Vaqif Bəhmənli - Musa Yaqubun ad gününə
04.05.17
Sözünə yaraşan nəyim var, ustad, durub ad gününə əliboş gəldim. Ya yapış kötəkdən, yaxşıca islat, ya da öp alnımdan; denən, xoş gəldin...
Təzə-tər sözünün içdim yağını, soruşma, böyüdün, ay yetim, necə... Bəs indi içi boş dağarcığımı dolu çuvalına tay edim, necə?
Bilirsən ki, məni, çox sevir dostlar, hamı tərifləyir qanacağımı... Allaha and olsun, cibdə pul da var, amma seçəmmədim alacağımı...
Sovqat gətirməkçin maralı güddüm, di gəl, əylənmədi yalvarışımdan. Bulaqdan bir bəbək su götürmüşdüm, Hayıf, sızıb getdi üz qırışımdan.
Qartaldan, durnadan qanad almadım, Nədən ki, onları külək uçurdur. Qanad yandırandı şairin odu, Şairi qanad yox, ürək uçurdur.
Müstəri gözüylə baxdım dağa da Ustad ona qiymət qoyubdu, dedim. Zəng açıb özündən soruşmağa da Hünər eləmədim, ayıbdı dedim.
Kəlmi gətirəydim?- dardı çayxana, Şah palıd yerləşən iş yeri yoxdu. Arılar sancılıb güllü yaxana, Medallar sancmağa boş yerin yoxdu.
Alıb gətirərdim olsa neçəyə Niyə gül almadım, burda yox ki sirr: Sözə güllər vuran solan çiçəyi, sözü çiçək açan gülü neyləyir?
|