Mir Cəfər Seyid - Dəniz kənarındakı saatlı dəmir qüllə
31.05.17

Avanqard.net Mir Cəfər Seyidin "Dəniz kənarındakı saatlı dəmir qüllə" hekayəsini təqdim edir.

Mir Cəfər Seyid 1952-ci ildə anadan olub. Uzun müddət mətbuat və nəşriyyat sahəsində işləyib. Hazırda AMEA-nın M.Füzuli adıına Əlyazmalar İnstititutunda işləyir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyiinin üzvüdür. 10-dan artıq kitabın müəllifidir.

-Bilirsiniz, bu “vışka”nı mən tikdirmişəm, – deyə başında yay şlyapası, əynində nimdaş köhnə kostyum, boğazında enli qırmızı qalstuk olan qoca skamyada oturan kimi yanında əyləşmiş oğlanla qızı söhbətə tutdu.
Yanlarında oturmuş tanımadıqları qocanın birdən birə onlara üz tutub danışmağı oğlanı da, qızı da əvvəlcə təəccübləndirdi. Sonra bu təəccüb onların dodaqlarında yüngül gülüşə çevrildi.
 Oğlan maraq, təəccüb dolu baxışlarını qocanın təmiz təraş olunmuş at sifəti kimi uzun üzündə gəzdirib çuxura düşüb öləziməkdə olan gözlərinə baxdı. O, dənizkənarı parkda belə qocalara çox rast gəlmişdi. Ancaq indiyə kimi heç birini dinləməyə nə həvəsi olmuşdu, nə də hövsələsi. Üzdə nəzakətlə yanaşsa da daxilən onlardan qaçırdı.  Ancaq bu qoca onda nədənsə xoş təəssürat yaratdı. Elə buna görə də onu danışdırıb dinləmək istədi.
 -Doğrudan siz tikdirmisiniz? – Cavan oğlan əvvəlcə qocaya, sonra yaxınlıqdakı məhşur saatlı dəmir qülləyə baxdı.
 -Əlbəttə,- deyə qoca uzun bir söhbətə başlamaq üçün yerini rahatladı.
-Maraqlıdır, bu necə olub? – Bayaqdan qocaya baxıb gülümsəyən qız sanki oyuncaqla oynayırmış kimi dilləndi.  
 - Qoy, lap əvvəldən başlayım... – Qoca bir daha yerini rahatlayıb boğazını arıtladı.
- Əmi, adınız nədir?..
Qızın qəfil sualı qocanı bir anlığa çaşdırdı. Səhv edən adamlar kimi üzürxahlıqla dilləndi:
-Bağışlayın, heç tanış da olmadıq. – Sonra bir az duruxub ehtiyatlandı. Elə ehtiyatlı olmasını da həmin andaca biruzə verdi. – Adımı neyləyirsiniz? Mənim dünyada üç işdən xoşum gəlmir: ad söyləməkdən, ünvan verməkdən, bir də şəkil çəkdirməkdən. Siz söhbətə qulaq asın.
Ərkyana və zarafatla deyilmiş söz aralıqda xoş ovqat yaratdı. Qoca ustalıqla dediyi bu sözdən sonra söhbətini davam etdi:
- İyirmi ildir ki, təqaüddəyəm. İş yerim də elə bu bulvardır. Çörəyimi yeyib, çayımı içib hər gün uşaq kimi qaçıram bura. Buralar mənim gözümün qabağında böyüyüb. On yaşımdan burdayam.
-Tanış olmağımıza çox şadıq. Biz də təzə nişanlanmışıq. Payızda toyumuz olacaq. Sizin kimi çörəyimizi yeyib, çayımızı içib gəlirik bura, - deyə cavan oğlan - dilavərliklə dilləndi.
Cavanlara elə gəldi ki, təzə tanış olduqları, yaşı səksəni çoxdan adlamış qoca bir daha saatlı dəmir qülləni necə tikdirməyi barədə danışmayacaq. Ancaq onlar yanılırdılar...
