Yaşar  Bünyad - Quşlar qayıtsa
04.10.17

Hekayə

üstümə düşmüş əzrayıl kölgəsi qorxutdumu
çırpıldı qübbəyə sabahın göyərçinləri
artıq quşlara deyil
yaşanmamış bir günün tarlasına səpiləsi
bir ovuc dənin hesabı qaldı məndə

Zahid Sarıtorpaq



...Usulluca örtsəm də, qapının paslanmış  petləsi elə cırıldadı, ətim ürpəndi. Bir az  eyvanda  dayanıb göyə baxdım, “yağacaq” deyib  elə qapıtəhər cırıldayan taxta pilləkənlə həyətə düşdüm.”Sənün də zayun çıxıb”-pilləkənə deyindim. Əvvəllər deyinməzdim, mismardan-zaddan tapıb ələngə pilləkənin əgər-əskiyin düzəldərdim. Deməli,mənim də zayım çıxıb...
  Yaz  bithabitdə, indi  fikir verirəm ki, qaranquşlar  ötənilki kimi  gözə dəymir.
    “Demək , bu  yaz  da  dönmədilər.Toplar  hürkütdü  qaranquşları...Yaxşı,  olar gəldi-gedərdi,hər yerə isinişməzlər, bəs, sərçələrə nə olub  qəhətə çıxıblar, elə bil yer üzünün bütün sərçələri qırılıb.  Dədəm rəhmətlik deyərdi ki, qaranquşlar,  kənddən bezib qaçan cavanlar kimidi -biri dönər, beşi yox...Sərçə başqa, sərçə  özümüzünküdü,  vəfalıdı, heç hara getməz...Hanı bəs?”
...Fikirləşdim ki,  hara gedim ? Özümə gülməyim gəldi. Əslində heç fikirləşib eləmirdim.Özüm də getməsəm, sovxaya  qalmış  ayaqlarım bilir məni hara sürütdəyəcək –Əbdülgilə, ya da qəbristanlığa...Gör  havaxtdan dünya boşalmışdı mənimçin. Qocalıqdandı, yoxsa  təklikdən, arada  başıma  gic-gic fikirlər dolur: bəlkə  dünya  yerli-dibli olmayıb, heç mən də mən deyiləm- havayam, toz dənəsiyəm, ya da  yerin süni peykinin  bir qəlpəsiyəm, kosmosda fırranıram özümçün?!..
  İki dünya arasında mən qalmışam, bir də  yarımcan Əbdül.
Havaxt Əbdülün doqqazına ayaq basıram, onda  özümü hiss edirəm, deməli  varammış. Əbdülə baxanda mənim  canım  biraz suludu, arada meşəyə gedirəm, dərədən , “Sısqabulaq”dan su da gətirirəm, noolsun, nə meşənin havası havadı, nə bulağın suyu su. Dad-tam qalmayıb, ya  ağzımın zayı çıxıb?..
 Yazıq Əbdül dəqiqəsini , bəlkə də saniyəsini sayır, hər aldığı nəfəsə  zəm-zəm suyu içirmiş kimi “ox-xaay!” deyir,   zarıya-zarıya  uzana qalıb, daxmasından çölə çıxmır, çıxa bilmir; boğazından da heç nə keçmir, Əzrayılın yoluna göz qoyur. Tez-tez getmirəm ki , qapının cırıltısından diksinər, elə bilər ölümüdü gələn. Bəlkə də sevinər, nə bilim...Əbdülünkü  çəkiləsi dərd deyil...
Ürəyim sıxılır. Boğuluram. Əvvəllər  şəhər avtobusları kimi basaraq idi kənd, adam çox, boğanaq, onmetrədən  də bir çətir-çətir qoz ağacları Allahın havasına qənim kəsilərdi. “Ceviz ağacı insan kimi nəfəs alır, düşər-düşməzi var, alma, heyva  əkin həyətinizdə” demişdi  kəndə gələn  professor. Desəm ki qələt eləyib, qanacaqsız olaram, amma, professor  Allah deyilki, vallah, burda nə ağacı əksən,bitmir, quruyur, bitən də əməlli məhsul vermir.Havanı ağırlaşdırsa da bu kəndin camaatı qozun hesabına  var idi...Hanı  indi o ağaclar?...Hökumət adamlara qənim kəsildi, adamlar da ağaclara...İşə bir bax  sən Allah,vaxtıyla əl-ətəyinə selbə atıb, əlçatmazına  budaq-budaq dırmaşıb qoz çırpmasaydım,  havaxtsaburda  ağac olduğuna inanmazdım...
