Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj
28.04.17
Tanrılarla baş-başa
Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj
Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də
bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb
yatmağa gedirdi.
Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu,
Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir
yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl
gəzdirir ki, özüm məəttəl qalıram.
Uzaq səksəninci illərdə jurnalistika fakültəsində bizə antik yunan
ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan
çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir,
bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin,
Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm,
yaşından xeyli qıvraq bir ehtirasla təsvir etdiyi o mifik dünyaya yola
düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm,
muza-tanrıçalarla gap edəcəm.
Elə o cür də oldu… BİRİNCİ GÜN Zaman maşınıyla tarixi adlamaq
Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə
Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora
dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir
əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı –
ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.
Mövsümsonu olduğundan idi yəqin, “Bravo Tours” turist firmasının
müştəriləri arasında uşaq-muşaq, gənc-cavan yoxuydu – elə bir az
canısulu biziydik – hamısı pensiya pulundan qənaət edib səfərə çıxan
yaşlılarıydı. Uçuş boyu elə onlardan danışdıq, bizim qocalarla müqayisə
elədik.
Niyə bizdə adamlar yaşı yetmişə çatmamış əldən düşürlər? Niyə bizim nənə-babalar əl-ələ tutub dünyanı gəzməyə çıxmırlar?
Titrək əliylə ədyalı yuxuya gedən qarısının üstünə çəkən yaşı, yalan
olmasın, doxsanı haxlayan, üzündən elə danimarkalı yazıçı Hans Xristian
Andersenə oxşayan qocaya baxıram…
***
Təyyarədən düşən turistləri müxtəlif istiqamətə gedən iki avtobusa
mindirdilər. Bizim üzümüz Toloya sarıdı. Yol boyu dərə-təpəyə,
çöl-çəmənə, bağ-bostana, kənd-kəsəyə baxıb düşünürdüm, Məmmədbağır
müəllimin bizə oxutduğu kitablardakı o mifik olaylar buralardamı baş
verib?
O qaya qorxunc Minotavra oxşayır!
Uzaqda otlayan at da, elə bilirsən, at deyil, Kentavrdı!
Yolu keçən yunan qızların birini hüznlü Elektra, o birini eşq ilahəsi Afrodita sanırsan!
Timenio qəsəbəsindən keçəndə sahildəki
yelkənli qayığı “Arqo” gəmisi, içindəkiləri arqonavtlar zənn edirsən,
Kolxidaya “Qızıl dəri” dalınca gedirlər. Göyərtədəki Yasondu, son
göstərişlərini verir.
Qafqaz gözəli Medeya, nə olar, vurulma Yasona! Ona sən yox, qızılı qoyun dərisi lazımdı!
Eşitməz məni Medeya. Sevginin gözü kor, qulağı kardı.
Eh qadınlar, elə bilirsiniz kişilərə tək sevgi üçünmü lazımsınız?!
Sevgi..! Sevgi deyilmi, sehrini qıran, tilsimin puç edən sehrbaz
Medeyanın?!
Heç bilmədim, müqəddəs qoçu tanrısına birinci kim qurban kəsib, İbrahimmi Allahına, ya Friksmi Zevsinə?
Amma yol boyu gördüyüm neçə yunan kişisini nə Axillesə, nə də Herakla
bənzətdim. Ya elə Kalamatada doğulmuş məşhur Yanni qrupunun yaradıcısı
Yanni Xrisomallisə oxşayırdılar, ya da futbolçu Yorqos Qaraqunisə.
Kalamatadan Toloya – qədim Spartanın zeytunluqlar, çimərliklər, antik
əfsanələr diyarına iki saata çatdıq. Tolo Egey dənizinin Arqolis
körfəzi sahilində balaca bir şəhərcikdi.
Biz çatanda günün əyilən vaxtıydı. Sanki zaman maşınıyla tarıxın o üzünə keçmişdim.
Hotelin balkonundan açılan füsünkar mənzərə adamı özündən alıb qəribə
duyğularla uzaq xəyalların ağuşuna atır. Nə gizlədim, elə burda
qaldığım həftəboyu min-bir düşüncəyə qərq oldum. Hara getsəm də, nə
etsəm də gecəyarısı, sübhçağı, günortaüstü, qürub vaxtı demədim – bu
gözəlliyə tamaşa durdum, fikirlərimdə aranı dağa, dağı arana daşıdım.
Özüm-özümə suallar verdim, özüm-özümdən cavab aldım, bəzən bu söhbətə
yunan tanrıları, tanrıçaları da qoşuldu. İKİNCİ GÜN Ağzıbağlı Ağapaşa Camisi
Tolo haqda ilk dəfə Homer “İlliada”sında yazıb. Troya müharibəsində
öz donanması ilə iştirak edən şəhərlərin biri də Tolo imiş. Bu, əfsanəyə
görə belədi, tarixi reallıq isə deyir ki, bura əsrlərlə
venesiyalıların, türklərin işğalında olub.
Bu günsə Yunanıstan büdcəsinin əhəmiyyətli hissəsini tutan (ÜDM-un 20
faizi) turizmə öz töhfəsini verir. Ölkəyə hər il gələn 22 milyon
turistin neçəsi yolunu burdan salır, bilmirəm, onu bilirəm ki,
Yunanıstanın elə hər yeri beləcə, görməli, gəzməli, öyrənməlidi.
