“Xalq Əmanəti” layihəsinin 15-ci nəşri tanınmış rəssam Kamal Əhmədə həsr edilib
22.05.17
“Xalq Bank”ın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində on beşinci nəşrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, layihəsinin on beşinci nəşri Azərbaycanın tanınmış rəssamı, Əməkdar İncəsənət Xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunub.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov rəssamlıq aləmində Kamal Əhmədi zülmət qaranlığı işığa qərq edən nur adlandırıb. Rəssamın müstəqil yaradıcılıq üslubuna malik olduğunu söyləyərək onun həyatına və yaradıcılığına yaxından bələd olduğunu deyib.
Tədbirdə tanınmış şair Çingiz Əlioğlu, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Müasir İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, yazıçı Azər Abdulla və başqaları onun Səttar Bəhlulzadə ilə tanışlığından, bu böyük sənətkarın həyat tərzi və fikirlərinin Kamala təsirindən söhbət açıblar.
Vurğulanıb ki, onun digər müəllimi Azərbaycan avanqardının banisi — güclü, xarizmatik şəxsiyyət, üsyankar təbiətli, içində qarşısıalınmaz ehtiras və enerji çağlayan Cavad Mircavadov olub. Kamalın erkən işlərinin bəzilərində Cavadın təsiri altında yaranmış, o illərin prioritet düşüncələri aydın şəkildə sezildiyi bildirilib.
Çıxış edənlər K.Əhmədin meksikalı rəssam-modernist Rufino Tamayonun yaradıcılığına da rəğbət bəslədiyini desələr də əslində öz üslubunda Abşeron məktəbinin çalarlarını əks etdirdiyini vurğulayıblar. Rəssamın əsərlərini sovet ideologiyasını sarsıdan formalist və burjua ruhlu əsərlər kimi səciyyələndiriblər.
Onun “Neftçilər”, “Abşeronda”, “Kompozisiya” və digər əsərlərinin bir çox muzeylərin interyerini bəzədiyini, ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirildiyini, muzey və şəxsi kolleksiyaların mülkiyyətinə çevrildiyini söyləyiblər. Onun “Ailə” tablosunun şah əsərlərindən biri olduğu vurğulanıb. “Avtoportret. Çarmıxa çəkilmə” rəssamın son əsəri olub.
|