İmadəddin Nəsiminin "Divan"ının iki nüsxəsinin surəti əldə edilib
16.10.17
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli "Divan"ının iki nüsxəsinin surətini əldə edib.
İnstitutdan Azadinform-a verilən məlumata görə, 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb: “308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. "Divan"ın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun)divanı”) sözləri yazılıb. Bura 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib”.
Bildirilir ki, Nəsimi "Divan"ının yeni tapılmış əlyazma nüsxələri böyük şairin irsini araşdıranlar üçün dəyərli töhfədir.
|