Afinadan 90 kilometr cənub-qərbdə yerləşən Tolonun 1500 nəfər sakini
var. Turizmin Yunanıstan iqtisadi həyatında rolu barədə təsəvvür
yaratmaq üçün elə Tolodan bir statistik rəqəm desəm bəs edər – bu balaca
şəhərcikdə 64 hotel var. 913 pilləkənli Palamidi qalası
Afinaya səfəri nəzərə almasaq, demək olar, burda olduğumuz günlərdə
yalnız Poleponnes periferiyası, xüsusilə də onun Arqolis nomu
ərazisindəki tarixi yerlərə baş çəkdik. Poleponnes Yunanıstanın 13
periferiyasından, Arqolis isə 54 nomundan, bizim dillə, rayonundan
biridi. Ölkənin materik hissəsində yerləşir.
Xanımımla sözləşmişdik ki, bir gün hansısa tarixi yerə getsək də, o
biri gün mütləq Egey sahilində qalaq, İsveçdə ələ düşməyən isti dənizlə,
qaynar günəşlə baş-başa olaq. Qərara sonacan əməl edə bilmədik, gəzmək
həvəsi üstün gəldi.
Çoxbilmişlik çıxmasın bir söz deyim, bir yeri yaxşı tanımaq
istəyirsizsə, oranı piyada, ya da ictimai nəqniyyatda gəzin. Səfərin
ikinci günü şəhərlərarası avtobusa minib Tolodan 10 kilometr aralıdakı
Nafplion şəhərinə getdik. Yol boyu narıngi, portağal, limon, zeytun
bağları səliqəsiylə diqqət çəkir.
Nafplion Arqolis nomunun mərkəzidi. Liman şəhəridi. Afina Osmanlı
işğalında olduğu vaxtlarda Yunanıstanın paytaxtı olub. Qədim hissəsi dar
küçələrdən, iki-üç mərtəbəli evlərdən ibarətdi. 1730-cu ildə inşa
edilən Ağapaşa Camisi sonra Yunanıstanın ilk parlament binası olub,
təmirsiz, ağzıbağlı tikilidi.
Şəhərin hər yerindən görünən uca dağ başındakı Palamidi qalasına
çıxmaq təklifim qəbul olundu. Nə dik pillələr, nə başgicəlləndirən
hündürlük, nə də yarıyolda yorulub qalmaq xanımı qorxutmadı – “getdik
üzü küləyə”.
Palamidi qalasını 1687-ci ildə türkləri məğlub edən venesiyalılar
tikib. İçində bir-birindən ayrı 8 bürc var. Qala darvazasına qədər 913
pilləkən saydım. İçəridəki istehkam-bürclərə daha neçə yüz pillə
qalxdığımı bilmədim.
Sonuncu dəfə buna bənzər yolla Krımda, Baxçasaray yaxınlığındakı Çufutkalaya qalxmışdım. Oranın yaşatdığı sehirli təəssüratı “Ölü şəhərlər muzeyi”ində təsvir etmişəm. Axilles üzümə baxmadı – Qarabağa görə
Pilləkənləri qalxdıqca arxanda bir yanı Nafplion şəhəri, o biri yanı
Arqolis körfəzi olan ecazkar mərzərə açılır. “Axilles istehkamı”nda qala
bürcünə çıxıb sınırsız sonsuzluğa tamaşaya durdum. Xəyalımda göydə
qədim yunan tanrılarını, yerdə mifik qəhrəmanlarını gəzdim.
Qala divarına dirsəklənib üfüqü seyr etdiyim yerdə
Axilles bürcündən çıxıb yanıma gəldi. Xeyli söhbət elədi.
Qəhrəmanlığından danışdı. Amma üzünü mənə çevirmədi. Səbəbini soruşdum.
Belə cavab verdi:
“Bizim Troyada uğrunda illərlə can verdiyimiz Yelenamız
var. Amma sizin Qarabağ ondan da gözəldi. Müqəddəs sevgilərdə bütün
hədəflər canlıdı. Qarabağ sadəcə dağ-daş deyil. Görüb gələn
səyyahlarımız elə vəsf edirlər ki oranı. İsgəndər Nuşabəyə yox, Bərdədən
üzüyuxarı Qarabağ gözəlliyinə aşiqmiş. Gör neçə ildi əsirdi, amma siz
bir iş görmürsünüz. Elə gözəli düşmən əsirliyində qoyarlarmı? Növbəti
dəfə qalibiyyətlə gəl yanıma, sənə qələbə şərabını özüm süzəcəm”.
Gecələrimi ərşə çəkən Mnemosina, burda da rahat buraxmayacaqsanmı məni?!
Axilles sözünü dedi, sonra çevrilib getdi, bürcün alaqapısında görünməz oldu. Elə bil onunla söhbətdən ayılan kimi oldum…
Sonra xanımla yorulub-ərinmədən, xırda addımlarla, ehmal-ehmal
sürüşkən yastı daşların üstüylə səkkiz bürcün səkkizinə də baş vurduq.
Bürclərin adı hər yeni sahib dövründə dəyişdirilib. Venesiyaların,
türklərin, yunanların öz dillərində ad qoyduqları bu bürclər bir-biriylə
yeraltı əlaqəlidi. Burda ərzaq anbarı, böyük su çəlləyi, silah
cəbbəxanası, hələ desən, zindan da var.
