Qurban Bayramov - Ləyaqətli şair ömrü – Nəbi Xəzri 
18.01.17

UNUTMAYAQ, UNUDULMAĞA QOYMAYAQ!!

(qısa tanıtım, ədəbi oçerk)

    Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX və XXI əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii prosesin istiqamətlənməsində və inkişafında əlamətdar rolu olan görkəmli ədəbi-tarixi- ictimai şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist, tərcüməçi  kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir ədəbi irs qoyub gedən xalq şairi Nəbi Xəzridir.
   Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq  səhifələrindən birini təşkil edir.  
    Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
   Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa maviliyə bürünmüş bir poeziya örnəyi... Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi. Bu,son illərin, deyərdim ki, bütün zamanların ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından  keçəcək mavi tülə bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfəqləridir…
  Şahidi olduq, İctimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişirdilər... Unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə Zamandan ucada durmaqdadır.  Nəbi Xəzri şeiri lap əvvəldən zamanın fövqündə dayana bildi:

Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var.

Hər kəs xoşbəxt olur öz diyarında,
Əzizdir əzəldən öz yerim dedim.
Kaş xalq ürəyinin fəzalarında,
Orbitə çıxaydı bir şeirim dedim.

 Və yaxud:

O məni ucaldıb qanadlarında,
Uçmuşam cahanın göy qatlarında.
Torpaqdan toxumtək şeirim bitsə də,
Qatlaşıb neçə yol cəbrə mənimlə.

Hər yerə mənimlə qoşa getsə də,
Fəqət getməyəcək qəbrə mənimlə.
Qalacaq bir əsrin yaddaşı kimi,
Duracaq mənimçün başdaşı kimi.

   “Tənqidimizin vicdanı!” adlandırılan akademik Məmməd Arif vaxtilə "Ucalıq, genişlik.." adlı məqaləsində bu sözləri yazmışdı: "Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir. Bu poetik aləm çox zəngin mənəvi aləmin -ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin, sevgisinin, insana inamın gözəlliyini gətirmişdir".
   Üstündən neçə on illər keçməsinə baxmayaraq, o ucalıq, o genişlik, o təmizlik və o gözəllik Nəbi Xəzri poeziyasını tərk etməmişdir, əksinə zamandan-zamana güclənmişdir…
    O, maraqlı, zəngin, milli ziyalıya məxsus bir həyat yolu keçmiş, ləyaqətli ömür sürmüşdür. Həyat və fəaliyəti haqqında qısa məlumat:
   “Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri)- şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).
   Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.
   Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş” adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə  bir müsamirədə  gənc şairin oxuduğu şeir böyük ürək sahibi  Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə, o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.
  Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.”
   Nəbi Xəzri poeziyasında zamanın dilemması, ziddiyyətləri və harmoniyası kamil şəkildə əksini tapırdı. Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri Müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə,  yolundan sapmadı, susqun olub durmadı, yüksək Vətənpərvərlik və Vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, “Əyilməz vicdanın böyük heykəli!” amalını uca tutdu! Dünya çalxalandı, sistemlər dəyişdi, ədəbi-əzəli meyarlar laxladı, ədəbi mühitdə bir çaxnaşma düşdü, amma Nəbi Xəzri poeziyasındakı Çinar obrazı kimi əzəmətini itirmədi, Meydan hərəkatı, 20 yanvar qırğını, Qarabağ işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi, oxucusunu İnsanla Zaman arasındakı əzəli-əbədi harmoniyaya səslədi, disharmoniyaya uymadı və  bu gün də,  bu poeziya ilə təmasda olanlar bu dinamizmi aydın hiss edirlər…
  Məsələn, onun Qarabağ dərdlərinə hələ Sovet dönəmində qələmə aldığı şeirində Nəbi Xəzri sanki, həyacan zəngləri çalırdı:

