Luici Kapuana - Adsız ağrı
02.03.17

Luici Kapuana (1839-1915), Covanni Verqa ilə birlikdə verizm ədəbi cərəyanının banisi sayılır.  Onun, bu cərəyanın nəzəri prinsiplərini əks etdirən ədəbi-tənqidi yaradıcılığı XIX əsr İtaliya ədəbiyyatında yeni istiqamətin inkişafına təkan vermiş, verist novella və romanları Avropa ədəbiyyatının dəyərli əsərləri sırasına yüksəltmişdir...
L.Kapuananın kiçik janrda qələmə aldığı əsərlər sırasında yaradıcılıq prosesinə həsr olunmuş (verizmə aid olmayan) hekayə və novellalar xüsusi yer tutur. “Adsız ağrı” novellasında  yazıçının ən çox sevdiyi yaradıcılıq qayələrindən biri öz əksini tapmışdır. Onun fikrincə, müəllif əsərdəki mücərrəd ideyanın yox, onun formasının yaradıcısı olduğundan, tənqidçinin borcu əsərin ideyasını açıqlamaqdır.

 

ADSIZ AĞRI

(Dolore senza nome, 1902)

Salvatore Li Qreciyə ithaf olunur


Bu qadın fiquru onu bürüyən yapışqan gildən sanki heç vaxt azad olmayacaqdı. Təkcə açıq çiyinlərinə və bükülmüş belinə qədər tökülən sıx saçlarını var qüvvəsilə dartıb çıxarmağa çalışırmış kimi görünən başı məğrurcasına yuxarı qalxmışdı; ancaq bu saçlar, görülən işin naqisliyi səbəbindən, bədənə yapışmış halda idi. Bir də heykəltəraş bu füsünkar, oval simada gözlərin yerini hələ də açmadığından o, elə bir ümidsiz kədər ifadə edirdi ki, nəzər salmaq belə adama ağır gəlirdi.
Gənc heykəltəraş Vittorio D`Arebanın bu əsərlə nəyi ifadə etmək istədiyini, bəlkə, heç özü də bilmirdi. Bu qızğın ehtiras bütün xırdalıqları ilə onun xəyalında qəfildən elə  parlamışdı ki, o, hətta iki-üç günə eskizi bitirəcəyini düşünmüşdü. Bununla belə, bir necə həftə keçsə də, indi onun qarşısında qərar tutmuş bu üzgün qadın fiquru kamil sənət nümunəsinə çevrilməmiş, rəssam biləyini özünə tabe edə bilməmişdi.
O, baş barmağı və qələmi ilə cəld hərəkətlərlə heykəlin üzərində gəzişir, xırda gil parçalarını barmaqlarının arasında əsəbi halda gah hamarlayır, gah da yumrulayaraq eskizə yapışdırır, iti gözlərinə  artıq görünən hər şeyi qəzəblə, özündən narazı halda qoparıb atırdı. Donub qalıbmış kimi, şax bir duruşla eskizin qarşısında dayanır və hiss edirdi ki, modelin xəyalında yaratdığı təbiilik, güc və həyat eşqi eskizdə duyulmur.
Əslində, o, adi tələbə kimi, professorun tapşırığı ilə gips fiqurun əksini yapmalı idi. Ancaq yaradıcılığın ən xoşbəxt anlarında onda qeyri-adi ilham və ruh yüksəkliyi oyadan bu ideal modelin kobud bənzərinə – dəzgahın üstünə qalanmış gil topasına toxunmaq kifayət edirdi ki, dərhal qəribə və qarşısıalınmaz bir müqavimətlə üzləşsin. Sanki onun işlək baş barmağı və qələmi onları istiqamətləndirən beyininin əmrlərinə tabe olmaqdan imtina edirdi. Nadir improvizasiya qabiliyyətinə malik olan Vittorio D`Areba üçün düşdüyü bu hal, həqiqətən də, yeni idi; özü də hər hansı bir zehniyyətə varmadan – guya, heykəltəraşlıqda eskizin bütün detallarını mütləq dəqiqliklə yerinə yetirmək vacib imiş.
Ancaq onun üçün bundan da qeyri-adi olan başqa bir duyğu var idi: öz ağlasığmaz acizliyi ilə mübarizədə günbəgün ona daha çox hakim kəsilən, səhər saat səkkizdən axşam saat altıya qədər emalatxanada inadla bağlı saxlayan, ağır iş günündən sonra dostları və həmkarları ilə birlikdə həm dincəldiyi, həm də qızğın mübahisələr edərək yeni qüvvə topladığı şən yığıncaqlardan uzaqlaşdıran sonsuz kədər hissi...