Geri qayıdanda, elə sonuncu pilləkəni düşən kimi yolun o üzündə
hündür çinarlı, şəlaləli “Propolis” kafesinin sərinliyində yorğunluğu
çıxardıq. Oturduğumuz yerdən təzəcə düşdüyümüz hündürlüyə baxıb, xanımla
bir-birimizi xeyli öydük – “Hələ qocalmamısan!” ÜÇÜNCÜ GÜN
“Vallah, “Zorbas” türk sözüdü”
Hotelimizin barmeni Orestislə mənimki elə ilk gündən tutdu. Rusca
bildiyi beş-on kəlmə ünsiyyətimizə körpü saldı. Rus olmadığımı kəsdirsə
də, məni hardansa “uruset” tərəfdən gələn bilirdi. Söhbətimiz çəlləkdən
süzdüyü “Zorbas” pivəsinın adından başladı. Nə illah elədim, inandıra
bilmədim ki, “zorbas” türk sözüdü. Əvvəl-əvvəl ürəyinə yatmırdım, mənə
şübhəylə baxırdı. Elə ki, “Yunan Zorba” (“Zorba
the Greek”) adlı köhnə yunan filmindən danışdım, qırışığı açıldı,
münasibəti tamam dəyişdi, isinişdik. Sonrakı günlərdə türklərlə
yunanların adətlərində, məişət və mədəni həyatlarında oxşarlıqlardan
danışanda bu filmdən yenə misallar çəkəcəkdim. Bir adətim var, səfər etdiyim ölkə haqda bilgi toplamaq mənim üçün
səfərqabağı hazırlıqların ən vacibidi. O filmi seyr etmək də səfərqabağı
hazırlıqlardan biriydi. Baxmağı sizə də məsləhət görürəm, əsl yunan
xarakterini usta sənətkar Entoni Kuinn məharətlə yaradıb.
Beləcə, hər dəfə bara girəndə Orestislə elə uzaqdan bir-birimizə əl
edib salamlaşırdıq. Bir səhər menyüsündəki “Greek coffee”ni görüb
dedim, iki fincan qəhvə dəmləsin. Gətirəndə yenə dilimi dinc tutmadım:
“Bu ki, türk kofesidi”. Elə bil ona söyüş söydün. “Nə türk? Yunan
kofesidi”, dilxor oldu. “Axşam danışarıq”, deyib qəhvə dolu fincanları
otağa apardım.
Əlbəttə, axşam “Zorbas” bizi barışdırdı. Orestis məni çəlləyə yaxın
ayaqüstü masaya çəkdi, bir yekə bakal pivə süzüb gətirdi. Dirsəklənib
üzümə baxmağından anladım ki, səhərki söhbətin davamını eşitmək istəyir.
İzah elədim ki, qəhvəni Həbəşistandan gətirib Avropaya çıxaran
türklərdi.
Bir həbəş çoban sürüsündən bir keçinin neçə gecədi yatmadığını görüb
maraqlanır. Güdüb görür ki, keçi bir ağacın qəribə meyvələrini yeyir,
sonra da dəliliyi tutur, gecəni yatmır. Qəhvə ağacı belə kəşf olunur.
Osmanlılar da qəhvəni öz mətbəxlərində Avropaya daşıyır.
Onunla bu söhbət bizim ermənilərlə “dolma”, “Sarı gəlin” davamızı
xatırladırdı. Məğlubiyyət kompleksidi, tanış hissdi! Ta dərinə getmədim.
Yeri gəlmişkən deyim ki, 400 il əsarətdə saxlasalar da olduğum
yerlərdə türklərin sən deyən o qədər də izinə rast gəlmədim. Tək Nafplio
şəhərində ağzıqıfıllı yumru tikili vardı, deyirdilər əvvəl məscid olub.
Öyrəndim ki, Ağapaşa camisiymiş. Minarələrini də türklər gedəndən sonra
söküblər.
Mnemosina qoymaz yalan deyəm, yadıma salır ki, bir dəfə Britanıyanın
Vestminister fondunun şotlandiyalı bir nümayəndəsiylə ingilislərin bir
işğalçı kimi şotland mədəniyyətinə təsirindən danışırdıq. Həmsöhbətim
yunanlardan da misal çəkərək deyirdi ki, başqa balkan xalqlarından
fərqli olaraq, yunanlar antik dövrdən qalan mədəniyyətləri hesabına
türklərin gətirdiyi türk-islam mədəniyyətində “ərimə”dilər. Yəni, məsələ
silah gücündə deyil, oturuşmuş mədəniyyətləri “əritmək” olmur.
Onun dediklərinə kilsə və yerli özünüidarəetmə institutunu da əlavə
edərdim. Yunanlar öz milli kimliklərini qoruyub saxlaya bilmələri üçün
bu iki instituta borcludular.
Əvvəla, Osmanlı sultanlarının yunan xristian ruhaniliyinə verdiyi
azadlıq o dövr katolik ölkələrinin protestantlarında belə yox idi. Həm
də türklər mövcud yerli idarəetmə sistemini dəyişmədilər. Gərək ondan
yaxşını təklif edəydilər. Bu seçkili özünüidarəetmə institutu işğalın
sonunacan yaşadı.
Yunan milli şüurunun saxlanmasında yerli məktəblərin rolu
əvəzolunmazdı. Osmanlıların toxunmadığı bu məktəblərdə təhsilin
keyfiyyəti türk dərsxanələrindən bir neçə baş yüksək idi. Elə sonralar
“Fənərli Rumlar” adıyla məşhurlaşan yunanlar Osmanlıda elit təbəqəyə
çevrilərək dövlət işlərində mühüm vəzifələr tutdular, imperiyanın
Avropada danışan dili oldular, onun Avropa siyasətində yönləndirici rol
oynadılar.
