Kənan Hacı - Ruhun ağırlığı altında
01.06.17

Dünya modernist poeziyası haqqında danışarkən ilkin olaraq Tomas Eliot, Çeslav Miloş, Ezra Paund kimi nəhəngləri xatırlayırıq. Onların yaratdığı poeziya kosmopolit entuziazmdan qidalanmaqla yanaşı Qərblə Şərqin ruhunu qəribə, gözəgörünməz bir xətlə birləşdirir. Bu poetik sistem simmetriyaya daban-dabana ziddir və sanki sıfır nöqtəsinə can atır. Modernistlər həyatı anlayan və ona ideya ilə qalib gələnlər idi. Bəs bu ideya nəyə xidmət edirdi? Çeslav Miloş deyirdi ki, poeziya şeytan əməlidir. Fransanın böyük şairlərindən olan Pol Valeri isə deyirdi ki, yaradıcılığın əsas məqsədi insanları həyəcanlandırmaq yox, onları ələ almaqdır. Şair bu dünyanın gerçəklərindən qaçıb öz gerçəkliklərini yaradan adamdır və onun toruna düşənlər heç vaxt bu tordan xilas ola bilmirdi.

Yadıma Orxan Kamalın Nazim Hikmətlə bağlı məhbəs xatirələrindən bir məqam düşdü. Orxan Kamal yazır ki, Nazim Füzulinin "aldanma ki, şair sözü əlbəttə yalandır" məntiqinə düşmən idi. O, bu fikri dəyişib belə deyirdi: "İnan ki, şair sözü, əlbəttə, həqiqətdir". Amma şair sözü doğrudanmı həmişə həqiqət olur?  Əlaqəsiz sözlərin aldadıcı quraşdırılmasından əsrarəngiz dünya yaradan modernistlər sözləri hissə-hissə doğrayıb qarışdırır və əllərinə keçən sözləri yanaşı düzüb poeziya yaradırdılar ki, bu da dadaizm cərəyanını meydana gətirdi. Sonra bu cərəyanın nümayəndələri dekadent cərəyanlara qoşuldular və proses beləcə davam etdi. Modernizmin müxtəlif cərəyanları yarandı və bu cərəyanlar da özünün böyük şairlərini yetişdirdi. Bu yenilikçi poeziya kürəyini mifoloji (ilkin) mətnlərə söykədi, bu poetik sistem özünün metafizik düşüncə qatını yaratdı.

Bu, artıq elitar poeziya idi və onun görkəmli nümayəndələrindən biri də ingiliscə yazan irland şairi və dramaturqu Uilyam Batler Yeyts idi. Rəssam Con Butler Yeytsin oğlu olan Uilyam 1865-ci ildə Dublin şəhəri yaxınlığındakı Sandymountda dünyaya gəlib. Uşaq ikən anası ona irland xalq nağıllarını danışarmış, bu fakt onun sonrakı yaradıcılığına çox böyük təsir göstərib. Okkultizmə, ezoterik düşüncəyə marağı da bu nağıl və əfsanələrdən qaynaqlanır. Bu tükənməz maraq onu ömür boyu tərk etmədi, poeziyasına da yansıdı və  çox-çox sonralar şair Dublin Əlkimyaçılar Cəmiyyətinin yaradıcılarından biri oldu. Uilyam protestantlığın hakim olduğu mühitdə böyüyür. Zəngin bir ailənin qızı olan anası qapalı həyat tərzinə üstünlük verən bir qadın idi. Rəssamlığa olan marağı onu bu sahədə təhsil almağa sövq edir. Amma az sonra poeziyanın sehrinə düşür və 1884-1886-cı illərdə Metropoliten sənət məktəbində təhsil alır. Onlar bir müddət Londonda yaşadıqlarından Uilyam da təhsilini ingilis dilində almışdı. Sonralar da bütün əsərlərini ingilis dilində yazdı.

Şair 1916-cı ildə 51 yaşında ikən 25 yaşlı bir qızla ailə həyatı qurur və onların iki övladı dünyaya gəlir. Aralarında böyük yaş fərqi olmasına baxmayaraq, birlikdə xoşbəxt ömür yaşadıqlarını demək olar. 1922-ci ildə İrlandiya müstəqillik qazandıqdan sonra ilk parlamentə senator seçilir və ölkənin ictimai həyatında fəal iştirak edir. O, millətçi idi və öz xalqının Britaniya ağalığından qurtulması üçün həm də bir vətəndaş olaraq mübarizə aparırdı. 1923-cü ildə Yeyts Nobel mükafatını alır və özünün Nobel nitqində bədii yaradıcılığından daha çox siyasi fəaliyyətini qabartmağa çalışır. Təsadüfi deyil ki, bu yüksək mükafat ona "Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə" verilmişdi.

