Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olundu
16.06.17
İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında tanınmış şair-tərcüməçi Qismət Rüstəmovun Azərbaycan dilinə çevirdiyi məşhur rus yazıçısı Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu açaraq Nabokovun yaradıcılığı, roman janrına gətirdiyi yeniliklərdən danışıb, sözügedən kitabın tərcüməsinin Azərbaycan ədəbiyyatına verdiyi töhfədən söz açıb.
Ardınca söz alan tənqidçi Cavanşir Yusifli, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli tanınmış yazıçının ədəbi yanaşmalarına münasibət bildirib, əlavə ediblər ki, Nabokovun qələmində oxucular, eləcə də ədiblər bir çox dünya ədəbiyyatı nəhənglərinin yaradıcılıqlarına fərqli yöndən baxa bilirlər. Çıxışçılar kitabın önəmini qeyd edib, ədəbi mühitə dəyərli töhfə adlandırıblar. Vurğulanıb ki, Qismət Rüstəmov bu kimi akademik mətnlərin tərcüməsində artıq kifayət qədər püxtələşib.
Kitabın redaktoru Tahir Kazımlı da fikirlərini qısaca olaraq tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra İmza mərasimi keçirilib.
Təqdimata ədəbiyyat cameəsindən Qan Turalı, Fərid Hüseyn, Sərraf Balaxan, Aydın Talıbzadə, Fəxri Uğurlu və başqaları qatılıblar.
Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondunun layihəsi əsasında nəşr olunan mühazirələr toplusu biblioqraf Fredson Bouersin önsözü ilə başlayır. "Elm və təhsil" Nəşriyyatında çap olunan kitabın qiyməti 10 manatdır. /525.az/
|