Bakıda kolumbiyalı professorun təqdimatında “Qabriel Qarsiya Markes kimdir?”
29.09.17
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində kolumbiyalı yazıçı, professor Konrado Suluaqanın təqdimatında “Qabriel Qarsiya Markes kimdir?” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kolumbiyanın Azərbaycandakı səfiri Marta Qalindo Pena çıxış edərək ədəbi nümunələrin qarşılıqlı şəkildə tanıdılmasının vacib olduğunu qeyd edib. O deyib: “Nobel mükafatı laureatı Qabriel Markesin əsərləri sayəsində Latın Amerikasının ruhu bütün dünyada tanınıb, milyonlarla insanın hafizəsində iz buraxıb. Azərbaycanda da yazıçının əsərləri tərcümə olunaraq nəşr olunub və oxucular tərəfindən sevilə-sevilə oxunur. Tanınmış tədqiqatçı Konrado Suluaqa ömrünün böyük bir hissəsini yazıçının ədəbi və publisistik fəaliyyətinin araşdırmasına həsr edib. Dünyanın hər bir ölkəsində yazıçının “Yüz ilin tənhalığı” əsərini hər kəs öz əsəri kimi hiss edir. Bu, bizim ölkəmiz üçün şərəfdir”.
Sonra Konrado Suluaqun yazıçının həyat və yaradıcılığı haqqında mühazirəsi dinlənilib. O, Markes yaradıcılığının şah əsəri hesab olunan “Yüz ilin tənhalığı” romanının məziyyətlərindən söz açıb. Mühazirəçi yazıçı ilə şəxsi tanışlığının tarixçəsindən, onunla keçirdiyi yaradıcılıq görüşlərindən danışıb. Qonağın dahi kolumbiyalı yazıçı barədə bölüşdüyü xatirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda qonaq oxucuların suallarını cavablandırıb.
|