Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçirilib
21.06.17
Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçirilib.
Təqdimatda Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal, Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq, tədqiqatçı Ceyhun Nəbiyev, Əməkdar Jurnalist Qərənfil Xəlilova çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önündə canlanır. Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il bolşevik inqilabının xalqları necə bir-birinə qatdığından, qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
Kitabı türk dilindən dilimizə Nəriman Əbdülrəhmanlı uyğunlaşdırıb. /Azərtac/
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, bir çox ziyalılar, ədəbiyyatçılar iştirak ediblər.
|