60 yaşlı Əlabbasın "Xırdalar"ı

03.05.17

“Ürəyi ilə şair, düşüncəsi ilə filosof, qələmi ilə nasir“ (Əsgər Rəsulov), “Köhnə kişi” və “Gümüşü gecələr” kimi unikal şedevrlərin (Ülvi Babasoy), müəllifi,  “Sözün köhnə kişisi” (Sabir Bəşirov) olan yazıçı dostumuz Əlabbas da altmış yaşı haqladı. Zaman onun və ümumiyyətlə, Azərbaycan yazıçısının zamanı olmasa da, o, sözün bütün mənalarında,  bu zamanın, bu çağın, günümüzün  yazıçısıdı. Mövzuları, obrazları, dili, üslubu, bir sözlə, bütöv ədəbi-estetik dünyagörüşü ilə...
Saytımızı son illərdə qələmə aldığı qısa hekayələrlə  şərəfləndirən dəyərli nasirimızi çoxsaylı oxucuları adından  təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Bu münsibətlə onun "Xırdalar"nı təqdim edirik.



Qulaqlı yer 
 
       Üç dostu həmişə bir yerdə görür və hərdən mübahisələrinin də şahidi oluram. Onlardan biri, o, görkəmcə də digərlərindən fərqlənir, arıq və fağırdı, öz sakit və təmkinli danışığı ilə daim araya barışıq qoymağa  can atır.   Bir dəfə verdiyi cavabdan başa düşdüm ki, dostların odəfəki söz-zöhbəti nə üstədi.
      -Birdəfəlik bilin,  qardaşlar,-o deyirdi,-yerin qulağı yoxdu,   müsəlmanın ağzı cırıqdı.  
                                         
Mənasız söhbət

      Kazım müəllimin adətidi: nədən danışır, danışsın, kəlməbaşı soruşur:
      -Yalan deyirəm, denən yalan deyirsən.
      Qəlbinə dəymirəm onun, uzaqbaşı dilcavabı deyirəm:
      -O nədi elə? Yalan hara, sən hara?
       Dəmdəməki təzədən başlayır, özü də bilir ki,  qulaq asmıram ona, amma danışır özü üçün. Bir vaxt eşidirəm ki, müxalifətin kölgəsini qılınclayır, deyir, hələ onlar kimi satqın yer üzünə gəlməyib. İş-gücləri xalqı aldatmaqdı. Məsələn, filankəs... İki oğlu xaricdə oxuyur, filan yerdə bağı, özü də ev tikib satır. Hansı pullarla? Hamısı yuxarılarla əlbirdi. Bəlkə, yalan deyirəm?
       Baxıb-baxıb, onu bir az da mən həvəsləndirirəm:    
      -Ə, bu nə sualdı?  Lap gözündən vurursan.
     -Yox da, öz aramızdı, yalan deyirəm, denən yalan deyirsən.
     -Səndə  nə də olsa, yalan olmaz.
      O təzədən cuşə gəlir. Bu dəfə də hökumət adamlarını asıb-kəsir, deyir, axırları çatıb, elə bugünlük-səhərlikdi, hamısının kökünü kəsəcəklər, sonda  da iynəsi xarab olmuş patefon kimi eyni şeyi yüzüncü dəfə təkrarlayır: “Yalan deyirəm, denən yalan deyirsən”
     Müəllimin  əlindən iki dəfə  telefon nömrəsi dəyişmişəm. Hər dəfə hardansa təzə nömrəmi tapıb öz köhnə qəzəllərini bu dəfə də telefonda oxumağa başlayır... Mənasız söhbətimiz bəzən saatlarla davam eləyir. Xudahafisləşmə məqamı  çatanda, bu, Kazım müəllimin çənəsinin altına düşən hər bir kəs üçün artıq  xoşbəxtliyin baş verdiyi  andı,  “köhnə patefon” təzədən işə düşür:
    -Pis deyirəm denən pis deyirsən.
                                                 
