Türkdilli poeziyadan mənzərələr: Məhtimqulu şeirinin qafiyə zənginlikləri
27.01.17

Məmməd Əliyev
Filologiya elmlər doktoru, professor


Məhtimqulu Fəraqi şeirində qafiyə öz "vəzifəsini ləyaqətlə yerinə yetirib", şairin əvəzsiz sənət əsərlərinin yaranmasında misilsiz rol oynayıb.

Şairin poeziyasında işlənmiş zəngin qafiyə quruluşuna ilk dəfə diqqət yönəldən A.Potseluevski onun qafiyə xüsusiyyətlərini açıb göstərməyə səy etsə də buna nail ola bilməyib, əksinə, türk şairində qafiyənin yaranmasında aqlyütinasiya və ahəng qanununa diqqət yetirməyib, türk və şərq şeirində qafiyə təlimlərinə məhəl qoymayıb, onları tonik vəzn prinsipləri müstəvisindən izah etməyə çalışdığından poetikada dolaşıqlıq yaradıb. Bəzən də müəllif V.M.Jirmunski, V.Tomaşevski, L.Timofeev və başqaları tərəfindən rus şeirində işlənmiş və üzə çıxarılmış təlimləri mexaniki olaraq türkmən şeiri üzərinə köçürüb, buradakı qafiyələri vurğulu və vurğusuz hecaların yerdəyişmə nisbətindən izah edib. Lakin müəllif belə bir həqiqəti unudur ki, qafiyənin türk şeirində əmələ gəlməsində vurğulu, vurğusuz hecalar heç bir rol oynamır.

Qeyd etdiyimiz kimi türkmən dili də iltisaqi quruluşlu dildir, burada vurğu intensiv rol oynamır, vurğu sözün semantik mənasına təsir göstərə bilmir. Odur ki, müəllifin türkmən şeirində kişi cinsli (mujskaə rifma), qadın cinsli (jenskaə rifma) daktilik və giperdaktilik qafiyə növlərinin mövcudluğu haqqındakı iddiaları cəfəngiyyatdan başqa bir şey deyildir. Əslində bunlar ümumtürk şeirində rast gəldiyimiz  sadə, mürəkkəb (tərkibi) qafiyələrdir.

Müəllifin "kişi cinsli qafiyələ"ri tam qafiyə olub nə "Kişi" cinsli, nə də daktilik qafiyədir. Nümunəyə baxaq:

Bolmasa yigidin züryadı,
Öləndə tutulmaz adı.
Tutulmaz sınanın odı,
Başda xıyalı bolmasa.

Buradakı "ziryadı",  "adı", "odı" sözləri tam qafiyələnmiş, heç bir süniliyə yol verilməmişdir. "adı" sözü, "züryadı" sözünün II hissəsini təşkil etdiyi kimi "odı" sözü də səs məxrəcinə görə onlarla həmqafiyədir.

Bunları A.Potseluevski kimi təsnif etmək yalnız yanlışlıqdır. Şeirdəki qafiyələr isə assonans əlamətləri üzrə  qurulmuş zəngin qafiyələrdir. Qafiyənin əmələ gəlməsi və onun şeirdəki rolundan danışarkən belə bir cəhəti qeyd etməliyik ki, heca vəznli şeirlərdə qafiyə kəmiyyət göstəricisinə olan elementdir. Əruz və tonik vəznlərində isə qafiyə ritmik sıranı müəyyən etməklə həm də vəzni, qəlibi müəyyən edir. Belə ki,məsələn, əruz vəznli şeirdə qafiyəni təşkil edən sait səslərin  uzun və qısalığı, açıq və qapalı olması vəznin ölçü növünü başa çatdırmaqla onu yekunlaşdırır. Eyni vəziyyəti tonik vəzndə görmək olar. Odur ki, əruz və tonik vəznindəki qafiyə növlərini heca vəznli şeirə mexaniki olaraq köçürmək cəhdləri yersizdir.