Kükrəyib qəzəbdən od tökər qışım,
Qolumdan bərk tutsun qardaşım gərək.
Qarışsa yad elə bircə qarışım,
Özüm də torpağa qarışım gərək,
Çəkin bu torpaqdan qara əlləri,
Çəkin Qarabağdan qara əlləri. –

şeri poetik bir dil ilə o gün də, bu gün də,  hər bir azərbaycanlının qəlb üsyanını ifadə edir. Bu şeir vaxtilə (Sovet dövründə) çap olunandan az sonra əməlli-baş-lı qalmağala səbəb olmuş, Sov.İKP MK-nın orqanı «Kommunist» jurnalı şeri kəskin tənqid etmişdir. Şeir Azərbaycanın digər partiya-mətbuat orqanlarında da pislənmişdir. Lakin zaman şairin haqlı olduğunu göstərdi, hətta sonralar şe-rə musiqi də bəstələndi…  Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirləində  işğala və erməni vandalizminə məruz qalmışi Vətən yanğısı, nisgili, Qarabağ sitəmi, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük  inam var… Nəbi Xəzri üçün Vətən və Vicdan ölçüləri ekvivalentdir:

Səni görəcəyəm haçan, Qarabağ?
Yurdun həsrətində oğulu, qızı!
Torpağı güzəştə biz razılaşsaq,
Əvvəl güzəşt edək Vicdanımızı!!

  Nəbi Xəzrinin yaradıcılığı avtonom ölçülərə, sərhədlərə sığmır, onun mövzularının üfüqləri genişdir. Bəşəriliklə,  millilik onun poeziyasının ana xəttindən birini təşkil edir. Nəbi Xəzri dövrünün ən intellektual ziyalısı, qürurlu şair şəxsiyyətinə sahib bir insan idi. “Şəxs və şəxsiyyət” (1999) şeirində yazırdı:  “Şəxsiyyət qələmi yazır şeiri də, Şəxsiyyət yoxdursa şeir də yoxdur!”  - postulatı onun poetic kredosu idi!
   Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil, dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur. Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alan-da, hər hansı bir xarici ölkədən yazanda da, orada Azərbaycanı görür, incə və zərif lirika, mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətəndaşlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur, bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz, bədii panoram yaradır. Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycandır. Hətta uzaq mətləblərə toxunanda, başqa el-ləri təsvir edəndə də misraların arxasından ana yurd boylanır, ana torpağın nəbzi, nəfəsi duyulur:

Dünyalar içində bir ayrı dünyam –
                              Azərbaycan!
Yuxusuz ömrümdə bir sirli röyam –
                              Azərbaycan!
Sonsuz kainatda təkcəm, yeganəm –
                              Azərbaycan!
Bir ayrı nağılım, ayrı əfsanəm –
                               Azərbaycan!
Bir ayrı düşünəm, ayrı xəyalım –
                                Azərbaycan!
Ayrılıq sonunda şirin vüsalım –
                                Azərbaycan!

  Dillərdə nəğməyə dönən, efirlərdə nəğmə olaraq səslənən bu şeir də onundur:

Əgər ki, yıxılsam, çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!

    Başqa bir məqamı xatırladım…  Nəbi Xəzrinin digər bir “Azərbaycan” şeiri var, dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqamoyevin ifasında səslənən, Müslümün bütün konsertlərinin uvertürası, vizit kartı olan məşhur “Azərbaycan” şeiri… Deyərdim ki, ulu Səməd  Vurğunun “Azərbaycan” şeirindən sonar ən populyar, yeni dövrün V Ə T Ə N himni kimi səslənən “Azərbaycan” şeiri:

“Ömrümn mənasısan,
Qardaşlıq dünyasısan,
 Anamın,  anasısan,
    Azərbaycan!