-Hə, bu “vışka”nın tarixcəsi uzundur,- deyə  Qoca söhbətin proloqunu başladı:
- Komsomol komitəsində işləyirdim. Əynimdə qara meşin pencək, başımda uzun dimdikli kepka, yaraşıqlı bir oğlan idim. Məhəlləmizdə hamı mənə komsomol deyirdi. Uşaqlar da, cavanlar da, ağsaqqallar, ağbirçəklər də məni görəndə özlərini yığışdırırdılar.  Heç vecimə də deyildi. Öz aləmimdə dünyanın ən xoşbəxti idim. Qurub yaratmaq eşqilə yaşayırdım. İstəyirdim elə bir iş görəm ki, hamı əhsən desin. İrəli çəkilmək, vəzifə, mənsəb sahibi olmaq keçirdi ürəyimdən. Gözümün qabağında tay-tuşlarım irəli çəkilir, vəzifə sahibi olurdular. Ancaq, ha fikirləşirdim, ortaya atmaq üçün bir sanballı ideya tapa bilmirdim. Adam satmaq, kimisə tutdurmaq, danos yazmaq mənə yad idi. Bir də ki, o mərhələ artıq başa çatmışdı. Nəhayət bir gün kinoya baxanda gördüm xaricdə paraşütlə tullanmağı öyrənirlər. Onların məşq eləməsi üçün dəmir qüllə də quraşdırılıb. “Tapdım” deyə sevincək halda daxilən qışqırdım. Səhəri gün respublika komsomol təşkilatına bir məktub yazdım. “Biz də xarici gənclər kimi paraşütlə tullanmağı öyrənmək istəyirik” - deyə məktubda bildirdim. Məktubuma cavab gəlmədi. Hirslənib daha yuxarı – Moskvaya şikayət etdim. Yenə cavab gəlmədi. Müdafiyə Nazirliyinə, Lap yuxarıya, Stalinə məktubla və teleqramla müraciət etdim.
-Malades vallah, malades, möhkəm adamıymışsan,- deyə,- cavan oğlan  gülərək dilləndi.
Qoca da güldü. Gənc müsahiblərinin onu diqqətlə dinləməsi qocanı daha da ruhlandırdı.
-Sonra necə oldu? – Oğlan soruşdu.
-Bir gün gecə qapımız döyüldü. Tanımadığım adamlar mənzilimə daxil olub evi ələk-vələk elədilər. Məni də qara maşına otuzdurub apardılar. Yarıqaranlıq uzun dəhlizdən keçirib işıqlı bir otağa saldılar. Otağın baş tərəfindəki stolun arxasında yekəpər, dolu bədənli, qırmızısifət, hərbi geyimli bir adam oturmuşdu. O, məni görcək ciddi bir görkəm alıb yanımdakılardan soruşdu:
-Odur?..
-Bəli yoldaş…
-Yaxın gəl görüm.
Qorxaq və ehtiyatlı addımlarla hərbi geyimli adama yaxınlaşdım. Hələ də evimin nə üçün axtarıldığını, bura nədən ötrü gətirildiyimi dərk edə bilmirdim. Elə bir ciddi səhvə yol verməmişdim. Tərcümeyi-halım da tər-təmiz idi. Hamı bilirdi ki, muzdur oğluyam. Ancaq bütün bunlara baxmayaraq qorxu hissi vücudumu sarmışdı. Elə bilirdim başqaları kimi məni də sorğu sualsız divara söykəyib güllələyəcəklər.
O, stolun üstündəki dəstələnmiş bir qalaq məktub və teleqramları mənə göstərərək sərt bir tonda soruşdu:
-Bunları sən yazmısan?..
Qorxumdan bildiklərimi də unutdum. Cavab verməyə çətinlik çəkdim. Qeyri ixtiyari dilimdən bu sözlər qopdu.
-Yaşasın yoldaş Stalin!..
Cavan oğlan əlini əlinə vurub ucadan güldü. Elə gülə-gülə də dedi:
-Orda Stalinlik nə varıydı ki?...
Qoca da bir anlığa duruxub yuxulu adamlar kimi gözlərini döydü. Sonra tez özünə gəlib cavab verdi:
-İndi sənə gülməli gəlir. O vaxt bu sözlərlə çoxları öz canını satın alırdı... Nə isə, sözümü kəsmə.
-Buyur ağsaqqal, buyur, söhbətini elə.
-Danışın əmican, danışın, çox maraqlıdır. Siz danışdıqca elə bil dəhşət filminə baxıram, tüklərim biz-biz olur. – Cavan qız həyacanla danışıb dirsəyi ilə nişanlısını ehmalca vurdu . Sonra üzünü yenidən Qocaya tutub yalvarırımış kimi dedi:
-Danışın, xahiş edirəm danışın.
Qoca bir anlıq fikrə gedib yaddaşını vərəqlədi. Sönra aramla söhbətinə davam etdi:
-Hə, hərbiçi mənim sözümdən sonra acı-acı gülümsədi. Bu bir neçə an çəkdi. Dərhal sifətinə ciddilik hopdu. Üzünü yana çevirib tüpürürmüş kimi dedi:
-Nə sənin üzünü divara söykəyib boynunun ardından bir güllə vurardım. Gicbəsərin biri gicbəsər.
