Məmməd Qocayev - “Əsas insan” və əsərin əsas qəhrəmanı Alyoşa Karamazov
07.02.17

Alyoşa Karamazovu Mitya "əsas insan” adlandırır. Dostoyevski isə onu xadim adlandırmaqla əsərdə onun yerini təyin edir. Yazıçının yaradıcılıq məramına görə, gələcəkdə Alyoşa Karamazov əsərin baş qəhrəmanı kimi görnmədi və bütün hadisələr onun ətrafında cərəyan etməli idi. Lakin gözlənilməz ölüm yazıçıya bu məqsədini həyata keçirməyə imkan vermədi. Alman mədəniyyətşünası  Osvald Şpenqler Alyoşa Karamazov haqqında söz açaraq qeyd edir ki, bu obrazın Dostoyevski yaradıcılığındakı yerini bütün ədəbi tənqid nəzərdən qaçırmışdır. Alyoşanın simasında Dostoyevski yeni Məsih obrazı yaratmaq istəmiş və beləliklə də, bu roman ilkin xristianlığın "İncil”ləri kimi, yeni dinin yaradıcılığına çevrilməli idi. Rus tənqidçisi D.Merejkovski qeyd edir ki, romanda Alyoşa yeni dini düşüncəyə çatır, amma yeni dini fəaliyyət isə baş vermir, ona görə ki, bu fəaliyyət üçün rus gerçəkliyinin özündə hələ şərait yaranmamışdı. Beləliklə, Alyoşa Kara­mazovu "yeni insan”, yeni qəhrəman, rus xristianlığının yeni həvarisi kimi başa düşmək lazımdır. İvan Karamazov, Raskolnikov, Versilov, Merejkovskinin  dediyi kimi, müasir dövrün insanlarıdırlar. Alyoşa, Zosima isə ən qədim rus döv­rünün və eyni zamanda hələ yaranmamış gələcək Rusiyanın insanlarıdırlar. Bu yeni rus xristianlığını Dostoyevski necə təsəvvür edirdi və bu yeni din necə olmalı idi? Bu suala cavab vermək çətindir. Amma bir şey aydındır ki, yeni din əski xristianlıqdan fərqli olaraq asketizmdən uzaq, həyata, həyati nəşəyə daha yaxın olmalı idi. Dostoyevskinin təsvir etdiyi xristianlıq həyat nəşəsini, həyat sevincini nəinki inkar və yasaq etmir, hətta vacib sayır. Alyoşa da, Zosima da həyatı çox sevən və asketizmdən uzaq insanlardır.
Alyoşanı oxuculara təqdim edərək Dostoyevski qeyd edir ki, bu insan, bu cavan oğlan heç də fanatik deyildi, sadəcə olaraq erkən insanpərvər idi. Öz insanpərvərlik xislətinə uyğun gələn həyatı və mənəviyyatı isə o, Zosima atanın şəxsiyyətində gördü və ona görə də öz həyatını monastırla bağladı. Sonra Zosima ata onu monastırdan çıxarıb həyata, qardaşlarının yanına göndərəcək və bununla da Alyoşanın dünyəvi həyatı və dünyəvi fəaliyyəti başlayacaqdı. Bu fəaliyyətdə, əlbəttə, Alyoşanın insanpərvərliyi onun karına gələcəkdi. Beləliklə də, onun dini duyğuları, Allaha məhəbbəti mücərrəd duyğu olaraq qalmayıb, özünü real həyata və real insanlara qarşı məhəbbətdə və qayğıda göstərəcəkdi. Alyoşa öz mənəviyyatı etibarıilə az qala İsa Məsih səviyyəsinə yüksələcəkdi. Hər halda onun hamıya qarşı dözümlü olması, heç kəsə, hətta pozğun və mənəviyyatsız atasına belə nifrət etməməsi, insanları qeyd-şərtsiz sevməsi heç də adi insani xüsusiyyət deyildir. Alyoşanın simasında yeni müsbət qəhrəman, həyatsevər, humanist, sağlam və saf ruhlu bir insan obrazı yaratmaqla Dostoyevski sanki "İdiot” romanında