Axırıncı qoz ağacının kötüyünə  havaxt  balta vurdular, yadımdan çıxıb.Hər selbə atanda havaya yüz qarğa qalxardı, onlar  da yox olub. Elə bil səhralıqdı, küllükdü, xarabalıqdı...Adamlar da köçdü, ağaclar da...İndi havasızlıqdan yox, havanın  çoxluğundan boğuluram... Dəli oluram deyəsən...
Ağaclar boy atdıqları kimi  təmkinlə “köçdü”- qarış-qarış, budaq-budaq, qol-qol...Adamlar  isə bircə  günün  içində...Adamlar  ağacları  diri-diri  mişarladı, dəhrələdi, qəlpə-qəlpə tikələyib sobalara, təndirlərə basdılar, yandırıb külünü yelə verdilər, öldürdülər-özləri ölməsin deyə.
***
 Dünyanın axırında deyildi bu kənd. Heç əvvəlində də deyildi. Yazı dizəcən palçıq, yayı tozanaq, qışı da qar-çovğun, özü də dağın lap kəlləsində! Mən bu səy ağlımla fikirləşirdim, görəsən,burda yurd salmağa dədə-babalarımızı nə  vadar  edib?  Mənə elə gəlirdi ki, bunu dədəm də, lap dədəmin dədəsi də fikirləşib. O fikirnən müharibəyə də gediblər, amma ölən ölüb, qalanları ki  qayıdıb?!Qayıdıb, ev tikib, uşaq böyüdüb, amma burdan köçməyib...Biri mən, əsgərlikdən dönməyə də bilərdim; sevdiyim qız da vardı, qalsaydım,burdakından yaxşı  iş-gücüm, evim-eşiyim də olardı bəlkə...Başqaları oxumaq, ya əsgərlik adıyla ilim-ilim itdilər, daha kəndin adını  tutmadılar, geri dönmədilər.Qızlar ata evində qarıdı, qocalar həsrətdən, nisgildən  öldülər...Ha fikirləşirəm, axırıncı kərə kənddə mağar qurulub toy çalındığını andıra qalmış  yadıma sala bilmirəm. Mağar qurulurdu, amma, ölənlərin doqqazında...
   Beş-on evlik kəndi  sonuncu Mərdan kişi tərk eləmişdi. Daha doğrusu, şəhərdə yaxşı mənsəb sahibi olan kürəkəni  aparmışdı kişini. Nə vaxt idi, huşumdan düşüb, amma maşına minməmiş dediyi  qulağımdadı: “Daha burda ot da bitməz!” Elə bil Mərdan kişinin ahı tutdu buraları,bulaqlar qurudu, torpaq çat verdi, yarğanlar cadar-cadar elədi el düzünü.
  Mərdan kişidən əvvəl Cabbarın külfəti daşındı paytaxta.Özü yox, külfəti. Qisməti beləymiş. Yazıq Cabbar , ahıl vaxtında iyirmi kilometrlik yolu  basa-basa, payi-piyada  gedib   raykoma yalvar-yaxar eləmişdi ki,bilirəm, bu kəndin  adı it dəftərində də olmayıb,olmayacaq da! Bu gün-sabaha salıb allahın qazına, işığına  həsrət qoyduz,  yol çəkməyə ayrılan pula da göz dikdiz, haram xoşunuz. Nə qədər  sən burda  katibsən, quyruqbulayanlın da kənd soveti  Şəmildi, nəinki biz, heç qotur  keçimiz də gün görməyəcək,  heç olmasa qışı yola verin, sovxaya qalmış  meşədən quru ağac qırmağa  icazə  olsun,  bu fağırlar soyuqdan qırılmasın, beş-altı evdi, yaza çıxsalar, rədd olub gedəcəklər  bu viranədən!..Katib  də kişiyə  nə cavab vermişdisə,  evə qayıdanı üç gün  yerindən dura bilmədi, dili tutuldu, elə üçüncü gecə də  köçdü bu dünyadan. Dinməzcə...
   Dinməzcə ölməyi  Cabbar  kişi “dəb” saldı  kəndə...
  O gündən Şəmil də kəndə dönmədi. Elə o gündən də kənd seyrəkləşdi.
  Sən demə  , o günlər sovetlərin ələyi ələnirmiş!