   Vətənimizin ən ağır, ağrilı, keşməkeşli günlərində qələmə aldığı “İstiqlal marşı” şeirində Azərbaycanın xoşbəxt, müstəqil gələcəyinə nikbinlik və inamla dolu bu misraları oxuyuruq:

…Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

   Nəbi Xəzrinin Azərbaycan” nəqaratlı şeirlərini bir yerə yığsaq ulu Səməd Vurğunun “Azərbaycan epopeyası”nın davamı olan yeni bir “Azərbaycan epopeyası” alınar!!
   N.Xəzri yaradıcılığında nəzərə çarpan mühüm cəhətlərdən biri də epik-lirik janrda yazılmış ədəbi nümunələrdir. Süjetli lirikanın gözəl nümunələrini yaradan şair, yığcam və mənalı əsərlərində oxucularını düşündürən elə hadisələr seçir ki, biz bunları istedadlı bir şair xəyalının məhsulu kimi qiymətləndiririk. Lakin bu xəyal real və həyatidir. Adi həyat həqiqətləri sənətkar qələmilə yüksək poetik vüsət və məna kəsb edir. Onun poeziyası yüksək lirizmi və dramatik epizmi ilə vəhdətdə olduqca diqqətəlayiq və cazibədardır. Nəbi Xəzri səmimiyyət şairidir, dəniz, səma, torpaq və məhəbbət şairidir.
   Poeziyamızın baş mövzularından olan Cənub mövzusunun da,  N.Xəzrinin poeziyasında xüsusi yeri var. Poeziyamızda müəyyən ənənələri olan bu mövzuda təkrara yol verməmək, fərdi yaradıcılıq axtarışları daha çox tələb olunur. Cənub həsrəti elə dərddir ki, onun nisgili hər dəfə bizə yeni görünən poetik misraların ruhuna çökür. N.Xəzrinin “Təbriz bayatıları”nın  səmimi hissi öz mayasını bu nisgildən götürür:

Qar yağıbdır dizəcən,
Bu düzdən o düzəcən,
Qəlblərdə körpü olum
Uzanım Təbrizəcən.