kamil insan yaratmaq istəyində yol verdiyi səhvi düzəltmiş olur. Onun ideal insanı Mışkin ruhi xəstə idi. Alyoşa isə ruhən tamamilə sağlamdır. Amma bununla belə o, həyat nəşələrinin, bayağı səadətin əsiri olmayaraq öz missiyasını və idealını insansevərlikdə tapır. Yəni real həyatın tələsinə düşməmək üçün heç də ruhi xəstə, həyatdan təcrid olunmuş güşənişin olmaq gərək deyil. Alyoşanın varlığındakı o Karamazov gücü başqa səmtə yönəlir. Amma Karamazovlara xas olan bu güclü ehtiras və həyat eşqi onda da vardı. Onun bu daxili gücü və ehtirası sonacan ruhi ölməzlik naminə yaşamağa sərf olunur və bu yolda o, heç bir güzəştə getmir. Əgər o, inansaydı ki, ölməzlik və Allah yoxdur, elə o saatdaca özünü və bütün həyatını ateizmə və sosializmə həsr edərdi. Beləliklə, Alyoşanın xarakterinin və şəxsiyyətinin əsas xüsusiyyətləri aydınlaşmağa başlayır: bunlar insansevərlik, sağlam vücud və sağlam ruh, realizm və real fəaliyyətdən ibarətdir. Realizm dedikdə, Alyoşanın real həyata bağlılığı, asketizmdən uzaq olması nəzərdə tutulur. Bütün bunlar da onu məhz dinə gətirib çıxarır.
İlkin din, ilkin xristianlıq bəşəriyyətin məhşər duyğusundan, dünyanın sonu­nun gələcəyinə inamdan, yəni fanilik duyğusundan yaranmışdı. Dostoyevskinin təbliğ etdiyi din və xristianlıq isə həyat duyğusuna, həyata və ölməzliyə inam hissinə söykənir. Allaha və ölməzliyə inam gətirmiş insan artıq ötəri həvəslərin və bayağı nəşələrin əsiri ola bilməz. Alyoşa qəti şəkildə inanır ki, hamı müqəddəs olacaq, hamı bir-birini sevəcək, nə varlılar, nə yoxsullar, nə məğrurlar, nə də mütilər olacaq, hamı Allahın övladları kimi bərabər olacaq. Əlbəttə, bu, dini utopiyadan başqa bir şey deyildir. Amma Alyoşanın bu utopik xəyallarında onun gələcək fəaliyyətinin əsas istiqaməti əks olunmuşdur. Bu fəaliyyət əsasən insan qəlbinin təkmilləşdirilməsinə önəlmişdir. Dostoyevski hesab edir ki, dəyişməyə və təkmilləşməyə ehtiyacı olan şey heç də ictimai quruluş deyil, insanların qəlbi və ruhudur. Alyoşanın xarakterində dinə xidmət istəyilə ictimai fəaliyyət birləşir. Bu heç də o demək deyildir ki, Dostoyevski dini dünyəvi və ictimai məqsədlərə xidmət etdirmək istəyir. Bununla belə, onun dini xristian sosializmini xatırladır, yəni dinlə həyatın vəhdətidir. Əlbəttə, dinin məqsədi heç də ictimai qüsurları düzəltmək və praqmatik məqsədlərə xidmət etmək deyildir. Amma dinin təbliğ etdiyi mənəvi və ruhi kamillik son nəticədə ictimai kamilliyə gətirib çıxarmalıdır. Kamil insan qeyri-kamil cəmiyyətdə yaşaya bilməz. Ona görə də insanlar sosializmə deyil, İsaya və onun dininə can atmalıdırlar. Amma bu dinə və İsa mənəviyyatına çatmış insanlar artıq kamil cəmiyyət qurmaya, kamil ictimai münasibətlərdə yaşamaya bilməz. Yəni mənəvi kamilliyə can atmaq özlüyündə ictimai kamilliyə gətirib çıxarmalıdır. İnsanlar İsa kimi kamil olmayınca heç bir kamil cəmiyyətdən söhbət gedə bilməz.
