İradə Musayeva - Saday Budaqlının adsız qəhrəmanları
14.03.17

İnsan çox çətin, anlaşılmaz, dibi görünməyən quyudur, ondan yazmaq, əlbəttə çətindir... Bu insana bizim ədəbiyyatda, daha dəqiq desək, hekayələrdə münasibət necədir? Bizim hekayəçilər insanı hansı tərəfdən araşdırır? Və ümumiyyətlə, araşdırırmı? Onların hekayə mövzusu nədir? Məişət hadisələrimi, təxəyyüllərindəki macəralı əhvalatlarımı, ya nəyi bizə nəql etmək istəyirlər?
 
Bu sualla hekayələri oxuduqca müxtəlif çeşidli insanlarla rastlaşdım... Hələ ki qarşıma çıxan ilk maraqlı (əslində maraqsız) adam S.Budaqlının hekayələrində oldu...
 
“Yağmursuz havalar” hekayəsinin ilk cümləsi belədir: “Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşdi ki, bəlkə özünü öldürsün”... Bu isə sonuncu cümlədir: “Arvadı pişikləri xoşlayırdı, ona görə o, hərdən pişik olurdu”.
 
Amma əslində, hekayənin finalı kimi yadımızda qalan fikir birinci cümlədədir: “... bəlkə özünü öldürsün?”
 
Bu iki antiteza mahiyyətli cümlə ilə sərhədlənən mətnin içində bir adam gəzir, bir adam çırpınır... Kimliyini müəyyənləşdirə bilmədiyimiz biri... Bu hekayəni oxuya-oxuya qəhrəmanın müəllifə oxşarlığı varmı?-sualı haqqında da düşünürdüm. “Sizin üçün yazmaq nədir? Niyə yazırsız?” –sualına “- Gerçək həyatımdan fərqli olaraq, yazı mənim öz aləmimdir, ora başqalarının əli çatmır. Həyatda eləyə bilmədiklərimi, deyə bilmədiklərimi mən orda eləyə bilirəm. Orda “Tanrı” mənəm, istəyəndə öldürürəm, istəyəndə yaşadıram, duyğularımın, hisslərimin başını buraxıram. Ona görə bu aləmdə yaşamaq mənə daha xoşdur”- cavabını verib Saday Budaqlı. S.Budaqlının bu istəyində bir gizli məqam duydum. İnsanın taleyini kağız üzərində də olsa dəyişə bilmək, onun ağrılarını redaktə etmək, “Tanrı yazıçı” olmaq iddiası...
 
Hekayənin qəhrəmanı da bu iddiadadır. Xəyalən də olsa bir neçə insanın taleyinin dəyişməsində iştirakçı olmaq istəyir...
 
Maraqlı qəhrəmanı var hekayənin. Bu adam bizim içimizdə itib-batan, hərdən xoşbəxt olmaq arzusu ilə qımıldanan, hərdən bədbəxt olduğu üçün sızıldayan, hərdən qəhrəman olmaq, kimlərisə xilas etmək istəyən, hərdən də “xoşbəxt olmaq mümkün deyil!”- inamsızlığı ilə süstləşən biridir... İnsanın taleyi, ömrü əzablarla çarpışma meydanında sanki dar ağacından sallaşa qalıb. Bu taleni o ağacdan xilas etmək mümkün deyil. Özümüzü aldada bilərik, ovundura bilərik... Amma xilas ola bilmərik... Bəzən ən maraqsız insanlar və ölü, boş, məzmunsuz həyatın təsviri bu hekayədə olduğu kimi elə ustalıqla verilir ki, həmin yoxluq və boşluq xüsusi məna-məzmun kəsb edir... Müəllif qəhrəmanına ad qoymayıb əsərində. Sanki bu talenin, bu yaşamın da adı yoxmuş... Adsızdır, həm də maraqlıdır ki, hekayə boyu onun davranışlarına, hərəkətlərinə, arzu və istəklərinə də ad qoymaq olmur. Məsələn, mən mütaliə prosesində öz-özümə sual verirdim: Bu adam kimdir? İntihar etmək istəyən, nələrəsə, bəlkə hansısa haqsızlıqlara dözə bilməyib intihar etmək istəyən vicdanlı bir kəsimmi, sadiq sevgilimi, vəfalı ərmi, cəfakeş atamı, xeyirxah qonşumu? Heç bir sualın cavabı olmadı... Öz kimliyimizi müəyyənləşdirmək istəyəndə də belə olur, hekayədə düşdüyümüz anlaşılmaz durumun təkrarını yaşayırıq...
 
