Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib
24.11.17
Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüsdə “Əli və Nino” filminin təqdimatı keçirilib.
Səfirlikdən bildiriblər ki, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş təqdimat mərasimdə parlamentin üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, səfirlər, incəsənət xadimləri, diplomatik korpusun və şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.
Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi münasibətindən və onların müstəqil Azərbaycan uğrunda həmrəyliklərindən bəhs edilən filmin Litvada təqdimatını əlamətdar hadisə adlandırıb, bunu 2010-cu ildə Litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.
Dini və etnik fərqlərə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, Vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb.
Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatları və nar şərabları nümunələri qonaqlara təqdim edilib.
Filmin Litvanın digər şəhərlərində də nümayişi nəzərdə tutulur.
|