Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17
Ölkəmizdə səfərdə olan tanınmış ərəb yazıçı Yusif Əzizi dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə qonaq barədə məlumat verən Mərkəzin sədri, şair Səlim Babullaoğlu qeyd edib ki, Bənitorof kimi tanınan yazıçı və tədqiqatçı Yusif Əzizi 1951-ci ildə İranda doğulub. Tehran Universitetinin məzunudur. Hazırda Londonda yaşayan ədib 1978-ci ildən İran Yazıçılar Birliyinin üzvüdür və 2008-ci ilin yanvarından Birliyin ümumi iclasında keçirilən seçkidə, qurumun sədri olmadıqda, onun vəzifəsini yerinə yetirən katib seçilib. 2009-cu ildə Britaniya Qələm Cəmiyyətinə (English Pen) fəxri üzv qəbul olunub. Suriya Yazıçılar Birliyi Əzizini 2012-ci ildə özünün əsas üzvü kimi təqdim edib.
Yusif Əzizi Bənitorof jurnalist kimi də fəaliyyət göstərir, ərəb və fars dillərində yazır. İndiyədək 25 kitabı və yüzlərlə məqaləsi ərəbdilli və farsdilli mətbuatda dərc edilib. Məqalələrinin bir hissəsi İranın klassik ədəbiyyatına aiddir və ərəb mətbuatında işıq üzü görüb. Onun hekayə, məqalə və tədqiqatları ərəb, türk, ingilis və italyan dillərinə də tərcümə edilib. Onun tərcümə fəaliyyəti əsasən müasir ərəb yazıçı və şairlərinin ədəbi əsərlərini əhatə edir. İctimai-siyasi fəaliyyəti isə İranda qeyri-fars millətlərin, o cümlədən, ərəblərin hüquqlarının müdafiəsinə şamil edilir. 2008-ci ilin noyabrında İstanbulda “İran, Azərbaycan və Türkiyədə qadın hüquqları” seminarının və 2009-cu ildə Human Rights Watch-ın mükafatlarına layiq görülüb.
AYB sədri Anar qonağı və görüş iştirakçılarını salamladıqdan sonra Birliyin yaranma tarixi, fəaliyyəti haqqında danışıb. Sədr qeyd edib ki, son zamanlar İran-Azərbaycan ədəbi əlaqələrinin inkişafı yolunda hər iki ölkə tərəfindən mühüm addımlar atılır, əhəmiyyətli layihələr həyata keçirilir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçilirlən bugünki görüş də həmin əlaqələrin daha da dərinləşməsində əhəmiyyətli rol oynayacaq.
Azərbaycanı çox sevdiyini bildirən Yusif Əzizi, Bakıya gəlməyi illərdən bəri arzuladığını vurğulayıb. Ərəb yazıçı müasir dünyada ədəbiyyatın və sənətin hazırkı durumu barədə fikirlərini bölüşüb, Azərbaycan ədiblərinin yaradıcılığına maraq göstərdiyini deyib.
Görüşdə ədəbi əlaqələrin inkişafından söz açılıb, müzakirələr aparılıb.
|