Almaz Ülvi - Məhtimqulu ədəbi irsinə yeni elmi-nəzəri baxış
19.05.17

Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri

XVIII əsr türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi tamamilə klassik Türk dünyası ədəbiyyatına yenidən ciddi münasibətlə yanaşılmasından irəli gəlmişdir.


Müasir ədəbiyyatşünaslığımızın önündəki problemlərindən biri də 70 il pantürkizm damğası ilə repressiyaya məruz qalan türk xalqlarının ədəbiyyatını yeni elmi-nəzəri kontekstində araşdırmaq, tədqiq və təhlil etməkdir. Bu sıradan Azərbaycan ədəbiyyatşünaslığında qardaş türkmən ədəbiyyatına, onun klassik irsinə də elmi - nəzəri kontekstdən yenidən diqqət göstərməyə təbii ki, ehtiyac duyulur.

Türkmən ədəbiyyatının parlaq və ən böyük nümayəndəsi sayılan Məhtimqulunun şeirlərindən də hiss olunur ki, onun ədəbi coğrafiyasının üfüqləri bütövlükdə Şərq dünyasını əhatə etmişdir. Şərq klassiklərindən Əhməd Yəsəvinin, Yunus Əmrənin fəlsəfi hisslərini öz şeirlərinə hopduran Məhtimqulu ictimai ədəbi əxlaqı, milli təəssübkeşliyi ilə türkmən şeirində yeni bir epoxa açmışdır. Onun şeirləri xalqın milli özünüdərki prosesində mayak olmuşdur. Bu nöqteyi-nəzərdən şairin "Türkmənim" şeiri xüsusilə təqdirəlayiqdir:

Qafil qalmaz, döyüş günü xar olmaz,
Qarğısa, nəzərə giriftar olmaz,
Bülbüldən ayrılıb solub saralmaz
Daim ənbər saçar gülü türkmənin.
Sərxoş olub çıxar,  ciyər dağlanmaz,
Daşları sındırar, yolu bağlanmaz,
Gözüm qeyrə düşməz, könül əylənməz,
Məhtimqulu - söylər dili türkmənin.

Məhtimqulu yaradıcılığının əsas məziyyətlərindən biri də ondadır ki, o, klassik Şərq ənənələri ilə yanaşı, xalq ədəbiyyatından, folklor elementlərindən istifadə etmişdir. Qeyd edilən bu faktorlar onun bütün yaradıcılığı boyunca izlənmişdir. Klassik şairin xalq ədəbiyyatından qaynaqlanan şeirlərini Azərbaycan xalq ədəbiyyatı nümunələri ilə, eləcə də Azərbaycan ədəbiyyatı klassikləri Ş.İ.Xətainin, Xəstə Qasımın, Abbas Tufarqanlının, M.Füzulinin və b. əsərləri ilə hətta eyni dövrün sənətkarları sayılan M.V.Vidadinin, M.P.Vaqifin, X.B.Natəvanın və b. şeirləri ilə müqayisəli təhlilə cəlb etdikdə oxşar motivlər, oxşar mövzular, şeirin müxtəlif növlərindən istifadə oxşarlığı ilə üz-üzə qalırsan. Daha sonrakı əsrlərin xalq ədəbiyyatı üslubunda yazıb-yaradan Dədə Ələsgər, Aşıq Alı şeirləri isə sanki Məhtimqulu şeirlərinin davamıdır. Bu qədər yaxınlıq, doğmalıq, bu qədər eyniyyətlik - istər mövzu, istərsə də şeirin müxtəlif növlərində yazıb-yaratmaq, təbii ki, yalnız bir kökdən - türk kökündən boy atmasından irəli gəlmişdir. İstər lirik duyğular biçimində, istərsə də ictimai-siyasi motivlər kontekstində yazılan şeirlər haqqında eyni fikirləri söyləmək mümkündür. Burada bir fikri də qətiyyətlə söyləmək olar ki, Məhtimqulu poeziyası Azərbaycan klassik poeziyası yalnız coğrafi ərazi ilə baxımından ayrıdır.

Bütün bunlar əsas vermişdir ki, Azərbaycan ədəbiyyatşünaslığında Məhtimqulu ədəbi irsi elmi-nəzəri kontekstdə ciddi araşdırmaya cəlb edilsin. Və həmin araşdırmalar da məhz qeyd etdiyimiz faktorlar önə çəkilmişdir. Məhtimqulu poeziyası hər dövrdə müasirliyi ilə aktual xarakterdə olmuşdur. Şeirləri dilinin saflığı, dürüst ifadə tərzi, milli təfəkkür aydınlığı ilə sevilmişdir. Həmin şeirlərdə bir köy ətri, dağ vüqarı, mərdlik mücəssəməsi əks olunmuşdur.

Anar "Min beş yüz ilin oğuz şeir" almanaxında yazdığı kimi, "Türkmən ədəbiyyatına, dilinə etdiyi böyük xidmətlərin müqabilində Məhtimqulu özünü türkmənlərin "söylər dili" adlandırmaqla haqlı idi. Molla Pənah Vaqif və Molla Vəli Vidadi, Qaracaoğlan və Telimxan kimi Məhtimqulu Fəraqi də türk Oğuz şeirinin sadə ana dilində yüksəlməsi, cilalanması, ən dərin fikirləri anlaşıqlı bir şəkildə ifadə edə bilməsi üçün əvəzsiz tarixi xidmət göstərmişdir".

