir bilməzdi. Ədalətin haçansa işlək bir əxlaq əyarı olacağına hələ də inanırdı. Yaşı əllini keçmişdi. Canında yavaş-yavaş xəstəliklər cücərirdi. Dərman almağa pulu olmadığından su ilə özünü sağaldırdı. Bütün bunlara yenə bir təhər dözmək olacaqdı. Ən qorxulusu gərəksizlikdi. Təzə dəymiş çuğul əxlaqlı yazarları sevmirdi. Təkrar beyinli kəmsavad həyasızların özlərinə yazar deməsindən sinirlənirdi. Əyar yox idi deyə, ağıllarına gələni kağıza tökən bu qələmbazlara heç kəs gözün üstə qaşın var demirdi. Hərə öz hayındaydı. Ədəbi zövq korlanmışdı. Şəkərlə duzun qiyməti eyniydi. Ədəbiyyatla qarın otarırdılar. Hərə öz kitabını oxucuya zorla oxutdururdu. Dəstə-dəstə bölünüb biri birlərini tərifləyirdilər. Əlindən başqa iş gəlmirdi deyə bir kənarda dayanıb olanlara ancaq tamaşa edirdi. Onun bacardığı yeganə iş dəbdən düşmüşdü. Kitabları daha redaktə etmirdilər. Necə danışırdılarsa, o cür də kitab yazırdılar. Ləhcəylə. Düşüncəsizlik dəb idi. İşlədiyi son iş yerinin müdiri üzünü ona tutub demişdi: – "Ustad, sən bizim sayt üçün çox böyüksən. Oxucular yazdıqlarını anlamır. Ya bir az ağılsız yazılar yaz, ya da daha burda işləmə. Kütlənin ağlına və zövqünə uyğun yazılar yazmasaq reklam cəlb edə bilməyəcəyik. Reklam isə maaş deməkdir. Başa düşürsən?”
  Sən bir sifarişə bax. Ağılsız yazılar yaz! Görəsən, ağılsız yazılar necə yazılır? Axı ağıl olmayan yerdə heç nə yazıla bilməz. Amma o da var ki bu "heç nə” olmayan "nəsə” hamı üçün necəsə var da. Hamı ağıllı olmayan bu ağılsızlığı necəsə anlayır. Bu məntiqsizlik içində rahatca yaşayır da! Təkcə onunla Səmədbu "olmuşluğa” yaddır!”
  İki ildir, otağından çölə çıxmırdı. Bu iki ildə fransız dilini mükəmməl öyrənib, Balzakın əlli bir romanını türkcəyə çevirmişdi. Başını qatmaq üçün yaşadığı hündür mərtəbəli binanın eyvanında pomidor əkmişdi. Şəhər rəngində avazımış pomidorların dəyməsini görəndə elə sevinmişdi ki. Nəsə etmək, zəhmət çəkdiyin işin bəhrəsini gözünlə görmək insana ləzzət edir axı. Kişi işləməlidir! Kişi səhər evdən çıxıb işə getməlidir. Xalqına xidmət etməlidir. Evi üçün, özü üçün deyil, insanlıq üçün çalışmalıdır. İllərlə canında qalıb daşlaşmış gücünü, əldə etdiyi təcrübəsini bilmirdi neynəsin. Oxuduğunu, bildiyini kimə öyrətsin? İndikilərə heç nə maraqlı deyildi. Heç kəs öyrənmək istəmirdi.
  Dəfələrlə dostlarının arxasınca Avropaya getmək istəmişdi. İki ay İsveçdə yaşamışdı da. Sonra dözə bilməyib, geri dönmüşdü. İkinci dərəcəli adam olmaq asan iş deyildi. Qürbətin hər dəqiqəsindən bir daş asılıb. Bu torpaq onun torpağıydı. Kasıb olanda nə olar? Bu gün heç kəsə gərək olmayanda nə olar? Düzdür, yazılarını çap eləmirdilər. Onu görəndə tanıdığı adamlar belə üzünü yana tuturdu. Amma baxma da. Başqa cür olduğu üçün üz döndərsələr də ürəklərində düşmənləri belə qədrini bilirdi. Tanımadığı adamlar belə yazısına hörmət edirdi. Bu da var da. Burda onu pis yaxşı tanıyırdılar. Qürbətdə isə o heç kəs idi. Bu gün dəbdə olan "sabun köpüyü” yenilərdi. Bu salamsız-kəlamsız rəqabət adamlarının üzlərindən çuğulluq yağırdı. Pul qazanmaq üçün  bir-birilərini təpikləyib, atdan salan bu adamların üz-gözündən pislik tökülürdü. Bu gün heç kəs ağlına, istedadına güvənib yaşamırdı. Hamı irəli getmək üçün salınmış əyri yolların düzlüyündəndi. Bu adamların üzünü görməsin deyə evdən çölə çıxmırdı. Saytlardan aldığı qəpik-quruş da ancaq baş aldatmağa yetirdi. Buna dözməyən arvadı uşaqlarını da götürüb qürbətə köçmüşdü. Onlardan da çoxdandır, xəbər yoxdu.
