Misir Məmmədli - Ənənə ilə modernləşmə arasında Tanpınar
22.02.17

Türkiyəli yazar Ahmet Hamdi Tanpınarı oxumaq çox da asan iş deyil. Belə bir niyyətdə olan oxucu xeyli hazırlıqlı olmalıdı. Çünki Tanpınar yaradıcılığına girişmək oxucudan geniş tar`ix, kültür, ədəbiyyat və ya sənət biliyi tələb edir. Mən - İstanbul, Bursa, Ankara, Konya və Ərzuruma həsr etdiyi esselərindən ibarət - "Beş şəhər"lə başladım. (Kitabın azərbaycanca tərcüməsinə rəğmən türkcə oxuyun). ""Beş şəhər" diqqətlə oxunduqda Tanpınarın çoxlu sayda rəsmi osmanlı tarixi və səyahətnamə oxuduğunu, rəsmdən musiqiyə, mifologiyadan övliyya həyat hekayətlərinə qədər zəngin bir referanslar dünyasına sahib olduğunu, həm keçmişi və bu günü ilə türk ədəbiyyatını, həm də Avropa ədəbiyyatını çox yaxşı bildiyini görür və heyrət içində qalırıq" - belə yazır Tanpınarın baş vurduğu mənbələrin heyrətləndirici zənginliyi barədə bioqrafiya yazarı Beşir Ayvazoğlu. Tanpınar oxucudan ciddi bir bilik ehtiyatı tələb etməklə yanaşı, üslubunun xüsusi bir parçası olan dili ilə də diqqət çəkir. Bu da onu, ən azından "Beş şəhər"i, oxucu üçün çətinləşdirən digər bir səbəbdir. Bəs həmin dil Tanpınar barədə indi bizə nə danışa bilər?

