Gülnar Səma - “Ruslan dostumun kitabı”
03.03.17

“Ürəyimi kəsik-kəsik edirəm, nə vaxt şeir yazıramsa qan çıxır”- misraları gənc qələm sahibi Ruslan Dostəliyə məxsusdur. Ruslan ilk kitabını 2016-cı ildə layiq görüldüyü Prezident təqaüdü hesabına çap etdirdi. “Ruslan dostumun kitabı” adlanan bu toplu “Günahlar içində batıram daha, elə bulanıram sözün qanına” – deyən gənc yazarın gənclik hesabatı adlandırıla bilər. Onun öz yaradıcılığına münasibətini bu sözləri ilə ifadə edə bilərik; “Nə çoxdur özünə gün ağlayanlar, mən də söz kövrəltdim, şeir ağladım”.

Ümumiyyətlə, onun poeziyasında sözə, şeirə ünvanlı fikirlər nəzərə çarpacaq qədərdir. “Bir ovuc küldən ötəri özünü yandırmayasan, basasan yaraya şeir” – sətirləri də fikrimizi təsdiqləyir. “Özünü yandırmaq” ifadəsi bizim dilimizdə həm həqiqi, həm də məcazi mənada işlənə bilir. Bəzən özün öz sirrinin üstünü bilməyərəkdən açanda deyirlər ki, “özünü yandırdın”. Bu prizmadan yanaşanda Ruslan da öz misraları ilə özü özünü yandırır. Onun daxili aləmi ilə öz misraları vasitəsilə tanış oluruq. Özü yazır ki, “Sözdən dəstə tutur baxma çoxusu, Bir ləçək də girmir yuxuma daha”. Əslində, bu fikirlərin arxasında müəllifin bir mühafizəkarlığı da var. O, sözü ucuz tutub, necə gəldi dəstələyənlərə qarşı olduğunu ifadə edir. Əsl söz adamları isə bir ləçək sözü yuxuda da görə bilmirlər. Elə bu səbəbdən onun “Əsəbiylə az oynayın, sözü oynadan şairin...” fikirləri ilə razılaşmaq olar. Axı o, əsl söz sərrafı olmağın incəliklərinə bələddir. Öz bələdçiliyini belə biruzə verir: “Ya yuxusuz qalır, ya susuz qalır, şair belə çəkir söz cəzasını...” Sözün söz sanbalını qoruyan və sözə məsuliyyətlə yanaşan Ruslanın şeirlərində mövzu əhatəliliyi diqqəti çəkir. O həm də sözün alt qatlarına nüfuz etməyə, məcaziliyi hədəf seçməyə meyllidir. Belə bir nümunəyə baxaq: “Gözümüzü açmayaq, gözümüzdən düşərik”. Gözü açıq olmaq, yaşadığımız dünyaya açıq gözlə baxmaq insantək yaşamağımızın əsas şərtlərindəndir. Ruslan isə “açmaq” feilinin çoxmənalılıq yaratmaq qabiliyyətindən məharətlə istifadə edib. Açmaq hərəkəti icra edilərkən gözün tərpənməsi nəticəsində gözümüzdə olan nəsnə düşə bilər. Bu həqiqi mənada olduğu kimi məcazi mənada da belədir. İnsan çox gözüaçıq olanda çox şey gözündən düşür.

Bütün bunlar Ruslanın bir yaradıcı insan kimi yüksək müşahidə qabiliyyətinin nəticəsi olaraq ortaya çıxır. O, təbiət hadisələrinə də özünəməxsus baxış bucağı ilə yanaşır. Yağış haqqında “yağır, analara yardım eləyir, dəcəl uşaqları geyindirməyə” misralarında da bunu görmək olur. Diqqət yetirsək, bu sətirlərdəki epik gücü aydınca görə bilərik. Yəni, bu epizodun təsvirini vermək üçün təhkiyə yolu ilə bir hekayə də yazmaq olardı. Lakin Ruslan konkret misralarla fikrini səlis şəkildə ifadə etməyi bacarıb. Ana dəcəl balasını geyindirmək üçün nə qədər yalvar-yaxar eləsə də, uşaq naz edir. Lakin yağış yağdığını görən dəcəl uşaq öz xoşluğuyla paltarını geyinir. Yağıb ətrafı suya qərq edən yağışın bu cür orijinal təqdimi Ruslanın böyük yaradıcılıq potensialından xəbər verir.