Bəzi şeirşünaslar isə türk şeirində qafiyəni (söhbət xalq şeiri üslubunda yazılan heca vəznli şeirlərdən gedir) ərəb-fars təlimləri nöqteyi-nəzərindən izah etməyə çalışırlar ki, əlbəttə bunlarla razılaşmaq olmaz.

Qafiyə ərəb-fars şeirində əsası Xəlil ibn Əhməd tərəfindən qoyulan, şərq şeirində dəqiq kanonlara əsaslanan 9 hərfli qafiyə nəzəriyyəsinə əsaslanır. Burada qafiyənin baş elementi kimi rəvi (dayaq) əsas götürülür. Qrafik prinsip adlanan bu təlimdə daha səkkiz hərf  iştirak edir ki,  məhz belə vəziyyətdə qafiyə dəqiq qafiyə kimi qiymətləndirilir. Yəni 4 hərf rəvidən qabaq, 4-ü isə sonra gəlməlidir. Rəvidən əvvəl gələn hərflər həzv, ondan sonra gələnlər isə nəfəz adlanır. Rəvidən qabaq qəyd, ridf,dəxil, əlifi-təsis, rəvidən sonra isə vəsil, xüruc, məzid, nayirə gəlməlidir.

Ridfin ərəb-fars şeirində iki növü vardır: müfrəd (əsli) və zaid (mürəkkəb). Əsli ridf (o, u, i, e) səslərindən, mürəkkəbi isə (x, r, s, ş, f, n) səslərindən (samitlərindən) ibarətdir. Bu səkkiz hərfdən əlavə isə qafiyənin təşkilində altı hərəkə iştirak etməlidir. Qafiyələnən samitdən əvvəl gələn qısa saitlər qafiyə üçün o qədər də əhəmiyyət kəsb etmir. Bu isə ərəb-fars tələffüzünün - qüvvətli tələffüz edilən samitlərin, zəif fərqlənən qısa saitlərin xüsusiyyətləri ilə bağlıdır. Klassik fars-tacik şeirində bu əlamətlərlə qurulan qafiyənin 30-dan artıq növü aşkar edilmişdir. Həmin qafiyə növləri əslində qrafik prinsipin tələbləri ilə, sait və samit səslərin müxtəlif növ qruplaşmasından-variasiyalarından yaranan qafiyələrdir ki, sonradan bu terminlər klassik türk şeirinə bu və ya digər dərəcədə tətbiq olunmuşdur. (Qafiyə haqqında təlimi türk epos və ya xalq şeirinə tətbiq etmək yanlış nəticələrə gətirib çıxarar). Aydın görünür ki, bu prinsip ərəb dilinin ahənginə və orfoqafik yazılışına əsaslanır və yalnız ərəb dilinin fonetik prinsiplərinə hesablanmışdır.

Erkən klassik poeziyada ərəb-fars dilli şairlər qrafik prinsipə bu və ya digər dərəcədə yiyələnə bilib, ondan istifadə edə bilmişlər. "Xalis aqqlyütinasiyalı" (B.A.Serebryannikov) türk poeziyasında buna əməl etmək asan olmamış, bu şərtləri yerinə yetirmək çətin olmuşdur. Buna səbəb şairin fərdi istəyi deyil, şeirin yazıldığı türk dilinin ahəng və avazı, daha doğrusu, onun fonetik quruluşu, bu sistemdə özünü göstərən güclü saitlər ahəngi, ondan geri qalmayan samit səslərin səs uyuşması, nəhayət, sait-samit ahəngi olmuşdur. Şairlər ərəb, fars tərkibli sözlərdən, ifadələrdən nə qədər gen-bol istifadə etsələr də yenə də həmin təlimə tam riayət edə bilməmişlər. Türkdilli klassik şeirdə istifadə edilən ərəb, fars mənşəli sözlər türk dillərinin fonetik qabığına bürünərək istifadə olunmuş, bu vaxt istər-istəməz onun ahəng və melodiyasını qəbul etməyə məcbur olmuşlar. Türk dillərinin struktur nüvəsini təşkil edən bu cəhətlər onun daha davamlı olmasına, minilliklər ərizində bu fonetik təbiəti qoruyub saxlamağa, inkişaf etdirməyə imkan vermişdir.  