Bu sərbəstliklər hesabına salamat qalan milli şüur işğalçılara qarşı
nifrəti də ölməyə qoymadı. Osmanlının güclü vaxtı içdə bəslənən nifrət
imperiya zəifləyəndə zahirə çıxdı və 1821-ci ildə başlayan yunan üsyanı
on il sonra qələbəylə sonuclandı.
Bütün bunlar indi gülərüz Oresteslə söhbətdə də özünü göstərirdi.
Amma içi barmen qarışıq yunanlar etiraf etməsələr də türklərin təsiri
danılmazdı. Bu təsir xüsusən də musiqidə, rəqsdə, mətbəxdə, məşiətdə
aydın görünür. Şərab tanrısı Dionislə qədəh toqquşdurmaq
Qaldığımız “Sofia” hotelinin Egey suları yuyan restoran məhəccərinə
söykənib dənizin qürub rəngini seyr edirdim. “All inclusive” (“nə qədər
istəyirsən” – hərfi tərcüməni özünüz də bilirsiniz, mən qavradığım kimi
çevirdim) xidmətindən yararlanıb bir qədəh də çaxır süzmüşdüm.
“Santorini” çaxırı dəniz yaşılı rəngiylə qürubun yeddi çalarında əsl
fotoluq fon verirdi.
Adamlar əllərində çaxır, pivə, viski dənizə tamaşa edir,
söhbətləşirdi – hamı sərgilənəcək tamaşanı gözləyirdi. Bu axşam konsert
olacaqdı.
“Santorini” xoşuma gəldi, içdikcə adamı yaxşıca məst
edirdi. Elə bu məstlikdən idi, ya nə oldusa, bir də gördüm şərab tanrısı
Dionis böyrümü kəsdirib. Elə hey öz çaxırlarını tərifləyirdi. Mənim də
vətənpərvər damarım tutdu, başladım bir vaxtlar şəhərimin adını SSRİ
yekəlikdə ölkədə məşhuri-cahan eləyən “Ağdam”dan danışmağa.
Dionis sözümü kəsmədi, axıracan qulaq asdı, sonra bunları dedi:
“Eşitmişəm böhran sizin də ölkənin dizini qatlayır,
iqtisadiyyat üzüaşağı yumalanır, banklarınız uçalanır. Bilmirdiniz, qara
nöyüt adamı ağ günə çıxaran deyil? Yüz ildi çıxarırdınız də o nefti,
hara nə qoydunuz? Yalan-gerçək deyir, 2 milyon ton üzüm becərirmişsiniz,
şərabınız dörd bir yanda satılırmış. Nə qədər gec deyil, qayıdın
şərabçılığa, kənd təsərrüfatına. O dediyin “Ağdam”dan da içmişəm, adamı
tez tutsa da yaxşı çaxır idi”.
Sözünü bitirdi, gedib barmen Orestesdən iki qədəh şərab
süzüb gətirdi. “Bunu biz ambrosiya yeməyiylə içirik, dirilik suyudu”, –
birini mənə uzatdı. “Şərəfə” deyib toqquşdurduq. Sonra qədəhini
məhəccərin üstünə qoydu, sağollaşıb getdi.
Konsert başladı. Oxuyan Dimitros adlı qoca bir müğənniydi. İlk
zümzüməsiyləcə hamını sehrlədi. Şirin, yanıqlı səsi vardı, elə bilirdin
əfsanəvi Demis Russosun özüdü oxuyan. Az keçmədi məclisi ələ aldı,
dünyanın dörd bir tərəfindən gəlmiş turistlər ona qoşulub şaqraq yunan
mahnılarını oxumağa başladı.
Dimitros mahnılarına ara verəndə aralığa rəqqaslar girdi. Sirtaki
rəqsinin bir adı da Zorbadı. Gənc rəqqasların oyunu, rəqsin havası
hamımızı tilsimlədi – çaxır da bir yandan işini görürdü – ayaq üstə
ritmə uyğun əl çalır, dingildəyirdim.
Növbəti rəqsə könüllülər dəvət edildi. Mən də qabağa çıxanlardan
oldum. Əvvəl-əvvəl ayaqlarım dolaşır, səhvlər edirdim, amma yavaş-yavaş
öyrəşdim.
Bizim yallıya bənzəyir Sirtaki.
Sonra növbəylə turist-rəqqasların dövrə qurduğu dairədə tək-tək
oynamağa başladıq. Türklərin Zeybək rəqsinin tam oxşarıdı yunanların
Zorbası. Vallah, özümə bir əl qatmışdım ki. “Son Balo” filmində Atatürk rəqs edir ey, bax, heylə. Bir süzürdüm ki, gəl görəsən.
Sən demə, rəqsimi xanım telefonla çəkirmiş. Masaya qayıdanda
tərifləməyə başladı: “Əla oynadın”. “Oynayan mən deyildim ki, çaxır idi,
lap düzü çaxır tanrısı Dionis idi, mənim cildimdə oynayırdı”.