Kitab

  Böyüyüb böyük oğlan olub Məhəmməd. Artıq birinci sinfə gedir. Şahmata xüsusi həvəsi var. Üçüncü dərəcə, diplom və döş nişanı alıb. Həm də dərs əlaçısıdı. Məktəbin şərəf lövhəsində şəkli var. Ən çox da ona sevinirəm ki, o böyüdükcə yorucu sualların sayı da azalır.  
   Məhəmməd ilk dəfə şahmat  yarışına gedəndə evimizdə çoxdan adət halını almış ənənəyə uyğun olaraq nənəsi onu astanada “Quran”ın altından keçirib, özünə də dedi:
   -Yadında saxla: bu Kitab səni həmişə qada-bəladan qoruyacaq. Hər yerdən qələbə ilə qayıdacaqsan. Qolunu bükən, dizini qatlayan tapılmayacaq. Harda olsan, ona inan. 
    Üç görüşdən qələbə sevinci ilə dönən dəcəl nənəsinin nəsihətini yavaş-yavaş unutmağa başladı.  Ona elə gəlirdi, daha hamını uda bilər. Amma belə olmadı. Növbəti  yarışdan evə xalsız döndü. Ertəsi gün isə  daha bir  məğlubiyyət acısı daddı.
    -Səni kim gözə gətirdi?-axşam ondan soruşanda başını aşağı dikib sualıma cavab vermədi. Başa saldım ki, tələsdiyinə görə uduzub. Əgər diqqətli olsa, yenə qələbə qazanacaq, qorxmasın. Məni xəcalət hissi ilə, başıaşağı dinləyən Qoçu, hərdən ona babasının Qoçu balası da deyirəm,  növbəti yarış günü evdən çıxanda heç birimizin inanmadığı hadisə baş verdi:  anası ilə liftin yanınacan pərişan halda gedib nədənsə geri qayıtdı, başını qapıdan içəri salıb, günahkar tərzdə nənəsini səslədi:
    -Nənə, ay nənə, kitabı gətir.
                                                     
Qocalıq    
          
 Bu yaşda hər dəfə ünvanıma deyilən ağsaqqal sözünü eşidəndə sanki duran yerdə qocalıram.               
                                                 
Zinə bulaq
 
  Rüstəm durub-oturub az-çox tanınan şair atasını qınayır ki, ona bir gün ağlamayıb, atalar var ki, oğul nədi, hələ bələkdəki nəvəsinin də gələcəyini fikirləşir. Nə olaydı, onların da bir obyekti olaydı, başqaları kimi ayın sonunda o da gedib şellənə-şellənə beşdən-üçdən cibişdana qoyub gələydi. Əli təmiz, ayağı təmiz.
   Atası da həmişə:
   -Bizdə olan obyektdən  kimdə var, oğul bala?-soruşur,-anan psixoloq, bir bacın hüquqşünas, o biri  müəllimə, sən mühasib, pis-yaxşı dədən də dövlət qulluqçusu. Nə vergi müfəttişləri ayın sonunda zəhləni tökür, nə deyən olur yuxarıların tapşırığıdı, nə müflis olmaq qorxusu var, nə də bağlanmaq. Zinə bulaq kimi az-az gələcək, amma həmişə gələcək.  Sən Allahdan sağ can, bir də yaşamağa ömür  istə.

