Əli Şirin Şükürlü: "Suprematizmdən Ədəbi Suprematizmə"
17.10.17
(esse)
Ədəbi Suprematizm cərəyanının yaranma zərurəti, onun mahiyyəti barədə açıqlamalar və bu cərəyana aid edilən bədii mətnlər kütləvi informasiya vasitələrində dərc olunmağa başladıqdan az sonra sevimli tələbələrimdən biri mənə müraciət etdi: “Müəllim, bu cərəyan barədə söhbət düşərkən deyildi ki, hər hansı bir cərəyanın nəzəriyyəsi olmalıdı, mən də cavab verdim nəzəriyyə var və o nəzəriyyəni əsaslandıran bir çox movzular barədə mühazirələrin dinləyicisi olmuşam”.
Tələbəm haqlı idi. Yaradıcılığımın dinamikası, zamanla formalaşan elmi-bədii laboratoriyam sayəsində ərsəyə gələn bədii əsərlər eyni zamanda bu laboratoriya əsasında intellektual poeziya barədə bir sıra nəzəri movzuların da meydana gəlməsi zərurəti yaradırdı. Beləliklə, dəqiq elmlərə aid elmi anlayışları, elmi faktları, populyar elmi nəzəriyyələri ədəbiyyatla, bədii mətnlərlə əlaqələndirən movzular yarandı: Bədii mətnlərdə ehtimal anlayışları (və Ehtimal nəzəriyyəsi), Qeyri-səlis məntiq və ədəbiyyat, Nisbilik nəzəriyyəsi və ədəbiyyat, həndəsi fiqurlar, hərəkət, Zenon paradoksları, məkan və zaman, sonsuzluq və s. bədii mətnlərdə. Bu movzular elmi informasiyaların fəlsəfi düşüncə vasitəsilə bədii mətnlərdə inikasının əsaslandırılması idi. Yəni intellektual təmayüllü bədii əsərlərin yaranması texnikası,fəlsəfi düşüncənin elmi təfəkkürlə bədii mətn arasında bir körpü, bir keçid aparatı olması barədə tezislərdən ibarət idi. Yaranan bədii əsərlər, bu əsərlərin nəzəri əsaslarını təşkil edən movzular yeni bir ideyanın yaranmasına təkan verdi. Elmi informasiyaların fəlsəfəsinin ifadə olunduğu bədii mətnləri bir cərəyan altında sistemləşdirmək.
Ədəbi Suprematizm. Nə üçün məhz suprematizm və nə üçün ədəbi?
Suprematizm ( latınca supremus – mənası “ən yüksək” deməkdir) – təsviri sənətdə avanqard cərəyan olub, əsası Kazimir Maleviç tərəfindən, böyük ehtimalla (bu barədə müxtəlif versiyalar var), 1913-cü idə qoyulub və sadə həndəsi fiqurların (üçbucaq, dairə, kvadrat və s.) abstrakt formalarından rəsm əsərlərində istifadətexnikasıdı. Onun geniş ictimaiyyətə tanış ən populyar əsərlərindən biri “Qara kvadrat” rəsm əsəridir. Maleviç 1916-cı ildə “Kubizm və futurizmdən suprematizmə” essesini dərc etdirir. Mənbələrin birində yazılır ki, Suprematizm nəzəriyyəsi Maleviçin rəsm əsərlərində ifadə olunan sadə həndəsi fiqurların abstrakt formalarının üstünlük təşkil efməsinə əsaslanır və bu rəsm əsərləri nəzəriyyəyəən yaxşı illüstrasiyadır. Məncə, məsələ bir qədər aydınlaşdı. Yəni sualın birinci hissəsinə cavab verildi. Deməli, yaradıcı sferada – incəsənətdə belə bir təcrübə var; həndəsi fiqurların abstaksiyasından təsviri sənətdə istifadə olunur və bu sahədə yaranan əsərlər xeyli estetik mənalara, fəlsəfi fikirlərə yol açır. Necə deyərlər, movcud olan hər şeyin öncə “riyazi dildə” ifadəsi vardır. Hər şey həndəsi formaya malik olub, əsasında ədədi münasibətlər dayanır.