Süjet çox qısadır. Hadisə, demək olar ki, yoxdur. Bir kişinin sanki həvəssiz söylənilən, nəql edilən pərakəndə hekayəti var, sadəcə... Hekayənin təsvir edilən məişət tablolu mənzərələri məğz deyil, görüntüdür. Məğz, ümumiyyətlə, İnsan adlı məxluqun kədərli aqibətini açmağa köklənib. Üç yaş dövrünün (uşaqlıq, orta yaş və qocalıq) obrazı var: 3 yaşında meşədə yoxa çıxan uşaq –dünən, keçmişin və gələcəyin ağrısı ilə ayna qabağında “Yel, miokard, astma…, ya avtomobil qəzası?”-gözləntisi ilə özünə, üzünə, naməlum, acı sonunun şəklinə baxan orta yaşlı baş qəhrəmanın özü - bu gün, elə hey özünə ölüm arzulayan, amma heç ölmək istəməyən son-Xeyri qarı - sabah!.. İnsanın tale süjeti... lakin bu üç dövrün ən fəci, kulüminasiya nöqtəli zirvəsi “bu gün”dür-dünənin və sabahın arasında, məngənəsində çırpınan bu gün... Baş tutmayan arzuların ölümünü içində daşıyan, bir qəbiristanlıq xatirələri elə hey unutmağa çalışan, sabahına minaya toxanacaq və ölüm ayağı altında partlayıb onu cənginə alacaq-assosiasiyası ilə baxan bir adamın düşüncələrinə yoldaş oluruq hekayədə. Və özümüzü də tapırıq o adamda, onun xatirələrində, xəyallarında, ağrılarında... Bu adsız adamla üz-üzə durub: Sən mənim nə pis əksimsən, prototipimsən!-suçlamasında da bulunuruq. Çünki müəllif bizi, həmçinin özünü realdan real cizgilərlə  bədiiləşdirə bilib...
 
Havalar qəfil soyuyur, məişət, geyim qayğıları var. Bütün yayı, bürkülü günlərdə çimərliyə gedəcəkdi, onun da vaxtı keçdi, gedə bilmədi. Qəflətən bir tüstü qoxusu uşaqlığını, Novruz bayramını yadına salır. O da tez, ani çəkir və elə tüstü ilə yoxa çıxıb itir. İkimərtəbəli köhnə bir binada ümumi həyətli, ümumi tualetli, bir-birindən taxta divarlarla ayrılmış evdə yaşayır. Burda “səslər, sözlər evdən-evə keçirdi, ağızdan-ağıza düşürdü, çeynənib-çeynənib həyətə çıxırdı, o qədər dəyişirdi, bəzənirdi, az qala yiyəsi də onu tanımırdı”.
 
Fəsil, hava dəyişməsindən tutmuş şəxsi həyatında baş verən bütün çevrilmələrə vecsiz, laqeyd münasibətlə yanaşan bu adam əslində “heç kim” kimi göründü bizə. Ya da onun həyata münasibətində bir “hər şey boş, mənasızdır”-məntiqi vardı. Diqqət edin, intihar arzusunun təsvir situasiyasında da ironik bir ahəng var. Ölümə, özü də intihar yolu ilə (intiharlarda zehni-psixoloji təbəddülatlar patoloji həddə olur adətən) ölmək arzusuna müəllif mətndə fəci bir şərait yaratmaqdansa, əksinə, məzəli fraqmentlə başlayır hekayəsinə - tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşdi ki, bəlkə özünü öldürsün...
 