Uzun ömrün sirri

    Əvəz kişini dostları arasında boşboğaz kimi tanıyanların sayı çoxdan çoxdu. Onunla ünsiyyətdə olan da, olmayan da bilir ki, həpənd bəzən adamı hal-əhval tutmağa da peşman eləyir. Desən, salam,  arsız-arsız  cavab verir  ki, sazdımı xalan? Əgər soruşsan ki, necədi vəziyyət, deyəcək:
    -Vəziyyət verir əziyyət.     
    -Burda neynirsən?-sualının cavabına bax:
    -Boynuna minməyə adam axtarıram.
    -Yalançının...-desən, həmən  eşidəcəksən:
    -Xalan qalayçının.
    -Zəhmət olmasa...
    -Zəhmətin anası ölsün...
    Yanaqlarından qan daman bu adama zarafatla da olsa eşitdirsən ki,  niyə boş-boş şeylərə bu qədər vaxt itirir,  nə qeyzlənər, nə ehtirası coşar,  eləcə gülümsünüb:
   -Əlimin içindən gəlir,-deyər,-arpa biçindən gəlir.          
   O da  bu cür ömür sürməyə vərdiş eləyib, hər sözə, deyilənə bir şəbədə qoşmaq peşəsidi. Özü də elə sanır, böyük bacarıq yiyəsidi, olmaz ondan. Bəzən baxmaz ki, böyük kimdi, kiçik kim. İllərlə durub-oturduğu tay-tuşlarının, dostlarının  kim olduğunu soruşsan, cavabını qəti yubatmaz:
   -Kim olacaq? İt ilxısı, köpək sürüsü.
    Sözarası  çoxdan gözə dəyməyən bir tanış-bilişi xəbər alsan ki, qardaşımız neyləyir, bivec-bivec başını yırğalayar:
    -Neyləyəcək, milçək uçurdur.
    Təsadüfən micazına toxunan bir hal baş versə də, heç nəyi üzə vurmaz və:
   -Necədi səninçün?-yanaşman olsa-olsa ondan:
    -Ay batıb, gecədi mənimçün,-cavabını gətirər.
    Öyrənib   ki, hər yoldan ötənə söz deyə, cırnada, hətta sataşa bilər, amma  bir kimin  hünəri nədi ona, gözün üstə qaşın var, deyə.  Balaca göy gözlərini bir az da qıymaqla tənəsiz nəzərlərlə:
    -Oğulsan e,-deyib, ardını da  dərhal zarafata salar,-amma arvad hamamında.
    Qərəz... Aranızda belələri varsa, uzun ömür sürəcəyinə bir çimdik də  şübhəniz olmasın, doxsan yaşı bu minvalla haqlayan dildən pərgar Əvəz kişinin fikridi bu, deyir, ciddi mətləblərə baş qoşmaqdansa,  bu cür ömür sürməyə vərdiş eləməyin faydası göz önündədi, inanmırlarsa, ona baxıb ibrət götürsünlər.
                                                
Dua
 
       Əvvəl uşaqlarım sındırırdılar, indi də nəvələr  sındırır. Qapının dəstəyini,  mətbəxdə  stəkan-nəlbəkini, dəhlizdə güzgünü, tavanda elektrik lampasını, kitab şkafının aynalarını, televizorun pultunu... Sındırmağa şey tapmayanda isə yazı masasındakı qələmlərimi iki bölürlər.
     Mən, neynirəm?... Deyinə-deyinə bazara yollanır, sınıb-dağılanı  təzəsi ilə  dəyişir və hər dəfə də hirsim soyuyandan sonra  şükür eləyirəm ki, sınan qab-qacaq olsun, cüvəllağılar qəlbimi sındırsaydılar,  nə ilə dəyişərdim?
                                                 
Maşın

  Təzə yuyulmuş, par-par parıldayan maşın böyür-başı batmasın deyə palçıq yolu sanki tısbağa yerişi ilə gedir. Gendən baxıram, yadıma şalvarının balağını qatlayıb asta-asta çay keçən adam düşür.
                                            
Durum deyim ki...  

     Yusif dayı el-obanın  ən başıaşağı, dinc və sakit kişisidi. Əhvalını nə vaxt  soruşursan, cavabı bu olur ki, deyim yaxşıyam, sən də gedib arxayın olacan ki, Yusif dayı yaxşıdı, onu eləyə bilməyəcəm.       
                                                 