Konsert gecə yarıyadək davam elədi. Dimitrosun səsi, ansambl
ifaçılarının buzuki, kanonaki alətlərində çaldıqları musiqi Egey
ləpələri fonunda bizə fantastik ovqat yaşatdı. DÖRDÜNCÜ GÜN Xristianlığın “İŞİD” dövrü
Epidavros məbədi Arqolid yarımadasında yerləşir. Bura bir teatrı ilə,
bir də akslepionu, bizim dildə desək, xəstəxanası ilə məşhurdu. Qədim
Yunanıstanın hər yanından, hələ desən Romadan belə zəvvarlar bura
axışarmış. Təbabət tanrısı Asklepidən şəfa dilərmişlər. Onun adıyla
açılan yüzlərlə şəfa ocağından ən məşhuru olan Epidavros akslepionunda
müailcə alar, axşamlar da beşaddımlıqdakı teatrda tamaşaya baxarmışlar.
Asklepion rahiblərinin şamanlar kimi dini rituallar icra etməklə
yanaşı təbiblik qabiliyyətləri də vardı. O vaxtkı inanca görə
xəstəliklər tanrılardan gəlirdi, səmaviydi. Hippokratın özü də belə
rahib nəslindən idi. Amma o, sələflərindən fərqli mövqe tutaraq,
xəstəliklərin səbəbini yerdə axtarmağı üstün tuturdu.
…Elə Epidavros muzeyində eksponatlara baxıb Hippokratı düşünürdüm ki, arxadan qəfil çıxıb əlini çiynimə qoydu.
“Necədi, xoşun gəlir bizim şəfaxanamızdan? Burda tək
müalicə etmirik, həm də təhsil veririk. Bilirsən kimlər oxuyub burda?
Mark Avrelinin şəxsi həkimi Galen, daha kimlər, kimlər. Sizin səhiyyədən
xəbərim var. Sənin “Semaşko” xəstəxanasında bir gecə qaldığını da
bilirəm. Ordan yazdığın “Ağrının sərhəd məntəqəsi” yazını
oxuyub dəhşətə gəlmişdim. Sizin Şərqin müdrik təbibləri olub. Elə tək
İbn Sina dünyalara dəyər. Bəs niyə o gündədi səhiyyəniz? Həkimlərinizə
de ki, tibbdə mərhəmət biliklə təndi. Mərhəmətli olsunlar, yoxsa mənim
andımı içib eləməsinlər”.
Maraqlı söhbət edəcəkdik, hələ bəlkə ağrıyan yerimi də
göstərəcəkdim, mələk gözəlliyində bir tibb bacısı imkan vermədi, çağırıb
təcili apardı…
Dünyada ilk klinik müalicə bu akslepionlarda həyata keçirilib.
Xəstələr burda qalıb müalicə olunurmuşlar. Tibb tarixində xəstələrin ilk
xəstəlik tarixçələri də burada yazılırmış, özü də daş lövhələrə.
Muzeydə sərgilənən tibb alətləri elə buradakı qazıntılar zamanı tapılıb.
Alətlərdən məlum olur ki, qədim rahib-təbiblər cərrahi əməliyyatlar da
aparırmışlar. Epidavros teatrında Esxillə söhbət
Antik yunan dramaturqu Esxil iki bilet göndərib Epidavros
teatrında oynanılacaq özünün “Zəncirlənmış Prometey” tamaşasına dəvət
elədi. Axşam xanımı da götürüb getdim. Tamaşadan əvvəl ayaqüstü
söhbətimiz oldu.
“Niyə “İbrus” teatrı bağlanıb? Pantomimdən də xeyli
vaxtdı səs-soraq yoxdu! Fəxrəddin Manafov, Mehriban Zəki kimi
oyunçularınız, Ramiz Mirzəyev təki rejissorunuz var. Camaatınız bəs niyə
teatra getmir? Bax, bizim bu teatra hər dəfə 14 min tamaşaçı gəlir.
Hansı məbləğdə desən teorikon alırıq. Teorikon tamaşalara, şənliklərə,
qurbanlıq törənlərinə ayrılan xüsusi dövlət kreditidi. Elə il olur ki,
dövlətimiz belə işlərə ordudan çox pul ayırır. Daş oturacaqlı teatrlar
tikiləndə biletləri satmağa başladıq. Tamaşaçıbaşına 2 obolos, sizin
pulla 2 manat. Sağ olsun, Perikl hakimiyyətdə olanda qərar çıxardı ki,
kasıb tamaşaçıların bilet pulunu dövlət ödəsin”.
Başqa nəsə deyirdi, bir də gördüm Zevsin qızları,
incəsənət və elm tanrıçaları – muzalar gəlir. Canıyanmışlar bir-birindən
gözəl – fikrim getdi, ağzımı ayırıb onlara baxdım. Xanımım qolumdan
bərk dürtmələdi ki, hara baxırsan? Huşum qayıtdı söhbətə. İstədim deyəm
ki, nə teatr, rəhmətliyin oğlu, bizim indi yaxşı şou çıxaranlarımız var,
onlara baxıb qaqqıldaşır-gülüşürük – gördüm Esxil muzaların
əhatəsindədi, ta məni görmür, eşitmir…
Epidavros teatrı elə yerdə tikilib ki, uzaq yamaclardan, dərin
dərələrdən gələn meh həm adamın üzünə sərinlik verir, həm də səhnədə
deyilən sözləri mikrafon əvəzi qulağına çatdırır. Qəribə bir akustikası
var. Aktyorların dediyini ən hündür sırada belə rahat eşidirmişlər. Aqamemnonun kəsif qoxulu türbəsi
Epidavrosdan qayıdanda yolüstü Mikena xarabalıqlarına döndük. Mikena
akropoluna (yüksəklikdə məbəd) Aslan qapısından keçib girirsən. Bura
qədim Yunanıstanın antiköncəsi mədəniyyət beşiyidi. Eradan əvvəl ikinci
minillikdə inkişafın zirvəsini yaşayıb. Tunc dövrdən qalma tarixi
tikililəri, qızıl zinətlərlə dolu sərdabələriylə məşhurdu. Mikena
mədəniyyəti özündən sonrakı sivilizasiyalara yön verib, elə antik dövrün
erkən çağlarında ömrünü o mədəniyyətlərə bağışlayıb, səhnədən çəkilib.