  Sonradan bildik ki,  katib, Cabbar kişini guya yola gətirmək istəyibmiş, deyib:
-Ay ağsaqqal,a sağ olmuş,  oturmusan dağ  başında,udursan təmiz havadan,  dünyadan xəbərin yox, ayə,  bu gədə-güdə, şura hökumətinin mitilinə vurullar ee!  Nə partiya olacağ, nə raykom, nə də... heç zad!Ayə, ölən günümüzdü ee!..
Dili-ağzı qıfıllanmasaymış , bəlkə ,  “sinənə belə dağ havası düşüb, gəl, yayda  zoğal arağıyla kabab yeməyə  yox ee, payızın lıqqasında, qışın zəlozəlosunda  gəl, gör  camaatun nə zillət çəkir, nə müsibətə dözür”deyərdi. Amma  deyə bilməyib.Cabbar kişi əvvəlcə döyüküb, udqunub, özgə vaxt zəhmi qayaları əridən kişinin cınqırı da çıxmayıb, başa düşməyib raykomun, partiyanın ölən günüdü, yoxsa  dünyanın. Belə vecsiz raykomu, Şəmil kimi kənd soveti olan partiyanın ölməsinə sevindiyindənmi dili tutulmuşdu Cabbar kişinin, yoxsa  sabaha  naümidliyindən- bunu da  bir  Allah bilirdi...

***
  ...Hava praqnozu mənlik deyilmiş;   yağış-zad yağmadı...

...Səhərəcən gözümü yummadım. Ürəyimə dammışdı, gözümü yumsam, day açmayacam. Gözlərimi tavana dirəyib zülmətdə bir iynə ucu  işıq axtarırdım.İşıq nə gəzirdi! ”Qarğa ömrü yaşayasan, yada düşəsi işıqlı xatirən  də olmaya...”
Hamı köçün sürdü, getməyə yeri olan getdi...Kimə pənah aparacaqdımki? Şəfiqənin ölümündən  on il keçib, elə bil yüz ildi onun qəbrinə gedib-gəlirəm...Allah verən candı, gəzdirirəm...
Səhəri diri açdım. Ağzımı tutdum qəbristanlığasarı ki, sakitləşəm.Kimsə çağırdı elə bil. Qanrıldım səsə. Əvvəl elə bildim yenə atırlar.  Dağların o üzündən çoxdan səs-səmir gəlmirdi...“Bismillah!” Heç kimsə yox idi.Ürəyim sancdı.Qayıtdım Əbdülün doqqazına. Barmaqucu eyvana çıxdım, hörümçək toru basmış ara pəncərədən içəri göz qoydum; Əbdül bərəli gözləriylə pəncərənin şəklini  “çəkirdi”. Əsas odu ki, gözləyir... “Bu gün bitirəcəm, allah qüvvət versə, peşiman etməsə...”
 Ölülərlə dil tapmaq asandı. Kənd boşalandan  qəbristanlıqda onlarla söhbət edirəm. Sağlığında zəhmli, qəddar, əzazil,  kobud, yaltaq, zırrama, dəli -  burda  yazıq,  sakit, üzüyola...həm də xoşbəxt! Qəbir daşlarıyla salamlaşdım, hal-əhval tutub əlimdəki dəhrəylə  qaratikan kollarını qırmağa başladım. “Gözləyin, indi hamınızı xilas edəcəm bu zəhrimarın caynağından!..” Torpaq bir ara nəm çəkdi deyə qaratikan basıb hər yeri, elə bil qurbanolduğum  dünyanın  bütün qaratikanlarını bir gecədə ting eləyib basdırıb bura, qəbirləri ayırd eləmək olmur...Yaxşı ki cavan zoğlar hələ bərkiməyib, dəhrənin ağzı dəyən kimi üzülür...
  Tək-tük baş daşında  əl boyda  şəkil var, o  da  bozarıb, yazıları korraşıb,  tanınmaz olub. Eehh, onsuz da  hamısını tanıyıram; kim necə, hansı dərddən öldü, neçə gün can verdi, üstünə gələni, gəlməyəni də yadımda...
...Bu da Şəfiqə! Gözləri elə gülür. Zalım qızı,  o boyda dərdin içində bir dəfə də gileylənmədi...“Sağlığında qədrini bilmədim, Şəfi...İncitdim səni. Ürəyim,  həyatım demədim, deyə bilmədim...Züryətimizin olmamasını səndən  bildim, səni qınadım...Üzə vurmadın, doxtura da getmədin,  dərdinlə birgə əridin , o gecə...o gecə  gülə-gülə bircə bunu  dedin:Özündən muğayat ol...Görüşərik... Yanında olmaq istəyirəm, Şəfi...”
