"ATV Kitab" layihəsi "Hədəf" Şirkətlər Qrupu ilə Əməkdaşlıq Memorandumu imzalayıb
21.06.17
"ATV Kitab" layihəsi "Hədəf" Şirkətlər Qrupu ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
Memorandumu layihənin rəhbəri Səlim Babullaoğlu və qrupun təsisçisi Şəmil Sadiq imzalayıblar.
S.Babullaoğlu açıqlamasında bildirib ki, ilyarım müddət ərzində fəaliyyət göstərən "ATV Kitab" layihəsi öz fəaliyyətini şaxələndirmək qərarı verib. Bu, özünü həm nəşr ediləcək kitabların məzmununda, həm dizaynında, eləcə də onların təqdimatında biruzə verəcək.
"Hədəf" Nəşrlər Evi olduqca dəyərli, eyni zamanda güclü nəşriyyatdır, onlar bir çox sahələrdə peşəkar layihələr gerçəkləşdiriblər. Həm nəşr sahəsində, həm kitab yayımı sahəsində. Ümid edirəm, əməkdaşlığımız qarşılıqlı şəkildə faydalı olacaq. "Çağdaş nəsrin ustaları", "DƏB" (Dünya ədəbiyyatından books) və başqa kitab seriyalarını təsis və nəşr etməyi düşünürük. Əməkdaşlıq təklifimizi dəyərləndirdikləri üçün "Hədəf" Nəşrlər Evinə, hörmətli Şəmil Sadiqə təşəkkür edirəm".
Layihə rəhbəri onu da qeyd edib ki, bu, digər tərəfdaş "Parlaq imzalar" Nəşriyyatı ilə işə mane olmayacaq, onlar dəyərli tərəfdaşdır, əməkdaşlıq yenə də uğurla davam edəcək.
Ş.Sadiq də bu əməkdaşlığın ciddi ortaqlıq ədəbi-mədəni mühitimiz üçün əhəmiyyətli iş olacağını düşünür: "Konkret kitab nəşrləri ilə yanaşı bir çox layihələr də düşünmüşük. Ümid edirik, "ATV Kitab" layihəsi ilə birlikdə reallaşdıra biləcəyik. ATV öz kitab layihəsi ilə son illər ilk dəfə olaraq mədəni presedent yaradıb. Buna görə ATV-nin prezidenti hörmətli Vüqar Qaradağlıya təşəkkür edirəm. Və inanıram, bu əməkdaşlıq uğurlu olacaq".
Artıq əməkdaşlıq çərçivəsində "Çağdaş nəsrin ustaları" seriyasından iki kitabın üzərində nəşriyyat-redaksiya işləri başlayıb, yaxın günlərdə bu haqda ictimaiyyətə məlumat veriləcək. /525.az/
|