Daha sonra arvadı mətbəxdə iş görə-görə xatırlatdı ki, artıq sentyabrın 22-dir, payız girib. Əvvəl bir az qayğılanan kimi olur ki, pal-paltar problemi olacaq, sonra fikirləşir ki, kefini pozmağa dəyməz. Hətta sevinir ki, “unutmaq” adlı gözəl bir təsəlli var... “Doğrudan da, darıxmağa, kefini pozmağa dəyməzdi, payızı, üstəlik, qışı da birtəhər yola verəcəkdi, yaz günəşi kürəyini qızdıran kimi də çəkdiyi bütün çətinlikləri, qanqaraçılığını unudacaqdı, necə ki, şükür allaha, unuda-unuda gəlirdi”.
 
Əslində xatırlamalı olduğu keçmişə onun yaddaşında kiçicik bir yer ayrılmışdı. Çünki xatırlamağa belə macalı yox idi. Xatirələri, sevinci, kədəri, ağrı-acısı bir anın içində tez-tələsik görünüb itirdi. Bu bir anlıq yaşantının isə adını qoya bilmirdi: Xoşbəxtdir, ya bədbəxt? Bu bir anlıq fraqment onun həyat yolunun hansı şəkli idi, gülümsəmək lazım idi bu fraqmenti izləyəndə, ya kövrəlmək, ağlamaq? Onu da dəqiqləşdirə bilmirdi...
 
Saday Budaqlının bu adsız qəhrəmanı bütün cizgiləri, hərəkət və istəkləri ilə antiteza fiquru idi. İkilik, müxtəliflik, ziddiyyət, bir-birini inkar edən mümkünlər və ya mümkünsüzlüklər... Hər şeydə bir “yox” var... Sakit bir həyat, problemsiz görünən bir ailə mənzərəsi əks olunur hekayədə. Amma diqqətlə çözəndə məlum olur ki, “var”-deyə bir şey yoxdur burda. Duyğularının məzmununu tutmaq istəyir, amma görür ki, bu duyğulara, hisslərə belə ad qoymaq olmur. Yoxdur bu yaşantının adı... Çimərlik həvəsindən söhbət gedir. Amma hansı həvəsdən? Baş tutmayan, “yox” olan həvəsdən. (“Bürkünü, bu il özünü aldada-aldada, günü günə sata-sata axır ki, getmədiyi çimərlik həvəsini yuyub aparan həmin yağışdan sonra istilər birdəfəlik sındı”.) Olmayan sevgidən danışılır (sevgi adıyla nəql edilən süjet olsa da...), olmayan qayğılardan, humanizmdən, cəsarətdən və s.
 
Yaşadıqları binanın sakinləri iç-içə evlərdə məskun olduqları üçün özlərini sıxa-sıxa, sakit, səssiz keçinməli olub. Kənardan xoşbəxtlik şəkli kimi əks olunan bu yaşantıda hüzur yoxdur. Adsız qəhrəmanımız özünü sıxıb-sıxıb da, sıxılmış, nəzarətli, ölü mühitdə (iki daşın arasında, darmacalda) də nəsə tapmaq, bir balaca xoşbəxt olmaq istəyir. Lakin qonşudakı Xeyri qarı bu “tapıntını” da anındaca “yox” edir. Divarın o üzündəki həyat yox, hənirti, zarıltı qoymur onu ki xoşbəxtliyini yaxalaya bilsin. Xeyri qarının da düşüncəsində, həyatında aləm bir-birinə qarışıb. Yeyir, sonra yadından çıxarır, qızı ilə dava edir ki, onu ac saxlayır. Bütün günü özünə ölüm diləyir, amma çimizdirəndə, haray-həşir salır ki, deməli, ölmüşəm ki, məni yuyursunuz... Yaxşı ilə yamanı qarışdırır, dost ilə də düşməni... (“Yeməyi qabağında qoyub qızını söyüb-yamanlayırdı, deyirdi çörək vermir, baxmır mənə, özünə ölüm diləyirdi, amma çimizdirəndə çırpınırdı, sıtqanırdı, ağlayırdı, elə bilirdi yuyat yeridi, yuyub kəfənləyəcəklər”.)
 
