"Romantizm" bir termin kimi XVIII əsrin sonu XIX əsrin ilk qərinəsində Qərbi Avropada qəbul edilib əsasən İngiltərə və Fransa ədəbiyyatını, musiqi və təsviri sənətini əhatə etsə də bu cərəyanın çoxsaylı bədii-estetik məziyyətləri özünü sonrakı dövrlərdə də, həm də daha uzaq məkanlarda, o cümlədən Azərbaycanda da göstərmiş və bu ənənə bu günə kimi də davam etməkdədir. Bu da heç şübhəsiz bir çox bədii cərəyanlar kimi romantizmin hifz etdiyi estetik dəyərlərin sənətkarları qane etməsi,ürəklərində gəzdirdikləri fikirləri ifadə etməkdə yardımçı olması idi. Onu da əlavə edək ki, ötən müddətdə bu cərəyan heç də donuq vəziyyətdə qalmamış, zamanın axarında ənənəvi bədii-estetik məziyyətləri saxlanılmaqla ona cərəyanın ümumi ruhuna uyğun yeni bədii şərh, yəni, forma-biçim, məna-məzmun yükü əlavə olunmuş, ümumi fəlsəfi qayəsi duyulası dərəcədə zənginləşdirilmişdir. Bu cərəyanın bədii-estetik məziyyətləri kifayət qədər duyğulandırıcı olduğundan romantizm Azərbaycan ədəbiyyatı və musiqisində, teatr və təsviri sənətində yayılmışdır. Təsviri sənətimizdə onun mövcudluğu romantizmin terminləşməsindən əvvəl də, sonra da bu və ya digər dərəcədə duyulandır. Belə ki, romantizm təkcə Avropa və Rusiyada öz yarandığı dövrün üslubu olmadı. Reallıqda zamanının bütün bədii axınlarına hakim olmasa da, o vaxt da, sonralar da özünə olan məhəbbəti qoruyub saxlaya bildi. Təbii ki, özündəki özündən əvvəlkilərdə müşahidə olunmayan ifadə imkanlarının zənginliyinə görə... Ancaq demək olmaz ki, romantizm öz yenilikçi meyllərində tamamilə ənənələrlə əlaqəni qırırdı. Romantik rəssamlar çox vaxt özlərinə əski qaynaqlarda, ayrı-ayrı rəssamların yaratdıqlarında mənəvı dayaq axtarırdılar. Çünki, orada insanın və ətraf mühitin qarşılıqlı münasibətləri özünəməxsus öz bədii həllini tapmışdı. Milli mentalitetimizdə dərin kök salmış romantikliyimizi də nəzərə alsaq, demək olar ki, təsviri sənətimizdə bu yöndə təzahür edənlər çox təbii qəbul olunmalıdır.
Azərbaycan təsviri sənətində romantizm rəngkarlıq və qrafikada özünü daha qabarıq göstərmiş, heykəltəraşlıqda isə müəyyən qədər zəif əks olunmuşdur. Ancaq fırça və tişə ustalarının romantik axtarışları və bu istiqamətdə əldə etdikləri duyulası uğurlar ayrıca tədqiqat obyektinə çevrilməmişdir. Bunun da başlıca səbəbi keçmiş SSRİ məkanında, romantizmin ayrı-ayrı müsbət cəhət və əlamətlərini mənimsəməsinə baxmayaraq, özünün yerli ideoloqları tərəfindən əvəzolunmazlığı təbliğ olunan "sosialist realizmi" bədii prinsipinin mövcudluğu idi. O vaxt kommunist-ideoloqların sovet incəsənətini bəşəriyyətin bədii inkişafında irəliyə doğru addım kimi dəyərləndirmələrinin də zamanın axarında yalnız təbliğatdan başqa bir şey olmadığı təsdiqləndi. Elə "sosialist realizmi" prinsipinin ən böyük "qazancı " da yeni bədii məziyyət və dəyərdən çox quru şüarçılıq oldu. Ona görə də adı müəyyən mənada Qərbi Avropa ilə, sosializmin rəqibi olan kapitalizmlə bağlı olan ən müxtəlif bədii cərəyanların sovet təsviri sənətinə təsirini olsa belə, ideoloqlar bunu etiraf və təbliğ etmək istəmirdilər. Bəzən isə öz əsərlərində Qərbdə mövcud olan cərəyanlara yaradıcı münasibət göstərən rəssamlara damğa vurmaqla, aşağılayıcı "ayama" verməklə sıradan çıxarmağa çalışırdılar. Belə ədalətsiz münasibətdən çəkinərək öz estetik prinsiplərindən və sənət amallarından uzaqlaşanlar çox olsa da, tutduğu mövqeyi sona qədər saxlayanlar da az deyildi. Etiraf edək ki, məhz belə rəssamların inadkarlığı və mübarizliyi sayəsində sırf ideoloji sayılan sovet təsviri sənəti dünya miqyasında belə müəyyən qədər axtarışlı, bir qədər də azad görünən bədii mövqe sərgiləyə bilirdi.
