Qismət - Danışan əşyalar
02.11.17
(Rasim Qaracanın şeirləri haqqında qeydlər) Ötən
il kitabxanamı sahmana salanda rastıma portret-hekayələr ustası Əjdər
Olun bir şeir kitabı çıxdı. Kitabı vaxtilə oxuyarkən vərəqlərin ağ
yerinə yazdığım qeydlər diqqətimi çəkdi. Bunlar Əjdər Olun nə vaxtsa
gecə saat birə qədər Rasim Qaraca ilə ədəbiyyat mübahisəsi etməyindən,
birinin modern ədəbiyyatı, digərinin isə ənənəvi yolu müdafiə etməyindən
bəhs edən “Parkda” şeirinə yazdığım qeydlər idi. Bu yazını yazmağa
başlayarkən həmin şeiri bir də xatırladım, söhbətin məğzinə birbaşa
dəxli var deyə, şeiri bölüşürəm: Qrafin, külqabı, başqa bir cisim onu sirkələyən adi kəlmələr. Dabrıyır görüşə Qaraca Rasim Yaşıl köynəyində sarı ilmələr. Yenə hərlənirik bizim parkda, Siqaret, çayxana, vizual Birlər Mövzu genişlənir… Nyu-Yorkda Parisdə səs salan yeni nəşrlər. Keçilən mərhələ, ötürülən şans, Əqrəbi geriyə çəkilən saat. Söhbət içindəki hər yeni nüans Alatoran üçün yarımfabrikat. Herisçi Anarla düşünüşürsə, bu, postmadernizm, özəl dönüşdür. Güllər iyləşirsə, isinişirsə, gördüyün erotik bir görünüşdür. Deyir: qart sözlərlə özünü yorma, hər sözün önünə neo yapışdır. Mən baş aparıram: Modern forma Şeirə tikilən təzə papışdır. Onun sözləridir: Yalnız irəli! Sözü azad burax! Qafiyə hörmə! Qəlyan tüstülədir bitli-birəli qaçqın və çadırda alışan kərmə. Avanqard, arabesk və antilirik, gör nə qopardırıq bitəcək gündən. Gecə birə qalmış, çıxa bilirik Alen Rob Qriyenin Labirintindən. Heca
vəznində, çarpaz qafiyədə yazılan və qarşı tərəfin leksikonundakı
sözlərin ironik çalarda istifadə edildiyi bu şeirdə iki dünyagörüşü
toqquşur. Amma mənim üçün bu şeirdə son bəndin son misrasında adı
qəfildən qarşımıza çıxan Alen Rob Qriye maraqlıdır. Çünki Rasim
Qaracanın müstəqillik dövrü ədəbiyyatımızın ən qiymətli şeir
kitablarından hesab etdiyim “Ölüm haqqında günəş” kitabındakı “Əşyalar”
bölməsini oxuyanda, yadıma həmişə Orxan Vəli qədər, yapon haykuları
qədər fransız “Yeni romançı”ları da düşür. Ötən əsrin 50-ci
illərindən etibarən Fransada gündəmə gələn “Yeni romançı”ların lideri
Alen Rob Qriye idi və onların sırasında Natali Sarrot, Mişel Byutor,
Klod Simon kimi müəlliflər vardı. Onların başlıca məqsədi ədəbiyyatı
ənənəvi romandan xilas etmək idi və bu yolda əsas hədəf əlbəttə ki,
Balzak, Stendal, Flober və Zolya idi. Fikrimcə, Alen Rob
Qriyenin əşyaların dünyadakı yeri ilə bağlı fikirlərindən çıxış edərək
Rasim Qaracanın şeirlərini oxumaq olar. Nə deyir Qriye? Onun
fikrincə, dəyişməz və sağlam olan yeganə şey nəsnələr, əşyalardır. Bəzən
onu tənqid edirdilər ki, əşyaların səhifə-səhifə çəkən təsvirləri
arasında insan yoxdur. O isə cavab verirdi: insan təsvir etdiyim
əşyalarda, hətta təsvirin hərəkətində belə mövcuddur. Qriyenin
dünyagörüşünə görə, hər hansı bir əşyaya diqqətlə baxsanız, hər dəfə