Yaxın dostlarından kimlərsə bir neçə dəfə onun şəhər kənarında – via Flaminiyanın çəpəki döngələrindən birində yerləşən tənha emalatxanasının qapısını döymüş, ancaq  öz müdaxilələri ilə onu əsəbiləşdirən çağrılmamış qonaqların üzünə qapı açılmamışdı. Heykəltaraşa elə gəlmişdi ki, dostları əsərini zəfərlə başa vurmaq əsnasında bilərəkdən onu işdən yayındırmaq istəyirlər.
Adətən, belə hallarda o, inanılmaz ağrıdan sızlayan əllərini yanına salır, başını sinəsinə əyir və üzgün halda divara bitişik köhnə divana uzanırdı. Arxaya tökülən saçlarını məğrur şəkildə dartıb qoparmağa çalışan və hələ də eskiz şəklində qıvrılan o lənətə gəlmiş fiqura isə baxmağa cürəti çatmazdı. Yayqın vəziyyətdə qalmış, sinə, qarın və bud cizgiləri güclə sezilən bu fiqur gilin rütubətli məngənəsində onu əsir etmiş amansız taleyə qarşı mənasız qiyamdan əzab çəkdiyi kimi, o özü də görünməmiş iztirablar duyurdu; sanki gözəgörünməz buxovlarla tarıma çəkilmiş ruhu ağrıdan qıvrılır, onun üçün bütün yasaq, əlçatmaz, ona görə də ən arzuolunan və qarşısıalınmaz dərəcədə cəlbedici görünən nələrinsə ifadə olunduğu bu əsərə qovuşa bilmirdi.
Bir səhər o, sonsuz heyrət içərisində anladı ki, bütün həftə ərzində ona əzab verən dərin kədər nə onun daxili halətindən, nə də üzərində işlədiyi sənət əsərinin tələb etdiyi formanı tapa bilməməsindən yaranır. Əksinə, həmin duyğu artıq ona canlı görünməyə başlayan bu qadının dözülməz iztirablarına olan dərin və səmimi hüsn-rəğbət hissi idi; bəlkə də – o özü-özlüyündə bu fenomenə aydınlıq gətirmək istəyirdi – bu yarımçıq eskizə o qədər çox və diqqətlə baxmışdı ki, indi şüuruna həkk olunmuş və həyat vermək istədiyi həmin o ifadəni artıq tapa bilmişdi. Bircə onun modelləşməsini dəqiq işləyə bilsəydi...     
– Yox, bacarmaram! – deyə o, heyifslənirdi.
Ona elə gəlirdi ki, indi azad etmək iqtidarında olmadığı bu füsünkar varlığı (axı onu harada görmüşdü, haradan tanıyırdı?)  hərəkətsiz dayanmaq kimi ağlasığmaz bir işgəncəyə məhkum etməklə cinayət işlədir. Əvvəlcə ona ağılsız və sərsəm görünən bu fikir şüuruna günbəgün daha da möhkəm həkk olunur, onda vicdan əzabı oyadırdı. Ancaq bununla belə, bu vəziyyət onu bir qədər vəcdə də gətirirdi – axı belə hadisələr hamı ilə baş vermir. Və bütün bunlar, şüursuz halda olsa da belə, onun ruhunda yetişmiş yaradıcı güdrətə, intellektual qüvvəyə və  cəsarətə dəlalət edirdi.
O, səhər tezdəndən emalatxanasına qapanır, axşamdan xeyli keçmiş isə oradan çıxırdı. Əgər kimsə onun eskiz qarşısında gözlərini məchul nöqtəyə zilləyərək, hiss və ruh arasında bütün əlaqələri pozan bir məlahətə valeh olaraq yerindəcə donub qalmış dayandığını görə bilsəydi; əgər kimsə – xüsusilə də bu son günlərdə – onun şəhadət barmağının ucunda gil olan əlini heykələ tərəf apararkən (əsər modelləşərək aydın forma almaqdan daha çox yapılmamış qalsa da) onu qadının çıplaq bədəninə yaxmaqla günah işlədədcəyindən qorxurmuş kimi özünü itirməsini, titrəyən əlini birdən-birə necə geri