Avropa Film Festivalı başlayır
01.11.17
Bakıda VIII Avropa Film Festivalına start verilib. Festival noyabrın 2-dən 12-dək davam edəcək. Mədəniyyət tədbiri Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin, İttifaqa üzv dövlətlərin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq.
Festivalla bağlı keçirilən mətbuat konfransında çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas 10 gün ərzində 21 filmin nümayiş olunacağını bildirib. Həmin filmlərdən biri Azərbaycan, biri Böyük Britaniya, biri Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsinin - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.
Avropanın tanınmış rejissorları da festivalda iştirak etmək üçün Bakıya gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçəcəklər. Festival çərçivəsində təşkil ediləcək tədbirlər ictimaiyyət üçün açıq olacaq, yəni giriş sərbəstdir. Filmlər orijinal dildə nümayiş olunmaqla yanaşı, subtitrlərdən də istifadə ediləcək. Filmlərin nümayişi zamanı interaktiv müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur. K.Yankauskas qeyd edib ki, festival Aİ ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulması, inkişafı və Avropa dəyərlərinin daha yaxşı anlaşılması məqsədi daşıyır.
Xatırladaq ki, festivalda Azərbaycanın dram janrında olan “Nar bağı" filmi nümayiş olunacaq. Tədbirdə Aİ səfiri jurnalistlərin suallarını da cavablandırıb.
|