Həm həndəsi fiqurların, həm də dəqiq elmlərə aid digər faktların, anlayışların, nəzəriyyələrin fəlsəfəsindən istifadə etməklə qələmə aldığımız bədii mətnlər(şeirlər, şeir-esselər, esselər, hekayələr və povestlər) ədəbi müstəvidə anoloji cərəyannın yaranmasını zəruri edirdi.Beləliklə, suprematizmdən həm də ədəbi suptematizmə keçidin zəruriliyini nəzərə alıb, Ədəbi Suprematizm ədəbi-fəlsəfi cərəyanının yaranmasını məqsədəuyğun hesab etdik. Bu da sualın ikinci hissəsinin cavabı.
Bu cərəyana aid edilən intellektual təmayüllü əsərlərin yaranma texnikasına sadə bir nümunə əsasında nəzər salaq – mətnyaranma prosesi bu bədii texnika əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. Hadisə: Payız fəsli. Otaq. Pəncərədən müşahidə. 2. Elmi təfəkkür: pəncərə - dördbucaqlıya bənzər həndəsi formaya malikdir. 3. Fəlsəfi düşüncə: pəncərə - həyatın dördbucaqlı mənzərəsi, onun yalnız bir parçasını təsvir edir və payız dördkünc çərçivədən görünür. 4. Bədii təfəkkür: pəncərə - çərçivəsinə rəğmən otaqda asılan canlı rəsm əsərinə bənzəyir. 5. Və nəhayyət bədii mətn:
Payızdı. Seyr edirəm payızıotaqdan. Pəncərə - dördbucaqlı mənzərəsihəyatın; payız dördkünc çərçivədə. Və sanki canlı şəkildi payız pəncərədə asılıb otağımda.
Bədii mətn yaradılarkən istifadə etdiyimiz bütün elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfəsindən bu ardıcıllığın şərtləndirdiyi modeldən istifadə edirik: elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür. Vəssalam. Sadəcə, burada bir vacib məsələ nəzərə alınmalıdı: əsərin bədii həlli zamanı elmi informasiya təkcə informasiya olaraq qalmamalı, təsvir olunan hadisəyə adekvat olub, mətnin içində əriməli, mətnin məna çalarlarını zənginləşdirməli, fəlsəfi tutumunu artırmalıdır.
Ədəbi Suprematizm cərəyanı altında təkcə dəqiq elmlərdən deyil, eyni zamanda digər elm sahələrindən də bədii vasitə, bədii model olaraq istifadə texnikası sayəsində yaranan əsərləri sistemləşdirmək, təhlil obyektinə çevirmək olar. Belə olan təqdirdəyorğun ədəbi-bədii estetikanı dincə buraxıb, ədəbi mühitdə tamamilə yeni ədəbi yolun, ədəbi-fəlsəfi estetikanın, yeni poetexnikaların yaranmasına nail olmaq mümkündür. Bu, həm də bədii mətnlərin informativliyindən həzz alan oxucu zövqünün də formalaşmasına xidmət edər.
Sonda fikrimi təsviri sənətdə Suprematizm nəzəriyyəsini əsaslandıran yuxarıda qeyd olunan tezislərə oxşar tezislərlə yekunlaşdırıram: Ədəbi Suprematizm nəzəriyyəsini ən yaxşı təsdiqi – I. Bu cərəyan adı altında sistemləşdirdiyimiz ədəbiyyatın intellektual qoluna aid bədii mətnlər və II. Bu formatda mətnlərin yaranması prosesində fəlsəfi düşüncə fasitəsilə elm təfəkkürdən bədii aparat kimi istifadə texnikası barədə yazılan və yazılacaq məqalələrdir. Yəni Ədəbi Suprematizm cərəyanını nəzəri əsaslandıran bu esse sona çatsa da cərəyanın formalaşması sona çatmayıb.
P.S. Essenin davamı olaraq Ədəbi Suprematizmə örnək,elmi informasiyaların fəlsəfəsinə istinadən qələmə alınmış bir neçə bədii mətn nümunəsini təqdim edirik.
Adi hadisə - çala və su axını əhvalatı (düz xətt, üçbucaq və ölçü anlayışlarından istifadə olunub)
Bir hadisə danışım sizə, adi bir hadisə. O qədər maraqlı olmasa da, məna çıxarmaq mümkündü, məncə.
