Etimad Başkeçid - Tək səbir kimi hayana baxırsan şair, şair…
13.06.17
Avanqard.net Etimad Başkeçidin "Şairlər haqqında" şeirini təqdim edir.
it unu misalı dağılıb dünyaya, tək səbir kimi hayana baxırsan şair, şair… vurana əlsiz, söyənə dilsiz, hərəsi bir meyxana dibində, illərin, ayların, mövsumlərin dışında gəlincik kimi qənirsiz bir həyat peşində çaxırı sirkəyə çevirən zamandan mərhəmət gözləyir, imdad diləyir.
şeir yazır, elə bil qovğada baş yarır, həmişə hamıdan gileyli, içində insan deyə güvəniləcək kimsə yox, bir-birinin ətini yeməyə meylli, qan-qarğış, biçarə, tüfeyli.
amma, itlər boğuşunca yolçuya yol verir Allah, yürü şer yazmayan erkək! hərdən binəva şairə fitrədən, sadağadan fırlat, çünki, bu dünyadır, dostum, üsul və ərkan budur - qananlar qanmazlara borcludur. çünki, cəhənnəmin veyil dərəsi onsuz da şairlərlə doludur.
|