Eləcə də, onun anasına həsr etdiyi şeirdə də eyni üslubu görürük. On bir bəndlik həmin şeirdə övlad-ana münasibətlərinin doğmalığını görürük. Bu şeirdə Ruslan uşağın min bir əziyyətlə böyüdülməsində ananın çəkdiyi əziyyəti poetik şəkildə yığcamlaşdıra bilib. Hansı ki, həmin şeirdə toxunulan motivlər əsasında bir roman yazmaq olardı. Əsərdə şairin ilk və son qənaəti bu olur ki, “bir ana eyləməz hamı yığışsa”.

Ümumiyyətlə, Ruslanın yaradıcılığında uşaqlıq illərinə səyahət, xatirələrin canlandırılması təbii şəkildə, olduğu kimi oxucuya çatdırılır. “Mən də böyüməyə tərəf qaçardım, qarğı atım vardı,- onun belində...”- cümləsindən də göründüyü kimi, həm reallıq, həm də bədii təqdimat nəzərə çarpır. O, eyni zamanda, uşaq oyunları ilə həyatın oyunları arasında bir bağlılıq görür. “Gizlənqaç oynu da dəyişib artıq, qaçan elə qaçır, bir də qayıtmır...” Bu misralarda uşaqlığın genetik yaddaşı ilə yanaşı, böyüyənlərin ictimai mövqeyi də öz əksini tapıb. Bu tipli şeirlərdə keçmişlə bu günün uğurlu sintezi daha çox maraq doğurur.

“Qaçıb dolablardan oğurladığın
qonaqçün ayrılmış konfetlər kimi
yeməli olasan, şirin olasan,
kim görsə üzündə gülüş yarana”-

sətirlərindən də aydın olur ki, gənc yazar özünəxas bir təşbeh yaratmaq üçün yaddaşının ən məhrəm xatirələrinə baş vurub. Körpə budaqlardan yay-ox düzəldib, günahsız göy üzünü oxlayan uşaq “Sonradan səngərdə döyüşən gördüm, taxta avtomatla “atdıqlarım”ı...”- deyərək etiraf edir. Bu etirafların içində uşaq dəcəlliyi də, bu dəcəlliyi yaradan səmimi istək də ifadə olunub: “Daşıma tuş gələn quşu sevmişəm, Düşmən kəsilmişəm quşlara belə”. Çox maraqlı bir sığortalanma metodunu görürük. İnandırmağa çalışır ki, o quşlara daşı da sevərək atıb, daşına tuş gələn quşu da sevgisiz qoymayıb. Ruslan o qədər təbii xatirələri canlandırır ki, insanı öz keçmişinə boylanmağa vadar eləyir. O yazır: “Vaxt olub o qədər yorulmuşam ki, yıxılıb yatmışam otların üstə...”. Bu sətirlərdə həm də bir təbiət məftununun həyat tarixçəsi əksini tapıb. Həmin tarixçənin davamına baxaq: “Durub görmüşəm ki, bir yağış yağıb, damcı da dəyməyib xətrimə belə...”
Ruslan öz reallıqları kimi başqalarının həqiqətlərinə də şair gözü ilə baxmağı bacarır. “Bu adam daşından balaca qalıb, bu daş yiyəsindən yaşca böyükdü” – misralarında başdaşının mənsub olduğu insanla daşın arasındakı zaman fərqinə diqqət yetirilir. Bəzən hər gün qarşılaşdığımız, lakin fərqində olmadığımız bu şeylər onun yaradıcılıq özəlliyidir.
Ruslan xəstələnəndə də özünü xəstə kimi yox, şair kimi aparır. “Üç aydı təpik döyürəm, “Qara Qarayev” tərəfə...” misraları onun 2015-ci ildə səhhətində yaranan ciddi problemlər zamanı qələmə alınıb. Xəstəlik zamanı Ruslan öz durumunu belə təqdim edir: “Bir şair var, qələm nədi, üstündə dərman gəzdirir”. Həmin şair reallıqları belə məcazlaşdırır: “Sənədlərimi vermişəm, “Ağ ciyər” institutuna...” Onun ağ xalatlı qızlara yazdığı şeirin həcv və ya vəsf olduğunu müəyyən etmək çətin olur.

Məni necə sağaldacaq,
Heç bu qız qan ala bilmir...
Bir başqa cəllad gətirin,
Bu yaxşı can ala bilmir...