Evdən bir az aralı asfalt çökmüşdü və çökdüyü yerdə çala əmələ gəldi təmirdən sonra.
Su da axır, axır, axır və nəhayət, özünə yer edir o çalada və şəklini alıb çalanın dönür gölməçəyə - dairəvi, təxminən 50-60 sm. diametri; müxtəlif həndəsi ölçülərlə rahatca gülümsəyir adamın üzünə işıq hər düşəndə üstünə.
Özünə yer eləsə də yolun ortasında heç nədə günahkar deyil gölməçə. Səbəb - çala və bir də su axını; dairəyə çevrilənəcən düz xətt boyunca axan.
Ha istəsən suyu qovasan o gölməçədən, tam qova bilmirsən. Görürsən, az da olsa yer edib özünə və beləcə, uyuyur o gölməçədə son damlasına kimi torpağa hopanacan.
Torpağa hopdusa da bir müddət izi qalır nəmlik şəklində. Sonra bəzən nəmlik də çəkilir və bu vaxt adama elə gəlir çala boşluqdan darıxır yeni su axını üz alınca ona sarı.
Belə baxanda adi əhvalatdı su və çala haqqında. Gör neçə vaxtdı suyu yayındırmaq olmur o çaladan. Axdısa yetirir özünü çalaya, çevrilir gölməçəyə. Bir ölçü keçir başqa ölçüyə.
Görünür, o hadisə ki baş verəcək dəyişmək olmur səmtini – “nə qədər qovsan da, hər an çalaya üz alan su axını”; bir ölçüdən başqa ölçüyə keçən.
... – 23.09.2014
Qara kvadrat “Qara kvadrat” rəsm əsərinə istinad olunub
Düz bir əsrdən çox neçə-neçə heyranlıqla dolu baxışları keçmişin qaranlıq uçurumuna yuvarladan rəsm əsəri: Ağ kvadrat kətan üzərində qara kvadrat, ölçüsü – 79.6 x 79.5. Tərəflər arasında fərq cəmi 0.1(sıfır bir) – fərq olmalı deyildi axı - sıfır tam onda bir qədər fərq hardan ağlına gəldi, ustad Maleviç, heç nə mütləq deyil yəni?
“Qara kvadrat” yazıb, xeyli susuram baxışlarımı zilləyərək dördkünc vərəğin ağ hissəsinə. Az sonra yazılan mətn tədricən dördbucaqlıya bənzər fiqura tamamlanacaq yəqin...
Və ağ vərəq üzərində dördkünc həndəsi fiqur.
“Həyat kvadratdır” – hər şey çərçivədə deməli, ustad Maleviç; dördkünc pəncərələrdən boylanır, dördkünc qapılardan çıxıb, dördkünc yollarla dördkünc qismətlərə, dördkünc qədərlərə üz alır dördkünc adamlar.
Sonda, lap sonda isə dördkünc qeyri-müəyyənlik, sondakı, lap sondakı qeyri-müəyyənliyi deyirəm - qapqara, - bəmbəyaz dünya işığının itdiyi mək(z)an(r), yeni başlanğıc bir adı. Ki təkcə həyat dördkünc deyil yəni.
Çərçivə daha çox pəncərələri xatırladar adama, bir də pəncərə şüşəsində divardan asılmış rəsm əsərlərinə bənzəyən tanış üzləri; sevinc, kədər, heyrət, ümid, ümidsizlik boylanır çərçivələrdən, bəzən də çəkinə-çəkinə intihar – uçmaq ehtirasından doğulan qədər. bəzən də intihar... və çiliklənmiş pəncərə şüşəsi çərçivəsindən qopub ayrılan, - bu mənzərə isə “Qara kvadrat”ın tərsini təsvir edən rəsm əsərinə bənzədi deyəsən.
Nə qədər insan doğulur, nə qədər adam ölür, ağ gündüzü qara gecəyə, qara gecəni ağ gündüzə daşıyan sizif əzablı, sizif sevincli dördkünc ağ adamlar, qara adamlar, qırmızı, sarı adamlar, doğulan-ölən adamlar, hamısı eyni taleli – azacıq fərqlə, fərq cəmi sıfır tam onda bir.