  Şapkamı çıxardıb Şəfiqənin bozarıb çat vurmuş  şəklini sildim,  barmaqlarımla tellərini, gözlərini, burnunu, dodağını oxşadım. Bir dəfə də öpmədiyim dodaqları azca aralıydı, sanki deyəcəyi vardı. İmkan vermədim, “gəlmə!” deyəcəyindən qorxub nəm dodaqlarımı dodağına  dayadım...
  Handan-hana toxdayıb  yarımçıq qəbrimə baxdım.Əbdülün qəbrini aralıda qazmışdım.  Maşallah, saf torpağı vardı, daşsız,  kəsəksiz! “Sağlığına qismət” dedim deyəsən. Vallah dəli olmuşam...Özümə, Şəfiqənin sağında qəbir qazmışam. Azca qalıb, lap on-onbeş bel ağzı. Dərinə getdikcə daş-kəsək çıxırdı, qazımaq  ağır idi, taqətim  kəsilirdi deyə  yarımçıq saxlamışam.Axı Əbdülü dəfn edəndən sonra bayquş kimi tək qalsam məni yerdən kim götürəcək?.. “Bu gün gərək bitirəm.”

...Qəbrimi qazıb geri dönəndə axşam düşürdü.  Keçdim Əbdülgilə ki, muştuluqlayam, deyəm qəbirlər hazırdı, day rahatca yola çıxa bilərik. Qapını araladım, içəri keçib onun yatağına yaxınlaşdım. Əbdül yola mənsiz çıxmışdı - çoxdan ölmüşdü, çənəsində gömgöy köpük qurumaqdaydı...
  İri dəmir boçkada su qoyub altını qaladım, evə qaçıb  sabun, iki ağ mələfə gətirdim.Əbdülü soyundurdum. Yazığın yanbızları  döyənək olmuşdu, qapqara qartmaq bağlamışdı uzanmaqdan. İsti suyla yuyundurdum, dəsmalla qurulayıb mələfəyə bükdüm. Ölü yumamışdım, amma elə bildim ömrü boyu mürdəşirlik eləmişəm, heç qorxub eləmədim.
“Bu da axırın, Əbdül, day rahat ol. Amma əclaflıq elədün, məni qabağladun, haramzada!..”
Zillətnən böyütdüyü altı oğuldan biri də qalmadı yanında, baş götürüb gedər-gəlməzə üz tutdular... “Dağıl, necə dağılmısan, a dünya! Altı oğlun ola, səni  züryətsizin biri kəfənləyə, yerdən götürə, torpağa tapşıra...”
Qəhər məni boğurdu. Eyvana çıxdım.Könlümə  papiros yandırıb tüstüsünü ciyərimə çəkmək düşdü. Hardan o bəxtəvərlik?! Bir də fikirləşdim ki, gərək  Allah məni xəstə salıb öldürəydi, Əbdül məni kəfənləyəydi, basdıraydı, bax o dikdirin üstündə oturub gözləyəydi, gözləyəydi... Bəlkə altısından birinin yuxusu qarışar,vicdanı oyanar, yığışıb qayıdardı  ata yurduna, bu yazığın da gözləri yollardan yığışardı... “Allah bilən məsləhətdi.”
 Gün doğhadoğda  Əbdülün cəsədini köhnə əl arabasına qoyub qəbristanlığa gətirdim. Bir müsibətlə cəsədi qəbrə endirib  yerini rahatladım. “Bu dərinlikdə qazmasaydım, əlləşməzdim, rahatca çıxardım qəbirdən” -deyə özümü danladım. Birdən ağlıma gəldi ki, ətrafımda  boş, uçuq daxmalar,  soyuq qəbirlərdən  özgə  heç nə  olmadığı dörd yanı uçurum zirvənin başında tək-tənha bir gün, lap beş gün yaşayaram, girməyinə girmişəm, bəlkə uzanıb qalım Əbdülün yanında? Tez də fikrimdən qaçdım, qəbirdən çıxıb beli götürdüm,  Əbdülün üstünü torpaqladım.
