Bakıda avstriyalı şairin kitabının təqdimatı olub
13.10.17
Bakıda Avstriyanın məşhur şairi Karl Lubomirskinin yaradıcılığına həsr edilmiş tədbir keçirilib.
“Landmark”da reallaşan tədbir Avstriyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex hər iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrindən danışıb. Səfir ölkəsini dünyaya tanıdan klassiklər, bəstəkarlar, musiqiçilər, şair və yazıçılardan söz açaraq onların əsərlərinin dünyada təbliğ olunması istiqamətində görülən işlərdən bəhs edib.
Azərbaycan və Avstriyanın gələcəkdə mədəni sahədəki əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edən A.Vex iki ölkə arasında münasibətlərin bir çox sahələrdə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Vurğulanıb ki, şairin iki dildə – alman və Azərbaycan dillərində “Özümdən elə uzağam” şeirlər kitabı çap olunub. K.Lubomirskinin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, yüksək mükafatlara layiq görülüb.
Yaradıcılığı haqqında danışan şair, şeirləri haqqında məlumat verib. Bakının və digər şəhərlərimizin gözəlliyinə valeh olduğunu dilə gətirən şair ölkəmizdə özünün rahat hiss etdiyini söyləyib. O, yenidən ölkəmizə gələcəyini, Azərbaycanın gəzməli yerlərini təkrar görmək istədiyin açıqlayıb.
Sonda şair K.Lubomirski şeirlərindən parçalar səsləndirib.
|