“Molla Pənah Vaqif dünya dillərində” təqdim olundu
03.10.17
Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans və TÜRKSOY-la birgə çap olunmuş “Molla Pənah Vaqif dünya dillərində” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ölkəmizdə kitabxana işinin yüksək səviyyədə qurulduğunu və bu sahənin hər zaman dövlətin diqqət mərkəzində olduğunu söyləyən natiq bunun bariz nümunəsi kimi növbəti beynəlxalq kitab sərgi-yarmarkasını göstərib. Bildirib ki, görülmüş işlər nəticəsində sərgidə iştirak edən nəşriyyatların və xarici poliqrafiya müəssisələrinin sayı artıb. “Hazırda beynəlxalq kitab sərgi-yarmarkasında 17 ölkənin milli kitabxana direktoru və nümayəndələri iştirak edir. Onlar öz stendlərini qurublar və çap məhsullarını təqdim edirlər. Konfransda 11 ölkədən gələn mütəxəssislər kitab, kitabxana, mütaliə və innovasiya mövzusunda çıxış edəcək, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq və inanıram ki, bu, hamımız üçün faydalı olacaq”, - deyə Milli Kitabxananın direktoru bildirib.
Ölkələr arasında mədəni əlaqələrin qurulmasının önəmini vurğulayan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev konfransın təcrübə mübadiləsi baxımından mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, kitabxanaların informasiya sahəsində qarşıda duran çağırışlara cavab verməsi üçün ilk növbədə, onların maddi-texniki bazası təkmilləşdirilməlidir. Müstəqilliyimizi əldə etdikdən sonra bu sahədə çox işlərin görüldüyünü söyləyən nazir müavini, müasir kitabxana üsullarının mənimsənilməsi, kitab fondunun genişləndirilməsi, elektron kataloqların yaradılması, ümumiyyətlə, yeniliklərin tətbiq olunmasında beynəlxalq təcrübədən istifadənin əhəmiyyətini vurğulayıb: “Ən vacib məsələ yeniyetmələrin, gənclərin kitaba, mütaliəyə cəlb olunmasıdır. Dəyişən, qloballaşan dünyada çalışmalıyıq ki, yeni innovasiyalarla ayaqlaşa bilək. Bunun üçün yeni üsulların axtarılması qarşıda duran vacib məsələdir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin UNESCO və TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunmasını xatırladıb və şairin zəngin yaradıcılığından danışıb. Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən akademik kitabın Vaqifsevərlərə dəyərli töhfə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyləri keçirilib. Kitabda Vaqifin 12 dilə tərcümə olunmuş şeirləri oxuculara təqdim olunur.
Tədbirdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası və Misir Milli Kitabxana və Arxivi arasında memorandum imzalanıb.
|