Bu cür hallarla qarşılaşan şair yazır ki, “Çoxları qoymadı bir salam yeri, siz elə bildiz ki, dəvə kinliyəm...” Bəzən isə öz günahlarına da sahib çıxır: “Elə bil, alnıma yazılıb mənim, ruhumu ən doğma kəsdən küsdürmək...” Bu küskünlüyün də, incikliyin də səbəbini onun öz şeirlərində tapmaq mümkündür: “Sənə bircə dəfə “sevmirəm” dedim, o da ki, “aldatma günü”nə düşdü” – söyləyən müəllif yalan danışa bilmədiyini də poetik şəkildə ifadə edir. Hətta, qarşı tərəfdən də əsl həqiqəti tələb edir. “Yalandan “se-vir-əm!” denən, gerçək-gerçək unut məni...” Bəzən isə son dərəcə özünəməxsus xarakter nümayiş elətdirir. “Bilmirəm, neynirsən get elə, Tanrı, o qızın xətrini özünə qaytar...” Bu yerdə dilimizdəki “Allah xatirinə” frazemi yada düşür. Biz bəndələrdən Allaha xatir nəsə xahiş edirik. Ruslan isə bəndə üçün Allaha müraciət edir. Bu, əslində, Allahın yaratdığına qarşı böyük diqqət göstərməklə tanrının özünə qarşı diqqətcil olmaq anlamına gəlir. Bu diqqət onun hər bir insan taleyinə həssaslıqla yanaşmasında da özünü göstərir. O, sosial fərqlilikləri də qeyri-adi ifadə tərzi ilə təqdim etməyi bacarır.

Varlı kişilərin şərabı köhnə,
Kasıb kişilərin tütünü yeni...
İnsanı bir az da dərdi köhnəldir,
Onun təzəsini heç kim istəməz.
Baxırsan, görürsən təzə heç nə yox,
Dərdin təzələnir istər-istəməz...

Bu nümunəyə istənilən qədər şərh vermək olar, lakin əsas odur ki, bənd özü-özünü artıqlamasıyla ehtiva edə bilir. Onun şeirlərində vətənpərvərlik motivləri də diqqəti çəkir. “Şuşa sən boydadı mənim gözümdə, elə sən özün də Şuşa boydasan...”- sətirləri ithaf olsa da, həmin şeirdə bir yaddaş ağrısı var. “Turan andının eşqinə boz qurdlar yatmaz, ey türküm”- sətirləri də konkret bir nəfərə ünvanlansa da, ümumtürk insanına hesablanmış çağırışdır. Eləcə də, “Ay mən yaşdakılar, bir dövrdənik, bizimlə yaşıtdı Xocalı dərdi...”- misraları ilə onun şeirlərindəki Vətən obrazının özünəməxsusluğunu görmüş oluruq. Bəlkə də, Vətənin üzləşdiyi ağrı-acıların nəticəsidir ki, Ruslan yazır; “Mənim şeirlərim yeriyə bilməz, hamısı ikinci qrup əlildi”.

Onun yaradıcılığında məzmun yeniliyi ilə yanaşı, forma təzəliyinə də rast gəlinir. Belə ki, Ruslan bir sıra şeirlərində çox orijinal rədiflərdən istifadə etmişdir. Bunlara misal olaraq “kisələ” ( İçəriyə çatmaz əlin, kisələ, çölün kisələ), “mənlikdi” (Almağa hava al gətir, nə olsa pulu mənlikdi...),“üşüyür” (gəlsin bir yerdə üşüyək, kim gecə-gündüz üşüyür...) və.s kimi sözləri göstərə bilərik. Bununla yanaşı, onun qafiyələnmədə özünəxas cinaslara meyl etməsinin şahidi oluruq. Bu cür cinaslara “mey və sən- meyvəsən”, “yerdə ha-yer daha”, “ta niyə-tanıya”, “üzü nə qədər çıxıb- üzünə qədər çıxıb”, “söz bazam-sözbazam” və.s münunə gətirə bilərik.

Ruslan kifayət qədər gənc yazar olsa da, həm də artıq püxtələşmiş bir şairdir. Bununla belə, bəzən diqqətindən yayınan kiçik qüsurları da olur. Məsələn: “Bahardan payına bir-iki gül düşür, Payız bütünlükdə şairlərindi”- misralarında “bir-iki” sayının yerinə “üç-dörd” sayı işlənsəydi, şeirin hecası da pozulmazdı. Təbii ki, bu cür texniki yanlışlıqlar başa düşüləndir. Əsas odur ki, Ruslan istedadlı və millidir. O, bir vətəndaş olaraq, nə etməli olduğunu bilən kəslərdəndir. Ən əsası isə sözə hörmətlə yanaşıb, sözün qədim hikmətinə dəyər verir. Şeirləri Qarabağlı olan bu yazara uğurlar arzulayırıq.

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.