Sonbeşik
 
    Hacı   bazarda kartofsatanın yanına çatıb ayaq saxladı. Maşına tığlanmış çiçək kimi məhsulu gözdən keçirib onun  neçəyə olduğu ilə maraqlandı.  Fağır alverçi qiymət deyəndən sonra hacı   iri, təmizqabıq bir kartofu əlinə alıb gah ona, gah da qarşısındakı adama  baxa-baxa məsləhət verdi: 
    -Elə malın da özün kimi əladı, a dağlar oğlu. Görürəm yaxşı adama oxşuyırsan. Burda boş yerə vaxt itirmə. Otuz  qəpik ucuzuna  ver, hamısını bir yerdən götürüm, sən də çıx get iş-gücünün dalınca. Nə azarın var bu istidə?  
    Mal yiyəsi əvvəlcə nəm-nüm eləsə də,     sifətindən nur yağan  müştəri bəzi mətləbləri xırdalamaqla bahəm,  şirin dilinin sayəsində  onu  yola gətirə bildi:
    -Sənə ölüsü bir ay vaxt lazımdı  bu malı xırıd eləyəsən. O bir ayın da  yemək-içməyi, yatıb-durmağı, kirə haqqı, böyür-başında da filan qədər xərc-xəsarəti  var.  Fikirləş,  Hacı Kamil sənə pis yol göstərməz, uşaqlıqdan haqq yolu tutmuş adamam mən, xeyir taparsan,-deyib cavab gözləmədən yola düzəldi. 
    Alverçi haqq-hesaba vurdu, arada az maya batırmadığını  görüb ağırsəng gedən kişinin dalınca yüyürdü.  Dəbbələməsin deyə elə ondan da başladı:
    -Kaş adamın səni kimi bir-iki yolgöstərəni ola. 
    -Mənim kim olduğunu sən  sonra biləssən, hələ harasıdı?-deyən nurani adam maşını onun həyətinə sürdürməyi tapşırıb, bu işdə oğlu Hacı Fikrətin ona yol göstərəcəyini də deyərək asta-asta uzaqlaşdı... 
    Bir saatdan sonra malı həyətinə boşaltdıran hacı  azacıq beh verdiyi kartofsatanla  pulu sabah gəlib aparmağa sövdələşdi.
     Gün batdı, axşam oldu, səhər açıldı, sövdəgər deyilən vaxt hacının həyətində hazır oldu, salam verib baş əydi.
     -Salam allah salamıdı. Amma deyin görüm siz kimsiniz və nə istəyirsiniz?-qabağında xoruzquyruğu  çay, mütəkkəyə  söykənmiş   hacı gözlərini qıydı.
    -Mənəm dəə,  dünənki adam, kartofsatan.
    -Nə kartofsatan? Kartof nədi?-soruşan adamın sifətindən zəhər tökülürdü.
    -Özünüz dediniz ki, bu gün səhər gəlim.
    -Yaxşı-yaxşı fikirləş, bəlkə, məni qonşulardan kimləsə dəyişik salırsan. Mən halal  adamam... 
   -Allah cəmi halalları var eləsin, biz də onların kölgəsində başımızı dolandıraq,-onun dediklərini bir zarafat zənn eləyən qonaq gülümsündü...
    -Bu saat ayırd elərik,-deyib ev yiyəsi böyük oğlunu səslədi,-Hacı Fikrət!
    Oğul qulluğunda hazır olan kimi atası soruşdu:
    -Hacı, bu adamı tanıyırsan?
    -Birinci dəfədi görürəm,-oğul  çiyinlərini çəkdi.
    Arif övladın cavabından razı qalan hacı ikinci oğlunu da səslədi:
    -Hacı Aqil, de görüm bu kişini  görmüsən?
    İkinci oğul da alnını qırışdırıb  gələn adamı birinci dəfə gördüyünü söylədi. Belə olanda yəqinlik hasil olsun deyə, hacı üçüncü oğlunu da çağırmalı oldu. Vaqif hüzuri-şərifində hazır olan kimi atası onu qonaqla üzləşdirdi.
    -Oğul bala, de görüm ki, bu kişini tanıyırsan?
    Qulam fikir belə  etmədi:
   -Dünən gələn kişidi də,  kartofsatan!...
    Hacı sonbeşiyini tərs-tərs süzüb,   dişi bağırsağını kəsə-kəsə böyük oğluna qonağın pulunu verib  yola salmağı tapşırdı.  Kartofsatan gedəndən sonra isə üzünü arvad-uşağa tutub,  Vaqifə işarə ılə:
    -Bu qırışmalın  əl-ayağını hazırlayın,-dedi,-təcili Həccə göndərmək lazımdı onu...
                                                