Qeyd etdiyimiz kimi, Məhtimqulu yaradıcılığı tamamilə ümumtürk milli təfəkkürünün, düşüncəsinin poetik daşıyıcısıdır. Onun şeirlərinin qaynaq mənbəyi imkan vermişdir ki, Araz Dadaşzadənin dediyi kimi, "Vaqifin və Vidadinin, Məhtimqulu və Kəminənin qələmindən çıxan sadə, səmimi və xalq ruhundan xəbər verən şeirlər Aərbaycanda və Türkmənistanda sadəliyinə və gözəlliyinə görə şöhrət qazanmışdır".

Fikrimizin davamı kimi, "Azərbaycan - Türkmən ədəbi əlaqələri" adlı doktorluq dissertasiyası işində Ə.R.Əliyev də qeyd edir ki, "təşəkkülünə, mənşəyinə görə, tarixi taleyinə, dillərinin qohumluğuna, coğrafi ərazisinə, adət-ənənələrinə görə Azərbaycan və türkmən xalqı bir-birinə çox yaxındır. Bu xalqların ta qədimdən mədəniyyətlərinin yaxınlığı məhz bununla bağlıdır".

Məhtimqulu yaradıcılığı haqqında əvvəlki əsrlərdə olduğu kimi, XX əsrdə də Azərbaycan elmi, poetik fikri öz sözünü demişdir. Həmid Araslının "Böyük türkmən şairi", G.Çarıyevin "Türkmən xalqının böyük şairi", Araz Dadaşzadənin "Maxtımqulu və Azərbaycan poeziyası" və "Qardaş xalqın böyük şairi", R.Əliyevin "Maqtımqulu humanist şair kimi", P.Xəlilovun "Böyük türkmən şairi" və "İki əsrin poeziyası. Klassik türkmən şeiri" kitabına ön söz", M.İbrahimovun "Xalq ruhunun tərcümanı", R. Qurbanın "Maqtımqulu Pirağı", R. Qurbanovun "Məxtimqulunun dili və sənətkarlığı", Ə.Muxtarın "Vətən diləkli şair" və "Qardaş türkmən xalqının böyük sənətkarı", A.Nəbiyevin "Sərhəd bilməyən əlaqələr. Azərbaycan - Türkmən folklor əlaqələri tarixindən", S.Rüstəmin "Hərarətlə, məhəbbətlə" adlı elmi məqalələrdə Məhtimqulu ədəbi irsinin dərinliklərinə nüfuz edilmiş, onun yaradıcılığının məziyyətləti tədqiqat obyektinə çevrilmişdir. Eyni zamanda, Məhtimqulu dövrünün - XVIII əsr türkmən ədəbiyyatında baş verən ədəbi-ictimai proseslər şairin yaradıcılığı kontekctində araşdırılmış və həmin dövr Azərbaycan şeirin vüsəti ilə müqayisəli təhlil edilmişdir, digər tərəfdən isə klassik sənətkarın əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə yanaşı ədəbiyyatşünaslıqda da tədqiqi məsələsi ortaya qoyulmuşdur.  

Məhtimqulu yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında yazılmış 50-dən artıq məqaləyə nəzər salarkən bu məqalələri bir neçə bölmədə qruplaşdırmaq ehtiyacında olduq: şairin ədəbi irsinin və şəxsiyyətinin öyrənilməsi,  əsərlərinin sənətkarlıq xüsusiyyətləri, dili və fəlsəfi məqamdan təhlili, xalq ədəbiyyatı ilə müqayisəli tədqiqi, müxtəlif illərdə yubileyi ilə əlaqədar yazılan ədəbi-tənqidi məqalələr.

Təbii ki, bu məqalələr XX əsr Azərbaycan ədəbiyyatşünaslığı səhifəsinə aiddir. Halbuki, şairin Azərbaycan ədəbiyyatı ilə bağlılığının tarixi qədim dövrlərə aiddir. Bu da əvvəldən qeyd etdiyimiz kimi, şairin poeziyasında Ə.Xaqani, G.Nizami, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai və b. klassiklərin yaradıcılığına olan ustad münasibətdən, onlardan faydalanma ştrixlərindən ibarətdir. Bütün bu məsələlər ayrı-ayrı məqalələr çərçivəsindən çıxıb doktorluq işi mövzusu olaraq daha geniş həcmdə araşdırmaya-tədqiqata cəlb edilmişdir. F.Əhmədovanın "Məhtimqulunun sənət aləmi" monoqrafiyası bu baxımdan xüsusilə elmi əhəmiyyət kəsb edir. Məhtimqulu irsinin Azərbaycanda öyrənilməsinin özəlliklərindən biri də onun poetik könlündə Azərbaycanın gözəl peyzajının seyridir.

Məhtimqulu sazdır, söhbətdir işin,
Əcəldən qeyridən olmaz təşvişin.
Bəylərin, fəqirin, əhli dərvişin
Uzun yollar yoran ayaqları var.

Lirik "mən"in yollar yoran ayaqları Xəzərin bu tayına - Azərbaycana da gəlib gözəlliklərini gəzmişdir, hətta şəninə "Yaylaqları var" şeirini yazmışdır:

Səfər edib Nuxa mülkünə,
Könül istəyən tək yaylaqları var.
Seyran etsək qönçəsinə, gülünə
Baxçasında bülbül oynaqları var.

Bir sözlə, Məhtimqulu ədəbi irsinin fəlsəfi əsasları, fikir-sənət xüsusiyyətləri Azərbaycan ədəbiyyatşünaslığında indiyən müəyyən dərəcədə təhlil və tədqiq edilmişdir, edilməkdədir. Onun bioqrafiyası əsas verir ki, yaşayıb - yaratdığı dövrdə türkmən ədəbiyyatının vüsəti, ədəbi obrazlarının xarakterləri tam açılır və bunlar müqayisəli təhlil üçün önəmli xüsusiyyətə malikdir. /525.az/

Yenililklər
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
08.12.21
Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.