çəkdiyini görə bilsəydi; nəhayət, əgər kimsə uzun sürən məcburi fasilələr zamanı onun sifəti dəyişmiş halda divana necə sərildiyini, əlləri ilə qəzəbindən divanın üzlüyünü necə didib-sökdüyünü görsəydi – o şəxs heç vaxt təsəvvür edə bilməzdi ki, bu cavan oğlan onu səs-küylü məclislərin və kübar cəmiyyətin qəhrəmanına çevirən xoş xasiyyətini yalnız ona görə itirib ki, bu naqis sənət nümunəsi ona bir fikri təlqin edir: onun əsərində canlı insan varlığı iztirab çəkir!
– Mən onu harada görmüşəm?... Haradan tanıyıram? – deyə  o, öz-özünə əbəs yerə suallar verirdi.
Həmin səhər emalatxanaya yollanarkən müasir ofort və təsviri sənətin şah əsərlərindən ibarət fotovitrinin qarşısında ayaq saxladı.
– Oho... Sən hələ sağsan? – deyə kimsə əli ilə onun kürəyinə dostcasına şappıldadıb zarafatla söz atdı. – Hə, nə ilə məşğulsan? Heç olmasa işləyirsən, yoxsa sarsaq Dorini kimi yenə də növbəti ətəyin dalınca düşmüsən?
–  Əl çək, sən Tanrı, – deyə Vittorio D`Areba cavab verdi.
– Başa düşdüm, deməli ruh düşkünlüyü? Neynək, lap yaxşı. Yalnız axmaqlar daima özlərindən razı gəzə bilirlər.
     – Sən əgər bilsəydin başıma nələr gəlib...
– Niyə bilmirəm ki? Hamının başına gələndən... Ancaq, hamı öz-özlüyündə elə hesab edir ki, onun başına gələnlər başqa heç kəsin başına gəlməyib. Nə isə məxsusi, mühüm hadisədir... Hə, nə isə, buyur görək!
Culio Nolli hamı ilə belə ciddiyyət və rişxənd arasında bir əda ilə danışardı və onun yüksək mədəniyyətinə, zərif sənətşünas zövqünə bələd olmayanlar çaş-baş qalıb bilməzdilər ki, bu adam islaholunmaz pedantdır, yoxsa möhtəşəm bir boşboğaz?!
Sənətşünas dostunun mülahizə və məsləhətlərinə yüksək qiymət verən Vittorio D`Areba həmin o “Buyur görək”dən bir qədər tutularaq gizli saxladığı mətləbi ağzından qaçırdığına peşiman oldu. İndi isə söhbətdən yayınmağın özü çox böyük ədəbsizlik olardı.
– Bəlkə də, – deyə, o cavab verdi, – inanmayacaqsan, ancaq... Yəqin, bir çoxları kimi, sən də əlin yüngüllüyünün sənətkarın istedadında ikinci dərəcəli olduğunu düşünmürsən. Məndə olan bu bacarığı tez-ez tərifləmək sənə xoş gəlirdi... Ancaq, inanmazsan... Artıq ay yarımdır ki, əlləşirəm... boş bir şeylə... fəal hərəkətdə olan bir qadın fiquru ilə... O mənim gözlərim önündə məhz belə canlanmışdı... Bax, elə indi də düz gözlərimin önündədir,canlı qadın naturasından da gözəl...Ancaq, nə mənası ...
– Allah bilir fikrini ifadə etmək üçün beynində hansı ideyanı, hansı simvolu gəzdirirsən?! İndi siz heykəltəraşlar da ictimai rifah, mədəniyyət və kütlələrin azadlığı üçün öz töhfələrinizi vermək istəyirsiniz!.. Siz ya ideya və simvollarla pərdələnərək baxmaq belə mümkün olmayan eybəcər heykəllər yaradır, ya da heç eybəcər bir şey də düzəldə bilmirsiniz.
– Səhv edirsən, əzizim. Mən bu fiquru, sadəcə, belə görmüşəm. Xəyalımda canlandırmışam... Daha doğrusu o mənim gözlərim önündə birdən-birə canlanıb... Onun bu çılğın hərəkətlə nə demək istədiyini sənə anlada bilmərəm, ancaq dərhal azad etmək istədim, dərhal işə başladım. Fikrim bu işi iki-üç günə qurtarmaq idi. Ancaq ay yarımdır ki, bir yerdə dayanmışam, hətta eskizi necə bitirəcəyimi belə, bilmirəm... Hələ yalnız eskizi!.. Bütün bu qəribəliklər mənə elə təsir edir ki... Gözlərini süzüb eləmə... Ancaq, yəqin, ağlım çaşır.