   Cənub mövzusu yarım əsrdən artıq bir müddətdə həm siyasi lirikanın geniş intişar tapmasında, həm milli mücadilənin sönmək bilməyən azadlıq ideyalarının poeziyada inikasında, həm də milli özünüdərkin, bütövlük və birlik duyğusunun təcəssümündə çox böyük rol oynamışdır ki, şübhəsiz, Nəbi Xəzri kimi vətənpərvər, duyğulu, həssas bir şair bu poetik ənənədən təsirlənməyə bilməzdi. Və bu da, təsadüfi deyildir ki, ulu şairimiz Məmmədhüseyn Şəhriyarın üz tutduğu, bəyəndiyi sənətkarlardan biri də Nəbi Xəzri olmuşdur…
  Epik vüsət onun yaradıcılığıın şah damarıdır və bu xətt, başlıca olaraq özünü onun poemalarında göstərir. Onun poemaları janrın imkanlarını genişləndirmiş və ədəbiyyatımıza yeni poema strukturu və janrları gətirmişdir.  Şairin poema yaradıcılığında poema-müraciət, poema-monoloq, poema-xatirə, tariixi poema, poema-əfsanə, poema-rəvayət, poema-oçerk, nəğmələr poeması, püblisistik poema, lirik-epik poema, epik-lirik poema və s.təkin müxtəlif strukturlu, müxtəlif tipli, müxtəıif formatlı poemalar müşahidə edilir…
    N. Xəzrinin öz müasirlərinin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün mövzuları, dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir. “Xatirələr”, “Təmiz  ürək”,“Kiçik təpə”, “Sumqayıt səhifələri”, “Günəşin bacısı”, “İki Xəzər”,”Ana”, “Bacı”, “Əfsanəli yuxular”, “Şəhidlər və şahidlər”, “Mənim babam baxan dağlar”, “Peyğəmbər”, “Atillanın atlıları”, “Salatın”  və s. ədbi-bədii siqlətcə monumental poemalar müəllifidir. Adlarından da, göründüyü kimi bu poemalarda Azərbaycanın qədim və müasir qəhrəmanlıq səlnaməsi (Burla Xatundan tutmuş, Atilla mərhələsindən, Peyğəmbər dövründən,  Qarabağ şəhidi, Milli Qəhrəman, jurnalist Salatına qədər), inam və inancı, mənəviyyatı, milli əxlaqı, başqa sözlə, Azərbaycançılıq dünyagörüşü, zamanın və zamansızlığın əhval-ruhiyyəsi öz parlaq poetik əksini tapıbdır…
  Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir.  Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq, lirizm, bərcəstə ifadələr, orjinal poetik obrazlar, təşbih və istarələr, ahəngdarlıq və harmoniya  Nəbi Xəzri şeirlərinə həm oxucu marağına səbəb olmuş, həm də məşhur bəstəkarların diqqətini cəlb etmiş, onun lirikasına müraciət etmələri üçün zəmin yaratmış, “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və s. bu qəbildən onlarla məşhur mahnılar,  xalqımızın tanınmış sənət ustalarının – Müslüm Maqomayevin,  Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Anatollu Qəniyevin, Məmməd Bağırın, Brilyant Dadşovanın, Yaqut Abdullayevanın və digərlərinin ifalarında səslənmiş, bu gün də,  repertuarlarda mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.
   Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
   Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.  Onun “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun” pyesləri milli dramaturgiyamızı zənginləşdirən mühüm ədəbi-bədii faktlardandır.  Bu pyeslər Azərbaycan dramaturgiyasına və səhnəsinə gətirdiyi yeni keyfiyyətləri ilə fərqlənir; burada mövzuların fəlsəfi mahiyyəti açılır, tarixi qəhrəmanların səciyyələri aydınlaşır, tariximizlə üzvi əlaqəsi, xalq həyatı ilə, milli varlığımızla bağlılığı parlaq, dramatic  kolliziyalarda göstərilir…
