Atatürk Mərkəzində gənc türk şairlərinin birgə toplantısı keçirilib
04.12.17
Atatürk Mərkəzində “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində gənc türk şairlərinin birgə toplantısı keçirilib.
Tədbirdə mərkəzin direktoru, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov layihənin əhəmiyyətindən söz açıb.
Bildirib ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir.
Milli Məclisin deputatı Sona Əliyeva türk yaradıcı gənclərin birlikdə olmasını alqışlayıb, onlara uğur arzulayıb.
Layihənin rəhbəri, DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfələrini verdiyini bildirib. O, 1926-cı ildə I Türkoloji Qurultayın da Bakıda keçirildiyini vurğulayaraq türk gənc ədəbi qüvvələrini birliyə çağırıb.
Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının qatıldığı tədbirdə Qarabağ müharibəsinin xalqımızın başına gətirdiyi bəlalardan söz açılıb.
Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) və digər qonaqlar birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Gənclər fikir mübadiləsi aparıblar, səmimi qarşılanma, xoş münasibət üçün minnətdarlıqların bildiriblər.
Layihə çərçivəsində növbəti tədbir dekabrın 4-də keçiriləcək, qardaş xalqlarının nümayəndələri olan türk şairləri şeirlərini oxuyacaqlar.
|