Çox qədim yerdi, hələ Strabon yazırdı ki, onun vaxtında şəhərdən
əsər-əlamət qalmayıb.
Mikena akropolunun beşaddımlığında Aqamemnonun nəhəng məqbərəsi var.
“Aqamemnon maskası” adıyla Afina muzeyində saxlanınan qızıl maska burda
tapılıb. Homerin “İlliada”sının baş qəhrəmanlarında olan Aqamemnon antik
yunan mifik obrazı kimi məşhurdu. Yelenaya görə Troya müharibəsini
başladan da o olub.
Məqbərə buz kimiydi. Həm də tam kəsdirə bilmədiyim qəribə qoxusu vardı, elə bil tarixin kəsif iyi gəlirdi. BEŞİNCİ GÜN Müharibə tanrısı Ares ürəyimdən yaraladı
Səhər yeməyindən sonra Tolonun baş küçəsiylə suvenir mağazalarını
dolaşdıq. Bu gün heç yana getməyəcəkdik. Elə sahildə günlənəcəkdik.
Xanım uşaqlara, iş yoldaşlarına suvenir seçdi, mən də bir-iki şüşə yunan
çaxırı, bizim araq, türklərin rakı dediyi uzo aldım. İsveçdə içki çox
bahadı, fürsət idi.
İki saatlıq bazarlıq-dolaşmadan sonra otelə qayıtdıq. Hərə öz
kitabını götürdü, getdik sahil çimərliyinə. Yusif Vəzir Çəmənzəminlinin
“Studentlər”i neçə gündü mindiyim zaman maşınını üzü yüz il əvvələ
döndərdi, bir neçə saatlığa Egey sahilindən Dnepr ləpədöyəninə apardı.
…Axşamadoğru balkondan görünən mənzərə teatr səhnəsini xatırladır.
Günəş otelin arxasına keçdiyindən elə bilirsən qaranlıq zalda işıqlı
səhnəyə baxırsan. Sahildən bir qədər aralı o xaçlı adaya üzmək həvəsinə
düşdüm. Dedim, görüm haracan üzə bilərəm.
Suya girib qayıqları, katamaranları bir-bir arxada qoya-qoya adaya
sarı üzdüm. Duzlu suda hərəkət çətin olmasa da xeyli üzüb yoruldum.
Yəqin bu yorğunluqdanıydı, ada gözümə ada kimi görünmürdü, elə bil meh
titrədən tülüydü.
Dəniz ilğımı Fata Morgana buna deyirlər?
Dayanıb üzü göyə sarı suda uzandım ki, nəfəsimi dərəm,
bir də eşitdim kimsə məni çağırır. Adaya sarı qanrılıb baxanda kimi
görsəm yaxşıdı! Müharibə tanrısı Aresdi, qayanın üstündə durub bağırır:
“Hara gəlirsən? Sənin qiblən bu xaç deyil, yaxşı
tanıyıram səni, sənin qiblən heç Kəbə də deyil. Qiblən Qarabağdı,
yeri-üz ora! Sarkisyan at oynadır orda, odey indi də parad keçirir”.
Uzaqdan Aresin üzünü görməsən də səsi bəs elədi, canımı üşütmə tutdu, qorxdum.
Həqiqət tək acı olmur, o, həm də qorxuncdu!
Üzüsulu geriyə üzməyə başladım. Sizi bilmirəm, məndə bəzən qorxu
hissi utanc duyğusundan yaranır. “Sarkisyan at oynadır orda, odey indi
də parad keçirir”.
Qorxulu fikirlər beynimə dolmuşdu. Yenə gözümə Fata Morgana
görünürdü. Yaxınlaşdıqca ilğımlığından çıxırdı, amma nəyə oxşadığını
hələ kəsdirə bilmirdim. Poseydon əl elədi, əylədim
Bir az da yaxınlaşanda gördüm dəniz tanrısı Poseydondu, əl elədi, dayanıb durdum. Odisseyi qovalayıb gəlirdi, kefi kök idi.
- “Gördüm, babat üzürdün, bəyəndin Egeyin suyunu?”
- “Elə bil göz yaşıdı, bizim Xəzərdən duzlu, Göygöldən durudu”.
- “Düz deyirsən, bu su deyil, batırdığım adamların göz yaşıdı, yığmışam bir yerə, ona görə belə duzlu, durudu.
- “Siz tanrılar niyə bizi ağladırsınız? Ağlaya-ağlaya gəlirik dünyaya, elə ağlayaraq da gedirik”.
- “Biz məğlubları sevmərik. Mənim sularımda onlara yer
yoxdu. Bir də, ömrü xoşbəxt gülüşlərdə keçən insan axırda allahlıq
eşqinə düşür. Boş buraxsaq, allahlığımızı da alarsınız”.
Sözünü deyib, sualımdan incimiş kimi o xaçlı adanın dalındaca yox
olub getdi. Mən də var gücümlə sahilə doğru tələsik üzməyə başladım.
