Aynurə Asimqızı - ...təqvimlər qurban olsun Ata-Anama
15.05.17
Elə hisslər var ki, nə qədər çalışsan da onları sözlə ifadə etmək olmur. Vətənə, valideyinə, və övlada olan məhəbbət kimi. Vətən sevgisini qeyd eləməyə bütün ölkələrin hansısa bir əlamətdar günü var. Amma sadəcə bəzilərinin valideyin sevgisi üçün bayram tarixi mövcuddur. Atalar günü və Analar günü... Yalnız sözdə belə gözəl səslənən bayram, təqvimlə qeyd olunan günlərdə xöşbəxtlik yaşanar deyə düşünür adam. Ən azından ildə bir dəfə Ata və Anaya ayrılan gün, unudulmağa doğru gedən ailə dəyərlərini qorumağa, böyüklərə qarşı sayqı göstərməyi xatırlamağa səbəb olur. Canından bir parça olduğumuz Ata, canının bir parçası kimi 9 ay bizi bətnində daşıyan Ana. Sizcə də bu müqəddəs varlıqlar özəl bir günə layiq deyilmi? Əlbətdə ki, hamıdan və hər şeydən çox layiqdirlər, amma gəl gör ki, təqvim onları sevindirmir...
Birdən xatırlayırsan qardaş ölkən Türkiyə əsl bayram olaraq qeyd edir Ata – Ana günlərini. Bu dəm öz-özünə deyirsən: "Olmasın sənin illik təqvimində bu tarix, axı sən də Türksən və Türkün Ata - Anası onun baş tacı olub hər zaman, bütün təqvimlər qurban olsun Ata-Anama...” Baharın ən gözəl ayı olan mayın ikinci həftəsi ayrılır Analara. O gün bütün bayramların ən kövrəyi yaşanar bəlkə də. Anası həyatda olanlar şanslıdır – bayramın sevincini yaşayarlar, Anası bu dünyadan köçənlər bayram hədiyyəsi kimi bir qucaq dua bəxş edir doğmalarının ruhuna. İllərdən qalma ənənə var ailəmizdə, məşhur şeirdə deyildiyi kimi "lap tezdən oyanırıq”, atamla sürpriz hazırlayırıq anama. Amma bunlar 8 mart beynəlxalq qadınlar günündə olur. Düşündüm bu il "Analar günü”-nü mən də qeyd edim. Hədiyyəm isə qayğılı xatirələrlə bol bir təşəkkür məktubudur Anama... Dünyanın ən incə ruhlu Anasına... Ana – Sənə olan sevgim və heyranlığım o qədər böyükdür ki, izahı mümkün deyil. Nəfəs kimisən, döyünən ürəksən, görən gözsən, varlığına hər gün şükür edib Allaha açılan dua əllərisən! Nə etsəm, nə desəm azdır yenə, ödəyə bilmərəm çəkdiyin zəhmətin, əməyinin dəyərini. Bətnindəykən narahat etdiyim ilk gündən indiyəcən çəkdiyin əziyyətlərin qarşılığı yoxdur çünki. İlk qidam, ilk kəlməm, ilk sevgimsən. Elə ilahi varlıqsan ki, danışmağı bacaran birini başa düşmək çətinkən sən övladının istəyini danışmadan anlaynasan. Ruhunda hiss etdin, sevginlə yoğurub ürəyində böyütdün. Mənlə ilk qarşılaşdığın an yanağından süzülən sevinc göz yaşların, ilk toxunuş, ilk təmasımız Rəbbimin dünyanı yoxdan var etdiyi gün kimi möhtəşəm olub. Yeni dünyaya qədəmimə səbəb olduğunçün təşəkkür edirəm Anam... "Dopatdım” (qopartdım), "qanaxıdı” (qaranlıqdır) kimi deyə bilmədiyim sözlərimin doğru tələffüzümün müəllimi oldun. Təşəkkür edirəm ilk müəllimim... Uşaqkən bağçaya getmək istəməzdim heç, sən hər yerdən güvənli idin mənə. Küsərdim məni bağçaya verəndə, səni bir də görməyəcəm qorxusu dolardı körpə canıma. Vaxtı sayardım sənə qovuşmağa. Gözləməyi öyrətdiyinçün təşəkkür edirəm... Birinci sinifə başlayanda müəllimlərimdə səni gəzərdim, o təbəssümlü simanın həsrətini çəkərdim dərsdə. Təbəssümə yoluxdurduğunçün təşəkkür edirəm... Aldığım ilk sevgi məktubunu məhv edib gələcək eşq əzabından qoruyan xilaskarımsan. Qoruyucu mələyim olduğunçün təşəkkür ediirəm... Bədən ölçülərimi əzbər bilən, məni mənsiz bəzəyənimsən. Təşəkkür edirəm zövqlü dərzim olduğun üçün. Döndüyüm neçə ölüm qapılarından "hələ olmaz” deyib geri qaytaranımsan. Baş ucumda səssizcə ağlayıb dua etdiyin günlər az olmadı mələyim. Xəstə yatağımda yuxuda olduğumu düşünüb saçlarımı oxşadığın günlərin əvəzini necə qaytarım? Üşüməyim deyə hər saat başı yorğanımı ötdüyün yuxusuz gecələrini demirəm hələ. Həyatımın təbibi olduğunçün təşəkkür edirəm... Universitetə qəbul olunduğum sevinciylə gözüyaşlı boynuna sarıldığım ana, sən məni, mən səni təbrik etmişdik. Sənin zəfərin mənim həyata açılan növbəti qapım idi çünki. Ən yaxın rəfiqəm, tək dostum olduğunçün təşəkkür edirəm... Bir də həyatın bu yazılmayan qanunları olmaya deyirəm. Susursan, səsini boğursan öz içində, amma çinar kimi elə əzəmətli dayanırsan ki, kənardan baxan sənə "kişi kimi qadın” deyir. Daşlaşmağa məcbur qalırsan bəzən. Bunu da səndən öyrəndim mələyim. Ən çətin məqamda da dözümü, ən ağır sınaqlarda təmkinli olmağı səndə görüb öyrətdim canıma. Öyrətdiyin dəyanət əzmi üçün təşəkkür edirəm... İncə varlığım, Anam olduğun və hər addımımda yanımda yer aldığın üçün təşəkkür edirəm! Bir adam nə qədər çalışırsa çalışsın valideyin borcunu qaytara bilməz. Tək bacaracağı xeyirli övlad, yaxşı insan, şərəfli vətəndaş, ola bilməkdir. Bu hər valideyinin övladdan gözləntisidir. Övlad olaraq illik hesabat təqvimimiz sayılan Ata-Analar günüdür, əsas istəyimiz isə hər ilin bu günü bizə həyat bəxş edən müqəddəs varlıqlara layiq olduğumuzu göstərə bilməkdir. /adalet.az/
|