Hərbiçi yenidən üzünü mənə tutub amiranə bir səslə:
-Heç bilirsən neyləmisən?..
Artıq məni idarə edən ağlım yox, qorxu hissim idi. Kim nə deyir, desin, qorxu hissi bəzən adama ağıldan çox gərəkli olur. Bütün varlığımı bürüyən qorxu hissi yenə məni eyni sözləri deməyə məcbur etdi:
-Yaşasın yoldaş Stalin! Yaşasın Sovet Ittifaqı Kommunist Partiyası! Proletariatın dahi rəhbəri Vladimir İliç Leninə eşq olsun!..
-Qurtar görək, artistlik eləmə. De görüm yoldaş Stalini, digər rəhbərlərimizi narahat etməkdə məqsədin nədir? Xarici gəncləri nümunə çəkməklə nə demək istəyirsən? Nəyinə lazımdır paraşütdən tullanmaq üçün dəmir qüllə? Kim öyrədib səni?..
Əvvəlcə dinmədim, ancaq hiss etdim ki, bu yekəpər hərbiçi açıq-aşkar məni şantaj etmək istəyir. Xaricilərə baxıb onların hərəkətini təkrarlamağımı xəyanət kimi sənədləşdirmək fikrindədir. Çıxış yolunu var səsimlə bağırmağımda gördüm:
-Stalin uğrunda, Vətən uğrunda bütün işgəncələrə dözməyə hazıram. Ona görə ki, biz paraşütlə xaricilərdən daha yaxşı tullanmalıyıq. Bu işi onlardan yaxşı bacarmalıyıq. Çünki biz sovet vətəndaşlarıyıq, leninçiyik, komsomolçuyuq. Məqsədimiz bütün dünyanın proletarlarını birləşdirib kapitalizmə qalib gəlməkdir.
Yüksək rütbəli hərbiçi yenə acı-acı gülüb başını buladı, əlini yellədi. Sonra ciddiləşərək ayağa qalxdı. Kitelinin düymələrini yoxlayırmış kimi barmaqlarını onların üzərində gəzdirdi. Mənə lap yaxınlaşıb ötkəm bir səslə dedi:
-Bilirsən, mən Tbilisidən – hərbi dairədən bura elə-belə gəlməmişəm. Dəmir qülləni tikdirəcəm. Özü də birini yox, ikisini. Bu yoldaş Stalinin şəxsi göstərişidir. Amma qülləni tikib qurtarandan sonra oradan paraşütlə birinci səni atacam, bax, bu əllərimlə.
O, bu sözləri deyib əllərini irəli uzadaraq məni boğurmuş kimi barmaqlarını havada sıxdı. Sonra yanındakılara əmr etdi:
-Rədd eləyin bu gicbəsəri burdan! Paraşütçümə bir bax, axmağın biri axmaq. Ölkə iqtisadi böhranın məngənəsində boğulur, əziyyət çəkir, bu vışka tikdirir…
Gənc oğlanla qız qəh-qəhə çəkib güldü.
-Sonra nə oldu, sonra?.. Doğrudanmı qüllə hazır olandan sonra ordan paraşütlə birinci siz tullandınız? - deyə qız səmimiyyətlə soruşdu.
-Yox əşi, dəmir qüllə hazır olanda heç məni itirib axtaran olmadı. Amma bərk  qorxdum. Həm xaricilərin təşəbbüsünə qoşulmağımdan, həm də hərbiçidən. Qorxurdum Zaqafqaziya Hərbi Dairəsinin bu yekəpər, qırmızısifət hərbiçisi dediyini eləyə. Amma, bilirsiniz nə qədər adam paraşütlə tullanmağı öyrəndi. Hər dəfə bu qülləni görəndə gəncliyim yadıma düşür. O  qədər rəqs eləmişəm gördüyünüz  meydançada. Qırmızıdodaq, dikdaban tuflili qızlar ölürdü mənimlə rəqs etmək üçün. Heyif o günlərdən, heyif...  İndi kim inanar  bu qüllənin mənim məktublarım, teleqramlarım hesabına tikilməsinə. Kim inanar ki, yoldaş Stalin mənim məktub və teleqramlarımı  şəxsən oxuyub göstəriş verib. Eh, nə isə... Bağışlayın ki, vaxtınızı aldım. Deyəsən lap çox danışdım... Sağ olun, bu dəmir qülləni görəndə məni də xatırlayarsınız, deyərsiniz ki, bir qoca komsomolçu var idi...

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.