    Müasirlik, tarixə günün tələbləri nöqteyi-nəzərindən yanaşmaq və tarixi hadisələri ümumləşdirə bilmək Nəbi Xəzri dramaturgiyasının, həmçinin “Heykəlsiz abidə”, “Miras” povestlərinin səciyyəvi keyfiyyətləri kimi diqqəti cəlb edir. Şair tarixi mövzuda yazdığı əsərlərində asan yolla-tarixi əsərə köçürmək yolu ilə getmir; o, keçmişə, olmuş hadisələrə yaradıcı yanaşır, onları müasir həyatın tələbləri ilə həmahəng verməyə çalışır, əsil sənətə məxsus bir yol ilə - bədii ümumiləşdirmə yolu ilə gedir. Bu əsərlərdə tarixi mövzularda yazılan dramaturgiyaya məxsus konkretlik, dəqiqilik, yığcamlıq, aydınlıq özünü göstərir.
  Nəbi Xəzri ictimai xadim kimi də, səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmiş və bu xidmətlər həmişə yüksək dərəcəli orden və medallarla, fəxri adlarla qiymətləndirilmişdir.
  Xatırladaq ki, Nəbi Xəzri 60-dan çox kitabın müəllifidir. “Çiçəklənən arzular” (1950) onun  ilk kitabıdır. "İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), “Peyğəmbər” (1992), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. onun müxtəlif illərdə çap olunmuş kitablarıdır. “Seçilmiş əsərləri”nin 2 cildliyi, 3 cildliyi və 5 cildliyi çap olunmuşdur. Onun müstəqillik illərində çap etdirdiyi «Qəm dəftəri», «Zaman çıxsa məcrasından», «Xəzan yarpaqları» kitabları  müdrik şairin müstəqil dövlətimizin taleyi barəsində qayğılı hiss və düşüncələrinin mücəssəməsi idi…
    Məlumdur ki, Nəbi Xəzri geniş və hərtərəfli bir yaradıcılıq yolu keçmiş, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanmışdır. Onun zəhgin yaradıcılığı həmişə ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqətində olmuşdur. Nəbi Xəzri haqqında keçmiş SSRİ ərazisinə daxil olan respublikalarda, xaricdə və xüsusilə respublikamızda saysız-hesabsız ədəbi-tənqidi, elmi-publisistik əsərlər, monoqrafiyalar, dissertasiyalar yazılmışdır. Onun həyat və yaradıcılığı “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında, ədəbi ensiklopediyalarda oçerklər formatında əksini tapmışdır və bu proses bu gün də davam etməkdədir.
   Nəbi Xəzrinin yaradıcılığı öncə milli ədəbi tənqidin diqqətini cəlb etmişdir; 40-cı illərdən başlayaraq onun yaradıcılığı bir neçə nəsil tənqidçilərin maraq dairəsində olmuşdur. Bu müəlliflər sırasında Mehdi Hüseyn, Məmməd Arif, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Cəfər, Kamal Talıbzadə, Bayram Bayramov, Bəkir Nəbiyev, İsmayıl Şıxlı, Abbas Zamanov, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Qulu Xəlilov, Asif Əfəndiyev, Cabir Novruz, Tofiq Hacıyev, Yaşar Qarayev, Xalid Əlimirzəyev, Cəlal Abdullayev, Ağamusa Axundov, Şamil Salmanov, Arif Abdullazadə, Orucəli Həsənov, İmamverdi Əbilov, Tofiq Köçərli, Qəzənfər Kazımov, Səyavuş Sərxanlı, Mürşüd Məmmədli, Qurban Bayramov, Rəhim Əliyev, Şirindil Alışanlı, Vaqif Yusifli, Yasif Nəsrli, Rüstəm Əzizov, Məmməd İsmayıl və s. bu  kimi tanınmış yazıçılar, şairlər, görkəmli tənqidçi və ədəbiyyatşünaslar, mötəbər söz sahibləri vardır.
   Nəbi Xəzri  keçmiş sovet məkanında ən geniş yayılan və oxunan sənətkarlardan biri olmuşdur. Nəbi Xəzrinin haqqında rus və digər respublikaların mətbuat  səhifələrində o dövrün ən məşhur ədəbiyyat xadimləri – Yuri İdaşkin, Boris Leonov, Fyodr Svetlov, Adelina Adalis, Sergey Vasilyev, Boris Dubrov, Leonid Dolqopolov, Lev Verin, David Kuqultinov, Rəsul Həmzətov, Mustay Kərim, Alim Keşkov, Rəmz Babacan, İosif Nonoşvili, Yeqor İsayev, Robert Rojdevinski. Anatoli Peredreyev və b. adlarını çəkmək olar. Yeqor İsayev bu barədə yazır: “Nəbi Xəzrinin adı həm Azərbaycanda, həm də digər respublikalarda məşhurdur. Tam cəsarətlə deyə bilərəm ki, Rusiyada da Nəbi Xəzrinin əsərlərini eyni məhəbbətlə, sevə-sevə oxuyurlar. İstedad əgər həqiqi istedaddırsa o, bütün dillərə, bütün xalqlara mənsubdur.”
