Əli Şirin Şükürlü - Bir gün eşitdi ki, intihar edib...
08.02.17
ƏDƏBİ SUPREMATİZMƏ aid yeni şeir
Akrofobiya
Məktəbdə bir dostu var idi, eyni binada yaşayırdılar həm də. Dərsdən sonra tez-tez yaşadıqları evin damına çıxardılar – çardaqdan yol vardı evin damına. Pilləkənləri qalxarkən dostu həyacanlanar, əlini çəkməzdi divarlardan. Dama çatınca isə tutmağa yer axtarardı. Sonra tez də bir-birinə söykənək oturub seyr edərdilər şəhəri. Əvvəl bir müddət susardılar adətən, sonra söhbət üçün müxtəlif mövzular tapılardı öz-özünə; yeniyetməlik həyatıdı da, hamı keçər bu körpüdən. Yüksəklikdə olsalar da çox şeyə “aşağıdan yuxarı” baxardılar hələ ki. Yüksəklikdən qorxardı dostu. Yuxuda hansısa yüksəklikdən tez-tez yıxıldığını da söyləmişdi ona. Amma bəzən qəfil açıb qollarını dayanardı: nə uçmalı məkandı – açıb qollarını beləcə uçasan üzü aşağı. O, təəccüblə dostunun üzünə baxardı; hər dəfə qorxunu dəf edib, yüksəklikdən qisas almağa hazırlaşardı sanki. Sonralar bu hadisə hər yadına düşəndə çoxdan yəqin etdiyi bir fikir keçərdi ağlından: hər cür fədakarlıq və qəhrəmanlıqlar qorxu hissindən də doğula bilir.
İllər keçdikcə az-az görüşürdülər. Artıq tanınmış psixoloq idi uşaqlıq dostu. Xöşbəxt görünürdü ilk baxışdan; rahat, daima üzündə təbəssüm. Bir gün eşitdi ki, intihar edib, yaşadığı çoxmərtəbəli evin damından atıb özünü. Kədərləndi. Məktəb xatirələri canlandı yaddaşında, ən çox da dostunun uçmaq ehtirası – qollarını geniş açıb və dayanıb damın kənarında.
Qırmızı lent sarılmış fotosuna baxa-baxa fikrə dalıb düşünürdü qeyri-ixtiyari: görən, akrofobiyası olan uşaqlıq dostu nəhayət, neçə metr uça bilib üzü aşağı.
... – 17.01.2017 .
|