Dilçi alimlərin yekdil rəyinə görə iltisaqi dillərin strukturunun belə möhkəmliyi hər şeydən qabaq kök və morfemlərin eyni ahənglə bir məxrəcə gəlməsindədir. Bu ahəngin təsiri altında müstəqil sözlər köməkçi sözlərə, onlar isə şəkilçilərə çevrilərək yeni bir iltisaqi quruluş, sistem yarada bilir. Bu səbəblərdən də türkdilli şeirdə qafiyə ərəb-fars təlimindən təsirlənsə də daha sonrakı dövrlərdə iltisaqi dil qanunlarına tabe olaraq inkişaf etmişdir. Təkrar edirik ki, burada davamlı rolu ahəng qanunu oynamışdır. Xalq şeirində isə qafiyəni üzə  çıxaran, onu şeirdə "məcburi" normaya çevirən ritmik-sintaktik paralellər olmuşdur. Məhz bu iki qaynaq ümumtürk şeirində qafiyənin meydana gəlməsi, inkişafını təmin etmişdir. İ.Hikmətin obrazlı dili ilə desək, qafiyənin mənşəyini axtarmaq üçün nə Ərəbistanın qızmar çöllərinə, nə də İranın tozlu ovalarına getmək lazım deyildir. Nə qədər ki, türk şeirində qafiyə qrafik prinsiplərə deyil, fonetik prinsiplərə əsaslanır, onun əsası da bu müstəvidə, ahəng və tələffüz müstəvisində izah edilməlidir.

Bu vaxt istər-istəməz polyak şərqşünası T.Kovalskinin qədim türk şeirində qafiyənin mövcudluğu, onun özünəməxsus yolla, kənardan heç bir təsirə məruz qalmayaraq yaranması haqqındakı fikirlərini xatırlamalı oluruq. O yazırdı: "Belə bir faktın-qafiyənin türklərdə qədimliyi və özünəməxsusluğunun qəbul edilməsi ümumiyyətlə, bütün qafiyəli şeir tarixi üçün böyük əhəmiyyət kəsb edir. Bununla biz təsdiq etmiş oluruq ki, Ərəbistandan başqa, Asiyada da müstəqil qafiyəli poeziya ocağı olmuşdur.

Mütəxəssislər qafiyəni ahəng xüsusiyyətlərinə görə assonans və konsonans qafiyəyə ayırırlar. Bunlardan birincisi saitlər ahənginə, ikincisi isə  samitlər ahənginə əsaslanır. Məhtimqulu şeirində qafiyənin hər iki şəklinə gen-bol rast gəlmək mümkündür.

Konsanans qafiyə:

Ağlaya-ağlaya cəfaların dərdindən
Qorxa-qorxa səhraların qurdundan
Ayrıldın Kənandan-atan yurdundan.

Burada "n" samit səsi konsonans qafiyə (sonor samit) qafiyə yaratmaqla dayaq rolunu oynayır.

Konsonans qafiyədə bəzən iki samit iştirak edir. Məsələn:

Məhtimqulu təsib etdi bu işdə
Yer üzündə tutmaq üçün səriştə,
Harut, Marut adlı iki firiştə
Babil quyusunda çaya düşdülər.

Burada maraqlı bir məqam vardır: qafiyə həm assonans, həm də konsonans əlamətlər üzərində qurulmuşdur. Belə ki, səs ahəngində "şt", "şd" - samitlərinin  səslənməsi daha güclü nəzərə çarpır. Sonuncu "ə" səsi isə dayaq rolunu oynayır. Konsonans qafiyədə bəzən 3 samit səs iştirak edir:

Ağılsızlar iş axırı qaramaz
Çulap çıqidindən xarnup döremez.

Bu misralarda "p", "m", "z" samit səsləri misra sonluqlarında təkrarlanaraq konsonans qafiyəni təşkil edirlər.

Sait və samit səslərin birlikdə iştirakı ilə yaradılan belə qafiyələr tam qafiyə kimi qiymətləndirilir.

