Səxavət Sahil - Roman…  “adam dili”ndə
04.05.17

“Təzə-təzə yazmaq eşqinə düşəndə elə bilirdim, fikri dumanlı, baş-ayaq ifadə eləyib oxucunu çaşdırmaq həm yaxşı yazıçı olmağa dəlalət eləyir, həm də səni kəllə sanırlar, Sonralar başa düşdüm ki, yazıçı olmaq üçün hər şeydən əvvəl, adam dilində yazmaq lazımmış…”
Bu sətirlər “Qiyamçı” romanının müəllifi Əlabbasın eyniadlı əsərindəki şəkilaltı mətndəndir.
Bu il “əlli”sini qeyd edəcəyimiz dəyərli yazıçımız və mənim çox sevdiyim bu söz adamının “Qiyamçı” romanı, həqiqətən də, müasir ədəbiyyatımızın qızıl fonduna daxil olan, ustalıq, zəhmət və sevgi ilə yazılmış bir əsərdir. Diqqətimi ən çox romanın dili çəkdi.
İrihəcmli roman yazmaq hər oğulun işi deyil. (söhbət əsl romandan gedir) Xüsusən də, sözün dəyərlən-dirilmədiyi indiki zamanda. Təqribən otuz illik bir dövrü, ötən əsrin altmış-doxsanıncı illərini  əhatə edən və bir-birindən doğan hadisələrin qəribə ardıcıllıqla çulğaşması müəllifin yüksək sənətkarlığı və peşəkarlığının bariz təzahürüdür.
Əsər bu cümlə ilə başlanır: “Yolçu – əsl adını dostlarının belə unutduğu Bəbir ayamalı bu adamın əynində uzunətək, papaqlı şinel vardı – ağır-ağır dönüb zəhmli baxışlarla arxaya nəzər saldı, gələnləri köhnə maşın yoluyla həvəssiz də olsa qalxan görüb, təəssüflə başını buladı və yedəyində at, çayın seyrək meşəli sahili ilə yenidən yola düzəldi”
Cümlənin bitməyi ilə dərhal informasiyanın təsirinə düşürsən. Görəsən, bu nə geyim-kecim, bu nə yolçuluqdu? Yalnız baxışlarında yox, hərəkətlərində də zəhmli gözə dəyən qəhrəmanın bu cür təqdimi ilə müəllifin oxucunun özünü də uzaq bir səfərə hazırlamaq niyyəti açıq-aydın duyulur.
Müəllifin bundan əvvəlki “Köhnə kişi” və “Güdaz” əsərlərinin ilk cümlələrini misal gətirməklə oxucularımı da fikrimə şərik etmək istəyirəm. Beləliklə, “Köhnə kişi”nin ilk cümləsi: “Murad yenə dan üzü oyandı”
Deməli, tək bu gün yox. İstər-istəməz fikirləşirsən ki, günün o vaxtında,  oyanmaqda, yəqin ki, bir əmma olmamış deyil. Hadisələrin sonrakı inkişafı göstərir ki, bəli, obaşdan qalxmaqda Muradın gedən yeri varmış.
“Güdaz” povesti isə belə başlayır: “Onlar əvvəlcə uçurumun kənarı ilə gedirdilər” Bu cür başlanğıc həc-mi o qədər də kiçik olmayan və adı da müəmmalı gö-rünən əsəri oxumağa girişən oxucuya yaxşı nə vəd elə-yə bilər? Bəli, hər şey də elə burdan, uçurumun kənarından başlanır.
Belə hesab eləyirəm ki,  yazarın şirinlik, sadəlik, axıcılıq dediyi “adam dili”nə bu komponent də  daxildir. Bu hal müəllifin haqqında bəhs etmədiyimiz digər əsərlərinə də  şamil oluna bilər.