Hekayədə S.Budaqlı üslubuna xas yumorun mətnin ümumi ahənginə uyğun şəkildə yerləşdirilməsi sənətkarlığı ilə də tanış olduq. “Bir də gördün arvadı şikayətlənirdi, deyirdi nə olaydı, bir dəfə də bizim bəxtimiz gətirəydi, nəsə tapaydıq, ya maşından-zaddan udaydıq. Düzdü, onların bəxti gətirib maşın-zad udmurlar, di gəl, gündə nə qədər adam maşın altına düşür, ya çayda boğulur, pilləkəndən aşır. Onların hələ ki, bu sarıdan da “bəxtləri gətirmir”. Buna da şükür”.
 
Və ya: “Anası son zamanlar bir falçını tez-tez xatırlayırdı. Xatırlayıb heyrətlənirdi, Allaha şəkk gətirənə söyürdü” və s.
 
Hekayə birbaşa bizə, bizim “mən”imizə toxunan, onu (“mən”imizi) adsız adam kimi qarşımıza çıxaran obrazı, məzmunu ilə diqqətimizi çəkdi. Bu adamın (eləcə də bizim) bir insanlıq nəzəriyyəsi, bir də insan kimi yaşam praktikası var. Nəzəriyyədə, xəyalən qəhrəmandır, nəcib, azad, iradəli biridir. Lap bizim kimi... Həyatda isə cismi, fiziki varlığı və bapbalaca məişəti ilə əlləşir. Yenə də lap bizim kimi...
 
Xəyalında qonşudakı Xeyri qarıya çox “hörməti” keçmişdi, bu qarı onun sadəcə qonşusu idi, onun gərginliklərinin bu adama aidiyyatı olmamalı idi. Fəqət: “Bu qarının ona dəxli yox idi, bu qarı onun heç kimi idi – bunu çox təkrarlamışdı, intəhası, özü ilə bacarmırdı, divarın o üzündəki hənirti ovqatını qarışdırırdı, evlərində heç kim olmayanda ərinməyib səsə çıxırdı, ya arvad-uşaqdan kimisə göndərirdi, lazımdısa həkim çağırtdırırdı, dava-dərman tapdırırdı, həyət-bacada qoluna girirdi, aftafasını doldururdu, uzun-uzadı şikayətlərinə səbirlə qulaq asırdı… və bütün bunları fikrində eləyirdi. Beləcə o çoxuna yaxşılıq eləmişdi, dar gündə dadına çatmışdı. Ona görə də həmin adamlardan yamanlıq, kobudluq, soyuqluq görəndə yanıb-yaxılırdı”.
 
Səlvinin böyük bacısı üç yaşında ölmüşdü. “Qohum-qardaş yaylağa yeyib-içməyə gediblərmiş, başları qarışır, bir də görürlər uşaq yoxdu. Axtarmadıqları, gəzmədikləri yer qoymurlar, meşəni ayaqdan salırlar, uşaq tapılmır ki, tapılmır... Uşağı səhər qayıdıb tapıblar, süfrə açdıqları yerdən bir azca aralıda. Demə onların başı qarışanda, uşaq gedib kolun dibində yatıbmış. Ona görə də gəzənlərin səsini, harayını eşitməyib. Deyir uşaq yan-yörəsini qazıq-qazıq eləyibmiş…”
 
Bu uşağın taleyinə də reaksiyasız qalmır. Elə hey fikirləşir və “axır dözmədi, həmin ilə, həmin günə qayıtdı, gecənin bir aləmi yolunu o meşədən saldı, ağlamaqdan səsi kəsilmiş uşağı tapıb bağrına basdı, öpə-öpə, əzizləyə-əzizləyə meşədən çıxartdı, aparıb dərddən üzülmüş ata-anasına qaytardı”... Yenə, sadəcə xəyalında...
 