  Nəbi Xəzrinin yaradıcılığı tərcümədə Avropanın və Şərqin bütün dillərində çap edilib, yayılıb və haqqında yazılıbdır – Çexoslovakiya, Bolqarıstan, Polşa, Yuqoslaviya, İsveçirə, Avstriya, İslandiya, Fransa, Norveç, İtaliya, İspaniya, İordaniya, Türkiyə, Hindistan, Koreya, Yaponiya, Amerika, İran, bir sıra Ərəb ölkələri və b. yerlərdə rəsmi səfərlərdə və yaradıcılıq ezamiyyətlərində olmuş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğində, tanınmasında, ədəbiyyat və mədəniyyət əlaqələrinin yaranmasında  əvəzsiz xidmətlər göstərmişdir...
   Xüsusən, müstəqillik illərindən sonra Türkiyə Respublikası və İran İslam Respublikasında Nəbi Xəzrinin yaradıcılığı haqqında kitablar, onun əsərlərindən geniş nümunələr dərc edilib oxuculara çatdırılmışdır. Bunlardan  Lətif Bəndəroğlu (İraq), Mişel Süleyman (Livan), Mithət Durmuş, Ahmet Kabaklı (Türkiyə) və b. göstərmək olar.
  Bir cəhəti xüsusilə qeyd edək ki, onun yaradıcılığı haqqında “Nəbi Xəzrinin poemaları” adlanan ilk monoqrafik tədqiqatı filologiya elmlər namizədi, ədəbiyyatşünas, tele-jurnalist Rüstəm Əzizov aparmış, müdafiə etmiş, monoqrafiyasını kitab şəklində çap etdirmişdi. Mən bu əsərin rəsmi opponenti olmuşam. Yadımdadır ki, Nəbi Xəzri haqqında əsər yazan Moskvalı şair-tədqiqatçı Yeqor İsayev avtoreferatla tanış olmuşdu, elə xoşuna gəlmişdi ki, məktub yazııb xahiş eləmişdi ki, dissertasiyanın rusca variantını Rüstəm Əzizov ona göndərsin.
  Bu sıradan, Fəridə Səfiyevanın "Nəbi Xəzrinin sənətkarlığı" adlı monoqrafiyası da, ədibin əhatəli yaradıcılığını yüksək nəzəri bilik, faktoloji arqumentlər və zəngin materiallar əsasında araşdırıldığından təqdirəlayiqdir.
    Filologiya elmləri doktoru, professor Yasif Nəsirli «Əgər ki, yıxılsam, çinar göstərin» (2002) adlı növbəti monoqrafiyasını bütövlükdə çox sevdiyi Nəbi Xəzrinin yaradıcılığına həsr etməsi də mühüm faktlardandır. Monoqrafiya, baş-lıca olaraq, şairin lirik əsərlərini, lirik-epik poemalarını tədqiqat obyektinə çe-virmiş, olduqca maraqlı və dəyərli nəticələr əldə edilmişdir...
  Bu əsərlərdə Nəbi Xəzri poeziyasının milli-ədəbi, elmi-bədii dəyəri, zəngin forma və məzmun, quruluş xüsusiyyətləri, mövzu dairəsi, şairin ictimai-siyasi və fəlsəfi fikirləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır.
   Nəbi Xəzrinin yaradıcılığında maraqlı sahələrdən biri də, onun tərcüməçilik fəaliyyətidir. Onun A.S.Puşkindən, M.Y.Lermontovdan, David Quramaşvilidən, Şandor Petefidən, Aleksandr Tvardovskidən, Vladimir Luqavskoydan, Nikolay Tixonovdan, Aleksandr Prokofyevdən, Mişel Süleymandan (Livan), Georgi Caqarovdan (Bolqarstan), Vitezslav Nezvaldan, İvan Skaladan, Miroslav Floriandan (hamısı Çexoslavakiya), Əhməd Nədim Qasimidən, Faiz Əhməd Faizdən, Fərq Büharidən (hamısı Pakistandan) və b. böyük, tanınmış sənətkarlardan tərcümələri Azərbaycan dilindəki ən yaxşı tərcümələr sırasındadır və başqa xalqların ədəbiyyatına, poetik dünyasına açılan bir pəncərədir...
   Son olaraq bildirək ki, Nəbi Xəzri elə bir yaradıcılıq yolu keçib və elə bir ədəbi irs qoyub gedibdir ki, o, təkcə Azərbaycan ədəbiyyatının ayrılmaz, qırılmaz bir hissəsi deyil, bütün yaxın və uzaq xalqların ədəbi hadisəsidir, unikal istedada malik, tanınmış şəxsiyyətdir...

09.12.2016  - 16.01.2017.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.