Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
12.07.17
2017-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Ağasadıq Ağəli oğlu Gəraybəylinin anadan olmasının 120 illiyi tamam olmuşdur.
Ağasadıq Gəraybəyli geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində özünəməxsus layiqli yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr və kino sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkar Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2017-ci il.
|