“Üçüncü günün adamı” filminin təqdimatı oldu
23.06.17
Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” filminin mətbuat üçün təqdimat mərasimi keçirilib. Filmin nümayişindən əvvəl “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, lentə alınacaq növbəti filmlərin də premyerasından əvvəl jurnalistlər üçün təqdimatı keçiriləcək: “Biz, “Azərbaycanfilm” kinostudiyası olaraq, mətbuat nümayəndələri ilə daha yaxından əməkdaşlığın tərəfdarıyıq. Son illərdə çəkilən filmlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün medianın dəstəyinə ehtiyacımız var. Eyni zamanda, kinoda olan bütün problemləri mətbuatla açıq müzakirə etməyə hazırıq. Arzu edirik ki, jurnalistlər yeni filmləri qiymətləndirsin və tamaşaçı cəlb etməkdə bizə köməklik göstərsin”. Quruluşçu rejissoru Babək Şirinsifət olan “Üçüncü günün adamı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin premyerası iyunun 30-da Nizami kinoteatrında keçiriləcək. Psixoloji dram janrında çəkilən film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır. /APA/
|