Ağ kvadrat kətan üzərində qara kvadrat; anladı, ustad Maleviç, hamı anladı hər şey çərçivədə və heç nə mütləq deyil yəni, təkcə fonda təsviri verilmiş ağappaq, bəmbəyaz və məna ilə dolu boşluqdan savayı - o da çərçivədə. O da çərçivədə! O da çərçivədə?
... – 18.10.2016
Şair-filosof (“Qeyri-səlis məntiq” nəzəriyyəsindən istifadə olunub)
Şair poetik düşünən filosofdu – deyir Haydeger. mən də düşünürəm neçə illərdi:
yaranan nə varsa – tələbdən doğar, şəkli əks olunar düşüncədə, sonra yavaş-yavaş istəyə dönər.
Həyat var a – asta-asta ölümdü elə düşünsən dərindən, düşünsən dərindən sevgi – bir az da nifrətdi, nifrət – bir az sevgi, sevinc – bir az kədərdi, kədər – bir az sevinc, xoşbəxtlik – bir az bədbəxtlikdi, bədbəxtlik – bir az səadət. Qələbə - məğlubiyyətdi həm də, məğlubiyyət – qələbə. (Hər şey ifratda öz tərsinə çevrilər). Elə çevrilər, bir də görərsən sevinc kədərə dönüb, səadət acıya, qələbə məğlubiyyətə ya da tərsinə - odur ki gəlin şükür edək tale verənə.
Varolan – yox olandı, yoxolan – var olan. Ölüm – həyatın davamı; yoxolma deyil, şüurun məhsulu – bu yerdə, deyəsən, səhv edər şüur.
Şair – poetik düşünən filosofdu. Mən də düşündüm, düşündüm, düşündüm... və şeir yazdım:
Payız gəldi. Saralan yarpaq elə həmən yarpaqdı, rəngini dəyişib sadəcə.
Payız gəldi yenə də. Saralan yarpaq endiyi budaqdan uçmaz uzağa. ... – 14.11.2015
Nisbilik nəzəriyyəsi Qəribə, bəzən də qəribə olduğu qədər də qorxulu fikirlər gəlir ağlıma – bir az da maraqlı fikirlər doğrusu.
Gözümü yumuram; məsələn, ağlıma gəlir ki, uçuram işıq sürətilə. Uçuram hara – bilmirəm - uçuram və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən, yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin sığındığı kürədən. Uzaqlaşıram bir anın içində... sonra heç nə xatırlamıram.
Açıram gözümü; qayıtmışam. Az qala heç kəsi və heç nəyi tanımıram. Məkan tanınmaz dərəcədə dəyişilib. Tanışlar həyatda yoxdu artıq, məndən sonra doğulanlar qocalıb hətta. Dəyişməyən, deyəsən, mənəm təkcə. Ya da dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə. Lakin...
Sanki ömürdən hansısa bir parçanı salıb itirmişəm.
Dəhşətə gəlirəm və yaşanmış ömrümü gəzirəm bütün bu dəyişmələr içində.
... – 18.11.2015
Təsadüf (təsadüfü hadisə və ehtimal anlayışlarından istifadə olunub)
Hər şey o qədər təsadüfən oldu ki: mən bu şəhərə gəldim; sən bu şəhərdə yaşayırdın. o küçədən keçəsi oldum; eviniz o küçədə. o evin qarşısında dayandım - sən o evdən çıxırdın.
Bunlar hamısı təsadüfən oldu: mən bu şəhərə gəldim, o küçədən keçdim, bu şəhərdə o küçədəki o evin qarşısında dayandım - sən çıxdın. Bütün bunlar o qədər təsadüfən oldu ki.
Təsadüfən mən başqa şəhərə gedə bilərdim, o şəhərdə hansısa küçədən keçərkən hansısa evdən biri çıxardı və onunla rastlaşardım.
Təsadüfən başqa biri sizin şəhərə gələr, sizin küçədən keçərkən sən evdən çıxardın və...
bunlar hamısı təsadüfən ola bilərdi.
Amma sən bu şəhərdə, o küçədə, o evdə təsadüfən yaşamırdın.