1950-ci illərin sonu - 1960-cı illərin əvvəllərində ciddi təzahür etməyə başlayan "sərt üslub" cərəyanı bunun bariz nümunəsi idi. Rəssamların əmək motivlərini poetikləşdirmələri və romantikləşdirmələri əslində sovet incəsənətində əvəllər məlum olmayan yeni bədii nəfəsin təzahürü idi. O vaxt gənc rəssamların (N.Andronov, V.İvanov,P.Ossovski, V.Popkov, T.Salahov, N.Qasımov və b.) yeni sənət axtarışları daha çox əmək mövzusu ilə "qalxanlaşdığından" rejim ideoloqlarının duyulası təpgisi ilə qarşılanmadı. Əvəzində 1968-ci ildə T.Salahovun "sərt üslublu" əsərlərinin SSRİ Dövlət mükafatına layiq görülməsi bu cərəyanın dolayısı təqdiri oldu. Bir vaxtlar mənəvi-maddi təzyiqlər dalğasında fəaliyyət göstərməyə məhkum olunmuş neçə-neçə sənətkarın kommunist-ideoloqlarla "baş-başa" gəlməkdən usanmamalarının müsbət nəticəsi qısa zaman distansiyasından belə bütün mənalarda qabarıq görünməkdədir. Artıq danılmazdır ki, sosialist realizmini yeganə bədii prinsip hesab edən, müəyyən gündəlik siyasətlə bağlı mövzuların arxasında "gizlənən" rəssam və heykəltaraşların "əsərləri" təbii olaraq zamanın arxivinə gömülmüş, elə həmin dövrdə sənət idealına sadiq qalıb geri çəkilməyənlərin adları önə çəkilməklə, muzey və sərgi ekspozisiyalarında yer almaqda, geniş təbliğ və tədqiq olunmaqdadırlar. Əslində isə adlarını yuxarıda çəkdiyimiz rəngkarların, eləcə də ötən əsr boyu Azərbaycanda fəaliyyət göstərən bəzi rəssamların yaratdıqlarının zahirən hansısa cərəyanın bədii-estetik məziyyətləri ilə səsləşməsi heç də təkcə onların kimlərisə, nələrisə təqlid etmək istəyinin ifadəsi deyildi. Bu heç şübhəsiz sovet gerçəkliyində az qala ehkama çevrilən bir bədii prinsipə etirazın, onu yeniləşdirmək cəhdinin görüntüsü idi. Həmin məqamda diqqət çəkən bu idi ki, ötən əsrlərin bədii hadisələrinə müraciətdən, onlara yaradıcı münasibətdən yeni-yeni görüm tərzi, bədii üslub, dəst-xətt meydana çıxmışdı, dünyanı və gerçəkliyi başqa cür görməyin mümkünlüyünə inam təsdiqlənmişdi. Onların həm də çox vaxt milli bədii qaynaqlarla qoşalaşmasından son nəticədə özündə şərqli dünyagörüşünü əks etdirən əsərlərin yaranması bu axtarışların ən təqdiredici cəhəti sayıla bilər.