“Bax, beş-on allahlıq eşqinə düşüb fironluq edən hökmdara görə min
illərdi insanlıq ağlar günə qalıb” sayaq fikirlərlə üzə-üzə bir də
gördüm sahilə çatmışam.
Gözüm su içmədi bu Poseydondan, nə desən çıxar ondan, Odisseyin başına açdığı oyunlardan da xəbərim var.
Ta şərqarışanda girməyəcəm Egeyə. ALTINCI GÜN Tanrı qızı Afina
Afina səfərinə qəribə ovqatda yola çıxdım. Avtobusumuzda elə bizimlə
təyyarədə gələn qocalar idi. “Hans Xristian Andersen” də qarısıyla
burdaydı. Amma məni daha onlar maraqlandırmırdı. Huşum indiyədək
oxuduğum kitab, baxdığım filmlərdən təsəvvürümdə formalaşan mifik
dünyaya getmişdi. Zaman maşını tarix şossesiylə şütüdükcə antik dövrün
real, mifik qəhrəmanları yol qırağında durubmuş kimi bir-bir görünür,
mənə əl edir, itirdilər. Bilmirəm, bu qoca turistlər avtobusun
pəncərəsindən nəyə baxırdılar, mən söz açdığım o dünyaya baxırdım.
Avtobusumuz Korinf kanalını keçib eyni adlı şəhərin girəcəyində qədim
bir xarabalıq – tarixi yerin yanındakı kafe qarşısında əylədi. On beş
dəqiqəlik fasilədən hərə bir cür istifadə etdi. Mən “Sivilizasiyanın 8.5
min yaşı. Miflə tarix arasında” adlı turistlər üçün kitabın ruscasını
aldım. Əvvəl əlim gəlmədi, ucuz deyildi, on beş avroyaydı. Maraq güc
gəldi, aldım. Elə oradaca indi üstündən keçdiyimiz Korinf kanalı haqda
məlumat axtardım.
Kanal Egey dəniziylə İon dənizini birləşdirir. Hələ eradan altı yüz
il əvvəl belə bir kanalın sözü gedirmiş. Tarix boyu hər gələn hakimiyyət
iki dəniz arasında keçidin inkişafa ciddi təkan verəcəyini desə də,
onun tikintisinə yalnız Misirdə Süveyş, Amerika qitəsində Panama
kanallarının çəkiliş söhbəti yayılandan sonra həvəslənib XIX əsrin
ikinci yarısında qərar veriblər. Uzunluğu 6 kilometr olan kanalın eni 25
metrdi, hündürlüyü isə bəzi yerlərdə 76 metrə çatır.
Afinada ilk gəldiyimiz yer olimpiya oyunları keçirilən stadion oldu.
Qədimdə el şənliklərinin ən möhtəşəmi olimpiya oyunları idi. Yarışlar
Yunanıstanın müqəddəs yerlərindən olan Olimp dağı yaxınlığında
keçirilirdi. Bu, tək idman yarışı deyildi, həm də dini mərasim idi.
Yarışlardan əvvəl idmançılar da, hakimlər də qurban kəsər, ədalətli
olacaqlarına and içərmişlər. Turist firması Olimpiyaya səfər təşkil edən
gün biz Egey sahilində qaldıq. İndi deyirəm, kaş qalmayaydıq, ora da
gedərdik.
Növbəti dayanacağımız Sintaqma meydanı oldu, Yunanıstan parlamenti
burada yerləşir. Efzon deyilən elit hərbi bölmənin əsgərləri fəxri
qaravulda dururlar. Saatbaşı dəyişən qaravulu tamaşaya xeyli turist
toplaşır. Efzonlar 1821-ci ildə başlayan müstəqillik savaşında öz
şücaətləriylə seçiliblər. Elə ona görə də bu gün ölkənin elit əsgərləri
sayılırlar. Bura seçim ciddidi, boyu 1.87 metrdən aşağı əsgər
götürmürlər. Diqqətçəkən həm də onların geyimidi, xüsusilə 400 büzməli
ətəkləri. Bu, 400 illik Osmanlı işğalına işarədi, qara günləri unutmamaq
üçündü.
Efzon əsgərə yaxınlaşa-yaxınlaşa xanımıma qədim Afina
demokratiyasından danışıram, dünya tarixinin ilk demokratik parlamenti –
Ekklesiyadan bəhs edirəm. Deyirəm ki, antik dövr siyasiləri içində ən
çox bəyəndiyim Perikldi. O, Afina demokratiyasının qurucularından olub.
Bu söhbəti sonra bələdçimiz bizi “Thanasis kebab” restoranında nahara
aparanda da davam elədim. Ofisiant sifariş verdiyimiz yeməkləri
gətirəndə mən “III Sektor” adında nəşr etdiyimiz demokratiya jurnalına
Periklin büstü olan şəkli emblem seçməyimdən danışırdım.
Yeməklər gələndə demokratiya da, Perikl də yaddan çıxdı.
Sifariş verdiyim “Thanasis kebab” bizim lülə kababın eynisiydi,
“Greece salad” da bizim çoban salatdan elə də fərqlənmir. Xanımın
seçdiyi “Chicken kalamaki” adlı çubuq şişdə toyuq kababı imiş. Barmen
Orestesi xatırladım, olaydı yanımda mətbəxlərimizin də nə qədər yaxın
olmasından danışaydım.
