Mahir N.Qarayevdən yağışlı-dənizli şeirlər
03.10.17
QAYIĞI YELKƏNLİ DƏNİZ
Dalğaları cinni dəniz, Qağayısı kinli dəniz! Məni də al qayığına – Qayığı yelkənli dəniz!
Qayığına al məni də, lal məni də, kar məni də, Apar, apar, sal məni də bu sahildən o sahilə...
Baş qoyaram ayağına, Ayazına, soyuğuna, Məni də al qayığına – Qayığı yelkənli dəniz!
Ovsunundan çıxammıram, yosununa baxammıram, Suya dönüb axammıram bu sahildən o sahilə...
Boylandıqca qaşdan-qaşa, Daşa döndüm başdan-başa, Başım dəydi daşdan-daşa – Qayığı yelkənli dəniz!
Əlin yox əl üzüb gedəm, bezib gedəm, küsüb gedəm, Gəmin də yox üzüb gedəm bu sahildən o sahilə...
Dərdinə həmdəm olaram, məni də al qayığına; Qağayına yem olaram, yem olaram balığına...
Amma hanı? Qulağı yox, qağayısı, balığı yox, sularında qayığı yox – nə yelkənli, nə yelkənsiz...
Hər nəyi varsa, budu bu, qoxusu budu, dadı bu; göz yaşımdı, şor sudu, su – qumlu, qumsuz, çənli, çənsiz...
Məni də yoracaq belə, səni də yoracaq belə, yenə də duracaq belə – mənli, mənsiz, sənli, sənsiz...
SEVGİ YAĞIŞI
Opüş dalınca öpüş gələcək!
Gözlərin gecə kimi qara, gözlərin bulud kimi kövrək – bu gecə yağışsız ötüşməyəcək.
Yağış tellərini yuduqca yuyulub getməyəcək o sevdalı gecənin qaranlıqları; yağış tellərini yuduqca öpüşlər təzədən çiçəkləyəcək.
Opüşlər tellərində yağışdan-yağışa doğulacaqdır; o sevdalı gecənin qaranlıqları axşamdan-axşama təzələnəcək, gecədən-gecəyə yuxalacaqdır.
Baş-başa verəcək axşamlar, gecələr yan-yana düzüləcək – o sevdalı gecənin qaranlıqları bir gün tellərində ağaracaqdır...
DƏNİZ
Anam dəniz, məni bir gecəlik ovudarsanmı – ağrımı-acımı yuyub tərtəmiz sel kimi, su kimi axıdarsanmı?
Sonam dəniz, sökəcək içimi bu pıçıltılar – öpdüyüm saçların kövrək eşqinə bircə yol ömrümə qayıdarsanmı?
Tanrım dəniz, üz qoyub öpərəm bu qayaları – bircə misralığa, bircə anlığa Müşfiqi, Nazimi oyadarsanmı?
Sonum dəniz, Bir qarış uzaqda ölən deyiləm; Aparırsan apar səssiz-səmirsiz – Getsəm, daha bir də gələn deyiləm...
|