Bu gün sənət tarixində qəbul edilən "klassik romantizm" qəlibi ilə belə təsviri sənət tariximizin çoxəsrlik tarixinə nəzər yetirdikdə rəssamlarımızın bədii-psixoloji yaşantılarının romantizmə bələnmiş ifadələrini görə bilərik. Bu mənada ilk növbədə qədim Təbrizin hüdudlarını tərk etməyən və yaratdıqlarının gələcəkdə hansısa cərəyana aid ediləcəyini düşünməyərək ulu yaradanla mənəvi dialoqlarının inama köklənən görüntülərini kağız üzərində gerçəkləşdirən rəssamlarımızın əsərləri xüsusilə diqqət çəkəndir. Bütün bunlar,eləcə də digər ölkələrdə yox olmadığı birmənalı olan bu fakt göstərir ki, XVIII-XIX əsrlər romantizminin bədii cərəyan kimi qəbulu əslində ona doğru bir-neçə əsr ərzində gələn yolun duyulası dərəcədə qabarıqlığı və etiraf olunması idi. Sonrakı dövrlərdə də romantizmin əlamətləri Azərbaycan divar rəsmlərində, M.Q.İrəvani və M.M.Nəvvabın müxtəlif janrlarda çəkdiyi lövhələrdə, XX əsrin əvvəllərində isə ilk professional təhsil almış B.Kəngərlinin portret və mənzərələrində müşahidə olunmaqdadır. Bütün bu ənənənin Azərbaycan təsviri sənətində davamlı şəkil almasına baxmayaraq sənətə yalnız dar "sosialist realizmi prinsipi çərçivəsində" baxan sovet ideoloqları üçün ötən əsrin 20-30-cu illərində gənc rəssamların milli bədii köklərə müraciəti qəbuledilən deyildi və odur ki, həmin rəssamlar uzun müddət yuxarıda da vurğuladığımız kimi müxtəlif yönlü təzyiqlərlə üzləşməli oldular. S.Salamzadə,Q.Xalıqov,Ə.Rzaquliyev və digərlərinin miniatür ənənələrinə müraciətinin burjua incəsənətinin təqlidi kimi "dəyərləndirilməsi" azmış kimi, hələ üstəlik Ə.Rzaquliyev "pantürkçü" damğası ilə sürgünə göndərildi. 1936-cı ildə yuxarıların göstərişi ilə Azərbaycan rəssamları arasında "Pravda" qəzetinin formalizmə və naturalizmə qarşı çevrilmiş redaksiya məqalələrinin müzakirə olunması ilə əslində dolayısı da olsa yalnız sosialist realizmi metoduna yiyələnmək naminə axtarışlara yaşıl işıq yandırılmış oldu. Bununla belə rəssamlar müvəqqəti geriçəkilmələrdən sonra yenidən öz axtarışlarını bədii yeniliklərlə, obrazlı-romantik ruhlu əsərlərdə ifadə etməyə başladılar.
Qırxıncı illərdə S.Şərifzadə, B.Mirzəzadə və T.Tağıyev, müharibə dövründə və ondan sonrakı bir-neçə onillikdə S.Bəhlulzadə, M.Abdullayev, N.Əbdürrəhmanov, N.Qasımov, V.Səmədova, L.Feyzullayev, A.Jəfərov, T.Nərimanbəyov, T.Şıxəliyev, R.Babayev, eləcə də ötən əsrin yetmişinci-səksəninci illərində F.Haşımov, Ə.Fərəcoğlu, A.Mərdan, İ.Nurəliyev, V.Ucatay, İ.İsmayılov, A.Səmədov, N.Bəykişiyev, F.Atayev və b. Müxtəlif mövzularda yaratdıqları əsərlərdə "sosialist realizmi çərçivəsini" özünəməxsus bədii şərhlərlə genişləndirməklə təbiətə,onu yeniləşdirən insanların yaşantılarına obrazlı görkəm verməyə,bütünlükdə isə çəkdikləri ilə tamaşaçılarını duyğulandırmağa nail olmuşlar. Yaradıcılığı həm də XX əsrin əvvəllərinə təsadüf edən rəssamların qrafik əsərlərində gerçəkçi sənətin bədii ənənələri qabarıq olsa da, müəyyən məqamlarda görünənlərin romantik təqdimatı da duyulmaqdadır. M.M.Nəvvab, X.B.Natəvan, Usta Qəmbər Qarabaği, B.Kəngərli və s. yaradıcılığında həm qədim rəvayətlər, həm də real motivlər özündə lirik-poetik ovqatı yaşadan romantik bədii şərh prizmasından keçirilmişdir. Görkəmli fırça ustası Ə.Əzimzadənin jurnal-kitab və eləcə də dəzgah qrafikası sahəsində yaratdığı müxtəlif məzmunlu əsərlərində də hadisələri və obrazları romantik əhval-ruhiyyə ilə bələmək cəhdi duyulandır.