Yazarın gənclik illəri Türkiyə Cumhuriyətində Mustafa Kamalın rəhbərliyi ilə yeni bir təməldə millət və toplum qurucuğuluğu ilə eyni dövrə düşürdü. "Devri-sabık"ın (ancien regime) başlıca atributlarına qarşı açılan siyasi-mədəni savaşın güclü şəkildə həmin atributların simvolizə etdiyi osmanlı keçmişini ictimai həyatdakı min illik hökmranlığından məhrum etdiyini Tanpınar öz gözləri ilə görmüşdü. Bununla yanaşı, həyatın bütün sahələrinə sürətlə gələn, yeni bir gələcək yaratmaq üçün keçmişdən-ənənədən radikal bir qopuş ilə səciyyəli olan dəyişikliklərin içində şəxsən yaşayan başqası deyil, elə Tanpınarın özü idi. Bu prosesin ən mühüm həlqələrindən biri də dil və əlifba inqilabları oldu. Cumhuriyyəti quran elit təbəqə, zəruri şəkildə, toplumun modernləşməsi və inkişaf etmiş millətlər cərgəsinə qoşulması üçün osmanlı dil və əlifba mirasından imtina etmək, digər ictimai-siyasi islahatlarda olduğu kimi "fransız dünyəviliyi" təməlində modern bir dil qurmaq fikrini müdafiə edirdi. Və bunun məhsulu kimi, təbii olaraq, Türkiyədə 30-40-cı illərin ədəbiyyat və publisistikasında ərəb, fars və türk sözlərinin qarışımından ibarət olan mürəkkəb osmanlıcanın yerinə getdikcə yeni və daha sadə bir dil gəldi. Lakin, qəribədir ki, "Beş şəhər"ə baxdıqda Tanpınarın yazı dilinin bu istiqamətdə çox da dəyişikliyə uğradığını görmürük; müəllif, qarşılaşa biləcəyi bütün neqativ münasibətlərə baxmayaraq, əsərində əski və çətin anlaşılan kəlimələrdən, mürəkkəb cümlə quruluşlarından imtina etmir, əksinə, onları milli yaddaşın bir parçası hesab edərək tarixi-mədəni dərinliklərini ortaya çıxarır və yenidən yaşar hala gətirir. Əski sözlərdən gen-bol istifadə edən Tanpınarın bunda əsas məqsədi Bergsonçu parçalanmaz, bütöv zaman anlayışıyla keçmiş ilə yeni arasında ünsiyyətin-əlaqənin (keçmişin heç olmamış kimi yox sayılaraq) qırılmaması idi. Başqa sözlə, o, Prustsayağı itirilmiş zamanın izinə düşür, hüznlə keçmişin uzaq bir xatirəyə dönməsinə şahidlik edərkən zaman duyğusunun itməməsinə, keçmişi bu günə bağlamağa çalışır. "Beş şəhər" sanki nəhəng tablolar kimidi, hansısa zirzəmi qatına atılıb qalmış, üstünü toz basmış, artıq kiməsə lazım olmayan, modası keçmiş. Tanpınarsa, hamının unutduğu yaxud unutmağa üz tutduğunun kəşfinə çıxan, böyük bir həyəcan və heyranlıqla onları göz önünə çəkib gətirən, tozlarını silən, itmiş rənglərini bərpa edən, kütlə cəhənnəminə, sürət və "yıkım merakı"na yenilmiş İstanbulun ən gözgörən yerlərində gözdağı kimi asan amansız bir həvəskardı.
Bəlkə də, üslub və dil məsələsinə, dolayısıyla kültür mühafizəkarlığına görə idi ki, "Beş şəhər" 1946-cı ildə Türkiyədə ilk dəfə nəşr olunarkən yazarın gözlədiyi marağı yaratmır. Tanpınar həmin illərdə kitabının oxunmaması və tənqid əksikliyindən şikayət edərək öz gündəliyində yazırdı: ""Beş şəhər"lə, oxunmayanı bəhs edilməyən Beş şəhərlə, bütün o hekayələr və romanla türk ədəbiyyatının bütöv bir tərəfiyəm... Bunların Türkiyəyə, türkçəyə gətirdiyi heç bir şey yoxdurmu?... Bəs şeirlərim?... Fəqət nə üçün bu qədər haqsızlıq? Bu işdə əksiyim nədir!" Ya da Tanpınar, argentinalı yazar Alberto Manguelin keçən il çıxan "Tanpınarın izində: beş şəhər" kitabında diqqət çəkdiyi kimi, ona universitetdə dərs demiş ustadı, maarifçi nəslin ən çox oxunan-sevilən şairi və özünün də onun açdığı düşüncə yolunda irəlilədiyi Yəhya Kəmal kimi oxunmağı və ya tanınmağı gözləyirdi. Tanpınarın özünə görə, Y.Kəmalın onun üzərindəki əsl təsirlərindən biri də şeirlərindəki dil gözəlliyi idi. "Dilin qapısını bizə o açdı ..."
***
Tanpınar "Beş şəhər"ə girişində əsərin əsas mövzusu "həyatımızda yox olan şeylərin ardından duyulan üzüntü ilə yeniyə qarşı bəslənən güclü istəkdir. İlk baxışda bir-biriylə zidd görünən bu iki duyğunu sevgi kəliməsində birləşdirə bilərik. Bu sevginin özünə çərçivə olaraq seçdiyi şəhərlər mənim həyatımın təsadüfləridir" şəklində ifadə etmişdi. Məncə, bir insan və yazıçı olaraq Tanpınarın həyat və yaradıcılığının bütün enerjisi və bütün gücü, buna mənası da deyə bilərik, yuxarıdakı bir neçə cümlədə ifadə olunub. Ankara, Ərzurum, Konya, Bursa, İstanbulun dərin bir sənət, kültür və tarix şüuru ilə qatı hissiyyatlılığın bir-birinə qarışdırılaraq yazılmış, "deneme"nin sərhədlərini qətiliklə aşan hekayətlərinin hər birində, ilk baxışdan, artıq baş alıb getməkdə, xatirəyə çevrilməkdə olan keçmişə qarşı duyulan güclü bir həsrət və sevgi hiss edilir. Təsadüfü deyil ki, Tanpınar "yaşanmış həyat unudulmur, nə də tamamilə itmir, istər-istəməz bu günün yaxud dünənin tərkibinə qatılır" yazırdı.. Osmanlı şəhər keçmişinə qarşı duyulan güclü bir həsrət və sevgi hissi, xüsusilə İstanbul haqqında yazılanlarda çox güclüdür.

