Mustafa Məsturun “Mən sərçə deyiləm” romanı çap olunub
05.05.17
Məşhur İran yazıçısı Mustafa Məsturun Azərbaycan dilinə tərcümə edilmiş növbəti romanı çap olunub. “Mən sərçə deyiləm” romanını dilimizə tanınmış tele-jurnalist, tərcüməçi Ariz Tarverdiyev çevirib. Roman “Parlaq İmzalar” nəşriyyatı ilə müəllif arasında imzalanmış müqavilə əsasında nəşr olunub.
Bəzi simvolistik məqamları ilə Kristofer Frankın məşhur “Mortelle” və Corc Oruellin “1984” romanları xatırladan “Mən sərçə deyiləm” romanı 2009-cu ildə Tehranda çap olunub və bu günədək müxtəlif tirajlarla bir neçə dəfə nəşr olunub. M.Məsturun bu romanın da “kiçik manifestlər” üslubundadır və burada da bəşəriyyət, ölüm, qadın, sevgi mövzuları xatrekterikdir. Bu romanda personajlar“filosof dəlilələr”dən, təsvir olunan mühit isə onları əhatə edən dəlixanadan ibarətdir. Bu roman yazarın “Cüzamlı Əllər və Donuz Sümüyü” adlı romanındakı müharibədə xəsarət alan Daniyal obrazının müəmmalı taleyinə işıq salır. Daniyal və ölümlə həyat arasında çabalayan digər insanların macəraları bu müəssisədə müalicə alan İbrahimin başına gələnlər fonunda cərəyan edir. Onları birləşdirən müxtəlif talelərin eyni aqibəti və müalicə aldıqları müəssisənin binasıdır. Ruhi sarsıntılar keçirən insanların acizlik hekayəsi olan bu kiçik həcmli psixoloji roman “hissəciklər oyunu”na bənzəyir. Hissəcikləri birləşdirən zaman böyük bir mənzərə təsviri alınır: Həyat mənzərəsi.
Ölüm, həyat, qadın, sevgi, xəyanət, ehtiras, intihar, müharibə və hələ adı qoyulmamış nəsnələr və hisslərin öz əksini tapdığı bu roman yazarın Azərbaycanda nəşr olunan sayca üçüncü romanıdır.
|