9-11 Oktyabr 2017-ci il tarixində Türkiyənin Qars şəhərində “I Qafqazda Xalq Mədəniyyəti” adlı beynəlxalq kongres keçirilib. Kongres, bu il 25 illiyini qeyd edən Qars Kafqaz Universitetinin rəhbərliyinin dəstəyi ilə universitetin professoru azərbaycanlı alim Rafiq İmraninin başçılığı altında fəaliyyət göstərən “Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi” tərəfindən həyata keçirilib. Kongresdə müxtəlif ölkələrdən 150-yə yaxın alim iştirak edib. Onlar iyirmi seksiyada Qafqazda xalq mədəniyyəti, dil və ədəbiyyat, folklor, musiqi, adət və ənənələrlə bağlı hazırladıqları məruzələrlə çıxış edib.
Kongresin ikinci günü Ankara Dövlət Türk Xalq Musiqi Xoru və Ansambılı, İranın cənibu azərbaycanlılarından ibarət olan məşhur “Dalğa” qrupu, Gürcüstanın “Axısxa” rəqs qrupu kosert proqramı ilə çıxış edib, əsl bayram-əhval ruhiyyəsi yaradıblar.
Mərasimin sonunda universitet rəhbərliyi tərəfindən kongresin təşkilində xidmətləri olan “Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi”nin müdiri professor Rafiq İmraniyə, Türkiyədə yeganə Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Quliyevə və mərkəzin müdir müavini dosent Yavuz Səlim Qafqazyalıya təşəkkürnamə verilib, xatirə hədiyyəsi təqdim olunub.