Tərcümə Mərkəzində Zahid Sarıtorpağın 60 illik yubileyi keçirilib
11.05.17

Azərbaycan Tərcümə Mərkəzində şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 60 illik yubileyi qeyd olunub.
 
Mərkəzinin direktoru, yazıçı Afaq Məsud yubilyarı ad günü və yeni nəşr olunan “Dərdin sarı çəpkəni” kitabı münasibəti ilə təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb: “Təbii ki, istedad hər kəsə verilmir, amma istedadla yanaşı, şəxsi keyfiyyətləri, nəcibliyi qoruyub saxlamaq da hər yaradıcı insana nəsib olmur. Zahid Sarıtorpağın ən böyük uğuru bu keyfiyyətlərin hamısını özündə cəmləməsidir”.
 
Mərkəzin əməkdaşları – tərcüməçi, filologiya elmləri namizədi, dosent Vilayət Hacıyev, şair Zakir Fəxri, yazıçı Saday Budaqlı,  tərcüməçi İlqar Əlfi, şair Əlisəmid Kür, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, dil mütəxəssisi Bəhlul Seyfəddinoğlu, yazıçı, Nəriman Əbdürrəhmanlı, şairə Rəbiqə Nazimqızı və başqaları yubilyara öz ürək sözlərini, təbriklərini çatdırıblar.
 
Şair, yazıçı, tərcüməçi Zahir Sarıtorpaq 1957-ci ilin 10 mayında Şamaxıda anadan olub. 1988-ci ildə Moskvada  M.Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktorudur. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeir və “Dərdin sarı çəpkəni” nəsr kitablarının müəllifidir.
 
Məşhur ingilis klassiki Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” epopeyalarını, Fransua Moriakın, Artur Rembonun, Yuri Trifonovun, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqniya Bartonun əsərlərini, Aleksandr Soljenitsının “QULAQ arxipelağı” üçcildliyini dilimizə çevirib. V.Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və s. böyük qələm sahiblərinin əsərlərindən nümunələr onun tərcüməsində işıq üzü görüb.
 
 
***
 
Yoluz-yolağasız çöldü durmuşuq,
Dolaşıbdı burda zamanın çarxı.
Görən hansı vaxtdı Ölüm Vaxtıyla,
Ömrün gecəsidi, yoxsa sabahı.
 
Adamlar çaş-başdı bu biyabanda,
əlacsız-əlacsız dolaşır hamı.
Əqrəbləri düşmüş saat kimiyəm,
Üzümə baxanlar bir şey anlamır...
 
1987
 
 
***
 
Köhnə qəbirlərdi kol-kos içində,
Qonub baş daşına şanapipiklər.
Əlacsız adamın burda nə işi?
Tanrı bəndəsini hara sürüklər?
 
Ölümlə nə durur aramızda ki,
Bir uçuq divardı, bir sınıq qapı.
Bir addım bəridə sevda ələmi,
Bir addım o yanda haqqın girdabı...
 
1987
 
***
 
bir Ağ Yaylığın üstə
bir sıxma Yurd Torpağı
o torpağın üstündə
bir Göyərçin Ölüsü
o göyərçin ölüsünün
bir qanadı ucunda paslı bir Qıfıl
bir qanadı ucunda bir gülöyşə Nar
 
bu mənim Sirrim
Taleyim
dərgahlara daşımağa
bundan başqa  nəyim var…
 
1986
 
Quşlar oxusun
 
quşlar oxusun oxusun
onsuz da bu haqq yolunda
mehrimizi nəyə salsaq
sonunda aldanış durur
kimə övliya söyləsək
dilində bir qəmli hökm
içində yalvarış durur
gedənlər gedir uzağa
gələr gəlməz Tanrı bilir
Tanrı bilir gedər getməz
gələnlər uzaqdan  gəlir
sındırılmış budaqların eşqinə
«haqq! haqq!» deyən dodaqların eşqinə
yenib qonsun baxtımızın köşkünə
oxusun oxusun quşlar
 
quşlar oxusun oxusun
onsuz da
ancaq  qanadı olanların nəğmələri
haqdan gəlir
 
1985
 
Heç nə bilinmir, heç nə
 
heç nə bilinmir heç nə
adamlar gedir ağaclar qalır
ağaclar gedir quşlar qalır
ya da elə əksinə
 
heç nə bilinmir heç nə
nə əvvəldi nə də son
nə dinən var nə susan
getmək gəlməkdən asan
ya da elə əksinə
 
heç nə heç nə bu gecə
gecəyə
 yurd güllərinə
    ulduzlara
           küləyə
bu gecədən keçib gedən
tale adlı hər şeyə
bir kədərli şərqi kimi
oxuyur bizi ruhumuz
ya da elə əksinə
 
tək nisgildən savayı
heç nə bilinmir heç nə
 
1984
 
Necə  bilirsən
 
necə bilirsən
doğrudanmı yiyəsiz ocaqların külü
heç vaxt qarışmır torpaqlara
doğrudanmı ahlı günlərdə
sovrulurlar gecələrin üzünə
sonra da gözləri tutulmuş ulduzlar
qaranlıqların içiylə
baş alıb gedirlər əlhavasına
 
necə bilirsən
bu gün bir kimsəsizdən qalan cığır
sabah hökmən başqa bir kimsəsizin
bəxtinəmi çıxır
yoxsa açılıb tökülür daha
tale dediyimizin dürlü sirləri
 
yoxsa mən inanmalıyam
inanmalıyam ki
ömründə ilk dəfə
çiyni bir tabuta dirənənəcən
böyüyür kişinin boyu-buxunu
necə bilirsən?..
 
1984
 
Ömür  deyil ulduzların  işığı
 
ömür deyil ulduzların işığı
yuxu deyil çiçəklərin qoxusu
olsa olsa bir sehrli vidadır
dinir məndə tənhalığın ağısı
 
mən susuram
mən susuram
sonsuzluqdan səslər dönür
mən yumuram gözlərimi
mən yumuram gözlərimi
uçuq divarlar üstünə
yorğun göyərçinlər qonur
daş dililə quş dililə
qaytarır fələk duamı
 
görəsən nə vaxt biləcəyik
sürdüyümüz ömür kimin yuxusunun davamıdır
gördüyümüz yuxu kimin ömrünün davamı…
 
1984

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.