Yeytsin gənclik illərində yazdığı şeirlərdə öz yaradıcılığı ilə ingilis şeirinin dilini zənginləşdirən Spenserin və romantika dönəminin ünlü simalarından olan Şellinin güclü təsiri hiss olunur. Hələ 1889-cu ildə nəşr etdirdiyi ilk kitabı "Ossianın səyahətləri və başqa şeirlər"  kitabında onun istinad nöqtəsinin irland mifologiyası və xalq ədəbiyyatı ənənələri olduğu qeyd edilir. Onun poetik təfəkkürü xalqın tarixi yaddaşı üzərində formalaşmışdı. Yeyts sənətlə təbiət arasında üzvi bağlılıq görürdü və bunu şeirlərində göstərməyə çalışırdı. Onun poeziyası məhz bu fəlsəfi-estetik sistemin qurulmasına xidmət edirdi.

Yeytsin bir neçə şeirini bizim dilə çevirərkən bəzi məqamlarda çətinə düşdüm, sanki bu, bir xaosdur və sən bu xaosun içində məntiqi tapıb mətndə lazım olan yerə qoymalısan. Sonra hiss edirsən ki, bu xaos müəllifin nəzarətində olan bir xaosdur, həm də şüurun dışına nüfuz etmək cəhdidir. Fikirlərindən birində Yeyts belə deyir: "Bu dünyada yad adamlar yoxdur, sadəcə, hələ tanış olmadığın dostlar var". Bu fikri onun poeziyasına da aid etmək olar: yad hisslər yoxdur, sənə tanış olmayan hisslər var.

Bizlər ki, qocayıq, qoca və canlı,
həm də nə qədər qoca,
minlərcə il, minlərcə il
əgər deyilib bitibsə hər şey,
uşaqlara verin dünyanın yeniliklərini.
Səssizlik və sevgi;
və gecənin çiy uzun saatlarını
və yuxarıdakı ulduzları:
uşaqlara verin dünyanın yeniliklərini,
danışdırın onları yetkinlərdən uzaqda,
hər şey daha yaxşıdırmı, daha yaxşıdırmı?
Onda bizə deyin:
Kim yaşlı, yaşlı və canlı,
həm də nə qədər yaşlı.
Minlərcə il, minlərcə il,
bəli, hər şey deyilib bitdi.

Bu misralar Yeytsin "Bir pəri nağılının şərqisi" şeirindəndir. Şeirdə dünyanın ilkinliyinə, hər şeyin uşaqlarla yenidən başlamasına, ölümdən sonrakı yeni doğuluşa cəhd var. Buna cəhd də demək olmaz, şair sanki demək istəyir ki, dünya bütün pisliklərdən keçib gəlib və olacaqlar olub, yeni dünyanı uşaqlara verin, bəlkə onlar gözəl, savaşlar olmayan, ölüm, qan-qada olmayan bir dünya qura bildilər.

Hardansa oxumuşdum ki, mətn Ay deyil, Ayı göstərən barmaqdır. Bu barmaqlar yol hərəkəti qaydalarını göstərən nişanlar kimidir, bu nişanları bilmədən hərəkət etmək mümkünsüzdür. Modernist poeziyanın da qavrama, dərketmə üsulları var və heç şübhə yoxdur ki, sıradan, hazırlıqsız  oxucu bu mətnlərlə qarşılaşarkən xaosla üzləşəcək. Bu mətn labirintindən çıxmaq üçün poeziyanın keçdiyi yola bələd olmaq lazım gəlir. Beyin bu qidanı qəbul etmək üçün hazır olmalıdır. Yeytsin şeirləri də ilk baxışda məntiqdənkənar görünə bilər, bu, çoxqatlı poeziyanın xüsusiyyətidir. Məntiq və məna onun şeirlərində çox dərində gizlənir, oxucuya asanlıqla ipucu vermir. "Bir dostun xəstəliyi" şeirini misal gətirək:

 

Xəstəlik bunu gətirdi mənə,

düşündükcə onu bu miqyasda.

Niyə dəhşət bürüməlidi məni?

İndi görürəm ki,

Bütün  dünya alovlara bürünüb

Kömürə dönür sonunda;

Ruhun ağırlığı qarşısında.

 

Bu şeirdən çoxlu suallar doğur. Hansı dostun xəstəliyindən söhbət gedir? Bu xəstəliyin adı nədir? Nədən yaranıb bu xəstəlik? Sonsuz sayda yozumlar ola bilər və bu yozumların heç biri doğru olmaya bilər. Fəhmli oxucu hiss edəcək ki, bu şeir də mahiyyət etibarilə əvvəlki şeirin davamıdır. Həmçinin bu şeirdə Yeytsin bağlı olduğu şamanizmin, ezoterik düşüncənin izləri görünməkdədir. Dünya bəd ruhların ağırlığı altında çökür, məhv olur, söhbət bu qlobal xəstəlikdən gedir. Şair dost dedikdə yaşadığımız dünyanı nəzərdə tutur.

Yeytsin bu tip şifrəli şeirləri çoxdur. O, modernizmdən təsirlənsə də, ənənələrə bağlı şairdir. O, həmişə Viktoriya dövrü ingilis şeir anlayışının irland şeiri üzərindəki təsirinə qarşı çıxırdı və buna qarşı da özünün poetik sistemini yaratdı.

Yazıdakı şeirlərin tərcüməsi müəllifə məxsusdur.

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.