Xalq Yazıçısı Elçinin “Seçilmiş əsərləri” Özbəkistanda çap edilib
14.07.17
Azərbaycanın Xalq Yazıçısı Elçinin “Seçilmiş əsərləri”nin ikicildliyi Daşkənddə “Global Books” nəşriyyatında özbək dilində nəfis tərtibatda çapdan çıxıb. Birinci cilddə “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestləri və 13 hekayəsi yer alıb. İkinci cildə isə yazıçının “Mahmud və Məryəm” və “Ağ dəvə” romanları daxil edilib.
Bundan əvvəl Elçinin povest və hekayələri “Cahan ədəbiyyatı” jurnalı və digər ədəbi nəşrlərdə dərc olunub.
Hər iki kitabı ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar orijinaldan çevirib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq Yazıçısı Yusif Səmədoğlunun “Qətl günü”, Xalq Yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” hekayəsini, həmçinin “Qırmızı limuzin” hekayələr kitabını özbək dilində çap etdirib.
U.Kuçkarın tərcüməsində Xalq Şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da özbək oxucularına çatdırılıb. /Azərtac/
|