Bədirxan Əhmədlinin mühacirət ədəbiyyatı haqqında kitabı çıxıb
14.07.17
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədlinin "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası çapdan çıxıb.
Müəllif bu tədqiqat əsərini Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mühacirətdə son dərəcə ağır şərtlər altında zəngin irs qoyub gedən dörd istiqlalçının – Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu və Gültəkinin (Əmin Abid) xatirəsinə ithaf edib. Beş bölümdən ibarət monoqrafiyada Azərbaycan mühacirət ədəbiyyatının təşəkkülü, xarakteri, nəzəri məsələləri və problemləri ilə bağlı yeni elmi konsepsiya işlənib. Eyni zamanda, mühacirət ədəbiyyatının araşdırılma məsələləri, mühacirət mətbuatının inkişaf yolları, eləcə də "Əli və Nino" romanının müəllif gizlinləri faktlarla araşdırılıb. Müəllif Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Almas İldırım, Gültəkin (Əmin Abid) kimi milli yaddaşımızda mühüm rol oynamış simaların yaradıcılığına da geniş yer verib.
B.Əhmədlinin bu əsəri Azərbaycan mühacirət ədəbiyyatının nəzəri məsələlərini, mərhələlərini, problemlərini və şəxsiyyətlərini əks etdirən ilk monoqrafiya olmaqla ədəbiyyatşünaslığımıza və ədəbiyyat tariximizə dəyərli töhfədir. Monoqrafiya ali məktəblərdə dərslik və dərs vəsaiti kimi də istifadə edilə bilər. /Azərtac/
|