Azad Qaradərilinin yeni romanı "Əllidən bir kəm" çıxdı
02.03.17
Yazıçı Azad Qaradərəlinin “Əllidən bir kəm” adlı yeni romanı işıq üzü görüb. Bu, müəllifin 6-cı romanıdır. Yazıçı Oxu Zalına deyib ki, əsərin süjeti xətti təxminən üç saat ərzində baş verən hadisədən alınıb. Əyalət şəhərindəki institut filialında dövlətimtahanı götürməyə gəlmiş İmir Çingiz adlı ali məktəb müəllimi bir diplomat pulla geri qayıdır və bu zaman arxadan onun maşınını başqa bir maşınla təqib edirlər. Təqibdən xilas olmaq üçün üç saatlıqyolu qorxu içində sürətlə maşın sürən İmir müəllimin bütün ömrü gözünün önündən gəlib keçir – süjet içərisində süjetlər meydana gəlir. İntihar etmiş alim Məsud Əlioğlu, sürgündə məhv edilmiş Hüseyn Cavid, ayağına daş bağlanaraq Xəzərə atılan Müşfiq, ona doğru yol göstərən İsmayıl Şıxlı, namuslarına təcavüz etdiyi tələbə qızlar… Və bir də mistik duyğuların ağ-qara magiyasından süzülənlər: 49 yaşında özünü asan institut müəllimi – Cavidin “Əllidən bir kəm” əsərinin yeganə tanığı olan kitab-adam, bir-birini qıran, bir-birindən danos yazan Azərbaycan yazıçıları, 25-ci kadra girən elm adamalarımız, oxumamaq üçün pul verən bizlər... Və... və qulağımıza hər gün, hər saat pıçıldayan səslər: “Cızığınızdan çıxmayın!..”
Oxucu elmi-bədii, fəlsəfi-detektiv notlarla zəngin olan romanda indiyəcən bilmədiyi bir çox həqiqətlərlə üz-üzə qalacaq. Həqiqət həmişə sirli və bir az da qorxulu olub. Amma o əsl sirdirsə, haçansa çözülməliydi – ona əmanət çatdırmaq istədiyi üçün arxasınca maşın sürən dostunu orqan işçisi zənn edən qəhrəmanın başına daha hansı işlər gəlir? Bunları bilmək üçün “Əllidən bir kəm”i oxumanız lazım.
“Alatoran” yayınlarında işıq üzü görən kitabın redaktoru Sevinc Elsevər, rəssamı Sürəyya Muğanlı, naşiri Rasim Qaracadır. /oxuzali.az/
|