Şəkər

       -Bilirsən, şəkər nə vaxt qalxır?-dostum soruşur.
       -Nə vaxt?-deyib, xəbər alıram.
       -Əl ki  cibə gedib, pul əvəzinə siçana toxunur, onda.
                                            
Cüt alma

       Qardaşımla bir-birimizə çox oxşayırıq. Girdəsifət, pırpızsaç, çatmaqaş...  Adlarımız da oxşardı: Qabil, Habil... Hamı elə bilir, cüt almayıq. Bir dəfə, biz məktəbli olanda qonşumuz Bilal əmi  atamdan soruşub:
     -Bundan sizdə iki dənədi?
                                             
Altmış yaş

      Həkim soruşur ki, şikayətim  nədəndi, nəyə gəlmişəm? İlk baxışdan sapsağlam görünürəm. Hansısa bir xəstəliyin simptomu  sezilmir.    Uzun-uzadı  sorğu-sualdan sonra, axır ki, “dərdim” tapılır:
     -Sən canınla iyirmi beş yaşdakı kimi davranırsan, ona görə,  necə varsan, elə ol. 
                                             
Abırlı adam    
 
    -Utanıram,  bu qədər yaşadığıma görə, məni bağışlayın,-bu sözü  başqalarına əziyyət verdiyini düşünən səksən  yaşlı bir xəstənin dilindən eşitdim.
                                           