Bu şəhərə tale gətirib məni? 13.01.2012
Dayandı – gedirdi amma (Zenon paradoksundan və “varlıqda hərəkət yoxdur” fəlsəfi tezisindən istifadə olunub.)
Gözləyirdi səbirsizliklə: nə vaxt gələr, görəsən?
O isə gəlirəm – dedi. Elə bilirdi gəlir, gedirdi amma.
Keçirəm, gözlə - çığırırdı. Yolu keçməyə hazırlaşırdı. Keçirdi. Elə bilirdi yol keçir, özündən keçirdi – fərqində deyildi sadəcə.
Çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi birazəsəbi. Hə, çatdım, bu da mən.Dayanıb, nəfəsdərdi yorğun, hüzünlü. Dayandı. Gedirdi amma, xəbəri yoxdu, deyəsən.
Elə bildi çatıb. Çatdığı özü idi – bilmirdi hələ. Çaşqınlıq içində boylandı ətrafa: hardayam. Azalmaqdansa çoxalıb məsafə, geriyə gəlmişəm ki.
Nə baş verdiyini bilən bilirdi. Mən də bilirəm: çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə. Amma əvvəlcə yolun yarısının yarısını. Ondan da əvvəl yarısının yarısının yarısını… Beləcə, sayacaqdı yerində gedə-gedə. Sayacaqdı yerində, gedəcəkdi amma, elə hey gedəcəkdi.
Gözləyən isə düşünürdü gözləyə-gözləyə: bu gəlişlə “itiayaq Axilles də çata bilməz tısbağaya”.
… - 14.03.2014
Zaman (şeir-esse)
Bilirəm hər “an” keçmişə dönür durmadan. Bu dönüşüylə indi yoxdu, yalnız keçmiş və gələcək var.
Yalnız keçmiş və gələcək olduğumun fərqindəykən yaddaşı köməyə çağırıram hərdən. Çağırıram olub-keçənlərdən danışsın bir az; necə uşaq idim, necə böyüdüm yavaş-yavaş. Yaddaşımı çağırıram. Əllərin, ayaqların, gözlərin yaddaşını.
Yorulmaq nədi bilməzdik uşaqlıqda. Gah futbol oynayar həyətdə, gah ağaca dırmaşıb meyvə dərərdik. “Gəzən ayağa daş dəyər, bir az dincəl də bu yayın istisində” – narahat olardı anam. İndi (yenə də indi – durmadan keçmişə yuvarlanan) o həyəti tez-tez ot basır, ağacları meyvə gətirmir.
İllər sonra atam kitabımın üz qabığındakı şəklimə baxdı, baxdı kövrəldi. Xeyli baxdı gözlərində qürür. O kitab hələ də atamın otağındadı titul səhifəsində yazı: ananın və mənim sevincim – məğrur duruşun, saf təravətli üzün, uzaqlara zillənən baxışların. İndi ( yenə də indi – durmadan keçmişə yuvarlanan) şəkillərdə, video kasetlərdə yaşayır keçmiş.Bir də yaddaşlarda. Əllərin, ayaqların, gözlərin yaddaşında.
Bir də gələcək var, an-an keçmişə yuvarlanan.
O kimdi uzaqdan gələn – mənə oxşayır bir az. Yox, elə özüməm. sadəcə saçım ağarıb, üzümdə yeni qırışlar.
Bəs o kimdi məndən arxada. O da mənə bənzəyir bir az. Yox, elə o da mənəm. Saçım bir az da ağarıb, üzümdə yeni-yeni qırışlar.
Bəs o kimdi? Bəs o kimdi? Bəs o kimdi?... – hamısı mənəm, mən. Bir-birinə bənzəyən.
Bəs lap arxadakı kimdi. Üzündə atamın ölüm yaşındakı yazı-qırışlar.
Bəs ondan arxada görünən? – heç nə.
Bəs “heç nə”dən sonra – bir körpə gəlir axı, eynən mənə oxşayan. Gəlir. Yaman gəlir a. Gəlir keçmiş olmağa.
Arxada yenə nəsə qaralır - görünənlər var.
... – 02.05.2013
/mediaxeberleri.az/
|