  Haldan düşmüşdüm. Ağır-ağır evə üz tutdum. Zirzəmidə inişildən qalma buğda vardı.Yarımlitrlik bankaya buğdadan doldurdum, it ilindən qalma “Fanta” butulkasında su götürüb qayıtdım Əbdülün üstünə. Buğdanı sinəsinə səpib üstünə su çilədim.Hava qaralana kimi çömbəlib Əbdüllə  dərdləşdim.
 ***
  Bu boyda dünyada tək qaldığımı bayquş ulamamış gecənin, xoruz banı eşitməyən səhərin  yetimliyindən duya bildim. Ətrafımda sükut  qışqırırdı...
***
...His basmış samovara  od saldım. Qaynamağını gözləyə-gözləyə onun qaramat duruşuna nəzər  qoydum -illərlə çimməyən qaraçı uşağına oxşayırdı samovar.
 Dızıldadı, zoqquldadı, pıqqıldaya-pıqqıldaya qaynayıb  “fısı”  yatdı.Dəmir qəfədanı yaxalayıb  kəklikotu çayı dəmlədim. Zoğal qurusuyla  isti çaydan içib üz tutdum qəbristanlığa. Doğmaca qəbrimdə uzanıb bu boş dünyanın baş örtüyünə baxıb uyumaq istədim. Əbdülün qəbrinə  çathaçatda qulağıma qəribə  səslər dəydi.  Dedim yəqin oğlanlarının yuxusu qarışıb, qayıdıblar. “Belə tez? Bəs ölməyini hardan biliblər? Burda məndən özgə kim vardı  xəbər göndərə yox olmuş dünyanın o başına?”  Fikirləşə-fikirləşə  yastı təpəni aşdım, qəbri görəndə yerimdəcə qurudum.Əbdülün sinəsindəki  təpəciyin torpağı görünmürdü,yüzlərlə boz sərçə cikkildəşərək, qanadlarını  yumşaq torpağ dənələrinə çırpa-çırpa  srağagün səpdiyim buğdaları dənləyirdilər. “Bular haçan gəldi? Axı sərçələr də buralardan bezar düşmüşdü?.. Allah, sənə şükür!Nəhayətki!...”
     Uşaq kimi sevindim.Onları hürkütməmək üçün  astaca  geri çəkilib  daxmama tərəf tələsdim. Zirzəmiyə girdim. Taxıl çuvalını açıb buğdadan ciblərimə, şapkamın içinə doldurub  geri  döndüm. Dəni ovuclayıb ətrafa  səpələdim. Ac sərçələr buğdaları  dənlədikcə  elə civildəşir, elə qanad çalırdı ki! Şükürlər olsun , daha  tənha deyildim! Qınayan olmasaydı  onları bir-bir tutub öz balam kimi başını, boynunu tumarlayardım. Elə bil ürəyimdən keçənləri başa düşdülər, çox keçmədi ki, yan-yörəm sərçəylə doldu.Sərçələr hey çoxalırdı...
  İnanırdım ki, o quşların biri Əbdülün ruhudu, qarışıb sərçələrə. Yəqin sevindiyimi də  görür. O da sevinərdi.Ürəyimdə  qarasına deyindim: “ Niyə  tələsdin, a üzü pis?!”
  Qəfildən  göy guruldadı. Az  keçdi,  bir-bir atmağa başladı.  Tələsik beli qapdım, zülümlə qazdığım qəbrimi doldurmağa başladım. Eşitmişdim ki, ağzı açıq qəbrə yağışın  yağması pis əlamətdi.Bəlkə də bunu özüm uydurdum, çünki daha ölmək istəmirdim.  Yağış gurlaşdıqca  qollarıma güc gəlirdi,suluqlamış ovcum göynəyirdisə də,mənim vecimə deyildi...Yağış gurlaşırdı... Qəbrimi doldurub beli kənara tullayanda nimdaş paltarlarım  dərimə yapışmışdı.
“Əgər  sərçələr qayıdıbsa, görərsən, qaranquşlar da dönər,  yağışı canına çəkən ceviz kötükləri cücərər,  boy atıb qol-budaqlı ağac olar, zəhləm getmiş qarğalar da  qayıdar? Bilmək olmaz, birdən, Əbdülünkülərdən biri döndü, qənşərinə çıxan  olmalıdı axı...”
  Sanki Əbdül ordaymış kimi əllərimi göyə açıb bağırdım:
-Əb-düüülll!.. Əbdül, eşidirsən, sərçələr qayıtdı.Sənə demişdim axı... Qa-yıt-dıııııııı!..

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.