–  Bah! Bah!
–Və xəyalım bu qadın fiqurunda o qədər həyatlar canlandırır ki, cansıxıcı bir təəssüf hissi duyuram,  sanki... Bəsdir gözlərini süzdürdün! Amma elə bil yarımçıq bir sənət əsərinin bitirilməsində deyil, mənim günahım üzündən tələyə düşmüş, köməyinə yetə bilmədiyim canlı bir insanın əzabkeş qətlində iştirak edirəm.
– Sən bir işə bax! Mütləq bu möcüzəyə baxmaq lazımdır!
– Sən, yəqin, “ bu biabırçılığa” demək istəyirdin. İnan ki, özüm-özümdən utanıram. Bəlkə, ağlımı itirirəm? Ya da, ola bilsin ki, ağlım çoxdan çaşıb...
– İkincisi həqiqətə daha yaxındır, – deyə sənətşünas dodaqucu istehza ilə söylədi, ancaq dostunun könlünə dəyəcəyindən ehtiyat edərək, əlini hərarətlə sıxaraq anlatdı ki, zarafat edir.
Gənc heykəltəraş onun emalatxanasına mütləq baş çəkmək istəyən sənətşünasın təzyiqlərinə bir müddət davam gətirsə də, axırda tabe oldu.
– Bəlkə nəsə məsləhət görəsən.
– Ona ehtiyac olmayacaq.
Culio Nolli eskizi görcək gözlərini döyə-döyə bir anlıq ayaq saxladı, heykəltəraşın heyrətinə heç də az səbəb olmayan bir gərginliklə, onun qərar gözlədiyinə zərrə qədər də məhəl qoymadan əsəri hər tərəfdən diqqətlə nəzərdən keçirməyə başladı.
– Oho! Bu ki əsil hadisədir! – Nolli, nəhayət, ucadan söylədi. – Sən ki öz şah əsərini yaratmısan! Əmin ol ki, gələcəkdə bundan daha yaxşı bir şey yarada bilməyəcəksən. Bunu sənə mən deyirəm.
– Məni ələ salmısan?
– Görünür, başın, doğrudan da, xarab olub... Bir halda ki, bu cür əsərin qiymətini anlamırsan. Onun yeganə, özü də islaholunmaz nöqsanı var, – deyə heykəli nəzərdən keçirməkdən doymayan Nolli əlavə etdi, – o elə eskiz vəziyyətində də qalmalıdır! Heç bir heykəltəraşın qüdrəti çatmaz ki, bu əsərdəki natamamlığın bütün təravətini saxlamaqla, onu mərmərdə əks etdirə bilsin. Bunun üzərində daha artıq işləməyə cəsarət etmə. Sən bu ekspressiyanın donmuş dəhşətini yalnız korlaya bilərsən... Belə bir mükəmməllik isə ancaq o səbəbdən mümkün olub ki, sənətkar instinktin səni daha zərif modelləşmədən qoruya bilib.
Vittorio D`Areba sarsılmışdı. Gözləri yaşla dolduğundan əsərini duman içindəymiş kimi görürdü. Tənqidçi isə tərif deməkdən doymadan bu üzgün qadın heykəlində gördüyü ideyanı daha da açıqlayır, genişləndirir, eyni zamanda da suallar verirdi:
– Deməli, sən bütün bunlar barəsində heç nə düşünməmisən?
– Heç nə!
– Əla! Təbiətin həyatverici qüvvəsi məhz belə bir sirli anlaşılmazlıqla yaranış bəxş edir və saysız-hesabsız təbiət qüvvələrindən biri olan sənətkar dühası başqa cür qurula bilməz. Sən dərhal qəlib sifariş et və eskizini bürüncdən tök. Qarşıdakı sərgidə nə qiyamət qopacağını özün görəcəksən!
– Bəs?.. – D`Areba əlini sualverici bir hərəkətlə havada yellədi.
– Adını nə qoyasan? Elə, belə də qoy:  “Adsız ağrı”
– Sağ ol! Elədir ki, var  – heykəltəraş pıçıldadı.
O, içində bu adsız ağrının bütün iztirablarını hiss edir, onun  sənət möcüzəsinə ! – sonsuz fərəhə çevrildiyini duyurdu.



 

 İtalian dilindən
 tərcümə edən
 Cəmşid Cəmşidov

 

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.