Əsərdə obrazlı xalq  dilindən, gündəlik məişət da-nışığından, dialekt və şivə sözlərindən gərəyincə bəhrələnməsi yazarın milli-mənəvi dəyər və adət-ənənələrə sıx bağlı olmasından qaynaqlanır. Təbii ki, belə olan halda ortaya qoyulan əsər daha maraqlı və uzunömürlü olur. Burda iki məqama xüsusi diqqət yetirmək gə-rək. Elə sözlər var ki, onların müəllif təxəyyülünün məhsulu, yaxud da el dilindən gəldiyini dərhal müəy-yənləşdirmək olmur.  “Elə danışır ki, elə bil Koroğlu-nu öz əli ilə sünnət eləyib”. Və ya başqa bir misal: “Ağ ayran kol dibində, qara kişmiş bəy cibində” Yaxud tələsmək yerinə işlədilən “Toyu-zadı küllükdə ça-lınmırdı ki!” ifadəsi. Hansı mənbədən, xalq dilindən-mi və ya müəllif təxəyyülündən gəlməsindən asılı olmayaraq, bu tip söz və ifadələr əsərə yalnız şirinlik gətirir.
“Köhnə kişi”dən   “dağların marala qalan günü” misalı yada düşür. Müəllif bunu payızın lap sonları mənasında işlədib. Çox uğurludu. “Qiyamçı”da isə “güllə qarovuldan düşsə də” fikri var ki, bu toran qovuşan, daha dəqiq deyilsə, nişangahın hədəfi seçmədiyi vaxta işarədi.
Hökmən və ya mütləq əvəzinə “həl-həlbət”, böyümək əvəzinə “eynimək”, rahat və asudə vaxt əvəzinə “eygili vaxt”,  “məqam, mərtəbə” əvəzinə “çillə”, vu-ruşub-çalışmaq yerinə “nə müdara eləsə də” işlədilib ki, bu da xalq danışıq dilindən süzülüb gəlir. Müəllif “ləlik-giryan” sözünü  deyilişi ilə ilk baxışda heç bir assosiasiya doğurmayan “ağlamaq” kəlməsinin yerində işlədib. Baxaq görək “qarı ağladı” demək yaxşıdı,  “gözünü bir yumub, min ələdi”, yoxsa “arvadın gözü kasıb evinin damına döndü”? (Sonuncu misal “Gecə-yarı hadisə” hekayəsindəndir)
Müəllif yerindən asılı olaraq kilometr əvəzinə fərsəx və ya ağac sözlərindən istifadəni məqbul hesab edir ki, bu da əsərə təzə bir rəng qatmaqdan başqa, müsbət anlamda həm də oxucunu ötənlərə, qədimlərə çəkir.
Qəhrəmanların danışığından onun hansı yaşda  ol-duğunu belə asanca müəyyən edə bilərsən. “Axırda Seyidəli düz qapılarına gələrək biçarə Məşədinin abırını ətəyinə bükdü, dedi bu nə fərzənddi dünyaya gətirib?” “Fərzənd” sözündən bilinir ki, onu işlədən cavan adam deyil. Cavan adam, tutalım, Bəbiri Bakıya yarışa aparan Nuhəli müəllim bu cür leksikonla danışmaz. Onun  danışığı belədi: “Bax belə… İnamsızların nəsibi həmişə məğlubiyyət olub. İnam qələbənin yarısı deməkdi” Geoloqun nitqindən gətirdiyim “Bu insan beyninin izaholunmaz sirlərindən biridi, sizə indi saatadam da demək olar” misalında isə kompüter əsri adamının fikirləri öz əksi-ni tapıb.