Hekayəni oxuyarkən bu adsız qəhrəmanın maraqsız bir tip olduğunu düşünürsən. Amma sonra görürsən ki, bu adamı unuda bilmirsən. Heç nə etməyib, heç bir əlahiddə keyfiyyəti, dərdi, sevinci ilə yadda qalmır. Fəqət, onun iç söhbəti, içi, daxili ilə münaqişəsi bizi də yorur. Bax o an düşünürsən: Bu mənim qəhrəmanımdır. Bizim daxili təbəddülatımızın obrazıdır, bədii şəklidir. Onun vecsiz görünən zahiri portreti yenidən dillənir, səni narahat edir. Mənasız yaşamı, təmənnalı sevgisi, praktik olaraq “heç kim” statuslu bu adamın içində Xeyri qarının acıları var, sevdiyi qadın Səlvinin lap çoxdan meşədə itkin düşüb həlak olmuş 3 yaşlı bacısının nisgili var. O düşüncələrində qəhrəmandır, humanistdir... Xeyri qarıya necə şəfqət göstərir, Səlvinin bacısını ata-anası az qala yaddan çıxarır, amma bu adam dözmür, yollanır meşəyə və ətrafını dırnaqları ilə cızıq-cızıq etmiş körpəni ölümdən xilas edir. Və qəribədir ki, bu körpə həm də Səlvinin özü kimi də işarələnir... ( Yenə xəyalında!)
 
Bəli, əsas məsələ də bundadır. Bu insan əzab çəkir, narahat olur. Bir addımlığındakı qarıya, çox uzaq illərin o tayında faciəli şəkildə ölən, üzünü belə görmədiyi körpəyə görə də...
 
Arvadı, uşaqları üçün çalışırdı. Onların da, özünün də qayğılarını çiyninə yükləyib sürüməyi kişilik borcu kimi icra edirdi. Avtobusda tanış olub sevdiyi, ara-sıra gizli-gizli görüşdüyü Səlvini isə özü üçün sevirdi, öz eqosunun, istəyinin qurbanına çevirmişdi qızı... Bu sevgi onun ailə nümunəviliyinə mane olmurdu, sadəcə hisslərini, istəklərini əyləndirirdi bu qızın sevgisi ilə... “Yaxşı ki, Səlvi onu incitmirdi, ürəyini ələk-vələk eləmirdi, astarına çevirmirdi. O da Səlviyə əxlaq dərsi vermirdi, arvad-uşaqlı kişinin subay, cavanca bir qıza tay olmadığını söyləyib onu haqq yoluna qaytarmağa çalışmırdı. Onsuz da haçansa ayrılacaqdılar, gec-tez nəsə olacaqdı, ya birdən-birə, ya yavaş-yavaş. Onsuz da həyat da müvəqqətiydi. Yel, miokard, astma…, ya avtomobil qəzası”.
 
