Allahverdi Təhləli GYB-nin Azərbaycan bölməsinə rəhbər təyin edildi
19.10.17
Şair Allahverdi Təhləli Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinə rəhbər təyin edilib.
Dost uğuruna sevinmək doğrudan da gözəl hissdir. Bu günlərdə sənə göstərilən etimad bizə qürur verdi.
Əziz Allahverdi, sənin Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölümünə rəhbər seçilməyin hamımızın ürəyincə oldu. Bu xəbər hamımızı sevindirdi. Eşidəndə, ilk dəfə ürəyimizdən keçən, dilimizdən qopan: “nə yaxşı!..” kəlməsi oldu. Çünki səni yaxşı tanıyırıq. Sənin kimi istedadlı bir qələm əhlinin oradakı yaradıcı soydaşlarımızı ətrafında birləşdirən qurumu layiqincə idarə edəcəyinə şübhəmiz yoxdu. Həm də bizə sənin təşkilatçılıq qabiliyyətin, insanlarla tez ünsiyyət qurmaq bacarığın hələ uzaq tələbəlik illərindən məlumdu. Bilirik ki, bu gün Gürcüstanda yaşayan, ömrünü, gününü ədəbiyyata bağlamış onlarla istedadlı şair və yazıçılarımız var. Onların belə bir qurumda bir araya gəlmələrinə çoxdan ehtiyac vardı. Göstərdiyin səylərdən, bu yöndə apardığın işlərdən həmişə xəbərimiz olub və bilmişik ki, gec-tez çəkilən zəhmət öz bəhrəsini verəcək. Elə də oldu. Yaradılmış bu bölümün orada yaşayan və ədəbiyyatın bütün sahələrində çabalar göstərən qələm əhlinin yaradıcılığına müsbət təsir edəcəyinə, impuls verəcəyinə indi daha çox inanırıq.
Əziz dost, sənə üzərinə düşən bu şərəfli işi layiqincə yerinə yetirməkdə uğurlar diləyirik, yorulmayasan deyirik. Allahverdi Təhləli adlı gözəl bir şairin, səmimi bir insanın bu gün həm də taleyinə sənətkarlar karvanına sarvanlıq etmək kimi önəmli bir missiya yazılıb.. Qoy yollar səni və sənin timsalında oradakı yaradıcı soydaşlarımızı arzulanan üfüqlərə aparsın! Bütün bunları keçmiş tələbə yoldaşların, uzun illər dostluq etdiyin bir qrup həmkarın diləyir. Bir daha uğurlar!
Hörmətlə, Zahid Sarıtorpaq, Saday Budaqlı, Səfər Alışarlı, Murad Köhnəqala, Etimad Başkeçid
|