onun başqa bir cəhətini görəcəksiniz. Bu məqamda Rasim Qaracanın “Əşyalar” silsiləsindən olan, elə əşyanın təbiəti ilə bağlı bir şeirinə nəzər salaq: Yataq Kim deyir ki, yaddaşı yoxdur əşyaların baxın, köç maşınında gedən bu yataq dəsti kədərin çoxluğundan büzüşərək yumağa dönüb. Məncə,
konseptual silsilə olan “Əşyalar”ın canı bu şeirdəki “əşyaların
yaddaşı”na edilən vurğuda gizlənib. Əslində, bu misra elə silsilənin
özünə epiqraf da ola bilərdi. Alen Rob Qriye romanlarında
(“Silgilər”, “Qısqanclıq”) adətən reklam tablolarını, cədvəlləri, dəmir
barmaqlıqları, küçə fənərlərini, silgiləri, çaydan kimi ilk baxışdan adi
görünən bir əşyanı götürür və onu uzun-uzun, ən xırda detalına qədər
təsvir edir. Roland Bart bu barədə yaxşı deyir: “Alen Rob Qriye icazə
verir ki, əşyalar vaxtımızı alsın.” “Yeni romançı”lar deyirlər ki,
ənənəvi ədəbiyyatda boş stul – gözləməyi, pəncərənin dəmir barmaqlığı –
azadlığın yoxluğunu, əlin çiyinə qoyulması – dostluğu ifadə edirdi. Amma
XX əsrdəki böyük fəlsəfi nəzəriyyələrdən olan fenomenologiyaya deyir
ki, əsrlər boyu içi müxtəlif mənalarla doldurulmuş əşyaları, jestləri
mötərizə içinə almalı və onları yeni rakursdan görmək üçün sadəcə
oxucuya təqdim etməliyik. Yenidən Rasim Qaracanın bir şeirinə baxaq: Balıqqulağı Avtomobil qəzası qızcığazın asfalta dağılmış çantasında hər şey var idi: dodaq boyası bankomat kartı dırnaqtutan siqaret karandaş salvador dali amerikan dolları prezervativ cib telefonu metro jetonu sancaq… Bir sözlə onu tanıya biləcəyiniz hər şey, ancaq bir də heç kəsin məna verə bilmədiyi emallı miniatür bir balıqqulağı” Bu
oxucunu interaktivliyə dəvət edən, çoxyozumlu, çoxmənalı bir şeirdir.
Müəllif bir misrada qəzaya düşən qız haqqında “onu tanıya biləcəyiniz
hər şey” deyir, amma adı çəkilən əşyaların heç birinə bir təyinat
vermir, eləcə siyahı təqdim edir və sonda bizə gözlənilməz şəkildə başqa
bir nəsnə (balıqqulağı) təqdim edilir. Ötən həftə Azərbaycan
Dillər Universitetində filologiya fakültəsinin tələbələrinə çağdaş
Azərbaycan poeziyasından danışanda bu şeiri oxudum və auditoriyadan
soruşdum ki, sizcə, o balıqqulağının orda nə işi var? Hərə bir variant
dedi və məlum oldu ki, variantların hamısı müəyyən mənada kontekstə
oturur. Elə müəllifin də istədiyi budur, şərh verməmək, boşluqlar
buraxmaq ki, oxucu özü yozumu ilə o boşluqları doldursun. Bu
yerdə yadıma nə vaxtsa, hansısa kitabdan oxuduğum və müəllim işlədiyim
illərdə bir neçə sınaqdan çıxardığım bir oyun düşdü. Bu oyuna şərti
olaraq, “Yuxu Oyunu” deyirlər. Oyunu oynamaq üçün bir qrup insan bir
yerə toplaşmalı, oyundan və oyunun qaydasından xəbərdar olmayan bir
nəfəri qurban seçməlidir. Əvvəlcə qurban sinifdən (ya da salondan) çölə
çıxardılır və iştirakçılar qaydalarla bağlı razılığa gəlirlər. Bir azdan
seçilmiş qurban təzədən içəri gəlir və ona deyilir ki, sən çöldə olanda
aramızdan bir nəfər öz yuxusunu danışdı. Sənin vəzifən bu yuxunun nə
olduğunu və yuxunu kimin gördüyünü tapmaqdır. Seçilmiş qurban kimə
istəsə suallar verə bilər, amma cavablar “hə” və ya “yox” ola bilər.