Alyoşanın xarakterinə və dünyagörüşünə təsir edən əks amillər onu ağır şübhələrə salır. Bir tərəfdən İvanın fəlsəfəsi, digər tərəfdən Zosimanın nəsihətləri onu çıxılmaz vəziyyətə gətirib çıxarır. Çox güman ki, Alyoşanı həyatda hələ çoxlu sayda çaşqınlıqlar və səhvlər gözləyir. Həyatdan baş açmaq o qədər də asan olmayacaq. Mütləq inam üçün həyatdakı aşkar əks faktlara məhəl qoymamaq lazımdır. Əsl inamı heç bir aşkar fakt sarsıtmamalıdır. Məsələn, İsanın meyitini görmüş insanlar bu aşkar faktın əleyhinə olaraq yenə də onun dirildiyinə inandılar. Əsl inam budur – aşkar faktın əleyhinə olaraq mövcud olan, sönməyən, yox olmayan inam. Alyoşanın həyatında da belə sarsıdıcı, onun inamını az qala yox edəcək fakt vardır. Bu, Zosima atanın nəşinin qoxumasıdır. Hamı əmin idi ki, Zosima ata müqəddəsdir və ona görə də onun nəşi təmiz qalmalıdır. Amma belə olmadı, üfunət bu müqəddəsliyə kölgə saldı. Elə onda da Alyoşanın qəlbində bir etiraz, bir qiyam duyğusu baş qaldırdı. O, Allahın əməllərinin ədalətli olduğuna şübhələndi. Əlbəttə, bu, çox ağır bir sınaq idi. Bu ağır iztirablar Alyoşaya Mityanı unutdurdu. Axı o, indi Mityanın yanında olmalı idi. Əgər o, Mityanı unutmasaydı, onun yanında olsaydı, ata qətli baş verməzdi. Deməli, Alyoşanın inamı zəifləyən kimi onun da günahı ucbatından faciə baş verir. Alyoşa Mityanı unudaraq Rakitinlə birlikdə Qruşenkanın yanına gedir. Qruşenkanın isə Alyoşaya qarşı son dərəcə naməhrəm bir qəsdi vardı. Amma hər şey başqa səmtə yönəlir. Qruşenka Alyoşanı yoldan çıxarmaq əvəzinə onu bir qardaş kimi sevir. Bu da Alyoşanı xilas edir. O, monastıra gələrək Zosima atanın tabutu önündə diz çökür, onun müqəddəs inamı yenidən özünə qayıdır.
Burada Alyoşa mürgüləyir və yuxu görür. Yuxuda o, Qalileyanı, kasıb toyunu, İsanın toyda iştirakını və suyu şəraba döndərərək şadlığı davam etdirməsi səhnəsini görür. İsayla bu görüş Alyoşa üçün bəxşiş idi, mükafat idi, ona görə ki, o, bir qədər əvvəl zavallı Qruşenkanın qəlbini ələ almış və onu xilas etmişdi. Alyoşa çölə çıxır, ulduzlu göylərə sarı boylanır və bir anlığa elə hiss edir ki, hansısa uzaq dünyalardan ona güc gəlir, yerlə göy birləşir, onun qəlbində əbədi inam, əbədi sevinc bərqərar olur. Alyoşa diz çökür, göz yaşları içində torpağı öpür və ayağa qalxır. Şübhələr içində əzilən zəif bir oğlan mətin bir cəngavərə çevrilir. Ona güc verən qəlbinə qayıtmış inam idi. Yalnız Allaha iman gətirən insana aləm bu qədər gözəl və ecazkar görünə bilər.
Zosima atanın ölümündən sonra Alyoşa monastırdan çıxır və onun dünyəvi həyatı başlanır. Alyoşanın dünyəvi həyatı əsərin sonrakı hissələrində təsvir olun­ma­lı idi. Amma Alyoşanın gələcək fəaliyyəti mövcud olan hissələrdən də aydın olur. Bu mənada əsərin sonuncu kitabında təsvir olunan Alyoşanın uşaqlarla mü­nasibəti və onların arasında apardığı təbliğat səhnəsi vacib yer tutur. Alyoşa uşaqları ölüm aya­ğında olan zavallı İlyuşanın ətrafında toplaya və ona qarşı uşaqların qəlbində mərhəmət və qayğı hissi oyada bildi. Məsələn, Kolya Krasotkin özünün sosialist ide­­­yalarına rəğbətindən danışır. Alyoşa bu məğrur oğlanın ehtiraslarını öz məhəb­bə­ti gücünə ram edə bildi. Alyoşanın gələcək fəaliyyəti yəqin ki, elə bu yöndə, yə­ni insanların ruhuna və qəlbinə yönəlişik və onların islahı yolunda davam edə­cək­dir. /kaspi.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.