  Hava alanından şəhərə gedən avtobusa minib arxa oturacağa əyləşdi. Salonda oturmuş ərəb turistlər çox ucadan danışırdılar. Görünür, kənd adamlarıydı. Səslərinin kiməsə mane olacağı haqqında düşünmürdülər. Hay-küyləri salonu basına götürmüşdü. Birdən-birə ərəb dilinin havası ona yas mağarını xatırlatdı. Sürücü də gözünə arxası salona oturmuş molla kimi göründü. "Əstəğfürullah” deyib udqundu. Turistlərin üzü aydın və xoşbəxt idi. Dil-dil ötürdülər. Ərəb dilini zamanında öyrənmədiyi üçün özünü qınadı. Bilsəydi, ərəblərə Bakıdan danışardı. Şəhər tarixini olduğu kimi onlara anladardı. Görəsən, qonaqlar şəhəri bəyənəcəklərmi?
 Bir xeyli beləcə ərəb dilinin qərib zəngulələrini dinləyib susdu. Avtobus Sabunçu dairəsinə çatanda qəfil ayağa qalxıb ərəb dilində bildiyi yeganə mətn olan Quranın "Əl Fatihə” surəsini ucadan muğam üstə oxumağa başladı. Ərəblər əvvəlcə bu qəribə nalədən diksindilər. Sonra qımışa-qımışa susdular. Çalışıb axıra qədər onun nə etmək istədiyini anlamağa çalışdılar. Ancaq surənin sözləri bitəndə özünə gəldi. Niyə belə etdiyini axıra qədər özü də anlamadan avtobusun yumşaq kətilinə çökdü. Və nədənsə özünü çox yüngül hiss etdi. Elə bir çiynindən ağır yük götürülmüşdü. Nəsə mühüm bir iş görmüşdü.
  Rahatlanıb kətilə yayxandı. Sürücünün yanındakı kətildən ayağa qalxıb ona tərəf gələn "Bələdçi”ni görəndə dalağı sancdı. Gədənin üzündən yaltaqlıq yağırdı. Ondan adama xeyir gəlməzdi. "Bələdçi” oturacaqların arasından ləngərlənə-ləngərlənə keçib, şəstlə boynuna sarıldı. Nəfəsi soğan qoxuyurdu. Ərəblərdən topladığı əzik-üzük dollarları açıq qalmış ovcuna basıb pıçıltıyla: – "Yaxşı fikirləşmisən! Bu gündən səninlə şərikəm! Elə et ərəblər görməsin. Aşağı enəndə pulları yarı böləcəyik!” – dedi.
  Bələdçinin başını kənara itələyib ərəblərə tərəf boylandı.
  Onlar da heyrətlə "Əl-Fatihə” surəsindən "pul qazanan” qəribə adamı seyr edirdilər.
  Başını aşağı salıb ovcunda qalaqlanmış dollarlara baxdı. Hamısı yüzlüklərdi.
 Ayağa qalxıb pulları bir-bir ərəblərə qaytardı. Salonu hay-küy basdı. Nəsə deməyə çalışan ərəblərin dilini bilməsə də, hərəkətinin yaxşı hal kimi başa düşüldüyünü anlayıb sevindi. Sonuncu pulu, sonucu ərəbin ovcuna basıb sürücüdən avtobusu saxlamağı xahiş etdi.
  Sürücü avtobusu şəhərin girəcəyində saxladı.
  Avtobusdan enib yolun kənarına çəkilmiş dəmir səddin üstünə oturdu. Sağdan sola, soldan sağa şütüyən maşınların içində əyləşmiş adamların üzləri görünmürdü. Yollarda heç kəsin üzü görünmür axı.
Hara gedirsən get, yolları üzsüz keçirsən. İnsanın yolda üzü görünmür. Üz sənə ancaq dayanacaqlarda tanınasan deyə gərək olur.
  Bu üzsüz və sözsüz adamlı şəhərin girəcəyində naçar-naçar saatlarla oturdu. Hara gedəcəyini bilmirdi. Nə edəcəyini də.
Hara getsin?
  Kimin qapısını döysün?
  Bu boyda şəhərdə təkdi.
  Nə işi vardı gedib işləsin. Nə bir simsar adamı vardı dərdləşsin.
  Gecə düşənə qədər dinməzcə oturub yola baxdı. Maşınların ayağı yoldan kəsiləndə qalxıb iti addımlarla "evinə” doğru getdi.
 Nə yaxşı ki özü vardı. Olmasaydı ölənə qədər bu qürbətdə necə yaşayardı?
/Artkaspi.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.