Məhtimqulu şeirində mürəkkəb qafiyə quruluşuna, tərkibi qafiyələrə tez-tez rast gəlinir.  Bu zaman qafiyələnən sözlərdən sonra bir, iki və üç sözdən ibarət rədiflər gəlir. Bunların çoxçeşidli növlərinə şairin yaradıcılığında tez-tez rast olunur.

On səkkiz min aləm əhlin var edən rəbbim Cəlil
Döndərib dərgahına, həm zar edən rəbbim Cəlil...

Klassik şeirin müxəmməs formasında yazılan bu şeirdə tərkibi qafiyə bir qafiyəli sözlərlə üç rədif sözdən təşkil olunmuşdur.

Digər türk dillərində olduğu kimi türkmən dilində də hecanı sait səslər yaradır. Deməli, sait səsdə səsuyluğunun nüvəsi olmalıdır. Türk dillərində səs tərkibinə görə bir-birinə uyğun olan  və ya səs məxrəcinə görə yaxın olan sözlərdə qafiyənin yaranması üçün şəraiti yaranır. Lakin qafiyə təkcə ayrı-ayrı sözlərin uyğunluğu, təkrarı və oxşarlığı sayəsində deyil, çox vaxt həm də bütövlükdə hecaların səsuyuşması sayəsində baş verir. Burada sait səsin ardınca adətən bir samit gəlir. Beləliklə, samit səslə başlayan sözlərdəki ilk samitin özü də saitin yaratdığı hecaya daxil olur. Hecanın səs tərkibinin bu əlamətləri iltisaqi dillərə xas olan ümumi qanunauyğunluqlarla əlaqəlidir və bu amillər qafiyənin meydana gəlməsində az əhəmiyyət kəsb etmir, səs tərkibinə görə bir-birilə uyuşan söz köklərində və onlara əlavə edilən şəkilçilər də ahəngcə yaxın olan hecaların əmələ gəlməsinə kömək edir. Professor Ə.Dəmirçizadə qeyd edirdi ki, türk dillərində ahəng qanununun müxtəlif növləri içərisində saitlər ahəngi daha çox davamlı və ümumi qanundur.  

Burada saitlər ahəngi türk dillərində şeirin musiqiliyini təmin edən ən əlverişli bir amildir; bu qanuna görə sözün kökündəki saitlər bir-birilə, şəkilçilər və  bir sıra qoşmalar əsl kökdəki saitlə uzlaşır. Əgər  üslubi məqsədlə belə ahəngi davam etdirmək lazım gəlsə sonrakı sözü də bu ahəngə uyuşdurmaq üçün əvvəlki kökdə olan saitlərin həcminə və  keyfiyyətinə uyğun saitləri olan sözlər tapıb işlədilir, beləliklə, misra axıra kimi rəvan bir ahəngə malik olur. Professor Ə.Dəmirçizadə haqlı olaraq belə bir nəticəyə gəlir ki, türk dili öz təbiətinə görə nəinki buna qayildir, hətta tələffüzün belə bir ahəngdə-səslərin uyuşması əsasında qurulmasını tələb edir. Odur ki, deyilənləri nəzərə alaraq tam əminliklə demək oarq ki, misraların sonundakı həmqafiyə sözlər aqqlütinasiya və ahəng qanununun qüvvəsi ilə eyni məxrəcə gələrək uyuşurlar.

Türk qafiyəsini köklü şəkildə ərəb-fars şeirindəki qafiyədən fərqləndirən bu xüsusiyyət türk dilinin şeirdə təbii inikası kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətləri nəzərə alaraq V.V.Radlov türk dillərində söz köklərinin qafiyələnməsini haqlı olaraq onların iltisaqi quruluşa malik olmasında görürdü.

Məhtimqulu şeirində qafiyələr adətən 3- hecalı sözlərdən ibarət olmuşdur. Daha iri həcmli, 4, 5-hecalı sözlərdən az istifadə olunmuşdur. Burada bərabər hecalı sözlərin səsuyğunluğu daha dərin və təbii səslənir.  Məhtimqulu poeziyasında belə qafiyələr özünün səsuyğunluğu zənginliyinə və dolğunluğuna görə seçilir.