İştirakçılar qurban çöldə olarkən müəyyən etdikləri qaydaya əsasən
onlara verilən sualdakı əsas sözün axırıncı hərfinə uyğun cavablar
verəcəklər. Söz “K” və ondan əvvəlki hərflərlə bitirsə, “hə” deyəcəklər,
“L” və sonrakı hərflərlə bitirsə, “yox” deyəcəklər. Məsələn, seçilmiş
qurban “yuxuda general varmı?” soruşsa, oyunçular başa düşəcək ki,
burdakı vurğu “general” sözünə düşür, söz “L” hərfi ilə bitdiyi üçün
“yox” deyəcəklər. Zəruri bir məqam da var, ziddiyyət yaranmasın deyə
bəzən “son hərf” qaydasını pozmaq da olar. Oyunun sonunda qurban
suallarını bitirir və ondan xahiş olunur ki, yuxu və yuxunu görən şəxs
haqqında öz versiyasını danışsın. Qurban öz versiyasında yuxunu danışıb
bitirəndən sonra isə həqiqət aydınlaşır, sən demə heç kim yuxu
görməyib: “Bu danışdığın sənin yuxun idi, hamısını sən uydurmusan…” Alen
Rob Qriye yazır: “Hər insan ətrafındakı nəsnələri təzədən icad
etməlidir. Bu nəsnələr dünyanın həqiqi, konkret, qatı və parlaq
görüntüləridir. Onlar özlərindən başqa heç nəyin işarəsi deyillər.” Bu,
çox incə məqamdır, fikrimcə, müəlliflərimiz (bəlkə də şairlərdən çox,
nasirlərimiz) bu məqamın üstündə lazımınca dayanmayıblar. Belə ki, XX
əsrin ikinci yarısından sonra ədəbiyyatda xarakterin konkret nəyisə
təmsil etməsi məsələsi aradan çıxır, xarakter yaratmaq gözdən düşür,
çünki İkinci Dünya Müharibəsindən sonra ədəbiyyatçılar başa düşdülər ki,
tipiklik, bir xarakterin konkret nəyisə təmsil etməsi ideoloji
yarlıkdır və məhduddur. Beləliklə, reallığın ifadəsi haqqında düşünən
böyük müəlliflər bu qərara gəldilər ki, bir nəsnə, bir adam konkret
nəyisə təmsil etməsə, yəni o, eləcə təsvir edilsə, daha çox şeyi təmsil
etmiş olur. Bizim ədəbiyyatda, xüsusilə, sovet ədəbiyyatı və
həmin ənənənin davamçıları ilə müstəqillik dövrü ədəbiyyatının ciddi
təmsilçiləri arasındakı ən başlıca fərqlərdən biri də, məncə, elə
budur. İdeoloji konyukturanın, plakatın, şüarçılığın, tərənnümçülüyün
ikinci, üçüncü plana keçməsi, vizuallığın önə çıxması. Rasim
Qaracanın şeirləri ölçüsünə görə tvittervari, məzmununa görə
instaqramvaridir. Sosial şəbəkə bənzətmələrini təsadüfi etmədim. Tvitter
elə bil ki, 140 işarə məhdudiyyəti ilə minimalist şeirdir, haykudur,
instaqram isə gerçəkliyin yalnız fotolar, fraqmentlər vasitəsilə təqdim
edilməsi. Rasim Qaraca da elə bil ki, gerçəkliyi fotolar, anlar,
çilik-çilik olmuş güzgü parçaları ilə dərk edir və onu fraqmentlər
şəklində (həm məzmun, həm dil qatında) təqdim edir. Külqabı Bu səfər içinə kül tökmədim tum qabığı atmadım. Bu səfər qırılmış muncuq dənələrini toplayıb qoydum külqabına qaranlıqda işıl-işıl muncuqlar. O,
əksər şeirlərini, şeir silsilələrini konkret konsepsiyalar şəklində
düşünür. “Əşyalar” silsiləsindən başqa məşhur “Birlər” də bu cürdür. Bu
silsilədə artıq söhbət təkcə əşyalardan yox, həm də ən müxtəlif