Restoran heyətinin bizim bələdçini tanımasından anladım ki, turist
firma öz müştərilərini elə bura gətirir. Narazı qalan olmadı, qiymətlər
də münasib idi. Mənə xüsusilə xoş gələn “Amstel” pivəsinin ucuz
olmasıydı. İsveçdə bənzər restoranda 8 avroya olan bir bakal pivə burda
1.8 avroya idi. Zevs mənə dedi ki…
Nahardan sonra Afina akropoluna gəldik. Akropola qalxmadan öncə onun
yaxınlığında arxeoliji qazantılar aparılmış yerin üstündə tikilən “Yeni
Akropolis muzeyi”nə baxdıq. Tarixi eksponatlar müasir texnoloji
vasitələrlə adamda keçmişə səfər təsiri doğurur. Şüşə döşəmədən qədim
Afinanın xarabalıqları hündürlük həyəcanı qarışıq qəribə duyğu oyadır.
Bilet adambaşı 10 avroyadı. Düzdü, Yunanıstanda muzeylərə giriş
qiyməti Qərbi Avropa ölkələrinin muzeyləriylə müqayisədə bir qədər
ucuzdu, amma bunu Parfenon yerləşən Akropolis muzeyinə aid etməzdim.
Açıq havada, restavrasiyası illərlə uzanan, tikinti materialları
arasında tarixi tikiliyə baxmaq üçün 25 avro çox gəldi mənə.
Muzeylə üzüyoxuşa altı yüz metr qalxıb Afina Akropoluna çıxırsan.
Burada Yunanıstanın ən böyük tarixi abidəsi Parfenon uçuq halıyla belə
əzəmətli görünür. Muzeydə baxdığımız qısa filmdən Parfenonun tarixi
barədə ətraflı məlumatlanmışdıq. Bura qədim Yunanıstanın baş məbədidi.
Zevsin qızı müdriklik, ilham, sülh tanrıçası Afinanın şərəfinə eradan
əvvəl V əsrdə tikilib. Vaxtilə burda onun nəhəng heykəli də varmış.
1203-cü ildə mövhumatçı kütlə səlibçilərin qorxusundan uçurublar.
Parfenonun qarşısındakı Aqoranı (bazar meydanı) dolaşıb
Platonun oturduğu daşın üstündə dərin xəyala daldım. Bir də gördüm
tanrılar tanrısı Zevs gəldi yanıma.
“Nə yaman fikrə getmisən? Buranın halına acıyırsan?
Görürsən də mənim məbədimi nə günə qoyublar. Buranı məndən dönüb sami
dinlərini qəbul edənlər dağıdıb. Əvvəl xristianlar heykəllərimi uçurub
məbədimi kilsəyə çevirdilər. “Aqora”
filminə baxmısanmı? Hələ o filmdi, realda bilirsən nələr oldu? Keşişlər
xristian fanatik parabolaniləri qızışdırıb mənim məbədlərimi
yerlə-yeksan eləməyə göndərdilər. Kahinlərimi öldürdülər, sarayları,
məktəbləri, kitabxanaları alt-üst etdilər, yandırdılar.
Sonra müsəlman türklər gəldi, minarə tikib kilsəni
məscidə döndərdilər. Katolik venetsiyalılar da top atıb uçurdular. İndi
heykəllərimin biri Paris Luvrunda, biri Nyu-Yorkun Metropoliten
muzeyində, nə bilim, Ermitajda-filandadı. Burda tək bu sütunlar, bir də
bu daşlar qalıb. Niyə susursan? Din də!”
“Elə mən də bayaqdan bunu düşünüb dururam, sussam yaxşıdı”, dedim.
Qoca Zevs çevrilib ağır addımlarla getdi. Onun bu halı
ürəyimi ağrıtdı. Ta demədim ki, 2000 il əvvəl xristianlar uçuran
heykəlləri indi “İŞİD” müsəlmanları İraqda, Suriyada dağıdır. Özümüz də
daha göydəki yox, yerdəki “allah”lara heykəl qoyuruq. Tanrılarla vidalaşma
Səfəri xoş bir ovqatla başa vurub geri dönürdük. Nağıllar aləmini
dolaşıb, onun qəhrəmanları ilə görüşüb gəlirmiş kimiydim. Təyyarəmiz elə
təyyarə sürətiylə də məni geriyə – zamanımıza qaytarırdı…
Gözüm illüminatorun o üzündə topa ağ bulud üstündə bir
qaraltını aldı. Tanrılar idi, muzalar da gəlmişdilər, üzdə təbəssüm əl
edirdilər, yola salırdılar…
“Hans Xristian Andersen” də sevincliydi, qarısına həvəslə nəsə
danışırdı. Qarı başını onun çiyninə qoyub gülümsəyirdi. Mənə elə gəldi
ki, bu qoca danimarkalı qarısına həmyerlisi Hans Xristian Andersenin
“Köhnə küçə fənəri” nağılını danışırdı.
İş yerində – işıq dirəyində son gecəsini yaşayan qoca Küçə Fənəri ona yeni həyat vəd edən sabahı ümidlə gözləyirdi.
Sabahı kim gözləmir ki! Keçmişlərin də sabahları olub. Sabahlar keçmişlərdən çırtlayan tumurcuqlardı.
Neçə-neçə mədəniyyətin sabahı antik Yunanıstan keçmişindən açılan kimi…
Vahid Qazi, Payız 2016, Tolo, Yunanıstan – Karlskrona, İsveç
|