İnsanların taleyinə çevrilən şəhərlər var. İstanbul belə şəhərlərdəndi. Məncə, bu mövzuda ən təsirli romanlar Orhan Pamuk yazıb. Onun "İstanbul. Şəhər və xatirələr" kitabı bunun necə baş verdiyi haqdadı: "Ben doğmadan yüz iki yıl önce İstanbul’a geldiğinde şehrin kalabalığı ve değişikliğinden etkilenen Flaubert, bir mektubunda Constantinopolis’in yüz yıl sonra dünyanın başkenti olacağına inandığını yazmıştı. Osmanlı İmparatorluğu çöküp yok olunca, bu kehanetin tam tersi gerçekleşti. Ben doğduğumda İstanbul, dünyadaki görece yeri bakımından iki bin yıllık tarihinin en zayıf, en yoksul, en ücra ve en yalıtılmış günlerini yaşıyordu. Osmanlı İmparatorluğu’nun yıkım duygusu, yoksulluk ve şehri kaplayan yıkıntıların verdiği hüzün, bütün hayatım boyunca, İstanbul’u belirleyen şeyler oldu. Hayatım bu hüzünle savaşarak ya da onu, bütün İstanbullular gibi en sonunda benimseyerek geçti". 1952-ci doğumlu Orhan Pamuk belə güclü İstanbul hüznü və həsrətini bəlkə də Tanpınardan miras almışdı, amma, bu, ömrünün ilk 22 ilini şəxsən Osmanlıda yaşamış, böyük bir İmperiyanın və mədəniyyətin yox oluşunu, rəngləri və keçmişi ilə min bir gecə xəyalı kimi itib getməsini çarəsizcə seyr etmiş Tanpınarın 'İstanbul' həsrəti ilə müqayisəyə gələ bilməz.
Tanpınarın Türkiyə modernləşməsinin ən "mod" mərhələsində keçmişə aid olan kültür və sənət rənglərini capcanlı və incəliklə öz zamanına daşıya bilməsi, bu hal, dövrün qərbçiləri tərəfindən onun "ənənə düşkünü", dolayısıyla "mühafizəkar" adlandırılmasına səbəb olmuşdu. Lakin bu gündən geriyə nəzər saldıqda, Tanpınara aid edilən yarlıqlardan hansınınsa ona yaxşıca yapışdığı görmürük. Çünki, o, heç bir zaman "mühafizəkar" sözünün terminoloji mənasına uyğun gələn mühafizəkar bir kimlik daşımayıb. Tanpınar qətiyyən keçmişə dair olan dərin hissiyyatlılığının əsarətində ilişib qalmır, əksinə, ondakı keçmiş həsrətini həmişə yeniyə-gələcəyə dair böyük ümid və inam izləyir. "Necə modernləşə bilərik və ya ən doğru şəkildə necə modernləşə bilərik?" sualı yaxud milli kimlik məsələsi istər romanlarında, istərsə də digər əsərlərində Tanpınarın fikrini Türkiyənin əsas ictimai məsələlərindən biri kimi daim məşğul edib. Ənənənin güclü şəkildə təcrid edildiyi bir dövrdə, hələ Türkiyə bir çox yenini ilkin təcrübə edərkən, həyat və gələcək üçün bunların hər ikisinin müştərək olmalı olduğunu Tanpınardan öyrənirik; eyni zamanda, mühafizəkar bir tarix şüuru ilə keçmişdə ilişib qalmamalı, inkişaf və dəyişiklik üçün üçün yeninin yolu rəhbər tutulmalıdır. "Hadisələrlə bərabər biz də dəyişərik və biz dəyişincə keçmişimizi də yenidən qurarıq" deyən də Tanpınar idi. Tanpınardakı köhnə ilə yeninin bu sintezi onun keçmişə olan dərin hissi bağlılığı ilə yanaşı, Mustafa Kamala, onun şəxsiyyətinə və fəaliyyətinə olan böyük sevgi və hörmətində təcəssüm olunub. "Beş şəhər"də Atatürkü, onun rəhbərliyi ilə verilən istiqlal mücadiləsinə böyük bir heyranlıqla, bu "Anadolu aslanı"nı Ankara qalasına bənzədən Tanpınar, Mustafa Kamal Türkiyəsinin gələcəyinə böyük ümidlər bəsləyirdi.