Gücündən, qüvvətindən
Dünyanın növbətindən
Bir kişi izzətindən
Bədəsil özün bəg sayar.  

Dördhecalı qafiyə sözlərdə saitlər düzülüşünə nəzər salsaq aydın görərik ki, qafiyənin təşkilində ya eyni saitlər, ya da onlarla səs məxrəcinə görə yaxın olan incə saitlər iştirak etmişdir:

I misrada: ü - ə - i - ə.
II misrada: ö - ə - i- ə.
III misrada: i - ə - i - ə.

Belə növ qafiyələrə şairin şeirlərində tez-tez rast gəlmək olar. Məhz belə qafiyələr zəngin- müqəyyəd qafiyə olub şeiri daha axıcı və rəvan, musiqili edir.

Müqəyyəd qafiyədə adətən 3 qafiyə sait olduğu halda Məhtimqulunun bu şeirində 4 sait səsin təkrarı ilə qafiyə yaradılmışdır. Burada "ə", "ü", "i", "ö" səsləri səs məxrəcləri yaxınlığına görə eyni sait kimi qəbul edilir.
Şairin şeirlərində u - i - ü, ü - ə - e,  e - i - ı, o - u,  a - o,  ö - ü,  u - ı,  səsləri əsasında yaradılmış qafiyələr zəngin qafiyə növünə daxildir. Nümunələrə  nəzər salsaq bunun bir daha şahidi olarıq:    
o-a səs məxrəci ilə:          

Yaxşı sözdən yarar canı
Yaxşı ilə yoldaş olan
Qaçıb qurtarar canını
Yaman ilə qardaş olan

a-i-e səs məxrəci ilə:

Məhtimqulu məna saçar
Hər kim söz ləzzətin içər
Gedə-gedə könül keçər
Namusu yox, arsız ərdən.

Qafiyəni təşkil edən saitlərin düzülüşünə nəzər salaq.

a - a
i - ə
e - ə  

Məhtimqulu şeirində sonor samitlərin iştirakı ilə yaradılan qafiyələr musiqililiyinə görə diqqəti cəlb edir. Onun n, m, l- sonor samitləri əsasında yaratdığı qafiyələr bəzən qulaq cinası kimi çıxış edir:

Varına, mülkinə məğrur olunma,
Yox yerdən gələn getdi bu raya
Olar-olmaz işlər üçün bulunma,
Çoxlar gəlib, batıb qalmış bu laya.

Bu parçada zəngin və mürəkkəb qafiyə sistemi vardır. I və III misralarda qafiyələr o - u - a, u - u - a  saitləri əsasında yaradılsa da, burada qoşa gələn "nm" sonor samitləri qafiyəyə xüsusi musiqilik gətirmişdir.
II və IV misralardakı "bu raya", "bu laya" sözləri "r" və "l" samitləri  əsasında həmqafiyələnmişdir. Yəni tələffüzdə "r" və "l" samitləri eyni səsləndiyindən cinas yaratmışlar. Burada eyni sıra ilə gələn və təkrarlanan u - a -a, u - a - a səs qrupları cinas yaradılmasında xüsusi yer tutmuşlar. Məhtimqulu şeirində cinas qafiyələrə Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə yaradıcılığından fərqli olaraq az təsadüf edilir.  

Şairin "Can içində", "Sel qalmaz" və digər şeirlərində tək - tək bəndlərdə çinas qafiyələrə rast gəlmək olar;

Qurd deyər; " Üzərəm, "
Hardan qılsam güzər mən,
Rizqim arayıb gəzərəm  

Çöl biyaban içində. Bu parçada " ü",  "ə", "ə " saitlərinin eyni təkrarı ilə yaradılmış çinas qafiyələr eyni səs məxrəci əsasında yaradılmışdır. Şairi  "Sel qalmaz " şeirində də şair həmin poetik (fonetik) priyomdan istifadə edərək cinas yaratmışdır.            