Onun daxilindəki “sevgi” adlı anlayışın da o biri üzünü çevirir müəllif. Məlum olur ki, Səlviyə sahib olmaq, onun istəyini həmişə ayaqda saxlamaq, qorumaq cəhdi Səlvini qorumaq, müdafiə etmək fədakarlığı deyilmiş. Səlvini uduzmamaq, əldən verməmək acgözlüyü kimi bir şeymiş... (“Bəlkə də Səlvini itirmək ona o qədər də yer eləməzdi, ancaq uduzmaq pis şeydi”.) Bu sevgi macərasını, oyununu özü üçün eksperiment arenasına çevirir. “Ona görə Səlvidən soyuqluq hiss eləyəndə tezcə özünü yığışdırırdı, dönüb olurdu həssas, qılıqcıl, mehriban, məşuqəsi yolunda hər məşəqqətə qatlaşan igid bir oğlan. Bəlkə də Səlvini itirmək ona o qədər də yer eləməzdi, ancaq uduzmaq pis şeydi, bunun ağrısına, özü də bu yaşda, dözə bilməyəcəyindən qorxurdu. Həm də istəyirdi özünü bir sınasın, görsün divlərlə vuruşmağa qüvvəsi çatırmı, hələ nəyəsə qadirdimi”.
 
Hekayədə sosial - siyasi, iqtisadi, günün aktual problemləri həddində bədiiləşən mətn  detallarına, fraqmentlərinə rast gəlməsək də, günün, zamanın qayğıları və təbəddülatları ilə yaşayan İnsanına rast gəldik. Çoxlu öhdəlikləri olan (“...bunu eləmə, ona baxma, nəfsini boğ, ata-ananı sev, namus, vicdan, qeyrət – gəl indi bütün bunların içində baş çıxar, büdrəmə, yıxılma, alçalma”...), xoşbəxt olmaq şansı isə sıfıra bərabər tutulan bu insanın taleyini isə  sanki Allah insanın öz ümidinə buraxıb: Bacarırsansa xoşbəxt ol, bacarmırsansa mən verdiyim  tale ilə  barış, bir ömür boyu daşıyacağın yükə, əzaba  sahib çıx!
 
Müəllif tərəfindən araşdırılan, üzü astarına, astarı üzünə çevrilən insan sonda sevgilisinə üzünü tutub fikirləşir: “Qoy onda biz başqa cür düşünək, Səlvi xanım, deyək ki, insan dünyaya əzab çəkmək üçün gəlir. Belə fikirləşək və taleyimizlə barışaq. Kim bilir, bəlkə taleyimizlə barışanda biz elə xoşbəxt oluruq?!”
 
S.Budaqlı hekayəsinə roman yükü çəkdirə bilib...  Süjetin boyu kiçik olsa da, təxəyyüllə budaqlanan, törəyən süjetlər oxucuya həvalə edilir. Və biz mətni oxuyub bitirəndən sonra  az qala müəllif qədər emosional, həyəcanlı, təhlilçi, müşahidəçi oluruq. Unuda bilmədiyimiz insanların (Səlvi, Xeyri qarı, adsız adam, onun arvadı, pıça-pıçla danışa-danışa bir yellənən köhnə pilləkən üstündə ömür sürən qonşuları və b.) nağılını, hekayəsini düşünürük. Onları ruhən, qəlbən sevirik. Ətrafımızda onların oxşarları olan insanları arayırıq. Belə səyahətlərin marşrutu isə çevrə boyu hərəkət edir. Sonda yenə özümüzə, daxilimizə dönürük. Bu nədir? Hər şey məndən başlayırmış ki! Hamı mənim daxili dünyamdan doğulub artır, dünyanı bürüyürmüş ki! Ölümlərə, nakam talelərə də aidliyimiz olmasa belə cavabdeh ola bilirmişik sən demə...
 
Və belə bir insan mütləq özünə güc yığmalı, mübariz olmalı, mücadilə etməlidir yəqin... Amma qəhrəmanımızın bu mübarizəyə gücü çatmır, gücü yoxdur...  Hekayədəki bütün “yox”lar şəbəkəsi böyüdükcə böyüyür... Bircə kiçik mübarizə işartısı ilişib qalır yaddaşımızda. Adsız qəhrəmanımız “yox”lar boşluğunda ümidsiz-ümidsiz gülümsəyir, həyata, acılara, insanların ağrılarına və hamının üzünə...  Lap bizim kimi...

/Ədəbiyyat qəzeti/
 05 mart 2017.
 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.