Mahir N. Qarayevdən kədərli
fevral notları
31.01.17
BALACA ÜZEYİRİN (15.02.1985 -
30.01.1986) XATİRƏSİNƏ
Февраль. Достать черниль и плакать! Б.Пастернак
Fevral. Sarılıb qələmə ağla ki ağla!
Bir qəbir dibinə çəkilən kimi çəkil bir qırağa – nə ki göz yaşın var, axıt varağa…
Göz yaşı dediyin qan qarasıdı – qanın durulunca, axınca ağla; Ürək yarasıdı, can yarasıdı – canın yorulunca, çıxınca ağla...
Üstünə göz yaşın axan varaqla – canının yarası, qanının qarası çıxan varaqla o kəpənək ömrün köçünə ağla;
Bir qərib sevgini basdır içində, dayanıb çölündən içinə ağla! Sonra o qaranı qara sürmə kimi çək gözlərinə – kirpiyin qaralsın, qaşın qaralsın;
Sonra o yaranı qara zurna kimi inlət ki inlət – torpağın daralsın, daşın daralsın!
Soruşma ağ varaq qaraldı haçan, Soruşma gen dünya daraldı haçan, Sarılıb qələmə ağla ki ağla! – Qələmin qarası ağ yazanacan.
…Əcəl dastanının son beyti kimi qara sən yazmışdın o ağ varağı – qapqara varağı indi də ağ yaz; Kəfənə bükdüyün ağ meyit kimi, məzara gömdüyün ölü sayağı bu fevral bir daha ayağa qalxmaz…
P.S. I
Qəfil çəkildi yuxum... Bir az çaşdım, duruxdum. Durdum. Gəzdim. Baxdım. Və duydum ki, bayaqdan Gəzir bu evləri kiminsə ruhu...
II
Bircə tapsaydım yarısı yanmış şamı – o axşam yandırdığımız və sonacan yanmayıb yarısı qalmış şamı...
III
Unut, sən allah, unut!.. Unutmağa nə vardı - fevral kimi 28-dən, lap uzağı 29-dan olsaydı yanvar...
YANVAR GECƏSİ
...bu yanvar gecəsi hər tərəf qara, ağappaq qar yağır qaranlıqlara...
Qar. Qarlı gecənin sonsuzluğu qar. Qar. Qarlı küçənin sənsizliyi qar.
Uzağa çəkilmiş göy üzü yerdən, Qaranlığın içi dərddi, qubardı; Qartımış gecənin üfüqlərindən Sonuncu qatar da ötdü, qurtardı...
Və qaldı dünyada bircə pəncərə - Onu da duymamaq, sevməmək olmur; Ölü duasıtək uzanır gecə - Dərdi qaş-gözlə də söyləmək olmur.
Qar. Qarlı gecənin sonsuzluğu qar, Qaranlıq küçənin sənsizliyi qar... Allah, bu həsrətin insafı harda – Bu daxmanın içi qəbirdən də dar?!
Qar. Qaranlıq gecə. Qarlı küçə. Qar. Sənsiz ölmədiyim bir də bu yanvar...
|