Məhtimqulu, o yollarda kim olar,
O məkana girən çıxmaz, güm olar,
Görən gözün, görklü gövdən qum olar,
Dəhan gedər, dəndan düşər, dil qalmaz.

Bu şeirində də çinas yaradıcılığı səs məxrəcinə görə bir-birilə yaxın olan " k ", "g " və " q" samitləri və yenə də səs məxrəcinə görə yaxın olan " i ", "  ü" , " u " saitləri hesabına başa çatdırılmışdır. A. Potseluevski belə zəngin və musiqili qafiyələrə  "tavtaloji" qafiyə desə də onunla razılaşmaq olmaz. Çünki çinaslar təkcə səs oynu deyil, onlar şeirin səs gözəlliyini və musiqiliyini artıran poetik vasitədir. Çinas qurmaq, sözün ritmi və ahəngi ilə bərabər dərin məna yaratmaq hər şairə müəssər olmamışdır.

Məhtimqulu şeirinin poetikasına həsr etdiyimiz məqalələrimizin birində  şairin bəzi poetik nümunələrində misra daxilində qafiyələnən sözlərə rast gəldiyimizi qeyd etmişdik. Xalq şeirində "qoşayarpaq" adlanın həmin şeir şəklinə klassik poeziyamızda xüsusən, Xətai, Füzuli, Nəsimi şeirində rast gəldiyimizi göz önünə gətirmişdik. Klassik poetikada belə qafiyə quruluşuna malik şeirlərə "zülqafiyə" deyilir.
Məhtimqulu şeirində də həmin qafiyə növünə rast gəlirik:

Məhtimqulu söyləyəni, / haqq Mustafa deyəni,
Bir zərrəcə yoxdur yalan, / ey binamaz, ey binamaz.

Şairin bu beytində 3 həmqafiyə sözlərdən - "söyləyən", "deyən", "yalan" istifadə edilməklə zülqafiyə yaradılmışdır. Bu qafiyə növünün ərəb-fars şeirindəki qafiyədən fərqi ondadır ki, ərəb-fars şeirindəki "zülqafiyə"də misra daxilində və sonundakı sözlər fərqli qafiyələr üzərində qurulur. Burada  isə yenə də misra daxilindəki və sonundakı sözlər həmqafiyədir.

Məhtimqulu  şeirində mürəkkəb qafiyənin bir növü də misra sonunda iki sözün qafiyələnməsidir:

Ağlaya-ağlaya cəfaların dərdindən
Qorxa-qorxa səhraların qurdundan

Burada fərqli qafiyələnən qafiyə sözlər vardır. Misra sonunda  "cəfaların", "səhraların" sözləri bir-biri ilə "dərdindən", "qurdundan", sözləri isə ayrı qafiyələnmişdir. Birincisi həmqafiyə sözlər assonans, II isə konsonans əlamətləri üzrə qafiyələnmişdir: I həmqafiyə sözlərdə saitlər düzülüşünə nəzər salaq:    

ə - a - a -ı
ə - a - a- ı.

Konsonans əlaməti ilə həmqafiyə sözlərdə samit səslərin düzülüşü:

I sözdə. d- r- d - n- d- n.
II sözdə.q- r- d- n- d- n.

II sözdə yalnız ilk samitlər - "d" və "q" fərqli olsalar da onlar səs məxrəcinə görə yaxın olduğundan tələffüzdə eyni akustik eyniyyət təşkil edirlər. Məhz bu əlamətlər Məhtimqulu şeirində avazlı, ritmik funksiyanı yerinə yetirən qafiyə zənginliyi yaradır.