***
İndinin Türkiyəsindən geriyə baxanda artıq hər biri xəyala bənzəyən Tanpınarın şəhərləri, müəllifin öz vaxtında etdiyi kimi, bu gün də keçmiş zamanın kəşfi təəssüratı yaradır. Atatürk icadı Türkiyə və ondan geriyə qalanların kölgəsində, məsələn Ankara hələ də öz ilkin bürokratik qərbli imicini qoruyub saxlayır. Lakin Ankara müxtəlif vaxtlarda bu yerlərdə yaşamış, imperatorluqlar qurmuş və tarixə qarışmış bir çox xalqın mirasçısı kimi eqzotik keçmişin izlərini də kürəyindən atmayıb. Tanpınarın diqqət çəkdiyi "zıtlar mecmuası" - e.ə. I əsrə aid Roma imperatoru Avqustun adına olan məbədin qalıqları və yaxınlığındakı Hacı Bayram Vəli Bektaşi Camisi onlarla başqa sənət nümunələri kimi orta əsrlərdə paqan, xristian və müsəlman mədəniyyətlərinin necə manesiz ünsiyyətə girə bildiyini və Osmanlının necə böyük bir multi-kultural-etnik qovşaq yeri olduğunu göstərir. "Hacı Bayramı Roma qartalının bu mərmər yuvasında çiləxanasını seçməyə aparan gizli təsadüf nədir?" - Tanpınarı keçmişdə özünə çəkən həm də ümumi mənzərənin bu incə detalları olmalıdı. Mədəni və dini müxtəlifliklərin bir yerdə yaşaya bildiyi, təbiətinə zidd olsa da yeni gələnin ənənəyə anlayış və dözümlülük göstərdiyi, yeninin içində keçmişin də yaşadıldığı müasir Türkiyə arzusunun görəsən nə qədəri xəyal, nə qədəri gerçəkdir?
Müasirimiz olan Türkiyədə Cumhuriyyətdən üzü bu yana ənənə və keçmişi tamamilə inkar edib lazımsız bilən, ölkəni tarixi köklərindən qoparıb əvəzində yerinə ictimai mühəndisliklə tamamilə dünyəvi təməldə Qərb tərzi modernləşmə qoyan axınlarla Osmanlı keçmişini iki əsr əvvəlki halı ilə götürüb bu günə gətirmək, tətbiq etmək istəyən axınlar həmişə yan-yana yaşayıb. Bu Mühafizəkar və Qərbçilər arasında siyasət və düşüncə sahəsində olan fikir ayrılıqlar ilə ziddiyyətlər Türkiyədə mütəmadi olaraq baş verən və həyatın bütün sahələrinə ciddi şəkildə neqativ təsir göstərən krizlərin başlıca səbəbləri arasındadı. Bu baxımdan, keçmiş, bu gün və gələcək arasında, Şərqlə Qərb arasında, Osmanlı ilə Cumhuriyyət arasında bağ qurmağa çalışan Tanpınarın "davam edərək dəyişmək, dəyişərək davam etmək" formuluna diqqət edilməsi Türkiyənin siyasi-kültürəl ziddiyyətlərinin həllində mühüm vasitə ola bilər. Bu formuldakı "davam" keçmişə işarə edir və ənənədən radikal qopuşu bəyənmir, əksinə, ənənə ilə bağı güclü tutmağa çağırır. "Dəyişmək" isə, yenilik və inkişafa açıqlığı bildirir. Lakin, bir çoxlarının da vurğuladığı kimi, bu iş hazırda Türkiyədə əksəriyyətin başa düşdüyü "möhtəşəm dövrlərdən dəm vurmaq, ənənəyə aid olan hər şeyi doğru və gözəl kimi bütləşdirmək, tarixin küllərinə ibadət" və keçmişi mexaniki olaraq təkrarlamaq demək deyil. Mühafizəkar axının hədəfi "keçmişi çağın şüuruna tərcümə etmək, yenidən yaşar hala gətirmək, yaradıcı həmlə ilə gələcəyə daşımaq, gələcək üçün bəsləyici qaynaq halına gətirmək" olmalıdır. Eyni zamanda, keçmişin kəşfi və yenidən qurma prosesi yaradıcı ola bilməsi üçün yaşadığımız əsri yaxşı oxumalı və dünya ilə ayaqlaşa bilməlidir.

Yekunlaşdırsaq, Tanpınarın mühafizəkar yaxud modernçi olduğu bu gün haqlı olaraq müzakirə, hətta mübahisə mövzusu ola bilər. Lakin, Türkiyənin hazırda keçirdiyi krizlər köhnə ilə yenini sevgi ilə birləşdirmə yaxud ənənəni modernləşmənin, modernləşməni də ənənənin düşməni kimi şərh etməmə cəhdində Tanpınarın nə qədər haqlı olduğunu göstərmək baxımından əhəmiyyətlidir və elə bu hal, hazırda onu Türkiyə fikri-ictimai həyatı üçün yenidən aktual edir.

İstifadə olunub:
Ahmet Hamdi Tanpınar, Beş Şehir, Dergah Yayınları, 2005, İstanbul.
Alberto Manguel, Tanpınar'ın izinde: Beş Şehir, Yapı Kredi Yayınları, 2016, İstanbul.
Orhan Pamuk, İstanbul. Şehir ve Hatıralar, İletişim, 2012, İstanbul.


Misir Məmmədli

Kultura.az

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.