30-40-cı illərdə Q.Xalıqov, Ə.Hacıyev, H.Mustafayev, K.Kazımzadə və M.Rəhmanzadənin çəkdikləri kıtab qrafikası nümunələrində də ədəbi materialın aşıladığı romantik duyğulara verilən bədii görüntülər yaddaqalandır. İkinci dünya müharibəsi dövründə təsvir motivlərinə romantik ovqatın bəxş edilməsinə həm də mövcud vəziyyətin də təsirini etiraf etmək lazımdır. Amma bununla yanaşı yaradılan əsərlərin süni pafosdan və patetikadan uzaq olduğunu da vurğulamaq gərəkdir. İ.Axundov, Ə.Hacıyev, M.Rəhmanzadə, Ə.Əzimzadə, Q.Xalıqov, T.Tağıyev, K.Kazımzadə və b. rəssamların çəkdikləri plakatlarda və dəzgah qrafikası nümunələrində düşmənə nifrət,qələbəyə inam hissləri romantik forma-biçimlə zənginləşdiyindən daha inandırıcı və duyğulandırıcı qəbul olunurdular. Müharibədən sonrakı quruculuq illərində təsviri sənətin bütün sahələrində olduğu kimi qrafikada da insanların əzmkarlığının bədii görüntülərinə ümid və inam ovqatı qatmaq istəyi güclü idi.
Ə.Məmmədov, Ə.Rzaquliyev, R.Babayev, Y.Hüseynov, A.Hacıyev, N.Axundov, N.Babayev və b. əsərlərində bu meyl bədii həll tapıntılarında qabarıq hiss olunur. R.Mehdiyev, E.Aslanov, O.Sadıqzadə və M.Abdullayevin kitab qrafikası nümunələrində, E.Şahtax-tinskay, H.Nəzərov və C.Qasımovun çəkdikləri plakatlarda mövzunun romantik ruhlu təqdimatı onların emosionallığını, cazibədarlığını təmin etmişdir.
XX əsrin son qərinəsində isə bu ənənəni A.Ələsgərov, J.Müfidzadə, A.Hüseynov, R.Hüseynov, A.Rüstəmov, Q.Seyfullayev, Ç.Əzizov, Ə.Səlimov, Ə.Fərəcoğlu və b.uğurla davam etdirmişlər.
XX əsr Azərbaycan heykəltaraşlığının ilkin mərhələsinin təşəkkülündə Bakıda fəaliyyət göstərən başqa millətlərdən olan tişə ustalarının yaxından iştirakı olmuşdur. Zaman və mövzu çərçivəsi heykəltaraşları nə qədər artıq müəyyən olunmuş bədii prinsipə yönəlməyə məhkum etsə də, onlar bədii forma-biçim tapıntıları ilə kompozisiyaları donuqluqdan çıxarmağa nail olmaqla ,onlara romantik duyğulardan qaynaqlanan daxili və zahiri dinamika bəxş edə bilmişlər.
Təsviri sənət ustalarımızın romantik ruhlu əsərlərinin əksəriyyəti zamanında müxtəlif miqyaslı sərgilərdə göstərilmiş,heykəllərin bir çoxları isə meydanlarda ucaldılaraq ictimailəşmişdir. Bakıda və Moskvada, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, o cümlədən xaricdə təşkil olunan covet təsviri sənəti sərgilərində göstərilən bu əsərlər duyulası tamaşaçı marağına səbəb olmuşdur. Əsərlərə qatılan romantik duyğular çox vaxt bilavasitə sənətkar istəyinin, onların ıç dünyasının tələbatı olduğundan bütünlükdə ifadə olunan bədii-estetik dəyərlər bu gün də əhəmiyyətini itirmədiyindən, tamaşaçını cəlb etməkdədir. Bunun özü də əslində romantik cərəyanın həmişəyaşarlığının təsdiqi kimi qəbul olunur. /azyb.az/