Məhtimqulu yaradıcılığında alliterasiya hadisəsinə az rast gəldik. Şairin bir neçə şeirinin ayrı-ayrı bəndlərində səs təkrarının bu növü ilə rastlaşmaq olar;  

Yaxşı adama bir söz bəsdir
Yamana öyüd həvəsdir
Yerişini yanlış basdır
Yeni don geyməyən igidə

Müşahidələrimiz göstərir ki, Azərbaycan şerində oldugu kimi türkmən şeirində, xüsusən Məhtimqulu şeirində qafiyə yaradıcılığında a, ə, e, ı, i, o, ö, ü, u sait səslərin iştirakı (təkrarı) ilə yaradılan qafiyələr hakim mövqe yer tutur.Sinharmonizm əlaqəli, səs məxrəcinə görə bir-birilə yaxın olan a-ə, e-ə, o-ö, ı-i, u-ü. Saitləri qafiyədə akustik eynilik yaradır. Eləcə də səs məxrəcinə görə bir-birilə yaxın olan bir qrup sait; o-ö-e ,   u-ü-ı,  ö-ü-i, o-u-ı bəzən də  a-ə-o, e-u-ü-i,  o-ü-u-ı və başqaları səsuyğunluğu yaradılmasında iştirak edir.Bunlar, yəni a-ə, a-o,  u-ü, ı-i,  ü-i, kimi bir qrup sait tələffüzdə çox oxşar olur,bəzən də eyniyyət təşkil edir.Deməli, eyni sait səslərin təkrarı ilə yaradılan qafiyələrlə yanaşı, səs məxrəcinə görə yaxın olan bu sait qrupları əsasında yaradılan qafiyələr Məhtimqulu yaradıcılığında geniş istifadə edilir. Türkmən şeirində də samitlər qafiyə yaradıcılığında saitlər qədər fəal deyillər. Buna baxmayaraq Məhtimqulu poeziyasında bir qrup samitin;  
 
b-g-q,  b-q-ğ, b-d-r, k-g , s-z-ş, ç-ş, m-n-l, q-d-b, q-ş, q-t, d-t, və s. samitlərinin qafiyə yaradılmasında iştirakına tez-tez rast gəlmək olar. Türk dillərində kök morfemlərinin həmahəngliyi səsuyğunluğunun çıxış nöqtəsi kimi özünü göstərir.

Məhtimqulu şeirində qafiyədən danışarkən burada da əsasən 4 qanunayğunluq özünü göstərir;
I, II və IV misraları qafiyəli, III misrası sərbəst olan bəndlərdə qafiyə sistemi aşağıdakı kimi olur;
I bənddə a, a, b,a şəklində. II və sonrakı bəndlərdə isə v, v, v, a şəklində.

Birinci bəndin I və III, II və IV misraları həmqafiyə olduqda sonrakı bəndlərin I , II, III , misraları həqafiyə, IV misrası isə I bəndlə qafiyələnir.

Birinci bəndin bütün misraları həmqafiyə olur. Sonrakı bəndlərin birinci üç misrası öz aralarında, IV misrası isə I bəndin IV misrası ilə həmqafiyə olur.

Şeirin I bəndinin I , II , IV,  misraları eyni söz və ya sözlərlə bitərsə , o halda təkrar olunan kəlmələrdən əvvəlki sözlər qafiyələnir. ( I halda göstərilən şəkildə). 

Bu qafiyə sistemlərinin Məhtimqulu şeirində işlənmə dərəcəsi müxtəlifdir.Şairin klassik poeziyadan götürdüyü poetik formalar göstərdiyimiz qafiyə sistemlərinə daxil deyil. Həmin qanunauyğunluqlar xalq şeiri üslubunda yazılmış nümunələrdə özünü göstərir. Qafiyə sistemləri içərisində a, a, b, a,   a, a, a, b,   a, b, a, b, şəklində olanlar Məhtimqulu şeirində daha çox populyardır.

Bu xüsusiyyəti T.Kovalski və F.Korş türk şeirinin poetik xüsusiyyətlərinə həsr etdikləri  tədqiqlərində xüsusi qeyd etmişlər. Məhtimqulu yaradıcılığında rast gəldiyimiz bənd quruluşları arasında  I və III misraları sərbəst , II və IV misraları həmqafiyə olan şeirlərə rast gəlsək də onlar nə Məhtimqulu , nə də ümumən türkmən şeiri üçün xarakterik deyil. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.