Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib
30.05.17
“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Gəncədə MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib. "Report" xəbər verir ki, əvvəlcə Gəncə şəhər Məhsəti Gəncəvi Muzeyində Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Universitetinin tələbələrinin musiqi ifa etdikləri “Gənc istedadlar” adlı konsert proqramı təşkil olunub. Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqamayev kimi dahi bəstəkarlarla yanaşı əcnəbi əsərləri məharətlə ifa edən gənclər layihədə iştirak etməyin onlar üçün olan əhəmiyyətindən danışıblar. Sonra Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistanın məşhur “Bazmoro” rəqs ansamblı, Belarusun əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, xalq artisti Azər Zeynalov, əməkdar artistlər Abbas Bağırov, Nərgiz Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Səbuhi İbayev, İlham Nəzərov və başqaları çıxış ediblər. Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim edilib. Bildirək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib.
|