situasiyalardakı insanlar, onların anlıq reaksiyaları, eyni zamanda,
dilə gətirmədikləri yığcam formada təqdim olunur. Bu şeirlər
haqqında bir-birinə daban-dabana zidd olan fikirlər eşitmişəm, amma ən
çox eşitdiyim odur ki, bunlar hələ şeir deyil, ən yaxşı halda şeirin
ideyası, eskizləridir. Mən bu fikri bölüşmürəm. Bu bizim vərdişlərimizlə
bağlı məsələdir: bizdə şeir çox vaxt kürsüdən deyilmək üçün olub, yəni
müəlliflər çox vaxt potensial bir dinləyici (oxucu yox!) auditoriyasını
nəzərə alıb yazıblar. Şeir ancaq əzbərlənmək, əzbərdən deyilmək üçün
başa düşülüb. Çağımızın böyük şairlərindən olan Adonis bu mövzu
ilə bağlı yazır: Şifahilik ilk növbədə eşitməklə bağlıdır. Səsin qulağa
ehtiyacı var. Buna görə də şifahi ənənələrdə şeirdə nəyin deyilməsindən
çox, necə söylənməsi vacib olur. Xüsusilə Cahiliyyə dövrünün şairləri
auditoriyanın əvvəlcədən bildiyi adət-ənənələr, savaşlar və
qəhrəmanlıqlar, zəfərlər və məğlubiyyətləri icmallaşdırırdılar.” Elə
bilirəm ki, bu sitat təkcə poeziyamızdakı klişeləşmiş meylləri yox, həm
də məsələn, cəmiyyətdə meyxananın niyə bu qədər populyar olmağı ilə
bağlı nələrisə bizə sezdirir. Söhbət ondan getmir ki, şeir ancaq
elə, yaxud belə olmalıdır, söhbət ondan gedir ki, şeir həm də belə ola
bilər. Tutalım, Orhan Vəlinin bir şeirinə baxaq: Maqqaşlı şeir
Nə atom bombası, nə London konfransı bir əlində maqqaş, bir əlində ayna Umurundamı dünya! Bu
şeir kürsüdən oxunsa yəqin effekt doğurmaz, amma elə məsələ də budur:
kim deyir ki, şeiri yazmağın da, oxunmağın da yalnız bir yolu var. Rasimin “Birlər”indən birinə baxın, görün nə qədər sadə və bir o qədər də təsirlidir, çoxyozumludur: “İlahi, bir səbəb sal mətbəxdə qab yuyan o qadının dodaqları qaçsın.” “Ölüm
haqqında günəş” kitabında ənənəvi formalı şeirlərdə eyni qafiyələrdən
istifadə edə-edə formanı da, məzmunu da, qafiyə lüğətini də
tiftikləndirən, hörmətdən salan şairlər üçün qırmızı kart kimi təklif
olunan konseptual bir silsilə də var: Anlamsız şeirlər. Bu
şeirlər üst qatıyla formanı təqlid edir, məzmunuyla isə konveyer üsulu
ilə istehsal (yazılan yox!) şeirləri parodiya edir. Elə bil bu şeirlər
dadaistlərin metodu ilə yazılıb. Dadaistlər ötən əsrdə, iki böyük
müharibə arasındakı illərdə dünyadakı absurda, cəfəngliyə etiraz kimi,
qəzetlərdən, kitablardan təsadüfi sözləri kəsib götürür, bir neçə yekə
balonun içinə doldurur, onları qarışdırır, sonra isə təsadüfi şəkildə
seçdikləri sözləri yan-yana düzüb şeir kimi təqdim edirdilər. “Ölüm
haqqında günəş” kitabında mənə görə müstəqillik dövrü Azərbaycan
poeziyasının ən yaxşı nümunlərindən biri olan “Əgər ən yaxın dostu
müharibədə ölmüşsə…” adlı bir şeir var. Həmin şeirin təhlili isə ayrıca
bir yazının mövzusudur. Bir tərəfdən mən, o biri tərəfdən isə həmin yazı
mənə tərəf gəlməkdədir, görüşən kimi sizə də xəbər edərik. /sim-sim.az/
|