Müşahidə dəqiqliyi və təsvirlərin zərifliyi əsərə ziyadə bir  gözəllik verib. “Elə bil içini oyan dərd deyil, ya-ğış torpaq oyur” Dərdin içi oyması mücərrəd olsa da, burdakı təsvir onu yağışın torpağı oyması kimi gözlə görünən bir şeyə çevirib. “Aşiq, qərib yay axşamında sacdakı qovurğanın gününə düşmüşdü” Zənnimcə, müəllif burda dərddən qovrulan insanın əzabını diqqətə çat-dırmaq istəyib ki, bu da çox yerindədi. “O, füsunkar, yayın cırhacır istisində hansısa təsadüf üzündən təravətini itirməyən təzətər, ecazkar bir çiçək tək görünürdü”. Və ya “Kandarda qara gözün giləsi kimi qəşəng, qədd-qamətli bir qız dayanmışdı” Müəllif obrazın görkəmini bəzən ikicə sözlə cızır: “Əslən vilayət mərkəzindən olan bu növrəstənin saçı uzun, sifəti qəşəng, amma ağlı topuğunda idi” Dərbəndli qalayçının təsviri: “O dazbaş, amma topsaqqal bir adam idi” “Qaşqa ayğırlar elə yorğalayırdı, de-yərdin bəs eyni vaxtda səkkiz çubuq asfaltı təbil kimi çalır”
Misallara şərh verməyə ehtiyac varmı?
Dialoqlar dram əsərlərindəki kimi tutarlı və yığ-camdır. Dinamika ona yalnız şirinlik gətirir. “Çay iç-mirsiniz ki?” “Lap araq da içirəm, necə ki?” “Mən ölməz-dim, ananla sənin dərdin məni öldürəcək” “Anam da deyir, mənim ömrümü Allahdan aşağı dədənlə sən kəsdin” “Adam var ki, donu qızıldan olsa da, idbardı ki, idbar. Mənsə deyi-rəm, gözəllik ondur, onu da sifət”. “Bax bu, əsl Əyriqar fəl-səfəsidi”
Əsərdəki dinamika və hadisələrin inkişaf tempi  sözlərə bir oynaqlıq və dirilik gətirib. “Sanki içində yatan, mürgüləyən, nə isə oyandı, ayıldı, dirildi”
Bu, üsul bizə “Köhnə kişi”dən də tanışdı: “Yumağa gətirdiyi paltarları bir tərəfə tullayıb pillələri üç-üç düşdü. Qaçdı. Çatdı və…” Və ya: “Papirosunu qurtardı. Atdı. Tüpürdü. Dabanıyla da ayaqladı. Qarışdırıb torpaq elədi” Hər biri ayrıca informativ xarakter daşıyan  cümlələr sanki dinamikanın kəsilməməsindən ötrü bu cür sıralanıb. Onlarla belə misal gətirmək olar. Sonda məqsəd onu nəzərə çatdırmaqdı ki,  bu, müəllif yaradıcılığında, demək olar, artıq sistem halına keçib.
Göründüyü kimi, bizə tanış və yaxın olan, hər gün eşidib danışdığımız sözlərlə qələmə alınan, digərlərindən şirinliyi və poetik çalarlarının dopdolu olması ilə fərqlənən yazı dili yalnız rəğbətə layiqdi. Bu hər bir əsərə xüsusilik, özünəməxsusluq qazandırır. Bir az ob-razlı şəkildə desək, belə yazarların qələminin mürəkkəbi bu torpağın, bu vətənin axar çaylarından, qaynar bulaqlarından, sal buzlu zirvələrindən, yamyaşıl xalılı çəmənlərindən, rəngbərəng güllərindən, dərəsindən, meşəsindən mayalanır.
“Qiyamçı” bəzilərinə (özləri bilir) bitkin romanın, yetkin əsərin, bədii dilin nə olduğunu ən incə çalarları ilə sübut edib. Bəlkə də, “Qiyamçı”nı oxuyub onun ki-mi yazmaq üçün baş sındıranlar da var. Amma əfsus!  Xalq danışıq dilinə xüsusi məhəbbət və sədaqətlə qələmə alınmış bu cür əsərlər yüz ildə bir yaranır.
Belə bir gözəl əsər, oxunaqlı kitab ərsəyə gətirən yazıçıya yalnız sayqılar, sevgilər və uğurlar arzulamaq qalır.
Romanı başa çıxdığımdan uzun müddət keçib,  amma çiynində heybə, susuz çöllərlə üzü sonsuzluqla-ra doğru gedən yolçu gözüm önündən çəkilmək bilmir ki, bilmir…

mart, 2007

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.