"ATV Kitab" seriyasından Mübariz Örənin “Balıq gülüşü” nəşr olundu
12.07.17
Mübariz Örənin “Balıq gülüşü” kitabı “Çağdaş nəsrin ustaları” seriyasından “ATV Kitab”dan “Hədəf nəşrləri ” ilə…
Bir neçə həftə öncə “ATV Kitab” layihəsi ilə “Hədəf nəşrləri ” arasında imzalanan Əməkdaşlıq Memorandumuna əsasən birgə kitabların nəşri artıq başladı. Yeni təsis edilən “Çağdaş nəsrin ustaları” seriyasından I kitab-yeni nəsil milli ədəbiyyatımızın təmsilçisi, istedadlı nasir Mübariz Örənin “Qazanlımış günün siestası, yaxud Balıq gülüşü” adlı povest və hekayələr toplusu artıq işıq üzü gördü.
212 səhifəlik yüksək poliqrafiya ilə nəşr edilən kitabın “ön söz” ünün müəllifi professor Cavanşir Yusifli, redaktoru Səlim Babullaoğludur. Kitab üzərində Tamerlan İsmayılzadə (dizayn və qrafika), Bəxtiyar (texniki redaktor) və Lətafət Səmədova (korrektor) çalışıbılar. Cavanşir Yusifli “ön söz” də yazır: “Mübariz Örən müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindəndir. Onun özünəməxsus təhkiyəsi, yazı tərzi və baxış bucağı var – daha doğrusu, müşahidə strategiyası. Həyatdan qavradığından çıxardığı nəticələr, hadisənin dərinliklərinə nüfuz etmə marağı və gücü onu yaşıdı olan digər nasirlərdən fərqləndirir .” Mübariz Örən 1967 – ci ildə Beylaqanda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.Uzun müddət Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində neft sənayesində işləyib. Kitabda müəllifin biografiyası ilə yanaşı əsərləri haqda digər ədiblərin fikir və rəylərindən fraqmentlər də yer alıb.
Ədəbiyyatşünas Rəhim Əliyev “Mübarizin dili çox gücli ifadə qabiliyyətinə malikdir...”- deyir, yazıçı Əlabbas isə həmkarı haqda söyləyir ki, Mübariz Örənin “İlıq” adlı bir hekayəsini oxudum, hekayə məni silkələdi. Mən o hekayəni romana dəyişmərəm... Yazıçı Şərif Ağayar Mübarizin nəsrini nəğmə qədər gözəl hesab edir.
Bütün bu fikirləri ümumiləşdirən “ATV Kitab” layihəsinin rəhbəri və kitabın Səlim Babullaoğlu eksklüziv müsahibəsində: “ Görüdüyü kimi “Balıq gülüşü” müəllifin ilk kitabı olsa da Mübariz Örənin imzası ədəbi mühitə çoxdan məlumdur və ciddi bir imza olaraq qəbul edilir. Biz də bu mənada müəllifin kitabını seriyanın ilk kitabı olaraq heç də təsadüfi seçməmişik. Mübariz çoxlu vacib problemləri qaldırır əsərlərində. Burda tənhalıq, mistika, əxlaq, deqradasiya, texnologiya, eşq və ehtiras, uşaqlıq...bir sözlə o qədər mövzular var ki. Bu kitab olduqca tez oxunan, oxunaqlı, necə deyərlər, ləngərli və bişmiş bir dillə yazılmış əsərlərin toplandığı bir kitabdır. Həm müəllifin, həm seriyanın ilk kitabı əminəm ciddi maraqla qarşılanacaq”.
“Hədəf Nəşrləri”nin rəhbəri Şəmil Sadiq bu əməkdaşlığın ədəbi və mədəni mühitmiz üçün vacib bir əməkdaşlıq olduğunu bir daha dilə gətirərək onu da qeyd elədi ki, ilk çap olunan kitab, o kitaba daxil edilən əsərlər diqqətəlayiq əsərlərdirlər. Mübariz yetkin yazıçıdır. Onun əsərləri cəmiyyətin bir çox problemlərinə güzgü tutur. Sevinirəm ki, Mübariz çoxdan yazmağa başlasa da kitab çap etdirməyə tələsməyib. Onun kitabı məhz bizim seriyadan, haqqıyla “ Çağdaş nəsrin ustaları “ seriyasından çap edilir. Özümüzü, ATV-ni və müəllifi təbrik edir, oxucuları kitabı almağa səsləyirəm…
“Çağdaş nəsrin ustaları” seriyasının məşvərət heyətinə ATV-nin prezidenti Vüqar Qaradağlı, Şəmil Sadiq, Səlim Babullaoğlu, İlqar Fəhmi, Azər Turan, Seyfəddin Hüseynli, Müşfiq Xan, Əliş Mirzalı, Səbuhi Şahmursoy daxildirlər.
Nəşrə informasiya dəstəyi www.manera.az saytı , “Ədəbiyyat” qəzeti və “Ustad” dərgisi tərəfindən verilir. Kitabı şəhərin əksər kitab dükanlarından, eyni zamanda “ Kitabevim” kitab mağazası və satış şəbəkəsindən əldə etmək olar. www.kitabevim.az saytı və bu telefon nömrələrdən daha ətraflı məlumat almaq olar: (012) 498 79 89, (055) 877 24 44
|