Qazanc yeri

     İki atın arpasını bölə bilməyən Talıb  müəllim mənə  gecə-gündüz dərs keçməkdən yorulmur, deyir, nə qədər yuxarıda oturanları öz maqalələrimdə (elə bu cür də deyir: maqalə) biabır eləməmişəm, bu xalq məni sevən deyil.  Kitab yazan adam gərək belə şeyləri əzbər bilə. Ümumxalq sevgisi burdan qaymaqlanır, dəqiq bilir o bunu. Mən də bunu bir yana qoyub, ilk öncə dediyinə düzəliş eləyirəm ki,  əvvəlcə bunun fərqinə varsın, sonra böyük mətləblərə girişər:
      -Qaymaqlanır yox, qaynaqlanır.
      Kimə deyirsən? Əlini yelləyib, etirazını eləyir:
      -Allahsaxlamış, nə qoyub, nə axtarırsan? Qaymaq olmasın, sən deyən olsun. Dünyanın hər yerinı qırış-qırış gəzmişəm, hələ bir adam  irad tutmayıb mənə, səndən başqa.
      -Burdan-bura yenə səhv eləyirsən, sonra da  günahkar mən oluram,  qırış-qırış yox, qarış-qarış...  
   İş ondadı ki, Talıb müəllimin nitqində bu qism kəlmələr  bir deyil, beş deyil. Sovetin vaxtında həmişə rəhbər vəzifələrdə çalışıb deyənə, söhbət və xatirələri  tribuna ifadələrilə  doludu.  Ovaxtkı alovlu çıxışları yaddaşına necə həkk olunubsa,  hələ də  onların havası ilə yaşayır.   Hamiləliyə  götürmək onun nəzərində elə hamiliyə götürməyin bir tayıdı.  Elə o cür də deyir və sözünə qımışan olduğunu görürsə, dediyini dübarə təkrarlayır ki, elə bilməsinlər səhv elədiyini düzəltmək fikri var,  xeyr. Hər ehtimala qarşı ifadəsini    bu kürreyi-ərzdə ondan savayı, bir allah bəndəsi belə işlətməz ki, o işlədir:
   -Hər etimada qarşı...    
   Birinin  humanist, rəhmli və əltutan olduğunu   diqqətə çatdırmağı isə daim belə olur:
   -Çox humanitar adamdı,-deyir və qayıdıb heyrətdən başını da bulayır.
    Avtaritar rejimə tez-tez avtaritet rejim deməklə siyasətdə də naşı olmadığını  bılsinlər deyə tez-tez bu mövzuya baş vurur və elə bilir,  bunu eləməsə,  onu kəmsavad və qanmaz sayarlar.  Amma çifayda... Heç olmur ki,  səhvə yol verməsin.  Məsələn, deyir:
    -Bu Afət də bir iş görmədi, o da ermənilərə işləyir.
    Soruşuram, hansı Afəti deyir, o qədər Afət var ki!  Nə görüb axı bu afətlərdə, əl çəkə bilmir?
       Guya, öz aləmində fikrimə düzəliş eləyir:
      -Sənin də fikrin afətlərin yanında olsun. O Afəti demirəm e, o birisini deyirəm,-eləyib əlini yuxarı qaldırır və elə bilir, bununla fikrini izah eləmiş olur ki, Afəti yox,  ATƏT-i deyir.
    Pakistanın əsl pakislamlar ölkəsi olduğunu xüsusü vurğu ilə diqqətə çatdırmağı isə özü üçün əsl tapıntı  bilir. AŞPA prezidentindən söz düşübsə, deyir, burda söhbət aşpaz prezidentdən gedir, mənası da odu ki, yəni bu adam prezidentlık postuna aşpazlıq sənətindən gəlib. Nə çoxdu xaricdə belə şeylər? Götür Zimbabveni,   Uqandanı...
     Həqiqətin o deyən kimi olmadığına tam əminəm, adıçəkilən ölkələrin hansı qitədə yerləşdiyindən bixəbər olduğunu da yüz faiz bilirəm və özümə  söz versəm də ki,  gərək   bu qüsurlara birdəfəlik göz yumam,  bir şey ki,  adam yetmiş ili beləcə yola verib, işləri də yag kimi gedib, daha qəmiş qoymağın nə mənası, ancaq heç vaxt özümü saxlaya bilmirəm.  O danlaq-dansaq axır ki,  günün birində  sülh, xoş əhval və gülüşlə bitdi:
     -Bilirsən niyə belə eləyirəm?-Talıb müəllim içkidən hallanıb mübahisə əsnasında soruşdu. 
     -Niyə?
     -Deyirəm, heç kimin mənnən işi olmasın.
     -Onda nə olur ki?
     -O olur ki,  deyirlər, maymağın biridi, başı heç nədən çıxmır, bir şey ki, lora şor deyir, qoy gedib ailəsini dolandırsın...   Beləsindən hökumətə xətər toxunmaz. 
    -Onda məni  niyə qınayırsan ki, yuxarıda oturanları  söymürəm.
    -Sən də düz eləyirsən. Ailən, uşağın var, nəyinə lazımdı söyüş?... Qoy gedib kef eləsinlər. Guya, mən bilmirəm mağar nədi, mağara nə? Mesaj nədi, massaj nə? Ay hay!... Mən deyim, ölmüşdü Talıb...
                                                     
Silah

    Kimsənin görmədiyi bir silah var ki, onu ağlım kəsən  gündən üstümdə gəzdirirəm. O mənə uşaqlıqda ata-anadan, gənclikdə müəllimlərimdən, indi isə dost-tanışdan  daha çox kömək edib:  özünəinam!
                                                   
Diaqnoz

     Doktor Tahir ucqar kəndlərin birindən yanına gələn arıq, üzgün, halsız xəstəyə baxıb, adamlarına, bunun vur-tut bir ay ömrü qalıb, dedi, götürün aparın kəndə, nə yaşayar, yenə qənimətdi.
   Dörd-beş ildən sonra təsadüfən kənd  toylarından birində   doktorla  qarşılaşan həmin xəstə istehza ilə həkimə dedi:
   -Bəs nə oldu sənin bir ayın, doxtur? Mənə  vaxt qoymuşdun axı.
   Həkim tükündən yağ daman qarşısındakı qırmızıyanaq adama baxıb onu xatırlamadığını bildirdi,  tanıyandan sonra isə dedi:
    -Səni düzgün müalicə eləməyiblər, ona görə, yoxsa indiyə qalmazdın. 

2016                 

 

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.